Pir oğlu
və ya AZƏRBAYCANIN XOŞBƏXTİ
«Əsrin müqaviləsi»nin ildönümü
kontekstində böyük zəhmət və
tükənməz enerji sahibi
olan Xoşbəxt Yusifzadənin həyat
salnaməsinə baxış
Bu il
sentyabrın 20-də müstəqil Azərbaycan dövlətinin
iqtisadi bünövrəsinin əsasında
dayanan mühüm tarixi hadisənin - «Əsrin müqvailəsi»nin
imzalanmasından iyirmi il
ötür. Ölkənin daxilində siyasi gərginliyin artması, müharibə
şəraitinin ağırlığı fonunda
beynəlxalq təzyiqlərin də çoxaldığı
mürəkkəb şəraitdə müstəqilliyini
yeni qazanmış ölkənin gələcək
müqəddəratını həll edən sazişlərin
imzalanması ulu öndər Heydər
Əliyevin ikinci dəfə hakimiyyət
olimpinə qalxmasından sonra baş tutmuşdu. Aradan iyirmi il keçəndən
sonra ulu öndərin
siyasi iradəsi sayəsində
reallaşmış «Əsrin müqaviləsi»nin bəhrələrindən,
cəmiyyətin bütün sahələrində
özünü göstərən inkişaf tempindən danışmaqla
yanaşı, bu möhtəşəm
hadisənin hansı mürəkkəb şəraitdə
və şərtlər daxilində reallaşmasını da xatırlamaq lazımdır.
Miqyası və
təsir imkanlarına görə birmənalı şəkildə
qeyd etmək lazımdır ki, bu, tək neft müqaviləsi deyildi,
elan olunmamış
işğalçı müharibə və vətəndaş
qarşıdurması fonunda müstəqilliyini
əldə etmiş Azərbaycanın xilas müqaviləsi idi.
1994-cü il sentyabrın 20-də
imzalanmış müqaviləni tərəddüd etmədən
müstəqillik aktı ilə eyniləşdirmək olar; İstiqlal bəyannaməsi xalqın istək və
arzularının, azadlıq uğrunda
mübarizəsinin ifadəsidirsə, «Əsrin müqaviləsi»
bu mübarizənin iqtisadi
bünövrəsini möhkəmləndirən, onu müasir dünyaya yaxınlaşdıran pəncərədir.
Tarixi hadisənin 20 illiyi ərəfəsində mətbuat bu məsələyə geniş diqqət ayırır, çoxsaylı məqalələr, təhlillər işıq üzü görməkdədir. Üç əsrə şahidlik edən «Kaspi» XIX əsrin sonu, XX əsrin əvvəllərinə düşən neft bumu zamanı yaranmış və zəngin tarixi keçmişi olan qəzet kimi həmişə Bakının neft sənayesi ilə bağlı mövzulara geniş yer ayırmış, prosesləri sistemli şəkildə işıqlandırmışdır. Hətta tarixi «Kaspi»nin neft sənayesi ilə bağlı ayrıca şöbəsi də fəaliyyət göstərmişdi. Daim öz sələflərinin ənənələrinə sadiq qalan, bu dəyərləri yaşadan müasir «Kaspi» də ölkə iqtisadiyyatının şah damarı hesab edilən neft-qaz sənayesinin inkişafı, neftçilərin məişəti, güzəranı kimi mövzuları diqqətdə saxlamaqdadır. Bu baxımdan, «Əsrin müqaviləsi»nin ildönümü qabağı oxucularımıza özündə yalnız quru statistik rəqəmləri əks etdirən şablon yazı təqdim etmək istəmədik, məsələyə bir qədər fərqli aspektdən yanaşmaq qərarına gəldik. Biz «Əsrin müqaviləsi»nin ərsəyə gəlməsində, tarixə çevrilməsində əməyi olan, eyni zamanda adını Xəzərin neft salnaməsinə qızıl hərflərlə yazdıran şəxsiyyət haqqında söz açacağıq. Söhbət düz 60 il bundan əvvəl – 1954-cü il martın 24-də Neft Daşlarına ayaq basan, boyu 1 metr 74 santimetr, tərəzinin üstünə çıxanda cəmi-cümlətanı 54 kilo gələn Pirşağı balasından – Xoşbəxt Yusifzadədən gedəcək.
