TEATRDA SOL AÇARI

Nigar Primova

Teatrşünas

Konfutsinin yaxşı bir kəlamı var: Bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin. Bir musiqiçi kimi bu gün danışacağım mövzu sırf musiqi ilə bağlı olmayacaq, əgər belə demək caizsə teatrda musiqi problemi olacaq.

Teatrda musiqi elə bir nəsnədir ki, tamaşanın təsir gücünü artıra da bilər, azalda da. Elə bir məqamda musiqi səslənə bilər ki, seyrçilərin diqqətini bütünlükdə tamaşaya kökləsin. Ya da əksinə bir də görürsən tamaşanın təsir gücünü artırmaq məqamıdır, aktyorun sözü xüsusi deyilir və ya hadisənin elə bir gedişatıdır ki, amma gəl görəsən ya musiqi səslənməyəcək, ya da çox dəxli olmayan bir şey çıxacaq ortaya. Lakin musiqi axıcı olmalıdır tamaşada, necə sol açarı yazılırsa, tamaşada da musiqi də bax beləcə bir nöqtədən başlayıb sağdan sola, sonra düz yuxarı kuliminasiya və aşağı enərək tamamlanmalıdır.

Vaxtilə qoyulmuş tamaşalarımıza elə musiqilər bəstələnib ki tamaşa özü o qədər uğur qazanmasa da musiqisi yaddaşlardan silinməyib. Arif Məlikov, Tofiq Quliyev, Emin Sabitoğlu, Xəyyam Mirzəzadə, Fərəc Qarayev və s. və ilaxır, bu siyahını artıra da bilərik. Lakin indiki dövr tamaşalarımıza nəzər yetirsək görərik ki, ya çoxusunda xarici musiqilər yer tutur, ya da özümüzünkü o qədər maraqlı alınmır. Amma günah olar layiqli musiqiləri qeyd etməsəm. Məsələn elə götürək Mehriban Ələkbərzadənin Akademik Milli Teatda Elçinin eyni adlı pyesi üzrə hazırladığı Qatil tamaşasının musiqisini ki, bəstəkarı Aygün Səmədzadədir. Musiqi o qədər canlı, axıcı, lakonikdir ki, tamaşanın təsir gücünü birə beş artırır. Və yaxud olsun Gənc Tamaşaçılar Teatrındakı Danışan gəlincik tamaşasının musiqisini ki, bəstəkarı Gövhər Həsənzadədir. Musiqi ritmik, al-əlvan çalarlarıyla tamaşaya məxsusi bi zovq qatir. Bəlkə də tamaşanı bu qədər sevilən, baxılan, maraqlı edən elə əsas nüanslardan biri onun musiqisi idi. Bir də görürsən elə tamaşa olur ki, iki saat ərzində bir musiqi səslənir. Və sonra da təkrartəkrar verilir. Lakin Danışan gəlincikdə musiqi nömrələri bol verilmişdi. Hətta qeyri ixtiyari olaraq sən elə özün də ya onlarla oxumağa başlayırdın, ya da ritmə uyğun olaraq ayağını yerə döyürdün. Bax işləyəndə də hər şey belə bütöv tam olur. Rejissorun musiqi duyumu, bəstəkarla işi, bir də aktyorun həmin musiqiyə uyğun verilmiş düzgün plastikası, rəqsi.

Ya da başqa bir misal çəkim. Şuşa Dövlət Dram Teatrının GTT-nın səhnəsində Loğman Kərimovun quruluşunda qoyduğu Lənkəran xanının vəziri tamaşasının musiqisi olduqca maraqlı və dəqiq seçilmişdi. Musiqi tərtibatçısı Orxan Kərimov idi. Tamaşa o qədər maraqlı bir başlanğıcla başladı ki, istəristəməz tamaşaçını özünə cəlb etdi. Tamaşanın adı, yəni hadisələrin Lənkəranda baş verməsi və seçilmiş musiqinin də Ay loli mahnısının yeni oranjimanda olması hazırlanan tamaşanın konsepsiyası ilə tam uyuşmuşdu. Hələ mən tamaşadakı talış ləhcəsindən danışmayacam. Və yaxud tamaşa boyu arada səslənən milli rəqslərimiz ayrı bir ovqat vermisdi tamaşaya.

