Bizimbiznesimiz oxumaqdır

 

Yaqub Zurufçu: “Bundan sonra özümü Üzeyir Hacıbəylinin klassikalarına fəda edəcəyəm”

 

O, 7 yaşında Fərvərdin Mədrəsəsində təhsilə başlayıb, elə o illərdə Təbrizdə uşaqlar proqramında iştirak edib və “Cücələrim” mahnısı ilə həm Azərbaycan, həm də İranda dillər əzbəri olmağı bacarıb. 11 yaşında xalq və bəstəkar mahnıları ilə tanış olmağa başlayıb və 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək “Evləri Var Xana-Xana”, “De gülüm gəlsin, ay nənə”, “Dilbər” kimi mahnıların ifaçısı olub.

 

Müğənni bu istedadını və oxumaq istəyini atasının uzun müddət Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevdası ilə əlaqələndirir. Bəli, müsahibimiz məhz odur - Azərbaycan Respublikasının əməkdar artisti Yaqub Zurufçu.

 

Yaqub Zurufçu 19 yaşında Tehran Universitetinin İqtisad fakültəsində təhsil alsa da, Tehran operasının xorunda öz musiqi fəaliyyətini davam etdirib. İranda 1979-cu il inqilabından 1 il sonra - 1980-ci ildə ölkəni tərk edib. Almaniyaya köçən müğənni öz musiqi təhsilinə Hamburq şəhərində başlayıb. Vokal sənəti üzrə diplom alan Y.Zurufçu daha sonra Amerikanın Florida ştatında Mayami Universitetində vokal sənəti üzrə master diplomu alıb. Bu illərdə ürəyində Azərbaycan musiqi sevdası yaşayan Yaqub Zurufçu hər zaman milli musiqi ruhuyla yaşayır və Azərbaycana gəlmək ən böyük arzularından biri olaraq qalırdı.

 

Çox keçmir ki, Y.Zurufçu bu arzusuna da qovuşur. O, ABŞ vətəndaşı olmaqla bərabər, 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığını alır. Bu gün isə Azərbaycanda yaradıcılığını davam etdirmək niyyətindədir.

 

Onunla bu günlərdə Üzeyir Hacıbəylinin ev muzeyində görüşdük. Belə ki, ifaçı orada Üzeyir bəy klassiklərinə həsr olunmuşİthaf” adlı albomunun təqdimatını keçirirdi. Təqdimatdan sonraKaspi” qəzetinə yaradıcılığından, öz problemlərindən danışdı.

 

- Dördüncü albomunuzİthafda işıq üzü gördü. Bu münasibətlə sizi təbrik edirik. Maraqlıdır, nə üçün bu albomda Üzeyir Hacıbəylinin klassiklərinə müraciət etdiniz?

 

- Xalqımızın musiqi zövqünün formalaşmasında Üzeyir Hacıbəylinin əsərlərinin əvəzsiz rolu var. Hesab edirəm ki, Azərbaycan durduqca Üzeyir bəyin əsərləri səslənəcək. Onun əsərləri bizi gələcəyə işıqlı yollarla aparacaq. Təkcə “Koroğlu” operası yetər ki, Üzeyir zirvəsini dərk edəsən. Zaman gəlib çatacaq ki, Üzeyir Hacıbəyli dühası dünyada bundan da artıq vüsət alacaq. Kompyuter əsri Üzeyir Hacıbəyli əsərlərinin yayılmasını daha da sürətləndirəcək.

 

- Sizi yenidən efirlərdə görə biləcəyikmi?

 

- Çalışıram ki, yeni bir konsert verim. Bildiyiniz kimi, mənim bir ayağım Amerikadadır. Günüm yollarda keçir. Özümdə imkan tapıb, konsertə hazırlaşa bilmirəm. Konsertə hazırlaşmaq da vaxt tələb edir. Bu sizə asan görünməsin. Kənardan baxan deyir ki, konsert vermək nədir ki? Bir neçə mahnı oxudun, vəssalam, bitdi. Ancaq məsələ heç belə deyil. Mənim ifa etdiyim mahnılar səbir səs tələb edir. Bundan əlavə, biletlərin satışı, dəvətnamələrin göndərilməsi - bunların hamısı problemdir. Ona görə konsert vermək üçün ən azı 3-4 ay vaxt lazımdır. Diskim yayıldıqdan sonra belə bir proqramla çıxış etməyi düşünürəm.

 

- Bu ilin aprel ayında 60 yaşınız tamam olur. 60 yaşda səhnəyə çıxmaq necə bir hissdir?