Xoşbəxt neftçi
Onun
haqqında yazmaq istəyəndə
İnternetdə axtarış verib faktlar toplamağa
çalışdım. Qarşıma yalnız neft-qaz sektorunun
inkişafını əks etdirən bitib-tükənməyən
rəqəmlər çıxdı. O, jurnalistlərə verdiyi açıqlamalarında, müxtəlif
vaxtlarda yazdığı məqalələrində
yalnız bu rəqəmlərdən
danışıb. Böyük göstəriciləri
əks etdirən rəqəmlər isə akademik
Yusifzadənin şəxsiyyətinin bütün
tərəflərini əks etdirmək, onu
hər şeydən əvvəl bir insan kimi tanımaq üçün yetərli deyildi.
ARDNŞ-də işləyən dostum
Elçin Kazımovun əfsanəvi neftçi-geoloqun özünün
yazdığı «Ömrümün illəri
və izləri» kitabını mənə gətirməsi qəhrəmanımı
daha yaxından tanımağıma vəsilə
oldu. İri həcmli kitab mənalı, mən deyərdim, macəralarla
dolu bir ömür yaşayan
şəxsiyyətin həyat salnaməsi də hesab oluna bilər. Dilinin rəvanlığına, həyat hadisələrinin
rəngarəngliyinə və ən əsası, Mola Nəsrəddin hikmətləri
arxasından boylanan Xoşbəxt Yusifzadə
yumorunun incəliyinə görə
kitabı istənilən memuar ədəbiyyatı,
xatirə romanları ilə müqayisə etmək olar. Başladıq uzun və
maraqlı ömrün illəri və izlərini
vərəqləməyə…
Onun repressiyalardan
qurtulub, İkinci Dünya müharibəsinin qan-qadasında, səfalətində
pöhrələnməkdə olan, Xruşovdan, Brejnevdən adlayıb, nəhayət
müstəqil dövlətin paytaxtına çevrilən
Bakının neft qoxuyan
səmasında ulduz kimi
parlayan həyat yolu təkcə
böyük bir dövrü əhatə
etməsinə görə yox, keşməkeşlərinə,
çətinliklərinə, heç vaxt büdrəməyib öz
yolu ilə inamla
addımlayaraq bugünlərə gəlib çatmasına
görə maraqlıdır. Belə nəticəyə gəldim
ki, bu xoşbəxtliyin
arxasında bəxt amilindən daha çox böyük zəhmət
və tükənməz enerji dayanır. Kitabda az qala yüz
ilə şahidlik eləyən çoxlu fotolar
arasında biri daha çox diqqətimi çəkdi, çox güman ki, ötən sərin 50, ya
da 60-cı illərində çəkilən
şəkildə X.Yusifzadə neftçi
dostları ilə quyunun üstündə
oturub həmişəki nikbin
baxışları ilə obyektivə baxır. Şəkilin
altına yazılan sözlər isə onun
kimliyini, hansı yolu keçdiyini daha təsirli
ifadə edir: «Mən ARDNŞ-in
birinci vitse-prezidenti vəzifəsinə
asanlıqla gəlib çatmamışam. Aylarım, illərim
mədənlərdə, neft
quyularının üstündə keçib».
Oxumaq, yaxşı təhsil almaq üçün Pirşağıdan Kürdəxanıya qədər hər gün piyada gedib-gələn və nəhayət ya riyaziyyat müəllimi, ya da həkimlik peşəsi arasında seçim etmək istəyən 17 yaşlı yeniyetməyə xoş bir təsadüf nəticəsində neftçi olmağı məsləhət görürlər. Özündən böyük dostları ona belə də deyirlər: «Sən heç bilirsən neftçi olmaq nə deməkdir? Çox hörmətli və şərəfli bir peşədir, əsil kişi işidir». Ömrü boyu «məsləhətli don gen olar» düşüncəsiylə yaşayan 17 yaşlı Xoşbəxt sənədlərini indiki Neft Akademiyasının geoloji-kəşfiyyat fakültəsinə verir. 1947-ci ilin sentyabr ayında gələcəyin böyük neftçisinin tələbəlik illəri başlayır. Düşünürəm ki, X.Yusifzadə riyaziyyatçı olsaydı, çox güman ki, Zahid Xəlilov səviyyəsində alim kimi tanınacaqdı, həkim olsaydı, Mustafa Topçubaşov kimi dünya şöhrəti qazanacaqdı. Amma Azərbaycanın riyaziyyatçısı da vardı, həkimi də, indi onlar səviyyəsində neftçi-geoloq zirvəsinə ucalmaq lazım idi.
