Şair, həkim,
siyasətçi
Deyir, həyatda ən pis şey insanın heç bir ideyasının, inandığı heç bir şeyin olmaması, anarxistcəsinə yaşamasıdır. Onun fikrincə, insanın həyatda bir məqsədi olmalıdır və o məqsədə doğru öz mübarizəsini aparmalıdır. Müsahibimiz şair, tibb elmləri namizədi, millət vəkili, Prezident təqaüdçüsü, “Nizami Aydın”, “Araz”, “Yusif Məmmədəliyev” ədəbi mukafatları laureatı, Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyevdir (Musa Urud).
Xruşşovun materialist etdiyi gənc
Qərbi Azərbaycanın Zəngəzur qəzası Sisyan rayonunun Urud kəndində anadan olan müsahibimiz 2 bacı bir qardaşdılar. Ailənin ortancılı olan Musa Qulyev bacılarının da ali təhsil aldığını deyir. Atası o dövr üçün böyük vəzifələrdə işləyib. Ferma müdiri, kolxozun partiya təşkilatı katibi, kolxoz sədri, kolxozun baş mühasibi olub. Anası isə 1988-ci ilə qədər kənddə müəllimə işləyib.
Uşaqlığı 1960-cı illərə təsadüf edən müsahibimiz o zaman hamının kasıb, amma şən və optimist həyat sürdüyünü deyir: “Xuruşşov elan etmişdi ki, 1980-ci ildə SSRİ-də kommunizm quracağıq. Hamı istədiyi kimi yaşayacaq. Pul olmayacaq, heç pula ehtiyac da qalmayacaq. Kim nə istəsə, gedib mağazadan alacaq, kim də nə qədər istəsə işləyəcək, kim də istəməsə, işləməyəcək. Məktəb illərində müəllimlərimiz də bizi kommunizmə hazırlayırdılar. Bu, bəlkə də mənim gəncliyimin ən ciddi aldanışlarından biri oldu. Ondan sonra özüm gözümlə görmədiyim, öz əlimlə toxunmadığım heç nəyə inanmadım. Sırf materialist oldum”.
“Mal nobatına gedərdim”
Gözünü açandan kənd təsərrüfat işlərində ailəsinə kömək edən həmsöhbətimiz deyir ki, ərköyünlüyün nə olduğunu heç vaxt bilməyib. Anasının ibtidai sinif müəlliməsi olması da onun tərbiyəsində xüsusi rol oynayıb: “Biz dərk edə bilmirdik ki, necə olar, səndən böyük sənə nəsə tapşıra, sən də etməyəsən. Hətta bizi gücümüz çatmayan, ağır işlərə də göndərirdilər. 11 yaşımda öz mal-heyvan nobatında kəndin quzusunu otarardım. Yaxud da ot biçir, otu daşıyıb tayaya yığır, malı suvarmağa aparır, bağ işlərinə kömək edərdik. İndi də o həyata minnətdaram ki, mənə əməyi sevməyi, qazandığına qane olmağı, qazanmadığına isə layiq olmadığını dərk etməyi öyrətdi. Həm də onu öyrətdi ki, öz şəxsi həyatında nə etmək istəyirsənsə, özünə güvənməlisən”.
Şairlik sevdası
Heç vaxt
qarşısına dərslərini hamıda yaxşı
oxuyacağı ilə bağlı məqsəd qoymasa da, həmişə
əla qiymətlərlə məktəbdən evə
qayıdıb. Sadəcə, hesab edib ki, oxumaq, ev işlərində
validyenlərinə kömək etmək vəzifəsidir. Beləliklə,
orta məktəbi qızıl medalla bitirən Musa Quliyev
peşə seçimində valideynlərinin əmisinin rolu
olduğunu deyir: “Üçüncü sinifdə oxuyandan
şeirlər yazıb “Azərbaycan pioneri” qəzetinə,
“Pioner” jurnalına göndərirdim. Bəziləri dərc
olunurdu. Mənə redaksiyalardan məktub gələndə
çox sevinərdim. Çünki o vaxt kənddə təkcə
mənə eyni, standart olmayan bir zərfdə məktub gələrdi.
