Musiqili Teatrda yeni mövsümyeni ifaçılar

 

Ölməz Üzeyir Hacibəylinin həmişə aktual “O olmasın, bu olsunu yenə səhnədədir

 

Dahi Üzeyir bəy Hacibəylinin “O olmasın, bu olsun” operettası yazıldığı gündən bəri dünyanın bir çox teatrlarında, fərqli rejissorların təfsirində, fərqli aktyorların ifasında tamaşaya hazırlanıb və illər ötdükcə, zaman keçdikcə, nəsillər dəyişdikcə onun aktuallığı azalmayib, musiqisi dəbdən düşməyib, hər zaman zirvədəki əbədi yerini qoruyub saxlamağa müvəffəq olub. Azərbaycanda Musiqili Teatrın inkişafında və formalaşmasında mühüm əhəmiyyət kəsb edən bu əsər 1911-ci il aprelin 25-dən bu günədək səhnədədir və ölməz bəstəkarın ecazkar musiqisi 21-ci yüzillikdə də tamaşaçıları yenə də öz sehrində, cazibəsində saxlamaqdadır.

Azərbaycan Dövlət Musiqili Teatrı xalq artisti Cənnət Səlimovanın bir müddət əvvəl quruluş verdiyi “O olmasın, bu olsun” əsərinə yenidən müraciət edib, bu dəfə əsas rolları ifa edən aktyorlar sırasına indiyəcən səhnədə ciddi obrazları ilə tanınan əməkdar artist Şövqi Hüseynov (Məşədi İbad), gənc vokalçı, Prezident təqaüdçüsü Amil Məmmədov (Sərvər), əməkdar artist Səidə Şərifəliyeva (Gülnaz) da qoşulublar. Hər üç ifaçı ilə məşq prosesində görüşdük. Bütün aktyorların mizanlarını, obrazlar arasındakı dialoqlarını diqqətlə izləyən və nəhayət istəyinə nail olan Cənnət xanım kiçik bir fasilə elan edirbiz də fürsətdən yaralanıb kollektivə yeni dəvət olunmuş aktyorlarla söhbətə tələsirik.

İlk sualımız Şövqü Hüseynova olur:

- Siz Cənnət xanımın tələbəsi olmusunuz, institutu bitirdikdən sonra da uzun müddət onun rəhbərlik etdiyi Kamera Teatrında işləmisiniz. Aydın, Şeyx Sənan, Don Quan, Vəzir, Dərviş və s. kimi çox ciddi obrazlar yaratmısınız. Birdən-birə Musiqili Teatrın səhnəsində sırf komik bir rol oynamaq təklifini qəbul edəndə nəyə güvəndiniz, müəlliminizin sizinlə bərabər olmasına, yoxsa?..

-           Əlbəttə, müəllimin, özü də Cənnət xanım kimi bir ustadın əlini kürəyində hiss etmək, onun yozumlarını yerinə yetirmək, onun inamını doğrultmaq, bəlkə də kiməsə rahat görünə bilər. Ancaq mənim üçün bu, ikiqat məsuliyyətdir. Çünki bu teatrda da, elə böyük ekranda da Məşədi İbad obrazını yaradan çox qüdrətli sənətkarlarımız olubonlardan sonra adama elə gəlir ki, nəsə demək qeyri-mümkündür. Ancaq mən düşünürəm ki, hər bir insanın, istər tamaşaçı olsun, istər aktyor - daxilində bu obrazın bir prototipi, bir yozumu, yanaşma bucağı var. Hətta böyük Üzeyir bəy də gənclik illərində yazdığı bu əsərə 50 yaşından sonra tamaşa edəndə Məşədi İbad barədə tamam başqa fikirdə olub. Biz də Cənnət xanımla fərqli bir Məşədi İbad təqdim etməkdə qərarlıyıq və əminəm ki, həm mənə etimad göstərib bu teatra dəvət edən Musiqili Teatrın direktoru Əliqismət Lalayevin, həm də müəllimim və ustadım Cənnət xanımın etimadını doğruldacağam. İnanıram ki, bu rol mənim 25 illik yaradıcılıq taleyimin yeni, həm də yaddaqalan bir səhifəsi olacaq.

