“Müştəri
məndən narazı gedərsə, pulunu
“yeyə” bilmərəm”
Vizajist Narxanım Qasımova: “Təhsilimə xərclədiyim
vaxtı sevdiyim peşəyə sərf
etsəydim, burada daha çox uğur
qazanardım”
Gözəllik ondur, doqquzu dondur deyirlər. Gözəl görünmək
hər bir qadının arzusudur.
Bu işdə onlara kömək edən sənət adamları isə vizajistlərdir. Çünki, vizaj üz cizgilərində
qüsurları gizlətmək
və ya ən gözəl cizgiləri qabartmaq üçün istifadə
edilən sənətdir.
Üstəlik, son zamanların ən
gəlirli sahələrdən
hesab olunur. Rubrikamızın bu dəfəki
qonağı əl işləri, etdiyi vizajlarla qadınların gözəlliyinə gözəllik
qatan Narxanım Qasımovadır. O, “N studio” gözəllik salonunda çalışır.
Ali təhsilli vizajist
Müştərilər arasında Nara xanım kimi tanınan həmsöhbətimiz artıq
8 ildir ki, professional şəkildə vizaj sənəti ilə məşğul olur. Ali təhsil
almasına baxmayaraq, uşaqlıqdan həvəskarı
olduğu peşənin
arxasınca gedib: “Bu sənətə sevgi mənə ailəmdən
gəlir. Uşaq yaşlarımdan hər kəs gəlinciklə oynayarkən,
mən anamın kosmetikaları ilə oynayırdım. Anam dərzi
olduğu üçün
müxtəlif parçalardan
paltarlar tikir, rənglər seçir, onlara bəzək vururdu. Mən də o zamandan
rəng seçimini mənimsəyirdim. Azərbaycan
Qızlar Universitetinin
“psixologiya” fakültəsini
bitirsəm də, diplomumdan istifadə etməmişəm”.
Həmsöhbətimiz deyir ki, özünün ali təhsil
almağa həvəsi
olmayıb. Lakin ailəsinin arzusu olduğu üçün
gecəsini, gündüzünə
qatıb oxuyub: “Ailəm psixoloq olmağımı çox
istəyirdi. Onlar mənim vizaj
sənətinə marağımın
olmasının fərqində
deyildilər. Mən də
öz zəhmətimlə
valideynlərimin arzusunu
yerinə yetirdim.
Bəzən düşünürəm ki, təhsilimə xərclədiyim vaxtı sevdiyim peşəyə sərf etsəydim, Azərbaycanda kifayət qədər tanınmış
vizajist olardım”.
“Təhsil
almaq əsas deyil”
Təhsilinə xərclədiyi
4 ili vaxt
itkisi olaraq dəyərləndirən gənc
vizaj ustası valideynlərə məsləhət
görür ki, övladlarını sıxmasınlar:
“Ölkəmizdə diplom,
görüntü xatirinə
məcburən övladlarının
ali təhsil almasına çalışan
xeyli valideyn var. Amma mütəxəssislərin
də vurğuladığı
kimi, oxumaq, təhsil almaq əsas deyil. Əsas olan öz işinin,
peşəsinin bilicisi,
peşəkarı olmaqdır.
Mən də 4 ilimi valideynlərim istədiyi üçün xərclədim.
Son nəticədə öz istədiyim peşənin ardınca getdim. Valideynlər bilməlidir ki,
sənət öyrənmək
və onu icra etmək pis bir şey
deyil. Hər kəs ali
təhsilli olmalıdır
deyə, bir qayda yoxdur. İnsan sevdiyi
peşəni icra etməlidir. Mən ali təhsilli
psixoloq olsam da, sevdiyim sənətə,
vizajistlik sənətində
çalışmağı üstün tutdum. Ailə qurduqdan sonra da ailəm mənə
dəstək oldu.
Yaxşı olar ki, valideynlər öz seçimlərinə yox,
övladlarının seçiminə
önəm versinlər.
Çünki valideyn deyil,
onlar işləyəcək”.
“Vizajda
təbiiliyi qorumaq lazımdır”
Vizaj sənətinin sirlərindən danışan
müsahibimiz deyir ki, peşəkar vizajist istifadə etdiyi dekorativ kosmetikanın bütün
xüsusiyyətlərinə bələd olmalıdır:
“Dekorativ kosmetikanı
seçəndə, dəriyə
zərərli və ya zərərsiz olmasını öncədən
nəzərə almaq
lazımdır. Vizajist hansı
kosmetikanın hansı
dəriyə düşməsini
əvvəlcədən aydınlaşdırmalıdır.
Kosmetika bir xanımı çox gözəl göstərə bilər,
amma digərinə əks təsir edər. Çünki bizim dəriyə
sürtdüyümüz kremlər
orqanizmə sovrulur.
Ona görə diqqətli olmaq lazımdır. Kosmetikanın daxili tərkibi
müəyyən olunduqdan
sonra, onun tonları seçilməlidir.
Bununla yanaşı, hər bir qadındakı gözəl cəhətləri,
onun üstünlüklərini
görməyi bacarmaq lazımdır. Ən əsası
isə makiyajla hər şeyi korlamamaq, təbiiliyi qorumaqdır. Bütün sirr
bundan ibarətdir”.