Bir dəfə 4-5-ci sinifdə oxuyanda məndən nə
olacağımı soruşdular. Şair olacağımı bildirdim. “Harada
oxuyacaqsan?” sualına isə, “şairlik institutunda”
cavabını verdim. Sonradan bildim ki,
şairlik institutu olmur. 8-ci sinifi qurtarana qədər
isə könlümdən jurnalist olmaq keçdi. Nənəmlə anam isə həkim
olmağımı istəyirdilər. Əmim də gəlib
nənəmgilə dəstək verdi və
dediyi arqumentin qarşısında söz tapmadım. Bildirdi ki, həkim olsam da, istedadım varsa,
şairliyimi davam etdirə bilərəm. Amma
müəyyən müddətdən sonra istedadım mənim
köməyinə gəlməyəcəksə, şair kimi fəaliyyətimi
davam etdirə bilməyəcəyəm. Amma
həkim olmaq üçün mütləq bu ixtisas üzrə
oxumalıyam. Üstəlik, mənə həkim
yazarların adlarını da çəkdi. Bundan sonra şeir yazmağıma davam edəcəyim
şərtilə sənədlərimi Tibb İnstitutuna
verdim”.
Kənddə
işləmək istəsə də...
Arzusu institutu bitirəndən sonra
öz kəndlərində işləmək olsa da, qismət
olmur: “Rayonun baş həkimi atamla dostluq edən obyektiv bir erməni
idi. Onun yanına getdim. Dedi ki, “səni bu
gün işə götürə, yüksək
maaş verə bilərəm. Təsərrüfatın
da olar, həkim olduğuna görə kiməsə gedib
baxarsan, toyuqdan, cücədən, yumurtadan, süddən,
qatıqdan verərlər, dolanarsan. Amma mən
vəzifədən gedəndən sonra səni burada işləməyə
qoymayacaqlar. Sonra gərək qayıdıb
Azərbaycanda özünə yenidən karyera qurasan. Nə qədər ki, gəncsən, oxumaq, öyrənmək
həvəsindəsən, vaxtını itirmə, Azərbaycanda
qalıb işlə”. Bilmirəm, bunu səmimi dedi, yoxsa
başından eləmək istədi, amma mənə daha
çox səmimi təsir bağışladı. Çünki desəydim ki, qalıb burada işləmək
istəyirəm, razı olacaqdı”.
“İldə 2 dəfə
geyim alardım”
Tələbəlik illərində
yataqxanada qalmaq üçün yer tapmayan müsahibimiz kirayə
evdə qalır. Deyir ki, tələbəlik illərində heç əlinin
“yuxarı” vaxtı olmayıb: “Uşaq vaxtından məni elə
öyrətmişdilər ki, qənaətcil və
israfçılığın nə olduğunu başa
düşürdüm. Başa
düşürdüm ki, səhər durub 3 qəpiyə bilet
alıb tramvayla dərsə getməliyəm, hər gün yeməyə
bir manat xərcləyib ya bulka, ya pirojna, ya da kələmlə,
kartofla peroşki ala bilərəm. Ya da
uzaq başı arada tələbə yeməkxanasında manat
yarımlıq nahar edə bilərərm. Ondan
sonra da evə qayıdıb yemək hazırlamalı idim.
Həftədə 1 dəfə də bazarlıq
edərdim. Kənddən də iki həftədən
bir ərzaq göndərirdilər”.
Ikinci kursdan yaşlı rus
“babulyası” və onun yoldaşı ilə birgə qalır. Yemək
bişirməkdən canını qurtarmaq üçün
bicliyə əl atır. Kənddən ərzaqı
çox göndərdiklərindən xarab olurdu. Buna görə rus “babulyası” ilə şərt kəsdim
ki, ərzaq mənlik olsun, o da həm özlərinə, həm
də mənə yemək bişirsin. Amma
onu da deyim ki, özüm demək olar, hər yeməyi
bişirə bilirdim. Yaxşı borş,
toyuq ətindən yeməklər bişirirdim. Tələbəlik illərində restoranda yemək,
kababxanaya getmək məsələləri olmayıb. Yalnız yuxarı kurslarda bayramdan-bayrama harasa gedərdik.
Bir sözlə, tələbəlikdə bədxərclik
etməmişəm. Əlimə
düşən pulu kitaba verərdim. Ildə
2 dəfə - yayda və payızda geyinmək
üçün rayonumuzun univermağından paltar
alardım”.
““Şparqalka”lar
cibimdən töküldü”
M. Quliyev tələbəlik illərində
başına gələn maraqlı hadisələrdən də
danışdı. 3-cü kursda onları
Ağdama pambıq yığmağa aparırlar. Tələbələr gedib gah pambıq
yığanları söhbətə tutur, gah onlardan pulla
pambıq alıb öz adlarına yazdırır, gah da
hansısa formada tarlaya ziyan vururlar. Axırda
kolxoz sədri gəlib deyir ki, “siz Allah, tez gedin burdan. Pambığımı da əldən
çıxartdınız, işçilərimi də işləməyə
qoymursunuz”.
