Nəsir İmanquliyev
ucalığı
Onun
müdrik fikirləri müasir mətbuatımızin istiqamət
və meyarına çevrilməlidir
Onun barəsində bir neçə dəfə yazmışam. Hər dəfə də hiss etmişəm ki, Nəsir İmanquliyev elə bir ucalıqdadır ki, nə yazsam, hansı xatirənin yuxusunu dağıtsam, yenə də o əzəmətli və unudulmaz insanın dolğun portretini yaratmaq çox çətindir. Nəsir İmanquliyev haqqında düşünəndə akademik Budaq Budaqovun bir fikri duyğularımın cığırına yol açır: “Əgər XX əsrin ikinci yarısında jurnalistlər ordusunun içində Nəsir İmanquliyevlə Qulam Məmmədli olmasaydı, bu sənət cılız görünərdi.”
Hərdən fikirləşirəm ki, biz nəsil jurnalistlərin necə qüdrətli, unudulmaz, mənəviyyatları ilə yaddaşımıza əbədi iz salmış müəllimləri olub. O müəllimlər ki bu gün yerləri boş görünür. O müəllimlər ki onların tövsiyələri, məsləhətləri, verdikləri biliklər bizim həyatımıza əbədi işıq salır. Bu işığın təsirindən istiqamətimizi düz seçir, yolumuzu, məqsədimizi, məramımızı dəqiq aydınlaşdıra bilirik.
Müəllim haqqında həmişə yüksək fikirlər deyilib, xoş sözlər söylənilib. Amma gəlin etiraf edək ki, hər müəllim də tələbə yaddaşında əbədi ünvan tapmır. Tələbəlik həyatı başa çatan kimi onlar da tarixin arxivinə verilir. Yaxşı ki, ötən əsrin 70-ci illərində indiki Bakı Dövlət Universitetində çalışan müəllimlərin demək olar ki, əksəriyyəti mənəvi dəyərlərin ucalığında dayanan, təkcə pedaqoji fəaliyyətləri ilə deyil, şəxsiyyətləri ilə nümunə olan insanlar idi. Bu sırada adlarını həmişə fəxrlə çəkdiyimiz, xatirələrini ehtiramla yad etdiyimiz, ruhlarına dualar oxuduğumuz Mir Cəlal Paşayev, Qulu Xəlilov, Əzizə Cəfərzadə, Nurəddin Babayev, Famil Mehdi və nəhayət, Nəsir İmanquliyev...
Tələbə vaxtı elə birinci kursdan kiçik bir dəftərçədə müəllimlərim haqqında ürək sözlərimi yazmışdım. Hərdən cildinin rəngi solmuş o dəftərçəni oxuyanda hər vərəqdən bir müəllimimin işıqlı obrazı boylanır. Doğrudur, bu xatirələrdə narazı qaldığımız, mühazirələri ilə bizi qane etməyən, incidiyimiz, incidildiyimiz müəllimlər barəsində də qeydlər var. İndinin özündə də unuda bilmədiyimiz, tez-tez xatırladığımız müəllimlər haqqında tələbəlik illərinin xatirələri elə şirin və səlisdir ki...
Nəsir İmanquliyev bizə birinci kursda jurnalistikanın əsaslarından dərs deyirdi. O, həm də "Bakı" və "Baku" axşam qəzetlərinin redaktoru idi. Mülayim təbiətli Nəsir müəllimin qəribə mühazirə oxumaq şakəri var idi. Ədəbiyyat siyahısı yazdıranda müəllif və mövzuların adlarını xüsusi ahənglə uzadardı. Sanki hər sözünü ilkin olaraq yaddaşımıza həkk etdirməyə çalışardı. Qocaman və səriştəli mətbuat işçisi bizi gələcəyin yaxşı qələm sahibləri kimi görmək üçün əlindən gələni əsirgəmirdi. Onun pedaqoji ustalığının bir cəhəti də iki kəlmə sözü ilə tələbənin nəyə qadir olduğunu dərhal duyması idi. Çox həssas və diqqətcil olan Nəsir İmanquliyev maddi cəhətdən çətinlik çəkən tələbələrə heç zaman "4"-dən aşağı qiymət yazmazdı. Danlayardı, məzəmmət edərdi, onun oxuması üçün bütün qüvvəsini sərf edərdi. Amma ömründə tələbəyə aşağı qiymət yazmazdı. Nəsir müəllimdən dərs alan insanlar təsdiqləyərlər ki, universitetdə işlədiyi müddətdə onun fənnindən kəsilən tələbə olmazdı. Əslində jurnalistikanın əsasları fənni birbaşa sovet jurnalistikasının tarixini əks etdirdiyindən onun ruhunda inqilab əhval-ruhiyyəsi hökm sürərdi. Dövrün tələbləri həmin fənnin əsasını təşkil edirdi. Başqa fənlərlə müqayisədə bu fəndəki yoruculuq, darıxdırıcılıq məhz Nəsir müəllimin ustalığı, məharəti, şirin diksiyası nəticəsində aradan götürülürdü. Hərdən duzlu-məzəli danışığı, zarafatları da olardı. Sonralar anladıq ki, ustad müəllimimiz bu pauzaları sadəcə, gülüş xatirinə yox, bizi diqqətli olmağa, ona qulaq asmağa görə yaradırmış. Çox vaxt öz fənninin proqramından kənara çıxaraq bizə Azərbaycan mətbuatının görkəmli nümayəndələrindən söz açar, milləti, xalqı nadanlıqdan, avamlıqdan, xurafatdan xilas etmək yolunda ömürlərini bu mübarizəyə həsr edən insanların nəcib əməllərindən ürəklə danışardı.
