Gözlənilməyən “zəng”in hekayəsi

 

Sizə keçmişdən zəng gəlibmi? Məsələn on beş il öncədən. Ağlasığmaz bir hadisədir deyilmi? Ancaq Akademik Milli Dram Teatrı belə bir zəngi qəbul etdi...

Haşiyə çıxaraq söyləyim ki, zəng deyilən nəsnənin mahiyyəti hər bir zaman təhlükəli, qorxulu ya sevindirici olub. Dünya ədəbiyyatında bir çox dramaturqların incəliklə, həssaslıqla işlətdiyi bu mövzu insanları çox asanlıqla gərginlikdə saxlamağı bacarıb. “Zəng edən kimdiroyununun ətrafında saatlarla oynamaq olar. Zəng çalıbda, saatlarla susmaq olar... Bir zəng insan həyatının sonu ola bilər. 37-ci illlərdə gözlənilmədən döyülən qapılar kimi telefon zəngi insanı gərginləşdirir, onu müəyyən zaman çərçivəsində gözləntidə saxlayır.

Əsərin müəllifi qeyd edir ki, bu mövzunu gerçək hadisədən dolayı yazmışam. Belə ki, bir nəfərin kiçik sərlövhəsi “İşlənmiş telefon alıram, satıram, dəyişirəm” - “Keçmişdən zəng” adlı pyesin yaranmasına səbəb olub.

 

Söhbət yanvar ayının 30-da Akademik Milli Dram Teatrının səhnəsində gerçəkləşən “Keçmişdən zəng” adlı birhissəli tamaşanın premyerasından gedir. Ər-Toğrulun Ukrayna dramaturqu Anatoli Krımın eyniadlı pyesi əsasında quruluş verdiyi 3 nəfərdən ibarət olan (Rəşad Bəxtiyarov, Elnar Qarayev, əməkdar artist - Sevinc Əliyeva) tamaşa ailə-məişət zəminində qarşılıqlı münasibətləri əks etdirir. Tamaşanın qısa məzmunu belədir: Andrey (Rəşad Bəxtiyarov) xakerdir oğurlanmış telefonların alqı-satqısı ilə məşğul olur. Günlərin birində təsadüf, daha doğrusu taleyin oyunu nəticəsində Andreyin əlinə ən yaxın dostu ilə ona xəyanət edib qaçmış keçmiş arvadı Ritanın telefonu keçir. Ritadan gələn zəng onları on beş ildən sonra yenidən görüşdürür. Hadisələr getdikcə məhəbbət üçbucağı şəklini alır. Andrey ən yaxın dostu Viktorun alçaqlığını, arvadını onun əlindən almasını bağışlamaq niyyətində deyil. Əldə etdiyi hər şeyi Viktorun əlindən alacağına and içən Andrey sonda əhdinə vəfa edir. Necə? Tamaşanı izləyib bilərsiniz.

 

Anatoli Krım-Ukrayananın yetərincə məşhur dramaturqu (müasir teatrın ən çox kassa yığan dramaturqu). Onun əsərləri dünyanın bir çox teatrlarında repertuarın əsasını təşkil edir: “Allaha məktub”, “Veronada payız”, “Keçmişdən zəng”... Bu yaxınlarda Anatoli Krım Venesiyada ədəbiyyat sahəsində ən səviyyəli mükafatlardan birinə - «Adelina Della Perdola» layiq görülübr.

 

Obrazların təhlilinə gəlincə:

Andrey (R. Bəxtiyarov) real dünyanın yalanlarından, ikiüzlülüyündən qaçaraq virtual dünyaya sığınan biridir. Sanki, onu incidən, ona xəyanət edən “yaxınlarının” varlığını unutmaq üçün tək çarəni öz varlığını virtual aləmdə əritməkdə görür. Biz aktyorun ifasında bu dünyaya, insanlığa hətta bu dünyada yaşamağa məcbur olduğu üçün özünə belə nifrət edən birini görürük. Rəşad Bəxtiyarovun oyunu sanki kodlaşdırılıb, idarə olunur. Lakin kənar bir şəxs tərəfindən deyil, məhz virtual aləmin özü tərəfindən. R.Bəxtiyarovun qəhrəmanı təkcə teatr səhnəsində yaradılan obraz kimi deyil, bu gün gənclərin ən çox məruz qaldığı həyat tərzinin gerçək üzü kimi qəbul edilə bilər.

Gənclər demişkən, bu həftə Azərbaycan cəmiyyəti fevral ayının 2-sini Gənclər günü kimi qeyd etdi. Bir neçə gənc mükafata belə layiq görüldü. Məhz mədəniyyətimizə teatra aid olan isimlərin bu sırada olması bu məsələni qabartmağa ehtiyac yaradır. Vaxtilə dövlət mükafatı alan gəncləri əvvəlcə bütün cəmiyyət, bütün xalq kütləsi tanıyırdı, sonra isə təltif olunurdu. İndi isə əvvəlcə mükafat alırlar, sonra tanınırlar. Ancaq obyektiv yanaşmaq gərəkirsə, onda qeyd olunmalıdır ki, adı bu sıralarda olmayan-ancaq olması mütləq olan gənclərimiz var! Biz onları tanıyırıq...