Bir dəfə də üzvü
kimyadan imtahanda həmsöhbətimizin başına maraqlı
əhvalat gəlir: “Birinci kursda oxuyanda müəllimimiz
gözəl insan, gözəl alim Rauf Babaxanovun kimyadan
imtahanı vardı. Mən də qəbul
imtahanında kimyadan “5” almışdım. Gördüm ki, uşaqlar mühazirə dəftərini
vərəq-vərəq cırıb ciblərinə qoyur ki,
oradan köçürərlər. Əslində
mənim “şparqalka”ya ehtiyacım olmasa da, mən də dəftərimi
cırıb xalatımın cibinə yığdım. Qış vaxtı idi. Üst geyimlərimizi
asılqana verib birka götürmüşdük. Birkanı da cibimə qoymuşdum. Bileti çəkdim,
bir az hazırlaşdıqdan sonra müəllimin
qarşısında oturub cavab verməyə başladım. Yadımdan da çıxıb ki, cibim kağızla
doludur. Uşaqlardan biri gəlib asılqanda işləyən
qadının getmək istədiyini dedi. Müəllimdən
icazə aldı ki, uşaqlardan birkaları götürüb
paltarlarını gətirsin. Mən
birkanı cibimdən çıxaranda kağızlar yerə
töküldü. Babaxanov donub qaldı.
Çünki qəbul imtahanında kimyadan “5”
aldığımı, qızıl medalçı olduğumu
bilirdi. Mənə baxıb dedi ki, “ayıb olsun sənə,
sən necə qızıl medalçısan ki, kimya
imtahanına cibində “şparqalka” ilə gəlirsən”. Çaşıb qaldım. Dedim ki,
“şparqalka” yadıma düşməyib, necə olubsa, gəlib
mənim cibimə giriblər. Mənə əlavə bilet verdi, danışdım, əlavə suallar
verdi, cavablandırdım. Dedi, “məni fikir götürüb
ki, sən bütün bunları bilə-bilə imtahana niyə
“şparqalka” ilə girirsən?”. Dedim,
“müəllim, gördüm uşaqlar götürür, mən
də götürdüm”.
Prokurorluq
işçisinə rüşvət
M.Quliyev tarixi çox sevdiyindən həmişə
seminarlarda cavab verib “5” alarmlş: “Şəkixanov soyadlı
tarix müəllimimiz çox sərt, obyektiv adam
idi. O, imtahandan qabaq bütün qrupu otağa yığdı
və cibindən siyahı çıxardıb dedi ki,
“oxumayacağam kimlərdi, amma bu
uşaqların hamısı mənə tapşırılıblar.
Zaçotkalarını gətirsinlər, hərəsinə
bir 3 verəcəyəm, getsinlər”. Qeyd
edim ki, o vaxt bunu demək çox çətin söhbətdi.
Mərkəzi Komitədən də bu müəllimi
yaxşı tanıyırdılar. Sonra məni
çağırdı, bilet çəkən kimi, dedi ki,
cavab ver. Hazırlaşmaq üçün icazə istədim.
Dedi, “sənin hazırlaşmaq fikrin də var? Bax
gör, sualları bilirsənmi”. “Bəli” dedim. Uca səslə
bildirdi ki, “səni mənə heç kim
tapşırmayıb ki?”. Dedim, “yox”. “Mənə
pul-zad verməmisən ki?”. Yenə “yox”
dedim. Bildirdi ki, “uşaqlar, bütün seminar
boyu bu oğlan dərsi danışıb. Bilirəm
ki, bu gün də hazırlıqlı gəlib. Soruşmadan “əla” qiymət yazıram”.
Müsahibimiz tələbə
vaxtı 5 manat rüşvət verdiyini də etiraf etdi: “Tibb
institutunda yarım semestrlik təbabət hüququ dərsi
keçirdik. Müəıllimimiz Nəsimi
rayon prokurorluğunda işləyən bir qadın idi. O,
qrup nümayəndəsini çağırıb, dediyi fəndən
nə imtahanın, nə də zaçotun
olmadığını bildirib, amma Kubinkada 250 manata
yaxşı uzunboğaz çəkmə
satıldığını və onu almaq üçün
uşaqlardan pul yığmağını xahiş edib. Buna görə də 250 manatı uşaqların
sayına böldülər, hərəyə 5 manat
düşdü. Mən də utandım,
deyəm ki, 5 manatı vermirəm. Beləliklə,
müəllimə yardım edib ayaqqabı aldıq ki,
qışda ayaqları üşüməsin”.
Lalə MUSAQIZI
Kaspi. -
2014.- 19 sentyabr.- S. 21.