“Vizajın məktəbi yoxdur”
Bəzi insanlar düşünür ki, vizajistdə mütləq rəssamlıq qabiliyyəti olmalıdır. Nara xanım isə hesab edir ki, vizaj etmək qabiliyyəti insanın daxilindən gəlməlidir: “Əslində yaxşı vizajist olmaq üçün rəssamlıq qabiliyyəti olmalıdır. Vizajist rəngləri seçə bilməli, rəng uyğunluqlarını nəzərə almalıdır. Çox qəribədir ki, mən insanın üzərində çox gözəl vizaj edirəm. Amma heç vaxt əlimə qələm alıb özüm göz-qaş çəkə bilmirəm. Vizaj zamanı isə xüsusi rəssam işi işləyirəm. Mənim üçün vizajın məktəbi yoxdur. Yaxşı vizaj etmək üçün insanın təfəkkürü olmalıdır. Vizaj etmək qabiliyyəti insana verilən vergidir, daxildən gəlməlidir. Mən qələmi əlimə götürdükdən sonra sanki, mənə rəssamlıq qabiliyyəti gəlir. Ayrılıqda isə adi şəkil belə çəkə bilmirəm”.
“Müştərini başımdan etmirəm”
Kaprizli müştərilərdən danışan müsahibimiz deyir ki, əgər hansısa müştəri ondan narazı gedərsə, çox narahat olar, müştərinin ödədiyi pulu “yeyə” bilməz: “Müştərilər müxtəlif olur. Kaprizli insanlarla dil tapmağı bacarmaq lazımdır. Mən ən kaprizli müştərini belə dilə tutmağı bacarıram. İnsanı söylədiklərinizə inandırmalısınız, ona bu və ya digər rəngin, saç düzümünün yaraşıb-yaraşmadığını elə söyləmək lazımdır ki, buna inansın və qətiyyən inciməsin. Elə olur ki, müştəri heç özü də nə istədiyini bilmir. Mən nəyisə məsləhət görürəm, razılaşmır. Halbuki, mən həmin xanımın daha qəşəng görünməsini istəyirəm. Məndə belə bir xüsusiyyət var ki, özüm istədiyim bir vizajı xanımın üzərində almayınca onu buraxmıram. Heç vaxt müştərilərimi başımdan etmirəm. Onların vizajlarının yaxşı alınmasını bəlkə də onlardan çox mən istəyirəm. Məsələn, elə olur ki, müştəri deyir ki, çox yaxşıdır, çox xoşuma gəlir. Amma mən kifayətlənmirəm, gərək etdiyim vizajı özüm də bəyənəm. Balaca bir qüsur olanda narahat oluram. Çünki, hansısa müştəri məndən narazı gedəndə özümə bağışlaya bilmərəm, o pulu alıb yeyə bilmərəm”.
“Xanımlarımız gözəldir”
Azərbaycan xanımlarının üz cizgilərinin gözəl olduğunu vurğulayan müsahibimizin sözlərinə görə, bəzən elə xanımlar görür ki, ona vizaj etməyə qıymır: “Azərbaycan xanımları çox gözəldir. Elə xanımlar görürəm ki, o qədər təbii gözəlliyi var ki, ona vizaj etməyə insan qıymır. Sanki makiyaj etdikdə onun təbii gözəlliyi itəcək”.
Xanımlara makiyaj sirləri haqqında məlumat verən həmsöhbətimiz vurğuladı ki, xanımlar hansı rəngin dəbdə olmasından daha çox, özlərinə yaraşan rənglərə üstünlük verməlidirlər: “Makiyaj zövqlü, səliqəli olmalıdır. Bəzən olur ki, xanım kipriyinə sadəcə tuş çəkir. Amma tək tuşu o qədər ifrat dərəcədə çəkir ki, kənardan yaxşı görünmür. Bəzən də bir xanım dekorativ kosmetikanın bütün tonlarından istifadə edib, yenə də o qədər gözəl və zövqlü görünür. Fikrimcə, makiyajda əsas ünsür zövqdür. İstər tünd, istər solğun makiyajda rəng seçimi düzgün olduqda, makiyaj yaxşı görünür. Vizajda dəbə yox, hansı makiyaj yaraşır ona fikir vermək lazımdır. Dəbdi deyə, o makiyajın içinə girmək insanı gözəlləşdirmək əvəzinə, görünüşünə xələl gətirər”.
Sonda gələcək planlarından danışan müsahibimiz ən böyük arzusunun sənətini inkişaf etdirmək olduğunu söylədi: “Qadınların bütün tələblərini yerinə yetirən bir mərkəz açmaq istəyirəm. Elə bir mərkəz ki, onlara bütün estetik yardımlar edilsin. Bura həm psixologiya tədris mərkəzi, həm də gözəllik mərkəzi olmalıdır. O zaman ixtisasımdan istifadə edə biləcəm (gülür – A.Ə)”.
Aygün ƏZİZ
Kaspi. -
2014.- 19 sentyabr.- S. 20.