Getsəm də, gözüm arxada qalmayacaq

Xalq art

isti Nəzakət Teymurova bir ildən sonar Opera və Balet Teatrını tərk edəcəyini açıqladı

Bu günlərdə səhnəmizin Leylisi, xalq artisti Nəzakət Teymurova xalq mahnısı Sarı gəlin-ə çəkdirdiyi klipin təqdimatını keçirdi. Vətənini sevən hər bir xanəndənin ifasında Sarı gəlin mahnısının yer almasının vacib olduğunu vurğulayan xanəndə təqdimatdan sonra Kaspi-nin suallarını cavablandırdı. Bizimlə söhbətində Nəzakət Teymurova Opera və Balet Teatrının səhnəsini tərk edəcəyini və bu hərəkəti ilə bir ilkə imza atatacağını söylədi.

Opera səhnəsini tərk edəcəyəm

- Nə üçün Sarı gəlin mahnısına müraciət etdiniz? Əksər xanəndələr bu mahnıya müraciət edib, belə olan halda, sizin bu addımınız yenilik sayılmır.

- Bu mahnıya müraciət etməyim heç də təsadüfi olmayıb. Bilirik ki, xalq mahnımız olan Sarı gəlinin başı bəlalıdır. Bu mahnıya zaman-zaman göz dikilib, onu özününküləşdirmək istəyənlər də çox olub. Ona görə istədim ki, məhz Sarı gəlini simfonik orkestrin müşayiəti ilə ifa edim və klipi ölkəmizdən kənarda da nümayiş etdirərək musiqimizi təbliğ edək. Mən bu mahnını Zəmin xarə üstündə oxumağa başladım və istədim ki, indiyə qədər olan ifalardan seçilsin. Sizin fikrinizlə razıyam, bu mahnıya hər kəs müraciət edir. Mən bu mahnıya özümdən fərqli bir şey qatmışam. Simfonik orkestrlə ifa etmək təşəbbüsü də mənə məxsusdur. İnanıram ki, bu formada mahnını ifa etməyim dinləyicilərin ürəyincə olacaq. Məqsədim isə odur ki, Sarı gəlini bütün dünya Azərbaycan musiqisi kimi tanısın.

- Eşitdik, 20 ildir çıxış etdiyiniz Opera və Balet Teatrından ayrılmaq istəyirsiniz. Doğrudurmu?

- Bəli. Opera və Balet Teatrını yavaş-yavaş tərk etmək istəyirəm. Mən kənardan özümə baxmağı bacaran xanəndələrdənəm. Məhz elə buna görə də bir ildən sonra opera səhnəsini tərk edəcəm. Özümü o səhnədə görə bilmirəm. Şükürlər olsun ki, bu gün gənclər, tələbələrimiz səhnəyə gəliblər və səhnədə özlərini doğruldurlar.

- Səhnəni tərk etməyinizin səbəbi hər kəsə maraqlıdır. Özünüzü yorğun hiss edirsiniz, yoxsa sizi səhnədən küsdürüblər?

- Şükürlər olsun ki, səsim yerindədir, hələ ki cavanam, yorulmamışam, bu gün də əvvəlki ampluamı qoruyub saxlayıram. Əvvəlki kimi tamaşa başlayandan bitənə kimi yenə ifa edə bilərəm. Bu gün efirdə olan xanəndələrin opera səhnəsindən 4 əllə yapışmağa çalışdığının şahidi oluruq. Bunların hamısını görmüşəm və onlar kimi olmaq istəmirəm. Kənardan insanları müşahidə edib, onu daxilimə salan insanam. Müşahidələrimdən sonra çalışıram ki, mən onların etdiyi hərəkətləri etməyim. Elə xanəndələr var ki, onları səhnədən zorla çıxarıblar. Yəqin ki, opera səhnəsini gənc yaşlarımda, öz istəyi ilə tərk edən ilk xanəndə mən olacam. Bunu birinci mən edəcəm (gülür).

Nəslimizin gənc Leylisi mənəm

- Opera səhnəsinə çıxmaq və o səhnədə baş rolu canlandırmaq hər bir xanəndənin arzusudur. Gedəcəyiniz halda, bu qərarınız haqda çox danışılacaq...

- Bəli, əksər xanəndələr o teatrın səhnəsinə çıxmağa can atır. Artıq 20 ildir ki, opera teatrının səhnəsində çıxış edirəm. İndi də tamaşalarda iştirakım davam edir. Yəni teatrdakı işimə son verməmişəm, hələ teatrın repertuarında gələn il də ifam olacaq. İndidən mənim gələn il repertuarım hazırdır. Bir ildən sonra isə o səhnəni tərk edəcəyəm. Özümü kənardan izlədikdə bəzi şeylərin lazımsız olduğunu dərk edirəm. Qəbul edə bilmədiyim şeylər var. Səhnədən getsəm də, gözüm arxada qalmayacaq. O səhnədə tələbələrim var. Elə səhnəmizin sonuncu Leylisi olan Vüsalə Musayeva mənim tələbələrimdəndir. O, çox istedadlı qızdır.

- Opera və Balet Teatrında canlandıra bilmədiyiniz, ümumiyyətlə, ürəyinizdə qalan obraz oldumu?

