Nə zülm olsun, nə zalım...

 

Mətbuat, ədəbiyyat və mədəniyyət tariximizə görkəmli jurnalist, tənqidçi, teatrşünas və tərcüməçi kimi daxil olan Xəlil İbrahim istiqlal mücadiləmizin fədailərindən idi

 

Qəfil zəng ovqatıma qəribə bir rəng qatdı: Moskvadan gəlmişəm, sizinlə görüşmək istəyirəm. Xəlil İbrahimin qızıyam, adım Solmazdı... 1938-ci ildə güllələnmiş Vətən oğlunun qızları ilə olan söhbətim məni çox kövrəltdi. Solmaz və Güllər İbrahimova bacıları... Birinin 90, digərinin də 85 yaşı tamamlanıb. Bir qardaşları da olub: Elxan dünyasını dəyişib. Mənim adımı Cəfər Cabbarlı qoyub, qardaşımın adını Hüseyn Cavid, bacımın adını isə atam özü... Anamın adı da Gülüstan idi. Atam deyərdi ki, Elxanın Gülüstanında Güllər Solmaz... Elə bil kəlmələr boğazına sıxıldı, gözləri doldu, səsi titrədi Solmaz xanımın. Müəllifi olduğum və İTV-də yayımlanan Yadigarlar verilişinin bir sayını da məhz bu bacıların xahişilə hazırladıq. Kim idi Xəlil İbrahim?

Mətbuat, ədəbiyyat və mədəniyyət tariximizə görkəmli jurnalist, tənqidçi, teatrşünas və tərcüməçi kimi daxil olan Xəlil İbrahim istiqlal mücadiləmizin fədailərindən biridir. O, 1892-ci ildə Şuşada anadan olub. İbtidai təhsilini Şuşadakı rus-tatar məktəbində alan Xəlil İbrahim sonralar Bakıda oxusa da, təhsilini tamamlaya bilməmişdir. Maddi çətinliyin ucbatından şəhərlər dolaşan Xəlil İbrahim 1911-ci ildə Sarıcalı kəndində Qasım bəy Zakirin nəvələrinə dərs demək üçün ilk əmək fəaliyyətinə başlamışdır. Ev müəllimi kimi çalışsa da, Xəlil İbrahimin yazı aləminə böyük marağı var idi. Bu səbəbdən də ilk oçerklərini məhz Sarıcalıda qələmə almışdır. Həmin yazılar "Kənd həyatından lövhələr" başlığı altında "Səda" qəzetində dərc olunmuşdur.

 

1912-ci ildə Bakıya gələn Xəlil İbrahim "Nəşri-maarif" cəmiyyətinin Əmircandakı məktəbində müəllim işləməyə başladı. Bir il sonra "Səda" qəzetində işə düzələn Xəlil İbrahim demək olar ki, elə o vaxtdan 1930-cu ilədək ardıcıl surətdə o dövrün mətbuatında - "Səda", "Açıq söz", "İqbal", "Kommunist", "Kəndli" və başqa qəzetlərdə fəaliyyət göstərdi. O, bu qəzetlərlə yalnız əməkdaşlıq etmirdi. Hətta bəzilərinin redaktoru da olmuşdur. Xəlil İbrahim 1919-cu il 4 iyul nömrəsindən 1 sentyabr 265-ci sayına qədər "Azərbaycan" qəzetinin rus dilində nəşrinin redaktoru olub. Bu qısa vaxt ərzində "Azərbaycan" qəzetinin səhifələrində dövrün ictimai-siyasi hadisələrinə münasibət bildirən, parlament həyatından yazılar dərc olunurdu. Xəlil İbrahimin özünün müxtəlif mövzularda qələmə aldığı məqalələr də oxuculara çatdırılırdı. Təəssüf ki, mətbuat tariximizin bu aparıcı qəzetinin ömrü elə də uzun olmadı. 1920-ci ilin aprel süqutundan sonra qəzet bağlandı. Bir müddət Xəlil İbrahimə dəyib-dolaşan olmadı.

 

1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin nəzdində elmi terminologiyanın işlənib hazırlanması üzrə komissiya yaradılıb. Xəlil İbrahim bu komissiyanın əvvəlcə üzvü, sonra isə məsul katibi olub. Müxtəlif sahələr üzrə terminologiyanın hazırlanmasında fəal iştirak edən Xəlil İbrahim həmin komissiyanın "Dilimizin islahı" adlı mətbuat orqanının redaktoru da işləyib. 1930-cu ildən başlayaraq "Azərnəşr"də bədii ədəbiyyat üzrə redaktor olan Xəlil İbrahim ictimai-siyasi ədəbiyyatın, dünya klassiklərinin dilimizə tərcüməsinə xüsusi həvəs göstərib. Hətta Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda türk ədəbi lüğətinin hazırlanmasında da fəal iştirak edib.