 

Mövzudan çoxda kənarlaşmayıb, qayıdıram tamaşaya.

İki plus bir kimi təqdim olunan tamaşanın əsas qəhrəmanlarında biri Viktor (Elnar Qarayev) Andrey obrazına əks, prototip kimi işlənməmişdir. Aktyor bizə daha çox ailəsinə ilgili bir şəxs kimi göstərilir. Daha nəcib, daha anlayışlı baş verən proseslərdə alicənab görükən Kişi obrazı. Sınaqlardan keçə bilsə , pula olan məftunluğu onu bu günki cılız pulgirlər ilə çox yaxınlaşdırır. E.Qarayevin oyunu “üçüncü artıqdır” məsəlini bir az daha qabartmış olur, sanki keçmiş bu günki zamanlarda ilişgisi olan iki şəxsin arasında üçüncü şəxs kimi köməkçi, hadisələri gərginləşdirən, izah edən, bitməsinə imkan verməyən oyun sərgiləyir.

Qadın kişi münasibətlərinin aktual sonlandığı bu tamaşada da bir qadın həm qiyabi, həmçinin əyani olaraq hadisələri onları (Andrey Viktor) idarə edir. Rita (Sevinc Əliyeva) tamaşa boyunca iki kişi arasında balansı öz xeyrinə qoruyub-saxlamağa çalışır.

Ər-Toğrul - mərhum rejissorumuz Vaqif İbrahimoğlunun teatr düşüncəsinin-teatr poetikasının çoxsaylı davamçılarından, tələbələrindən biridir. Əsasən Yuğ teatrından tanıdığımız Ər-Toğrul Kamalov A.P.Çexovun “Mərc” hekayəsi haqqında hazırladığı tamaşanın rejissoru kimi bizə tanışdır. Rejissor kimi işində daha çox bu gün ilə ayaqlaşan, bu gün ilə danışa bilən tamaşalara quruluş verən Ər-Toğrul yaradıcı işində ştamplara yol vermir.

Yazı prosesində gözlənilməyən zəng kimi özümü gərginlikdə hiss etmiş oldum. Niyə? Çünki birdən-birə hiss etdim ki, əvvəlcə Akademik Milli Dram Teatrı yazıram, sonra Yuğ Teatrı, sonra Gənclər günü... Özüm-özümdən qorxdum. Məni qınaq obyektinə çevirəcəklər, “yuğlaşan Azdramanın teatr yazarı” adlandıracaqlar. Ona görə yazının bu yerində keçirəm tənqidə:

“Keçmişdən zəng” tamaşasında bir neçə mizan milli teatr səhnəmizdə oynanılmasa da, dünya praktikasında yetərincə işlənmişdir. Kişi aktyorlarının rinqi... məncə, artıq yetərincə işlənmiş mizandır. o, tamaşaçıya qeyri-adi bir görüntü vermir, rejissorun tamaşaçıya hesabladığı enerjidə özünü doğrultmur.

 

Ər-Toğrul tamaşanın janrını birhissəli tragikomik virtual oyun kimi müəyyənləşdirir. Ki, burada baş verən hadisələr virtual oyunun spektrı kimi dəqiq olsa da, tragik komik sərhədlər hadisə kimi yaranmır. Yəqin ki, gənc rejissor üçün vahid olmayan tragikomik janrda işləmək daha asandır. Peşəkar qınaq dəqiq hədəf tapa bilməyəcək...

“Keçmişdən zəng” tamaşasının yaradıcı heyəti, həmçinin quruluşçu rəssam Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssam Rafael Həsənov, rejissor assistenti Xanım Həsənovadan ibarətdir. Xüsusilə tamaşa müddətində xanım rəssamın “təmiz” yaratdığı səhnə işığın müəyyən mizanlarda (rinq səhnəsi) mükəmməl kompozisiyası ilə bitkin forma alırdı. Qeyd etmək lazımdır ki, tamaşanın afişasında da hər gün gənclərin istifadə etdiyi gündəlik elektron yazışma öz əksini tapıb. Yeri gəlmişkən, bu cür forma adət etdiyimiz qara, üzərində qan, alov s. boğucu, sıxıcı tamaşa afişaları görüntüsündən bizi azad etdi. Bu cür yeniliyə görə təşəkkür...

Sonucda tamaşanın əsas qəhrəmanı keçmişindən özünü azad edir. Özünə ətrafına “yaşasın, müasirlik”, “yaşasın, gənclik” deyə hayqırır. Əslində tamaşada belə bir mizan yoxdur. Sadəcə, mən belə gördüm, belə görmək istədim...

 

Aygün Süleymanova

Teatrşünas

Kaspi.-2015.-6 fevral.-S.10.