Azərbaycanı Avropaya birləşdirən sülh dəhlizi

 

Cənub Qaz Dəhlizinin reallığa çevrilməsi dövlətimizin qüdrətini daha da artıracaq

 

Sentyabrın 20-də Azərbaycan daha bir böyük layihəyə imza atdı. Uzun müddətdir müzakirələri aparılan Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Bununla da Azərbaycan qazının Türkiyə üzərindən birbaşa Avropaya nəqli məsələsində əməli işə başlanıldı. Bu, hansısa sıradan bir tədbir deyildi. Söhbət illərdir ətrafında müzakirələr gedən, hətta Avropanın inkişaf etmiş dövlətlərinin belə icrasına cəsarət etmədiyi bir layihədən gedir.

Bu layihənin reallaşması ilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya Azərbaycan qazı almış olacaq. Gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələrin də bu layihəyə qoşulması mümkün olacaq. Bu dəhliz hazır olduqda, Qafqazdan Türkiyəyə, Yunanıstan və Albaniya ərazilərindən keçməklə Xəzər dənizini Avropa İttifaqının mərkəzi ilə birləşdirəcək. Kəmər ümumilikdə 3600 kilometr məsafədə uzanacaq və Bakı-Tbilisi-Ceyhan boru kəmərindən iki dəfə uzun olacaq. 2018-ci ildə Azərbaycan qazı Türkiyəyə, 2019-cu ildə isə Avropaya çatdırılacaq.

Cənub Qaz Dəhlizi böyük iqtisadi dəyəri olan nəhəng bir layhədir. Təsəvvür edin ki, sentyabrın 20-də təməli qoyulan kəmərin tikinti xərcləri ümumilikdə nə az, nə çox - 45 milyard dollar hesablanıb. Kəmərin Türkiyəyə qədər olan hissəsinin əsas maliyyəçisi Azərbaycan olacaq. Azərbaycan Avropada uzanacaq kəmərdəki payını da öz maliyyə ehtiyatları hesabına maliyyələşdirəcək. On illərlə davam edəcək bu layihə milyonlarla istehlakçıya xidmət edəcək və minlərlə yerinin açılmasına səbəb olacaq. Bütün bunlar təbii ki, Azərbaycanın neftqazdan gələn gəlirlərini bir qədər də artıracaq. Proqnozlara əsasən, yaxın illərdə Azərbaycan Respublikası Dövlət Neft Fonduna 200 milyard dollar vəsait daxil olacaq.

Amma ilk illərdə qaz gəlirləri o qədər böyük olmayacaq. İnvestisiya xərcləri çıxarılandan sonra Azərbaycanın qaz gəlirləri sürətlə artmağa başlayacaq. Bu baxımdan, yeni layihə daha çox perspektivə nəzərdə tutulub.

Bu kəmərin həm də Azərbaycan və Avropa üçün siyasi əhəmiyyəti var. Avropa kəmərin işə düşməsi ilə öz qaz təchizatını diversifikasiya etmiş olacaq. Avropanın Rusiyadan asılı olmayan alternativ qaz təchizatı şəbəkəsi formalaşdırılacaq. Avropa Komissiyasının sədri Joze Manuel Barrozanın da qeyd etdiyi kimi, «bu layihə yalnız kəmər deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir. Bu, sözün əsl mənasında, geostrateji bir layihə olacaq».

Azərbaycan isə bu layihənin reallaşması ilə öz qazını Avropa bazarına çıxarmaq üçün böyük bir infrastruktur qazanacaq. Gələcəkdə bu kəmərlə regionun digər ölkələrinin hasil etdiyi qazın da nəqli nəzərdə tutulur. Bu reallaşarsa, Azərbaycan təkcə qaz satışından deyil, tranzitdən də gəlirlər əldə etməyə başlayacaq. Layihənin digər əhəmiyyəti Azərbaycanın Avropa ilə ticarət tərəfdaşlığının ən üst səviyyəyə çatması olacaq. İndi əminliklə demək olar ki, Azərbaycan Avropa İttifaqına heç bir vaxt bu qədər yaxın olmayıb. Azərbaycanın iqtisadiyyatı artıq Avropa bazarları ilə sıx inteqrasiya olunub. Azərbaycan həm öz qazını, həm də neftini sərbəst şəkildə Avropa bazarlarına çıxarmaq imkanı qazanacaq.

