İnam, zəhmət, təhsil

 

Vüqar Bayramov: “Gənclər inanmalıdırlar ki, zəhmət və təhsil onların həyatını dəyişəcək”

ABŞ-ın Corc Taun Universitetinin hazırladığı “dünyanın ən nüfuzlu 500 müsəlmanı” hesabatında onun da adı var. Əsərləri dünyanın 25 dilinə tərcümə edilib. Böyük Britaniyanın Kral Akademiyasının üzvü olan yeganə azərbaycanlı iqtisadçıdır. Sədrlik etdiyi İqtisadi və Sosial İnkişaf Mərkəzi beynəlxalq qiymətləndirməyə görə, Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi olaraq Harvard Universitetinin rəsmi kataloquna daxil edilən yeganə Azərbaycan təşkilatıdır. Azərbaycandan ilk dəfə Dünyanın Gələcək Liderləri Forumunda iştirak edib. Dövlət Neft Fondunun Gəlirlərindən İstifadə İstiqamətləri Strateji Sənədinin müəllifidir. Rəhbərlik etdiyi beyin mərkəzinin hazırladığı təkliflər Azərbaycan hökuməti tərəfindən qəbul edilərək, tətbiq edilir. Qazaxıstanda Antiböhran, Yunanıstanda isə Stabilləşmə proqramlarının hazırlanmasında qatqısı olub… Müsahibimiz bu qədər uğurlara imza atan iqtisadçı alim Vüqar Bayramovdur.

 

 

- Jurnalistlərə açıq adamsınız. Nə vaxt sizə zəng etsək, açıqlama verməkdən imtina etməmisiniz. Jurnalistlərin suallarını cavablandırmaq gün ərzində nə qədər vaxtınızı alır?

 

- Jurnalistlərlə əməkdaşlıqda həmişə maraqlı olmuşam. Gün ərzində jurnalistlərə açıqlama vermək təxminən 3 saata yaxın vaxtımı alır. Gün ərzində o qədər müsahibə verirəm ki, bəzən günün sonunda verdiyim müsahibələri xatırlamıram. Bəzən eyni mövzuda gün ərzində bir neçə jurnalist müraciət edir, eyni mövzunu və cümlələri bir neçə dəfə deməli oluram.

 

- Eyni mövzuda gün ərzində bir neçə dəfə danışmaqdan yorulmursunuz, bezmirsiniz?

 

- Bezmirəm. Çünki jurnalist öz işini yerinə yetirir. Jurnalist haradan bilsin ki, ondan əvvəl kimsə həmin mövzu barədə mənə suallar verib. Uzun illərdir jurnalistlərlə əməkdaşlıq edirəm. Heç bir jurnalist deyə bilməz ki, onunla müsahibədə mən tərəfdən hansısa hörmətsizlik görüb. Hətta, 15-20 oxucusu olan portallarda çalışan jurnalistlərin suallarına belə məmnuniyyətlə cavab verirəm.

 

 

- Həm beyin mərkəzinə rəhbərlik etmək, həm xaricdə keçirilən tədbirlərdə çıxış etmək, həm KİV-ə açıqlamalar vermək, elmi məqalələr yazmaq, facebookda gündəmlə bağlı mövzulardan status-şərh yazmaq, universitetlərdə mühazirələr oxumaq çətin deyil?

 

- Çətindir, amma çatdırıram. Səfərlərim çox olur. Etiraf edim ki, əvvəllər yorğunluğu o qədər hiss etmirdim. Amma son aylar, bəlkə də 40 yaş tamam olduğundan daha çox hiss edirəm (gülür – L.M.). Bəzən bədən fiziki olaraq bu qədər işə dözmür.

 

- Bədəninizin gücü işləməyə çatmayanda necə istirahət edirsiniz?

 

- İş vaxtı yorulanda əməkdaşlarımızla çay və ya kofe içib iqtisadiyyatdan kənar məsələləri müzakirə edirik. Çalışırıq müəyyən qədər beyin dincəlməsi baş versin. Ən çox xoşladığım istirahət növü açıq havada gəzməkdir. Axşamlar Qış parkı və bulvarda gəzməyə üstünlük verirəm. Çox təəssüf ki, son illər işin çoxluğundan məzuniyyət də götürə bilməmişəm. Adam yorğun olanda dostları ilə söhbət etməyə ehtiyac duyur. Dostlarımın demək olar hamısı məndən 10-12 yaş böyükdürlər. Adam istəyir ki, dostlarla görüşəndə bir az yorğunluğunu çıxarsın, pozitivə yüklənsin. Dostlarımın təqaüd yaşına çatması görüşəndə daha çox deyinməklərinə gətirib çıxarıb (gülür – L.M.). Təbii ki, ailəmlə də istirahət etməyə çalışıram. İşdən sonra vaxtımın əhəmiyyətli hissəsini ailəmlə oluram.