 

Ölkəni bürümüş repressiyalar 1938-ci ilin bir soyuq qış gecəsində Xəlil İbrahimi də caynaqlarına alıb apardı. "Xalq düşməni" kimi həbs edilən və güllələnən bu vətən oğlu 1956-cı ildə bəraət almışdır.

 

Xəlil İbrahimin 1993-cü ildə çapdan çıxmış "Daşdan keçən istiqlal" adlı kitabını vərəqlədikcə onun ölümünü şərtləndirən "əsas" səbəbləri araşdıra bildik. Adətən, yaradıcılığı jurnalist, naşir, tərcüməçi kimi epitetlərlə səciyyələndirilən Xəlil İbrahim dövrünün ən mükəmməl və obyektiv teatrşünası olub. 1921-ci ildə Hüseyn Cavidin "Şeyx Sənan" əsəri tamaşaya qoyulduqdan sonra dövrünün "mütərəqqi", əslində, sovet quruluşunun diktə libasını əyninə rahat geyənlər tərəfindən tənqid atəşinə tutulub. Xəlil İbrahim bu əqidəsiz, böhtançı qələm tutanlara cavab olaraq "Kommunist" qəzetində böyük bir məqalə ilə çıxış edib. Həm şər qüvvələrə məntiqli cavab verib, həm də Hüseyn Cavid yaradıcılığını ustalıqla şərh edərək yazıb: "Şeyx Sənan" Cavidin qüvvəli, ən gözəl əsəridir. Həm şəriət cəhətdən bu əsərdə Cavid müvəffəq olmuşdur, həm də seçmiş olduğu mövzunun ən mühüm hissəsini təşkil edən bir məsələdə qətiyyət, səbat və məntiq vardır, o da din məsələsidir... Əsərdəki oyuna gəlincə, aktyorlar da öz rollarını qənaətverici dərəcədə oynadılar. Xüsusən, baş rolları - Xumarı Mərziyə xanım, Şeyx Sənanı A.M.Şərifzadə, Platonu Atamalıbəyov və Papası Cabbarzadə Qacar çox yaxşı oynadılar". Maraqlıdır ki, Xəlil İbrahim Hüseyn Cavid yaradıcılığı və səhnə həyatı verilmiş əsərləri ilə əlaqədar dəfələrlə müsbət ruhlu məqalələr yazıb. Məlumdur ki, müəllifin məqalələrində təqdir etdiyi, adları çəkilən teatr aktyorlarının - xüsusilə də baş rol ifaçılarının əksəriyyəti 1936-1937-ci illərdə həbs edilərək güllələndi.

 

Xəlil İbrahimin Cəfər Cabbarlının "Aydın" tamaşası ilə də bağlı qələmə aldığı yazı da ruhuna görə o dövr üçün qeyri-adi idi. Müəllif 1922-ci ildə əsərin qəhrəmanı haqqında belə fikir yürüdürdü: "O, bir dünya yaratmaq istəyir ki, nə zülm olsun, nə zalım, nə hökm olsun, nə hakim, millətlər azad, fərdlər azad, zəhmət azad olsun. Hər kəs ancaq öz zəhmətinin və başqalarına zərər yetirməmək, hər tələblə öz arzusunun qulu olsun; istila olmasın. Bunun üçün də bir çarə var: üsyan! Kimə qarşı? Zülmə, istilaya... Azərbaycanı istila edən ruslara, Afrikada hakimiyyət sürən ingilislərə..." Təbii ki, bu cür müdafiə, bu cür şərhetmə, sərt çağırış və əvvəlki fəaliyyət Xəlil İbrahimi hədəfə gətirirdi...