Amil Məmmədov sakitcə həmkarına qulas asır və Şövqü Hüseynovun sözünə qüvvət verirmiş kimi, o da fikirlərini bizimlə bölüşür:

- İnanın ki, mən Şövqü müəllimdən daha çox həyəcanlıyam. Onun səhnədə keçib gəldiyi dopdolu, zəngin rollar qalereyası ilə tamaşaçı rəğbəti qazanmış tərcümeyi-halı var. Mənsə ilk dəfə aktyor kimi qüvvəmi sınayacam. Nə gizlədim, xəyalən özümü dəfələrlə səhnədə Sərvər, Əsgər rollarını oynayan təsəvvür etmişəm. Amma qismət bu günə imiş. Mən də teatrın rəhbərliyinə minnətdarlığımı bildirirəm, əlbəttə onlar mənə inanmasaydılar, güvənməsəydilər, məni bu sənət məbədinə dəvət etməsəydilər, yəqin ki, elə bu, arzu olaraq da qalacaqdı. Amma artıq səhnədəyəm və hiss edirəm ki, Cənnət xanım da, yaradıcı heyət də mənə daha çox diqqət göstərir, hər kəs qayğı ilə yanaşır. Məşq etdiyim müddətdə çox şey öyrəndim, başa düşdüm ki, fikrimi, düşüncəmi, yaradıcılıq ampluamı tamam dəyişməli, tərəf müqabillərimlə dialoq qurmalı, mizanları mənimsəməli, bir sözlə, səhnəni yenidən “öyrənməliyəm”!

Cənnət xanımsa hər iki aktyorun işindən razı olduğunu bildirir, onların öz rollarına ciddi yanaşdıqlarını söyləyir və hər kəsi məşqə dəvət edən assisentinə baxıb:

-           Bizi bağışlayın, fasilə bitdi, - deyirinşallah, tamaşadan sonra daha geniş söhbət etməyə vaxtımız olacaq.

Sonda onu da qeyd edək ki, ümumiyyətlə, bu tamaşa ilə bağlı “ilk dəfə” sözünü tez-tez təkrarlayırlar. Cənnət Səlimova ilk dəfə bu tamaşaya quruluş verəndə Məşədi İbad rolunu xalq artisti Hacıbaba Bağırov ifa edib, 2008-ci ildə tamaşa yenidən bərpa olunanda, bu obrazı Ramiz Məmmədov oynayıb. Bu dəfə isə Məşədinin üç namizədi var: əməkdar artistlər Çingiz Əhmədov, Ələkbər Əliyev və Şövqü Hüseynov. Bundan başqa, operettanın daha bir əsas qəhrəmanını Gülnazı iki xanım ifaçı, əməkdar artist Səidə Şərifəliyeva və Gültac Əlili təqdim edecəklər. Sənəm obrazının ifaçisi Naidə Orucovanın da bu mövsümdə dublyoru var: gənc aktrisa Gülnarə Abdullayeva. Əməkdar artist Əkbər Əlizadə və Elxan İsmayılov İntelligent Həsəni, əməkdar artist Novruz Əliyev və Ziyadxan Cəbrayılov Məşədi Qəzənfəri, Möylə Mirzəliyev Rüstəmi, Əzizağa Əzizov Qoçu Əsgəri, Nadir Xasiyev, Səmədzadə Xasiyev Həsənqulu bəyi, Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov Qəzetçi Rzanı, Hüseyn Əlili və Ağaxan Şərifov isə Hambalı oynayacaqlar. Beləliklə, 105-ci mövsümdə tamaşaçıları maraqlı və yaddaqalan görüşlər gözləyir.

 

Ağca Muxtarova

 

Kaspi. - 2014.- 27-29 sentyabr.- S. 8.