 

- Bir az keçmişə qayıdaq. Amerikada Vaşinqton Universitetində təhsil almısınız. Necə oldu ki, sözügedən ölkədə təhsil almağa getdiniz?

 

- Bizim ailə gəlirlərimiz SSRİ dağılana qədər yaxşı idi. Atam rəhmətə gedəndə 4-cü sinifdə oxuyurdum. Ailədə 5 oğlan uşağı idik. Atamın dünyasını dəyişməsi sosial çətinlik də yaratdı. Amma anam müəllimə, eyni zamanda məktəbdə pioner dəstə rəhbəri olduğu üçün onun əmək haqqı imkan verirdi ki, biz təhsil ala bilək. Füzuli rayonunun Aşağı Güzlək kəndində yaşayırdıq. Bacımız olmadığına görə ev işlərində anamıza kömək edirdik. Atam da, anam da dərslərimizə xüsusi diqqət göstərərdilər. 5-ci sinifdə oxuyanda hiss etdim ki, kəndimizdə istədiyim təhsili ala bilmirəm. Evdə məsləhətləşdik ki, təhsilimi rayon mərkəzində davam etdirim. Bir müddət rayon mərkəzində oxuduqdan sonra yenə də bəzi suallarıma tam olaraq cavab ala bilmədiyimi gördüm. 8-ci sinifdə təhsilimi Bakıda davam etdirmək qərarına gəldim. Bakıda evimiz olmadığından fizika-riyaziyyat təmayüllü internat tipli məktəbə daxil odum. Həm təhsil aldım, həm də internatın yataqxanasında qaldım. Riyaziyyat və fizikaya marağım çox böyük idi, olimpiadalarda iştirak edirdim. Eyni vaxtda həm fizika, həm də riyaziyyat olimpiadasına yazılırdım. Bir olimpiadada sualları cavablandırmaq üçün 2 saat ayırırdılar. Mən saat 4-dən 5-ə qədər fizika, 5-dən 6-ya qədər riyaziyyat olimpiadasında iştirak edirdim. Sonda hər iki olimpiadanın qalibi olurdum.

 

Məqsədim orta məktəbi bitirib Moskva Dövlət Universitetin riyaziyyat fakültəsində təhsil almaq idi. Amma mən orta məktəbi bitirənə qədər SSRİ dağıldı, Moskvada xarici vətəndaşın təhsil alması ödənişli əsaslarla oldu. Bizim də maddi vəziyyətimiz pisləşdi, anamın aldığı maaş dəyərini itirdi. Moskva Dövlət Universitetinə gedə bilmədiyim üçün alternativ Bakı Dövlət Universiteti idi. Düşündüm ki, Moskva Dövlət Universitetindəki hədəflərimi BDU-da reallaşdıra bilməyəcəyəm. Buna görə Dövlət İqtisadiyyat Universitetinə müraciət etdim və maliyyə fakültəsinə qəbul oldum. Sonra kəndimiz işğal olundu və anam da Bakıya gəlmək məcburiyyətində qaldı. Mən tələbə kimi universitetin yataqxanasında, anamgil məcburi köçkün kimi başqa yataqxanada yaşamağa başladılar. Maddi cəhətdən sıxıntım olduğundan birinci kursdan universitetin yataqxanasında gecələr gözətçi işləməyə başladım. Azərbaycanda təhsilin səviyyəsi aşağı düşdüyündən çıxış yolunu xaricdə təhsil almağı gördüm. Məktəbdə və universitetdə alman dilini oxumuşdum. Amma o zaman alman dilli təqaüd verən universitet yox idi. İngilis dilini öyrənmək qərarına gəldim. Müəllim yanına getməyə ehtiyac olsa da, pul yox idi. Kitab alıb axşamlar çox az yataraq özüm hazırlaşmağa başladım və xaricdə təhsil üçün akademik ingilis dilindən - TOEFL-dan imtahan verdim. Kanadada təqaüd proqramına müraciət edib qəbul oldum. Təhsilimi əvvəlcə Kanadada, sonra Amerikada Vaşinqton Universitetində iqtisadiyyat fakültəsində davam etdirdim.

 

- Maraqlıdır ki, ailədə beş qardaşın beşi də iqtisadçıdır...