 

Onun teatrla bağlı qələmə aldığı yazılarının toplanaraq bu gün latın qrafikası ilə çap edilib gənc nəslə - xüsusilə də Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinə çatdırılması çox vacibdir. Həm ötən əsrin əvvəllərindəki teatr mənzərəsinə dərindən bələd olmaq mümkündür, həm də Xəlil İbrahim, sözün əsl mənasında, bir teatrşünas, sənət adamı kimi bu sahə ilə bağlı orijinal və maraqlı fikirlərin sahibidir. Müəllifin bəzi məqalələrini də dərsliklərə salmaq mümkündür. Çünki elə aktyorlar, rejissorlar, teatr xadimləri var ki, onların fəaliyyəti ilə bağlı heç bir lent yazısı yoxdur. Səhnə oyunları haqqında şifahi xəbər tuturuq. Xəlil İbrahim isə məhz o tamaşalara baxıb, yaradıcı kollektivin fəaliyyətini müşahidə edərək bir peşəkar kimi təhlilə çəkib. Onun teatrla bağlı qələmə aldığı yazılarda tərif də var, tənqid də.

 

Xəlil İbrahim dillə bağlı maraqlı məqalələrin də müəllifidir. Ana dilimizin keşiyində bir əsgər kimi dayanaraq bu sahədə qarşıda duran vəzifələri hələ 1923-cü ildə şərh edərək yazırdı: "Başqa millətlər yabançı kəlmələri götürüb milliləşdirdikləri halda, biz öz dilimizi ərəb sərf və nəhvinə... tabe etmişik; nəticə etibarilə özümüzü dilsiz qoymuşuq". Dilimizin mühafizəsi ilə bağlı həyata keçirilməli olan vəzifələri o, belə görürdü: "Dilimizə dolmuş və ədəbiyyatımızı öz hakimiyyəti altına almış ərəb, fars, rus və s. kəlmələri mümkün olan qədər çıxarmalı, qovmalı, onların yerinə türk kəlmələri qoyulmalıdır". Sonra da belə şərh verirdi ki, dili qorumaq dili köyləşdirmək (kəndçiləşdirmək) demək deyil. "O halda hankı bir dil yaşaya bilər? Yoxsa islah naminə dilimizi büsbütün atıb Bakı, ya Gəncə quberniyasının 30 evlik bir kəndində işlənən 200 kəlməlik bir danışıqlığa məhdudmu qalaq? Bir də elmi istilah məsələsini unutmaq olmaz. Əlbəttə, ümumi dillərdə olduğu kimi, türk dilində də bunu eləmək mümkün və lazımdır. Qoy bilicilərimiz elmin ümumi şöbə və qisimlərində işlənən kəlmələrin sırf türkcəsini etsinlər, olmayanlarını yaratsınlar, sair millətlər necə etmişlərsə, biz də eləcə edərik".

Müəllifin maraqlı yazılarından biri "Ərəb-fars-rus" adlanır. Doğrudan da, dünyada elə bir dil yoxdur ki, qarışığı olmasın. Hansı dili də götürsək, onda əcnəbi kəlmələr var. Məhz bu baxımdan Xəlil İbrahim doğma sözlərimizin əcnəbi dilinin təsirindən keçərək təzədən bizə özgə libasda qayıtmasını özünəməxsus məntiqlə şərh edib: "Rus dilini götürsək, işlətdikləri kəlmələrin çoxu latın, rum, fransız, alman, ərəb, türk kəlmələridir. Fəqət, o qədər milliləşdirilmişdir ki, hətta rusda işlənən türk kəlmələrini çox adam türklər tərəfindən qəbul edilmiş rus kəlməsi hesab edirlər. Məsələn, rus ədəbiyyatını oxumuş arkadaşlarımıza məlumdur ki, onların ən məşhur ədiblərindən biri Kantemir idi... Baxınız, rus ədəbiyyatının yazılı və müntəzəm ədəbi bir şəkil almaq səhifəsini Kantemir başlayıb. Kantemir kim idi? Qandemir (qan - dəmir). Türk. Yaxud, rus dilinin islahı üstündə ömrünü çürütmüş, rus ədəbiyyatında romantizm dövrü açmış ədib, şair Karamzin kim idi? Əski türk nücəba ailəsindən - "Qara miza" familiyasından bir türk ədibi. Bunlar türklüyü, türk dilini, türk ədəbiyyatını unutmuş, birər ruslaşmış ədib idilər ki, türk dilində... yazmaq əvəzində, rus dilində rus həyatından ruslar üçün ədəbiyyat yaratmışdılar". Bütövlükdə Xəlil İbrahimin dillə bağlı yazdığı məqalələr bu gün də aktualdır. Teleməkanı bürümüş ləhcələr, jarqon ifadələr, yad kəlmələr baş alıb getməkdədir.