“Bir neftçi kimi X.Yusifzadə nələr edib” sualına cavab axtarsaq, deyə bilərik ki, o, nəzəri mühakimələrlə praktik elmi birləşdirən nadir təcrübəyə malik mütəxəssisdir. Neft Daşlarında çox həvəslə işə başlayan gənc qısa müddət ərzində çalışdığı sahədə inqilabi yeniliklər etməyə müyəssər olur. Onun rəhbərlik etdiyi geoloji şöbə əsil elm mərkəzinə çevrilir. O illərdə Neft Daşlarında laylara su vurulması prosesi başlayır ki, bu da elmə böyük maraq göstərən gənc mütəxəssisin araşdırmalarının miqyasını genişləndirməyə imkan yaradır. İş təcrübəsi yarım əsrdən çox olan qocaman neftçinin xarüqələri barədə bir yazıda təfsilatı ilə danışmaq mümkün olmadığından, bacardıqca geniş ümumiləşdirmələr etməklə zəngin həyat yolu haqqında təəssürat yaratmağa çalışacağıq. X.Yusifzadənin fəaliyyəti təkcə Xəzərin Azərbaycan sektorunda tapılan təbii sərvətlərlə bağlı olmayıb, daha geniş miqyaslıdır. O, 1970-ci ildən keçmiş ittifaq miqyaslı «Xəzərdənizneft» İstehsalat Birliyinə rəis müavini – baş geoloq vəzifəsinə təyin olunur. Qeyd edək ki, sovet dövləti dağılanadək Azərbaycan neftçiləri İran sahəsi də daxil olmaqla Xəzərin bütün sektorlarında fəaliyyət göstəriblər. O dövrdə Xəzərin bütün sahələrində geofiziki kəşfiyyat işləri aparılmışdı. Nəticədə xeyli miqdarda yeni struktur aşkar edilmiş və qazma üçün hazırlanmışdı.
Daha bir fraqmenti isə X.Yusifzadənin öz qələmindən çıxmış sətirlərdən oxuyaq: «Azərbaycan həmişə əsasən neft diyarı kimi xarakterizə olunurdu. Bəzi alimlər Azərbaycanda böyük ehtiyatlara malik qaz yataqlarının olması fikrinə şübhə ilə yanaşırdılar. Respublikanın quru hissəsində «Qaradağ», dənizdə isə «Cənub» qaz yataqlarının aşkar edilməsi də çoxlarını inandıra bilmədi ki, Azərbaycan «mavi yanacaq»la zəngin bir ölkədi». Bu sətirləri oxuduqca adamın gözünün qabağına Avropanın qazla təmin edilməsi sahəsində mühüm rol oynamaq iddiasında olan və TANAP kimi «Əsrin müqaviləsi»nə bərabər tutulan layihədə əvəzedilməz rolu heç kim tərəfindən inkar edilməyən müstəqil Azərbaycan gəlir.
Yeri gəlmişkən 1968-ci il martın 21-də Abşeron arxipelaqında aşkarlanmış qaz yatağının «Bahar» adlandırılmasının maraqlı tarixçəsi var. «Mən bu yatağın adını «Novruz» qoymaq istəyirdim» , - X.Yusifzadə yazır. «Həmin gün Birliyin istehsalat şöbəsinin rəisi Ənvər Xanlaroğlu nə üçünsə yanıma gəlmişdi. Fikrimi ona da dedim. Ənvər nə düşündüsə, hər şeyi yaxşı-yaxşı ölçüb-biçməyi məsləhət gördü və dedi ki, «Novruz» sözü bəlkə birmənalı qəbul olunmaz (Sovet dövrü idi axı). Sonra Ənvərin təklifi ilə yatağın adını «Bahar» qoyduq… «Bahar yatağının kəşfi ilə «Günəşli» yatağının istismara verilməsi keçən illərin yaddaşımda əbədi həkk olunmuş əsas hadisələridi».