 

- Böyük qardaşım da sənədlərini əvvəl ədəbiyyata, sonra hüquqa vermək istəyirdi, son anda fikrini dəyişib iqtisadiyyata verdi. Mən də əvvəl riyaziyyata getmək istədim, sonra iqtisadiyyat üzrə getdim. Təbii ki, böyük qardaşımın iqtisadiyyatda oxumağının mənə və qardaşlarımıza təsiri oldu.

 

- Həm də müəllimsiniz. Azərbaycan İqtisad Universiteti daxil olmaqla, dünyanın 40-dan artıq universitetində mühazirə oxumusunuz. Özünüz də Kanadada, Amerikada tələbə olmusunuz. Bizim tələbələrlə mühazirə dediyiniz, təhsil aldığınız universitetlərin tələbələri arasında hansı fərqlər var?

 

- İqtisad Universitetində Xüsusi İstedadlar Qrupunda dərs deyirdim. Adi qruplarda oxuyan tələbələrimizi Avropanın, Amerikanın, Çinin, Koreyanın tələbələri, hətta Xüsusi İstedadlar Qrupunda oxuyan tələbələrlə müqayisə edəndə, ortaya böyük fərq çıxır. Azərbaycan tələbələrinin spesifik xüsusiyyəti ondan ibarətdir ki, dərs olmayanda sevinirlər. Amma mən Vaşinqton Universitetində oxuyanda Nobel mükafatçısı olan müəllimlərimizdən biri Avropaya konfransa gedəndə tələbələrdən icazə aldı və dərsin əvəzini keçəcəyini dedi. Sözügedən ölkələrdə tələbələr etdikləri ödənişin müqabilində yaxşı təhsil almaq istəyirlər. Digər tərəfdən fikirləşirlər ki, bu yaşda onların işi təhsil almaqdır. Bizdə isə fərqlidir. Təcrübəmdə rast gəlməmişəm ki, bizdə müəllim dərsi buraxanda sonradan tələbələr ondan həmin dərsi keçməsini tələb etsinlər. Dünyanın heç bir ölkəsində tələbə pul verib qiymət, diplom almır. Amma sevindirici haldır ki, artıq xüsusən ali təhsildə rüşvət ciddi şəkildə yığışdırılmağa başlayır. Son illər rüşvətə qarşı ciddi mübarizə aparılır. Amma yenə də tələbələrin dərsə ənənəvi baxış problemləri qalmaqdadır.

 

- Vüqar bəy, qızlarınızın neçə yaşı var?

 

- Birinin dörd, o birinin səkkiz yaşı var.

 

- Tez-tez xarici səfərlərdə olursunuz. Getdiyiniz ölkələrdən qızlarınıza nə alırsınız?

 

- Əvvəllər ikisi də daha çox oyuncaqlara maraqlı idilər. İndi xaricə gedəndə böyük qızım geyimlə bağlı xüsusi sifarişlər verir. Amma balaca hələ ki, oyuncaq istəyir. Mənim də təhsillə bağlı öz şərtlərim var. Hələ ki, balacaya şərt qoya bilmirəm, amma böyük qızım xaricdən hədiyyələrin gəlməsi üçün hökmən yaxşı oxumalıdır.

İkinci sinfə gedən qızımı oxumağa həvəsləndirmək üçün şərt kəsirəm ki, əgər ili yaxşı başa vursa, əlaçı olsa, bir xarici ölkəyə səfərə aparacağam. O da adətən Türkiyəni seçdiyindən xərcim az çıxır (gülür – L.M.).

 

- Ataları işə, səfərlərə çox vaxt sərf etdiyindən övladlarınız şikayətlənmirlər?

 

- Balaca yox, amma böyüyü şikayət edir. Balaca daha çox anasına bağlıdır. Böyük həmişə səfərə yola düşəndə “getmə”, “tez gəl” deyir. Çalışıram xaricə gedərkən çox qalmayım. Çünki uşaqlara zaman ayırmaq vacibdir. Əvvəllər Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, eyni zamanda İdarə Heyətinin üzvü idim. Həmsədr olduğum üçün tez-tez xaricə gedirdim. Uçuş vaxtlarını elə seçirdim ki, gün itirməyim, evdə daha çox qalım. Əgər İdarə Heyətinin yığıncağı birinci gün saat 10-da başlayırdısa, üzvlər bazar günündən hotelə yerləşirdilər. Amma mən gecə reysi ilə gedirdim ki, bazar gününü evdə olum. Elə hesablayırdım ki, saat 10-da yığıncaqda iştirak edir, axşama da evə qayıdırdım. Səfərlərimin uzunmüddətli olmamasına çalışıram. Amma onlar da qəbul ediblər ki, mən səfərlərə getməliyəm.