 

Xəlil İbrahim həm də milli düşüncəli, milli qeyrətli bir ədəbiyyatşünas idi. O, ədəbiyyatımızın xəlqiləşdirilməsinin yolunu, fəaliyyət və vəzifəmizi xalqla ünsiyyətdə görürdü. Müəllifin maraqlı yazılarından biri də 1925-ci ildə Bakıda keçirilən türkoloji qurultay ərəfəsində yazdığı məqaləsidir. Bu qurultayın sırf elmi əhəmiyyətindən söz açan müəllif bildirirdi ki, onun işində türk cümhuriyyət və əyalətlərindən buyuracaq 120 adam iştirak edəcək. Həmin yazını xatırlatmaqda məqsədimiz odur ki, türkoloji qurultay milləti sevərəkdən təşkil edilməmişdir. Məqsəd qurultaya rəğbət və məhəbbət göstərənlərin siyahısını dəqiq tərtib etmək idi. Sonrakı hadisələr də bu fikri təsdiqlədi. Çünki Azərbaycandan qurultaya qatılan nümayəndələrin demək olar ki, hamısı repressiyaya məruz qaldı. Onların ən böyük günahları bu idi ki, xarici ölkələrdən qurultaya gələn türk xadimləri, türk şairləri, türk ədəbiyyatçıları ilə münasibətlər qurmuş, onlara hörmət və ehtiramla yanaşmışlar. Bəlkə də Xəlil İbrahimin məhkəmə prosesində ittiham edilməsində sıralanan səbəblərdən biri də bu idi.

 

Mirzə Fətəli Axundzadə ilə əlaqədar yazdığı məqalənin birində Xəlil İbrahim belə fikir yürüdüb: "Kütlə cəhalətdə boğulur, çinovniklər onu tapdalamaqda, alimnüma cahillər əzməkdə, zehniyyət və mövhumata qərq edib soymaqdadırlar. Avam, savadsız camaat bir yandan mollaların, bir yandan hökumət məmurlarının əsiridir. Bir tərəfdən ictimai quruluş, digər tərəfdən ailə vəziyyəti ağır bir yük olub kütləni sıxır". Bu sözlər, əslində, unudulmaz Mirzə Fətəlinin yaşadığı dövrü səciyyələndirsə də, elə Xəlil İbrahimin həyatı da belə ziddiyyətlərin qovğasında öz zamanının ən ağır bəlasına tuş gəldi.

Bir vaxt özü demişdi ki, istiqlal daşdan keçir. Dövlət müstəqilliyimizin bərpasından sonra cümhuriyyətin yaradılması yolunda fədailərimiz qədirbilənliklə xatırlandı, yada düşdü, ehtiramla anıldı! Bu sırada əzəmətlə dayananlardan biri də Xəlil İbrahim idi!

 

...Solmaz xanımın ürəyi dolu idi. Güllər İbrahimova atası həbs ediləndə çox körpə olub. Anasından eşitdiklərini danışırdı, ən çox da Gülüstan xanımın dəyanətindən, sədaqətindən, fədakarlığından söz açırdı. Solmaz isə... Əsl şahid idi. Heç yadımdan çıxmır, atamın həbsindən sonra məktəbdə müəllim qiymətimi kəsdi, xalq düşməninin qızına 5 vermək olmaz dedi. Həyətimizdə bir çəpgöz Nağı vardı, gündə şikayət edirdi ki, Əhməd Cavadın da ailəsini sürgün ediblər, niyə Xəlilinkilər qalıb... Hər şeyimizi əlimizdən aldılar. Atamın əsərlərini, əlyazmalarını apardılar. On beş yaşlı qardaşım Elxan məktəbdən çıxdı. Qulluqçumuz Şura onun-bunun qapısında çalışaraq bizə kömək edirdi... 1956-cı ildə Xəlil İbrahim bəraət aldıqdan sonra ailə Bakıya qayıdıb. Yalnız Solmaz İbrahimovadan başqa. O, 40 ildən artıq Moskvada ali məktəbdə dərs deyib. Amma nitqində özgə ştrixə, yad ifadəyə rast gəlmək mümkün deyil. İllərdir ki, arxivlərdə atasının yazılarını, haqqında olan məlumatları toplamaqla məşğuldur. Bir istəyi ürəyimə od saldı: Yaşım çoxdur, amma yaşamaq istəyirəm. Atamın ruhu dolaşan Şuşanın ermənilərdən xilas olacağı günü görmək istəyirəm... Xanın səsi də bir yandan məni dara çəkirdi: Şuşanın dağları başı dumanlı...

 

Flora XƏLİLZADƏ,

əməkdar jurnalist

Kaspi.-2015.-11 dekabr.-S.7.