X.Yusifzadə
bütün karyerası ərzində nə
qədər dövlət rəhbərinin, vəzifəli
şəxslərin bitib-tükənməz suallarını
cavablandırmalı olub. Özü
də bu suallar heç də asan
olmayıb. Çətin situasiyalarda onun köməyinə iti
ağlı və dərrakəsi ilə yanaşı, həm
də Molla Nəsrəddin gəlib. Bu hazırcavab Şərq müdrikinin
lətifələrini hətta Kremldə, neft-qazma
işlərinə, qaz sənayesinin
inkişafına həsr olunmuş
müşavirələrdə belə söyləyib. X.Yusifzadə
Neft Daşlarında sovet
rəhbərləri N.Xuruşovu, L.Brejnevi müşayiət edib,
A.Kirilenko, A.N.Kosıgin kimi
partiya, hökumət rəhbərlərinin
suallarını cavablandırıb. Hətta V.Putinə “sizin yaşınız qədər neftçi təcrübəm var”
deyən də Xoşbəxt müəllim olub.
Uzun illər
çalışdığı, xatırladığı
dövlət xadimləri içərisində ulu
öndər Heydər Əliyevin isə ayrı yeri var. Bu
barədə o, özü
belə yazır:
«Tale mənə unudulmaz insan, türk
dünyasının böyük oğlu, bütün həyatını
Azərbaycan xalqının tərəqqisinə, milli mənliyimizin qürur
və iftixar mənbəyinə
çevrilməsinə həsr etmiş ulu öndər Heydər Əliyevi yaxından
tanımaq, onun tapşırıqlarına
əməl etmək, ayrı-ayrı vaxtlarda
ondan mükafatlar almaq və onun
qayğısına layiq olmaq
xoşbəxtliyi nəsib etmişdir. Bu dahi şəxsiyyəti,
onunla görüşlərimi ömrümün sonunadək unutmayacaq,
böyük alicənablıq və səmimiyyətlə
mənim barəmdə söylədiyi fikirlərə, xoş sözlərə son
nəfəsimədək layiq olmağa çalışacağam».
X.Yusifzadə İlham Əliyevlə birgə ARDNŞ-də işlədiyi illəri də xatırlayır və müstəqil Azərbaycanın inkişafında cənab prezidentin əvəzolunmaz fəaliyyətini xüsusi vurğulayır: «Cənab İlham Əliyevin neftçilərə qayğısı, Dövlət Neft Şirkətinin möhkəmləndirilməsi yolunda xidmətləri bu gün ARDNŞ-nin dünya səviyyəsində modern şirkətə çevrilməsinə gətirib çıxarmışdır. İndi ARDNŞ neft və qaz-kondensat yataqlarının kəşfiyyatını və istismarını müstəqil sürətdə - öz gücü ilə həyata keçirmək və hətta dünyanın bir çox ölkələrinə sərmayə yatırmaq qabiliyyətinə malikdir. Prezidentliyinin ilk dövründə cənab İlham Əliyev əsil liderlik nümunəsi göstərdi. Mən xoşbəxtəm ki, yeni neft strategiyasının yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevlə və bu strategiyanın müəyyənləşdirilməsinin ən fəal iştirakçısı, daha sonra isə mahir sükançısı İlham Əliyevlə birlikdə çalışmışam».
Xoşbəxt insan
Azad Mirzəcanzadə texniki sahədə çalışan
insanları heç vaxt
məhdud çərçivədə qalmamağa,
daim bədii ədəbiyyat mütaliə
etməyə, musiqi dinləməyə, bir sözlə, tək mütəxəssis deyil, eyni zamanda
estetik zövqlü insan kimi formalaşmağa
səsləyirdi. Bu keyfiyyətlərin
hamısı X.Yusifzadənin timsalında cəmləşib
desək, yanılmarıq. Qəhrəmanımızın
portretini tamamlayan başqa bir ştrix haqqında söz
açaq. 75 illik yubileyinin 2005-ci il
yanvarın 22-də Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrı kimi müqəddəs bir
sənət məbədində keçiriləcəyindən
xəbər tutanda düşünüb
ki, yəqin bu da Allahın işidi və
bir az dərinə gedən
olsa, fikir verib görər ki, bu «işdə» rəmzi bir
məna, qeyri-adi bir
xatırlatma var. Belə ki,
hələ on yaşındaykən
Pirşağıda ilk dram
dərnəyini yaratmış X.Yusifzadə kənd səhnəsində
çıxışlarını da yada salıb yazır: “Həvəskar aktyor kimi ən böyük nailiyyətim Əbdürrəhim
bəy Haqverdiyevin «Bəxtsiz cavan» əsərinin tamaşasında Fərhad
surəti olmuşdu. Bu
tamaşa göstəriləndə, demək
olar ki, bütün zal
ağlayırdı».