İndiki mətbuat səhifələrində baş alıb gedən anarxiyanı görəndə bunun bir günahını da mən bugünkü müəllimlərdə axtarıram. Yəqin ki, onlar belə məzunları düzgün istiqamətləndirmədikləri üçün jurnalistikada qəbul edilməyən, yad "cığırlar" açılır. Biz nəslin içərisində jurnalistikaya, milli mətbuata xəyanət edən, oxucuya hər nə gəldi sırımağa çalışan kimsə yoxdur. Bu qürurumuza bir səbəb də müəllimlərimiz olublar. Onlar bizi elə qranit hədli bir yola istiqamətləndiriblər ki, daim irəli getməliyik, geriyə yox. Etiraf edək ki, bu gün çoxumuz Nəsir İmanquliyevin məktəbini gördüyümüz üçün mətbuata fədakarcasına, sədaqətlə xidmət edə bilirik. Qürur və şərəf duyuruq ki, Nəsir İmanquliyevin "şinel"indən çıxmışıq.
Bir dəfə oğlumun getdiyi bağçadan bir müəllimə haqqında material hazırlamışdım. Nədənsə bizim qəzetdə dərc etmədilər. Sıxıla-sıxıla Nəsir müəllimin yanına getdim. Katibədən Nəsir müəllimi soruşdum. Kabinetin qapısı açıq olduğundan səsimi eşidərək dərhal səslədi: "İçəri gəl, qızım. Soruşmaq nə lazım, mən burdayam". Məni təəccübləndirən, bilirsinizmi, nə oldu? O, uzun bir stolun arxasında əyləşmişdi. Dərhal ayağa qalxaraq qapıya tərəf gəldi, mənimlə görüşdü. Öz kreslosunda deyil, üzbəüz əyləşdik. Dərhal çay gətirtdi. Məni sorğu-suala tutdu, ailə vəziyyətimlə, dolanışığımla, maddi durumumla bağlı suallar verdi. O qədər isti söhbət qurdu ki, sanki qarşıdakı nə vaxtsa mənə dərs demiş müəllimim yox, doğma atam idi, övladının qayğıları ilə maraqlanırdı. Kirayədə yaşadığımı biləndə çox mütəəssir oldu: "Bizdə tez-tez çıxış elə, sənə yaxşı qonorar da yazarıq". Bu, adi sözlər deyildi. Nəsir İmanquliyevin mənəvi zənginliyindən xəbər verirdi.
Bu, hər müəllimə nəsib olan məziyyət deyil ki, dərs dediyi tələbələrin sonrakı taleyi ilə ciddi maraqlansın. Onların harada çalışdığını, necə yaşadığını öyrənsin. Biz bu nəcibliyi Nəsir İmanquliyevdə, Əzizə Cəfərzadə və Mir Cəlalda gördük. Onlar sözün həqiqi mənasında böyük ürək sahibi idilər. Əllərindən gələni insanlardan əsirgəməzdilər.