 

- Yoldaşınız iqtisadçı deyil?

 

- Yox. Yoldaşım ingilis dili və ədəbiyyatı üzrə filoloqdur.

 

- Evdə “maliyyə naziri” adətən qadın olur. Sizdə kimdir, pula nəzarəti kim edir?

 

- Sözün düzü, bizdə “nazir” yoxdur. Evdə dominant olmamağa çalışıram. Tələbə vaxtından qadın hüquqları mövzusuna həssas yanaşmışam. Qadın hüquqları ilı bağlı araşdırmalarım, Avropada çıxışlarım olub. Həm də qadın hüquqlarına hörmət etmək məcburiyyətindəyəm, çünki ailəmizdə 3 qadın var, mən təkəm (gülür – V.B.).

 

Məncə, ailədə xərcləmələr razılaşdırılıb edilsə, daha effektiv olar. Bir adamın qərar verməsi adətən vəsaitin səmərəli xərclənməsinə imkan vermir. Buna görə xərcləmələrin razılaşdırılmasına çalışırıq. Amma bütün Azərbaycan ailələrində olduğu kimi, nə qədər müzakirə olunsa da, son sözü mən deyirəm.

 

- Vüqar bəy, karyeranızda əldə etdikləriniz uğurları sadalamaqla bitmir. Bu qədər uğura necə nail olmusunuz?

 

- İnsanın uğur qazanması üçün zəhmət çox önəmlidir. İnsan hər zaman öz üzərində işləməlidir. Müxtəlif səbəblərdən müxtəlif təzyiqlər olur, kimlərsə sənin irəli getməyini istəmir, kimlərsə sənə qısqanclıqla yanaşır, sənin bu uğurlara layiq olmadığını düşünür və s. Amma insan daimi olaraq öz üzərində işləməli, zəhmətə alışmalı, heç zaman təzyiqlər qarşısında geri çəkilməməlidir. Həm maliyyə, həm də mənəvi baxımdan çox çətin günlərin ola bilər. Amma bütün hallarda üzləşdiyin çətin günlərin ömrünün qısa olacağına inanmalısan. Hökmən insanda inam olmalıdır.

 

Uğur qazanmaq üçün təhsil də önəmlidir. Təhsil heç zaman bitmir. Xaricdə təhsil almışam, cəmiyyətin müəyyən hissəsi mənim fikirlərimi qəbul edir deyə, öyrənməyi dayandırmıram, daim xaricdən yeni çap olunmuş kitablar sifariş verir və işdən sonra oxuyuram. Yəni təhsil bitmir. İndiki dövrdə cəmiyyət o qədər innovativləşib, elektronlaşıb ki, o elektronlaşan tələblərə cavab vermək üçün hökmən öz üzərində işləməlisən. Buna görə insanın irəli getməsi üçün zəhmət, inam və təhsil çox vacibdir. İnsan zəhmət çəkmirsə, heç zaman uğur qazana bilməz. Zəhmət çəkmədən, kiminsə dəstəyilə qazanılan uğur isə qısamüddətli olacaq. Təhsilsiz adam uzun müddət cəmiyyətdə qala bilməz. Müəyyən vaxtdan sonra cəmiyyət onun təhsili olmadığını öyrənəcək.

 

Bu gün tələbələr bilməlidir ki, oxuyaraq həyatlarını dəyişə bilərlər. Sizə bir misal çəkim. Tələbələrimdən biri çox imkansız ailədən idi. SOCAR-da hansısa müsabiqədə iştirak edib 250 manat mükafat qazanmışdı. Mükafatı aldığı gün gecəni qrup yoldaşları ilə bir yerdə qalıb. 250 manat onun üçün o qədər böyük pul idi ki, tələbə yoldaşları danışırdılar ki, axşam pulu cibinə qoyub yatıb. Gecəni də üç dəfə durub pulu cibindən çıxarıb baxıb, yenidən yatıb. Həmin insan bu gün 3 min manata qədər maaş alır. Çünki vaxtında əziyyət çəkib və əziyyətin əvəzində bu gün cəmiyyətdə öz yerini tapıb. Gənclər inanmalıdırlar ki, zəhmət və təhsil onların həyatını dəyişəcək.

 

Lalə MUSAQIZI

Kaspi.-2015.-4 dekabr.-S.21.