Muncuqları duyan adam

 

Günay Hidayətova: Sevgiylə edilən hər şey gözəl alınır

 

Rəngarəng muncuqlardan hazırlanan incə və qeyri-adi əşyalar, sapla çəkilən rəsmlər, parçalardan hazırlanan gəlinciklər, düymələrin bəzək verdiyi saatlarqeyri-adi dizaynlı məişət əşyaları... Bütün bu işlər 24 yaşlı gənc xanımın əlinin məhsuludur. Gənc sənətkarın üzərində günlərlə çalışdığı hər əl işi onun üçün xəzinə qədər dəyərlidir. Çünki o, hazırladığı hər bir işə öz doğma övladı kimi yanaşır, yaratdığı sənət əsərlərinə qayğı göstərir və qoruyur.

 

Həyatımı onlarsız təsəvvür etmirəm

 

Həmsöhbətimiz, gənc olmasına baxmayaraq, yaşadığı regionda düzəltdiyi əl işləri ilə məşhur olan Günay Hidayətovadır. Günay 1991-ci il Şəki şəhərində anadan olub. Artıq 10 ilə yaxındır ki, əl işi sənəti ilə peşəkar şəkildə məşğul olubbir çox mükafata, təşəkkürnaməyə layiq görülüb. Müsahibimiz deyir ki, Şəki musiqi kollecini bitirsə də, muncuqlarla işləməkdən və sənət əsərləri yaratmaqdan əl çəkməyib: Əslində hər bir xanımın, istər uşaq vaxtı, istərsə də böyüdükdən sonra muncuqlara, bər-bəzəyə marağı olur. Amma mənim bu xırda və cəzbedici bəzək əşyalarına münasibətim tam fərqli olub. Onların rəngarəngliyi, incəliyi məni özünə cəzb edir. Uşaqlıqdan bankalara yığdığım muncuqları dəfərlərlə yerlə bir edir və yenidən toplayırdım. Muncuqla oynayarkən özümü başqa aləmdə hiss edirdm. Lakin ağlıma belə gəlməzdi ki, bu sənətlə ciddi şəkildə məşğul olumondan gəlir əldə edim. Kolleci bitirdikdən sonra həmin kollecin xor-dirijorluq şöbəsində bir müddət əvəzçi müəllimə olaraq fəaliyyət göstərdim. Amma bununla yanaşı,vurğunu olduğum sənətimi də davam etdirdim. Həyatımı muncuqlarsız təsəvvür edə bilmirəm. Artıq 10 ilə yaxındır ki, əl işləri ilə məşğul oluram. 2008-ci ildən başlayaraq düz 5 il ardıcıl olaraq müxtəlif sərgilərdə iştirak edib, diplom və hədiyyələrlə təltif olunmuşam. 2014-cü ildə isə Bakıda ilk dəfə keçirilən Birinci əl işləri festivalı və noyabrda keçirilən İkinci əl işləri festivalında iştirak edib, fəxri fərman almışam.

Məlumat üçün bildirək ki, müsahibimiz həm də fotoqraflıqla məşğul olur. Hətta Gənclər Fondunun maliyyə dəstəyi ilə Qadınların gözü ilə layihəsi çərçivəsində həyata keçirilən fotomüsabiqədə 1-ci yerin, Sərhədsiz fotoqraflar layihəsi çərçivəsində həyata keçirilən fotomüsabiqədə isə 3-cü yerin qalibi olub.

 

İynə fırçam, saplar isə...

 

Özününqeyd etdiyi kimi, Günayın əlindən 10 ildir ki, iynə yerə düşmür. Deyir ki, muncuqla işləyərkən sanki ruhu təzələnir: İynə mənim fırçam, saplar isə boyamdır. Mən muncuqla yanaşı, təkəlduz tikmə ilə də məşğul oluram. Tikməni əvvəllər yalnız balış, mütəkkə üzü, pərdələr, süfrələr şəklində işləyirdilər. Amma mən çərçivələrə alıb miniatür şəklində işləyirəm. Sapla işləməyi sevirəm. Amma muncuqla işləmək mənə daha doğmadır. Muncuq gözə xoş gəlir, təsviri almaq asandır, parlaqlığına görə də cəlbedicidir. Muncuqla yanaşı, sapla da şəkillər çəkirəm. Əsasən ipək saplardan istifadə etməyə çalışıram, pambıq saplar da, pambıq qarışıq ipək saplar da olur. Atlas parça üzərində xovlu, yun parça üzərində isə təkəlduz tikmə işləyirəm.