Mən X.Yusifzadənin görkəmli yazıçı Məmməd Səid Ordubadinin 100 illik yubileyində çıxış etməsini oxuyanda əsla təəccüblənmədim. Ədəbiyyat - sənətindən, fəaliyyət sahəsindən asılı olmayaraq, şəxsiyyətin estetik dünyagörüşünün formalaşmasında əvəzsiz vasitədir. Bunu «Ömrümün illəri və izləri» kitabını oxuyarkən bir daha müşahidə etdim. Müəllif doğulub boya-başa çatdığı Pirşağı kəndini, onun adamlarını və mühitini əsil yazıçı təxəyyülünə söykənərək şirin bir dillə təsvir edir. Şərq mütəfəkkiri Molla Nəsrəddindən bitib-tükənməyən sitatların gətirilməsindən tutmuş, hətta unudulmuş atalar sözlərimizin, el məsəllərimizin tez-tez xatırlanmasınadək hər şey müəllifin təkcə dəqiq elmlər sahəsində formalaşmış təfəkkürə sahib olmadığını göstərir. Bütün bu dəyərlər barədə X.Yusifzadə belə yazır: «Həmin o yubiley mərasimindəki çıxışım bəlkə də o vaxt çoxlarını təəccübləndirmişdi. Yazıçılara, bəstəkarlara, rəssamlara, müğənnilərə, balet ustalarına, onların yaradıcılıqlarına həsr olunmuş tədbirlərdə neftçinin, inşaatçının, ekoloqun, yaxud riyaziyyatçı alimin çıxışına ehtiyac varmı və bu, nə dərəcədə məqsədəuyğundur? Bəzən bu sualı mənə də verir və unudurlar ki, ədəbiyyat və incəsənət xadimləri ilə görüşlər, onların yubileyləri, əsərlərinin təqdimatı və müzakirəsi - bütün bunlar onların xidmətlərinin cəmiyyət və ən müxtəlif peşə sahibləri tərəfindən qiymətləndirilməsi deməkdir. Eyni zamanda, bunlar həmin o müxtəlif peşə sahiblərində estetik zövqün, gözəllik duyumunun formalaşmasına kömək edən bədii sözə və incəsənətə daim maraq doğuran amillərdir. Başqa sözlə, söhbət insanın hərtərəfli inkişafından gedir və bu işin də sistemli şəkildə həyata keçirilməsinin təşəbbüskarı ümummilli liderimiz Heydər Əliyev idi».
X.Yusifzadənin
kitabında onun yarım əsr öncə
sevimli həyat yoldaşı Fəridə
xanıma yazdığı məktubları oxuyanda
təmiz və pak sevgi
duyğularının şahidinə çevrilirsən. Məsələn,
1957-ci ildə ailə qurmasından bəhs edən bölmə
kitabda belə adlanır: «Evimizə gələn
işıq». Ülvi məhəbbəti
ifadə edən möhtəşəm cümlədir! Onun atası repressiya illərinin
qurbanı olduğundan, müharibənin
aclıq və səfalət qoxuyan illərindən
bacıları ilə birlikdə analarının fədakar zəhməti
sahəsində qurtula biliblər. Görünür, irsən keçən bu fədakarlıq bütün
ömür boyu davam etməli imiş.
Övladları haqqında yazılanlara fikir
verək:
«1957-ci il oktyabrın 4-də Yerin ilk süni peyki buraxıldı. Həmin gün bizim ilk övladımız dünyaya gəldi. Adını Bağı qoyduq. Buna hamıdan çox anam sevindi»… 1968-ci il, ikinci oğlu Elçinin hekayəsi… “1971-ci ildə ailəmizin həyatında yeni bir hadisə baş verdi: iyul ayının 6-da bizim qızımız dünyaya gəldi. Adını Eltac qoyduq. Eltac xarici görünüşcə və xasiyyətcə elə bil mərhum oğlum Elçinin özü idi. Belə bir nəticə çıxarmaq olardı ki, Allah bu qızı bizə Elçinin əvəzinə verib». Xoşbəxt müəllimin xarakterindən irəli gələn səmimiyyətin onun ailəsinə necə yansıdığı, həssas ata obrazının bütün cizgiləri haqqında çox misallar çəkmək olar, amma düşünürəm ki, yuxarıdakı cümlələr oxuyanlarda bu haqda tam təəssürat yaratmaq üçün yetər.