Bu layihə həm də Azərbaycanın Avropa üçün əhəmiyyətini əyani şəkildə ortaya qoyur. Cənub Qaz Dəhlizinin resurs mənbəyi rolunda məhz Azərbaycanın “Şahdəniz” yatağı çıxış edir. Hesablamalara görə, “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir. Burada qaz ehtiyatları 1 trilyon kubmetrdən çoxdur.

Bu layihənin reallaşması regionda Azərbaycan-Türkiyə birgə əməkdaşlığının növbəti səmərəli nəticəsi kimi də qiymətləndirilə bilər. Sirr deyil ki, Cənub Qaz Dəhlizi ilə bağlı həm siyasi, həm də iqtisadi maneələr kifayət qədər idi. Onların aşılmasında iki qardaş respublika birlikdə fəaliyyət göstərərək daha bir regional layihənin reallaşmasına imza atdılar. Bundan əvvəl Bakı-Tbilsi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşdırılmasına nail olan Azərbaycan və Türkiyə TANAP-ın reallaşmasında da bütün maneələri aşmağı bacardılar. Bununla da bu regiondakı aparıcı iqtisadi layihələrin məhz Azərbaycan və Türkiyənin iştirakı ilə reallaşmasının mümkün olduğu bir daha sübuta yetirildi.

Azərbaycanla Türkiyə arasında TANAP layihəsi və onun həyata keçirilməsinin reallaşdırılmasından sonra Cənub Qaz Dəhlizinin konturları görünməyə başladı. Məhz bundan sonra 2013-cü ildə TAP layihəsi - Trans-Adriatik kəməri əsas ixrac marşrutu kimi seçildi. Bu baxımdan, Cənub Qaz Dəhlizini həm də Azərbaycan-Türkiyə birgə əməkdaşlığının növbəti abidəsi adlandırmaq olar. Qardaş ölkənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın da qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi layihəsi və onun onurğa sütunu olan TANAP ilə AvropaQafqaz bir-birinə bağlanır və sanki bir sülh dəhlizi açılır: «Bu, iki ölkənin ən azı 10 ildən bu yana gecə-gündüz çalışaraq birlikdə ortaya qoyduğu böyük bir hədəfin göstəricisidir. Türkiyə Respublikasının Hökuməti olaraq, həm Türkiyə Böyük Millət Məclisində hökumətlərarası müqavilələrin və eyni zamanda, ev sahibliyi müqavilələrinin təsdiqi də tamamlanmışdır. İcazə verin, açıq şəkildə söyləyim ki, Türkiyə və Azərbaycanın tərəfdaşlarımızla əməkdaşlıq şəraitində reallaşdırdığı bu layihələr, bir az əvvəl dediyim kimi, yalnız bölgəyə deyil, eyni zamanda, geniş bir coğrafiyaya sülhsabitlik gətirəcək layihələrdir».

Ümumilikdə bütün bu regional layihələr Azərbaycanın daha da güclənməsinə xidmət edir. Azərbaycan dövləti çox ustalıqla neftqaz ehtiyatlarımızdan milli maraqlarımıza uyğun şəkildə bəhrələnməkdə davam edir. Dünyadakı indiki mürəkkəb vəziyyətdə bunu etmək kifayət qədər çətin olsa da. Nəzərə alsaq ki, Cənub Qaz Dəhlizinin marşrutu boyunca böyük investisiya layihələri həyata keçiriləcək, layihənin dəyəri daha da artır. Bu o deməkdir ki, SOCAR kəmərin keçəcəyi ölkələrin bəzilərində ən iri sərmayəçi kimi çıxış etməyə başlayacaq. Başqa sözlə desək, Azərbaycan Avropa ölkələrinin sərmayədarına çevriləcək. Ümumilikdə bu layihələr Azərbaycanı dünyanın qüdrətli dövlətləri sırasına çıxaracaq, vətəndaşlarımızın sosial durumunun daha da yaxşılaşmasına təkan verəcək.

 

İ.QULİYEV

 

Kaspi. - 2014.-  24 sentyabr.- S. 4.