Nəsir İmanquliyev başdan-ayağa nikbinliklə dolu bir şəxsiyyət idi. Həyatı, insanları çox sevirdi. Bəlkə də buna görə tələbələrini unutmur, onlarla tez-tez görüşməyə, söhbətə can atırdı: "Sizlərdən mənə həmişə cavanlıq təravəti gəlir. Çalışın ki, imzanızın məsuliyyətini dərindən dərk edəsiniz. Heç olmasa düşünəsiniz ki, hardasa sizi bir nəfər oxuyur. Bax, o oxucu naminə yalan yazmayasınız, saxtalıq etməyəsiniz, insanları aldatmayasınız". Özü təbiət etibarilə çox prinsipial, saf, sağlam düşüncəli təfəkkür sahibi idi. Maraqlıdır ki, Nəsir müəllimə yalan da demək mümkün deyildi. İki dəfə sözü təkrar edəndə adam özünü itirirdi. Mütləq gizlindəki sözü açıq deyir, məqsədini bildirirdin.
Nəsir İmanquliyevin Azərbaycan mətbuatının inkişafında çox böyük rolu var. "Bakı" və "Baku" axşam qəzetlərinin banisi kimi mətbuat tariximizdə əbədi yaşayacaq. Bununla bahəm, Nəsir İmanquliyev çox səriştəli, istedadlı, ustad pedaqoq idi. Onun indi yüzlərlə yetirməsi müxtəlif sahələrdə çalışır. Bilirəm ki, hər kəsin qəlbində Nəsir müəllimin solmayan xatirəsi var. Belə insanların haqqında keçmiş zamanda danışmaq çox ağırdır. Çünki Nəsir İmanquliyev kimi şəxsiyyətlərə həmişə ehtiyac var. O, insanlara yaxşılığı çəkinə-çəkinə edirdi. İstəyirdi ki, qarşısındakı onun bu niyyətini duymasın. Belə təmənnasızlıq həyat meyarı idi. Şair Nüsrət Kəsəmənli həmişə böyük ehtiram və məhəbbətlə Nəsir müəllimi xatırlayardı. Çünki tələbə vaxtı ona atalıq qayğısı göstərərək maddi çətinliyin girdabından xilas etmişdi. Ali məktəbdə oxuya-oxuya "Bakı" qəzetində çalışmaq asan məsələ deyildi. O dövrdə belə işlərə yuxarıdan kimsə icazə verməli idi. Diplomsuz müxbir olardı? Amma Nəsir İmanquliyev öz tələbəsinin həm istedadından, həm də maddi vəziyyətindən xəbərdar olduğu üçün belə cəsarətli addım atmışdı. Həyat da təsdiqlədi ki, o, yanılmamışdı.
Aramızda çox kasıb bir tələbə qız var idi, kursda qalmışdı. Sessiya imtahanlarında qiymətləri yaxşı olmadığından təqaüd almırdı. Bir gün Nəsir müəllim sinif nümayəndəsini yanına çağırıb dedi: "Siz o qızdan fakültə dekanının adına bir ərizə alın ki, maddi vəziyyəti yaxşı deyil. Mən hər ay sənə o təqaüd həcmində pul verəcəyəm. Amma özü bilməsin". Onun bu təklifi bizi ayıltdı. Müəllimin dediyini yerinə yetirdik. Amma "təqaüdü" özümüz təşkil edirdik. Bundan xəbər tutanda bizə bərk acıqlandı: "Doğrudur, siz böyük iş görübsünüz, alqışlayıram. Tələbə yoldaşınıza özünün də xəbəri olmadan yaxşılıq edirsiniz. Amma sizin özünüzün də pula ehtiyacınız var. Mən qoca kişiyəm. Maaş alıram, imkanım çatar". Sonrakı sessiyada həmin qızın imtahanları ilə maraqlanan Nəsir İmanquliyev yenə də öz xeyirxahlığını göstərdi.
Yetər ki, Nəsir müəllimin adı çəkilsin. Adamın ürəyinə bir işıq gəlir. Unudulmaz müəllimimin bir tövsiyəsi mənim həyat amalımdır. Əslində bu müdrik fikir müasir mətbuatımızin istiqamət və meyarına çevrilməlidir: “Jurnalist dəqiq, qərəzsiz, vicdanlı olmalıdır. Ürəyinin səsinə qulaq asmalıdır, peşəsini kiminsə pul kisəsindən asmamalıdır”. Bir etirafımdan da qürur duyuram: Nəsir İmanquliyev fəalliyyətinə görə Nümunə, insanlara həssas və qaygıkeş münasibətilə seçilən Şəxsiyyət, jurnalistikamızdakı xidmətilə adını bu sahəyə əbədi həkk etdirmiş Mətbuat Abidəsi kimi həmişə bizimlədir.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
Kaspi.-2015.-24 dekabr.-s.9.