Xoşbəxt vətəndaş
Azərbaycanın müstəqilliyinin
möhkəmləndirilməsində, müasir
dövlət quruculuğu prosesində neft strategiyasının müstəsna rolunu qeyd etmək gərəkdir.
Bizim qəhrəmanımızın
işində, ailəsində olduğu kimi, ölkəsində də necə xoşbəxt
vətəndaş olduğunu təsdiqləyən
əsas amil bir vaxtlar kəşf olunmuş
yataqların milli sərvətə
çevrilməsidir. «Əsrin müqaviləsi» bütün dünya
dövlətlərinin Azərbaycana inamını
artırdı və bir qədər sonra dünyanın ən böyük
və tanınmış şirkətlərinin ölkəmizə
axınına şərait yaratdı. Bununla
da Azərbaycan öz
qapılarını xarici sərmayələr
üçün taybatay
açdı. Müqavilənin imzalanması Azərbaycan
iqtisadiyyatının digər sahələrinə də xarici sərmayələr qoyuluşunda
həlledici rol oynadı.
Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarından hazırda 76 hasilat quyusundan ayda 2,8 milyon tona qədər neft, 1,2 milyard kubmetrə qədər qaz hasil olunur. Bu yataqlar işlənməyə başlayandan 335 milyon ton neft və 96 milyard kubmetr qaz hasil olunub. Eyni zamanda 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdusa, həmin ilin dekabrından Azərbaycanın mənfəət nefti bazarlara çıxarılıb. 2014-cü il iyun ayının 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 179 milyon tona qədər mənfəət nefti satılıb.
2013-cü ildə AÇG yataqlarından hasil edilmiş 32,7 milyon ton neftin 22,5 milyon tonu, yəni təxminən 69%-i Azərbaycanın payına düşən mənfəət nefti olub. 2014-cü il iyunun 1-dək dünya bazarlarına 347 milyon ton neft, o cümlədən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 247 milyon ton, Bakı-Supsa boru kəməri ilə 68 milyon ton, Bakı-Novorrosiysk kəməri ilə 11,3 milyon, dəmir yolu ilə 20,3 milyon ton neft daşınıb.
«Əsrin müqaviləsi» Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, 1999-cu ilin iyununda ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan «Şahdəniz» yatağının kəşfi və «Şahdəniz» qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən ölkə kimi də tanıtdı.
Epiloq
Pirşağı orta əsrlərin kəndidir, sözün
bir çox etimoloji mənası var. Kənd
camaatının fikrincə, Pirşağını «Pir uşağı» kimi başa düşmək lazımdır. Bu vaxtadək Pir yurdundan çox oğullar boy göstərib
Azərbaycanımızın fəxrinə çevriliblər,
onların içərisində akademik
Xoşbəxt Yusifzadənin məxsusi yeri
var.
…«Söz ömürdür. Son nöqtəni qoymaq səlahiyyəti də İlahinin əlindədir. Bu nöqtəni O, nə vaxt qoyacaq, bilmirəm. Hələ ki yaşayır, çalışır, düşünür, sözümü deyirəm və hərdən bu barədə fikirləşəndə yadıma dünyagörmüş kişilərin sözü düşür: «Biz əlimizdən gələni, bacardığımız etdik. Qoy bizdən sonra gələnlər onlara etibar edilən işləri bizdən də yaxşı görsünlər!» Bu, Xoşbəxt Yusifzadənin son cümlələri deyil, bəlkə yeni ideyalar, yeni kəşflər üçün əlyeri qoyan birinci kəlmələrdir…
… Uzaqdan adamın qulağına Vaxtanq Kikabidzenin məşhur nəğməsinin səsi gəlir. «Mənim illərim mənim sərvətimdi, onları heç kimə vermərəm…»
Natiq MƏMMƏDLİ,
Əməkdar jurnalist
Kaspi. - 2014.-
17 sentyabr.- S. 8-9.