- Yox. Bu sənətə gələn hər kəs Leyli obrazı oynamaq üçün can atır. Mənim qismətimdən Opera və Balet Teatrında elə ilk rolum məhz Leyli olub. Mən demirəm ki, yalnız baş rolları ifa etmişəm, bu, özündən razılıq kimi səslənməsin. Teatrın səhnəsində kiçik rollar da oynamışam. Hətta 5 dəqiqlik rollarım da olub. Əgər 5 dəqiqəlik ifası olan obrazı oynamağı qəbul etmişəmsə, deməli, onu ruhuma yaxın hiss etmişəm. Canlandırmaq istədiyim elə bir obraz yoxdur. Ümumiyyətlə, səhnəyə gələn hər bir xanəndə rol ifa etmək üçün aşağıdan yuxarıya doğru pillə-pillə qalxır. Mən isə yuxarıdan aşağıya doğru gəlmişəm. Yəni yuxarıdan gəlib - baş rollardan az obrazlı rolları oynamağa razılaşmışam. Fikrimcə, operada ən yuxarı pillə Leyli obrazıdır ki, mənə də o obrazı canlandırmaq qismət olub. Ancaq onu da deyim ki, bizim nəslin ən az azyaşlı Leylisi mənəm (gülür).

- Teatrı tərk etdikdən sonra yalnız muğam ifaçısı kimi yaradıcılığınızı davam etdirəcəksiniz?

 

- Təbii ki, yox. Mənim pedaqoji fəaliyyətim də var. Asəf Zeynallı adına Musiqi kollecində və Azərbaycan Milli Konservatoriyasında 10 ildən çoxdur ki, dərs deyirəm. Teatrı tərk etdikdən sonra oradakı işimdən iki əllə yapışacam.

İfaçı sənətdən üzüsulu getməlidir

- Nəzakət xanım, sənətinizin sizə qazandırdıqlarından razısınızmı?

 

- Bu sənətdə qazandıqlarım da var, qazanmadıqlarım da. Deyə bilmərəm ki, bu sənət mənə çox şey qazandırıb. Əsəblərimin tarıma çəkildiyi, korlandığı vaxtlarım da olub. Bu sənət insana məşhurluq bə edir, onun qarşılığında insanın sağ canını əlindən alır. Ona görə də mən deyərdim ki, verdiyi qədər də alır.

- Peşman deyilsiniz ki?

- Pisini pisliyi ilə, yaxşını da yaxşılığı ilə qəbul edirəm. Hərdən fikirləşirəm ki, mən Azərbaycan musiqisinə bu qədər həssas yanaşıram, vaxtımı, zamanımı sərf edirəm, ətrafımdakı adamlar gəzməyə gedir, mən öyrənmək üçün oturub musiqi dinləyirəm. Nə üçün? Bəzən olur, insan hər şeydən yorulur.

- Siz sənətdə qocalmağın tərəfdarısınız?

- Xanəndə kimi deyə bilmərəm. Hələ özümü o səviyyəyə gəlib çatmış hesab etmirəm. Amma ifaçı sənətdən üzüsulu getməlidir. Gərək bu sənəti gənc ikən tərk edəsən. Hər şeyin öz yeri var. Müəyyən vaxtda da özümü xanəndə kimi görə bilməsəm, gedərəm yəqin ki. Misal üçün, indi deyirəm ki, özümü operada görmürəm, qocalanda da yəqin ki, özümü xanəndə kimi görməyəcəm və bu sənətdən imtina edəcəm. Ondan sonra da özümü sırf pedaqoji tərəfə kökləyəcəm və tələbələrimlə məşğul olacam.

- Gənc muğam ifaçılarından razısınız? Tələbələrinizin ifası sizi qane edirmi?

- Səhnədəki fəaliyyətlərinə görə ifalarını bəyəndiklərim də olur, bəyənmədiklərim də. Hər zaman istəmişəm ki, ustadlarımız öz tələbələrinə muğamı necə çatdırıbsa, mən də o şəkildə tələbələrimi öyrədim. İstəyirəm ki, tələbələrim hər baxımdan - istər mədəniyyət, istərsə də ifa baxımından qüsursuz olsunlar. Tələbələrimin digər ifaçılardan seçildiyini görəndə sevinirəm. Bu sənətdə səsdən əlavə praktika, zaman, hissiyyat, yaxşı ustadlardan dərs almaq üstünlükləri lazımdır. Xanəndə oxuduğu qəzəlin hisslərini tamaşaçıya çatdırmağı bacarmalıdır. Bütün bunlar çox uzun bir prosesdir. İndiki dövrdə də çox istedadlı, yaxşı səsi olan muğam ifaçıları var. Sadəcə olaraq doğru istiqamətdə və doğru yolda olmağı bacarmaq lazımdı. Klassiklərimizi tanıyıb, onları sevib, onlardan bəhrələnmək lazımdır. Mən öz tələbələrimə həmişə icazə verirəm ki, gedib başqaəllimlərin də dərsində otursunlar, o sənətkarlarımızdan da nəsə bir guşə və yaxud boğaz öyrənsinlər. Hər bir xanəndədən bir boğaz oğurlamaq gənc ifaçı üçün yalnız uğur ola bilər.

Xəyalə Rəis

Kaspi.-2014.-28 yanvar.-S.12.