 

Yemək yeməyi belə unuduram

 

Sənətinin sirlərindən danışan müsahibimiz deyir ki, peşəsinin tək sirri işinə olan sevgisidir: Bu ustasından xüsusi zövq və incəlik tələb edir. Bəzən mənə deyirlər ki, çətindir, xırda işdir, bunu necə görürsən?. Bu sənətin bir sirri var ki, o da işini sevməkdir. Əgər işinin gözəl alınmağını istəyirsənsə, mütləq ona öz sevgini verməlisən. Bəzən mənə elə gəlir ki, muncuqlar da qayğını hiss edirlər. Bu işi istəmədən görsən, əlində heç vaxt yaxşı alınmaz, muncuqlara kobud davrandıqda sanki küsürlər. Amma sevirsənsə, muncuqlar da öz gözəlliyini sənə göstərir. Əmin olun ki, sevgiylə edilən hər şey gözəl alınır. Mən işimə o qədər bağlıyam ki, bəzən yemək yeməyi belə unuduram. Muncuqlarla işləyərkən özümü başqa aləmdə hiss edirəm.

Sənəti kimdən öyrəndiyinə gəldikdə, Günay deyir ki, ailələrində heç kim bu işlə məşğul olmur: Əslində ailəmdə bu sənətlə məşğul olan yoxdur. Amma mənə həmişə deyirlər ki, sənətkarlıq bizim qanımızda var mənə irsən keçib. Çünki ailəmdə olmasa da, nəslimizdə bu sənətlə məşğul olanlar az deyil. Nənəmin, anamın çox gözəl əl qabiliyyəti olub. Hətta atam belə gənciliyində şəkil çəkib. Amma xüsusi olaraq sənəti mənə öyrətməyiblər. Sadəcə, içimdən gələn hiss fantaziya ilə əl işlərimi düzəldirəm.

 

İmkan versələr, qazanaram...

 

Zövqümüzü oxşayan əl işlərini hazırlamaq o qədər asan proses deyil. Sənətinin çətinliklərindən danışan G.Hidayətovanın sözlərinə görə, müəyyən çətinliklər olsa da, sənətə olan sevgi işdəki çətinlikləri belə görünməz edir: Amma çox vaxt mənə lazım olan materialları Şəkidən tapa bilmirəm. Həmin avadanlıqlara görə ya Bakıya gəlməli olur, ya da sifarişlə aldırıram. Bəzən deyirlər ki, muncuqla işləmək üçün insana səbr lazımdır. Amma mən belə düşünmürəm. Gözümün nurunu itirmək problemi ilə qarşılaşacağımı bilsəm , muncuqlarımdan əl çəkməyəcəm.

Sənətin gəlirlərinə gəldikdə isə, müsahibimiz deyir ki, yaşı az olduğu üçün bu işlə məşğul olan yaşlı sənətkarlar onun işinə mane olurlar: İmkan versələr, qazanaram. Əvvəllər yaxşı qazanırdım, əl işlərimi başqa sənətkarlara verib satdırırdım, amma sonradan onlar da götürmədilər ki, sənin işlərin satılır, bizimkilər qalır. Özümün qoyub satmağa mağazam yoxdur. Artıq sadəcə sərgilərə çıxanda sata bilirəm.

Həmsöhbətimizin sözlərinə görə, bu işdən əvvəl pul qazansa da, indi, sadəcə, zövq aldığı üçün məşğul olur: Əl işlərimi satmağa yerim olmasa da, mən işimi sevirəm. Pula görə sənətimi atmağı düşünmürəm. Regionda qabağa getmək, sənətini inkişaf etdirmək çox çətindir.

 

Aygün ƏZİZ

Ədalət.-2015.-20 fevral.-S.20.