Tamaşada səslənən istər şən, istərsə də həzin melodiyalar tamaşanın harmoniyası ilə üstüstə düşməlidir. Necə ki, pyuputel qarşısına qoyduğumuz not partiturasında notlar çərəkli, bütovlü, yarımlı, yuxarı, aşağı beş sətir üstündə möcüzə əmələ gətirirsə çalarkən, bax tamaşada da bu cür olmalıdır. Musiqisi uğurlu tamaşalarımız az deyil. Lakin fikrimcə öz bəstəkarlarımız tamaşalara musiqi bəstəsələr daha gözəl olar. Düzdü elə tamaşalar var ki,onları filmlərdən seçilmiş parçalar daha maraqlı edir. Məsələn elə götürək Akademik Milli Teatrda səhnəyə qoyulan Xanuma tamaşasını. Düzdür, vaxtilə tamaşanın bəstəkarı Tofiq Quliyev olub. Lakin 2011-2012 ildə Mikayıl Mikayılovun quruluşundakı Xanuma məhz dediyim kimi müxtəlif xarici musiqi nömrələri ilə tamaşaya məxsusi bir zövq qatmışdı. Nə bir addım əksik, nə də bir addım artıq. İstər olsun Frank Sinatranın l love you babynin azərisayağı variantı, istər olsun gürcü xor müsiqisi, gürcü rəqs havası, istərsə də olsun Kriminal qiraət filmindən səslənən musiqi və rəqs. Olar, niyə də olmasın, əgər bu cür maraqlı alınacaqsa. Amma elə çalışsaq özümüzdə də alınar. Axı bizdə də istedadlı bəstəkarlar az deyil. Son zaman tamaşalarımızdakı musiqilər daha çox gurultuya bənzəyir. Çox az mahnı ola ki, tamaşadan çıxdıqdan sonra ən azından özlüyündə onu qısa bir zaman ərzində zümzümə edəsən.

Yaxşı, dedik əksər tamaşalarımızda musiqilər gah gurultuludu, gah düzgün seçilmir, tamaşaya uyuşmur. Lazimi yerdə musiqi verilmir. Bəs bunların əsas səbəbi nədir. Fikrimcə hər şeydən öncə başlamaq llazım idi rejissuradan. Əgər bir tamaşada rejissorun musiqi savadı yoxdursa və ya azdançoxdan varsa da sıfıra bərabərdisə o zaman hansı uğurlu musiqidən söhbət açmaq olar. Əgər bəstəkar varsa, musiqi varsa, rejissor bunu lazimincə dəyərləndirə bilmirsə, o zaman nə olacaq bu tamaşada? Bax elə əsas problemlərdən biri də budur. Bəlkə də birincisi. Tamaşaənın əsas canı rejissordur, bütün məsuliyyət onun üzərindədir. Aktyorlara mizanı verən, bəstəkarla, rəssamla içləyən odur. Ona görə də rejissorlarımızım musiqi savadı nə qədər güclü olarsa, bax o zaman tamaşalarımızda musiqi problemi bir o qədər az olar.

Bu barədə kifayət qədər çox danışmaq mümkündür. Lakin əsas bir şeyi qeyd etmək istəyirəm. Unutmayaq ki, do-dan do-ya qədər olan yeddi notun yuxarı və aşağı hərəkəti ilə möcüzəli bir melodiya yaratmaq olar tamaşalarımızda. Axı niyə də olmasın.

Kaspi.-2014.-11-13 yanvar.-S.10.