 

- Hesab edirəm ki, 60 yaş ən oxumalı zamandır. Misal üçün, 30 yaşımda hansı notları götürə bilmirdimsə, indi onları asanlıqla qəbul edə bilirəm. Çünki yaş üstə yaş gəldikcə insan kamilləşir inkişaf edir. Səs bədəndə yeganə üzvdür ki, 40 yaşından sonra inkişaf etməyə başlayır. Əgər səsinizi qorusanız, ölənəcən oxuyarsınız. Necə ki, Cabbar Qaryağdıoğlu oxuyurdu. O, hətta 102 yaşındaQarabağşikəstəsi oxuyurdu. Səs heç zaman xarab olmur. Səsi içkidən, siqaretdən qorumaq lazımdır. Yaşlı insanların səsi isə daha mükəmməl olur. Yubileyimə gəlincə isə, aprelə kimi ölməsəm- yaşasam, ola bilsin, yubiley keçirdim. Fikirləşirəm ki, yubileyi konsertimdə qeyd edə bilərəm. İstəyirəm ki, məndən əlavə xaricdə yaşayan bir neçə müğənni gəlib mənə kömək etsinlər.

 

- Yaqub müəllim, 30 il qürbətdə, vətəndən kənarda necə yaşamısınız?

 

- Çox çətin. Uzun müddət vətəndən ayrı yaşamışam. İrandan çıxanda cavan uşaq idim. Mən hər şeyi xaricdə öyrəndim. Saçım səhnələrdə ağardı. O zaman xəbər tutdum ki, rəhmətlik Heydər Əliyev xəstələnib, onu Amerikaya gətiriblər. Xəbəri eşidən kimi Amerikaya gəldim. Əvvəlcə məni onunla görüşə buraxmadılar. Dedim ki, onunla görüşə gəlmişəm. Bunu eşidəndən sonra xəbər göndərdi ki, “Yaqub heç yerə getməsin, onunla görüşəcəyəm”. Gözəl xatırlayıram, ömrümün ən maraqlı görüşlərindən biri idi. Görüşdə pianinoda “Ayrılıq” mahnısını ifa etdim. Baxdım ki, ulu öndərimiz kövrəlib, dəhşətə gəldim. Prezidentimiz İlham Əliyev də orada idi. Birdən Heydər Əliyev söylədi ki, “Yaqub bəy, neçə ildir qürbətdəsiniz?” Dedim ki, 28. Baxdı və cavabında bildirdi ki, “mən 4 gündür ki, Amerikadayam, ürəyimlə bacarmıram. Sən bu 28 ili qürbətdə necə qalmısan? Sənin kimi ürəkli insan, Azərbaycanı sevən sənətkar vətənsiz necə dayana bilib?” Söylədim ki, cənab prezident! Belə qalmışam da, yanmışam, yanmışam, ürəyimdə bir ovuc kül qalıb. Elə bil daş üstə bina tikmisən. Oturursan daşdır. Daş üstə də oturmaq olmur axı. Bunun üçün şərait olmalıdır. Şərait də odur ki, o ölkənin vətəndaşı olmalısan, sənin dilini bilirlər, mədəniyyətini tanıyırlar. Bu olmasa, mümkün deyil. Mən elə bil ki, 30 il daş üstə oturmuşam. Ev-eşiyim, imkanım var, amma baxıram ki, nəyisə itirmişəm, əskikliyim var. O da mənə baxıb dedi ki: “Yaqub, sənə bura lazım deyil. Oxuyursan, amma vətən üçün. Sən çıx Azərbaycana gəl”. Bu söz mənə elə bil ürək verdi, dayana bilmədim. Birbaşa Azərbaycana gəldim. Heydər Əliyev milli məsələlərə həssas adam idi. Belə məsələlərə ürəkdən yanaşırdı. Həm də mənim Amerikaya onun yanına getməyim ona çox xoş təsir etmişdi.

 

Bakıya gələn kimi də məni qəbul elədi. Görüşdük, söhbət elədik. Mənim Azadlıq hərəkatındakı çıxışlarıma baxdı. Dedi ki, xalqımıza sən öz fikirlərinlə, musiqilərinlə dəyər verdin. Sənin Azərbaycan müstəqilliyində haqqın var. Bunu mən cəsarətlə deyə bilərəm. Azərbaycan xalqının, dövlətinin müstəqilliyində bir faizolsa, əməyim var. Camaat baxdı ki, xarici ölkədən biri gəlib, çıxıb səhnəyə azadlıqdan danışır. “Ayrılıq” mahnısı, ardı ilə də “Koroğlunun ariyası, bu, balaca məsələ deyildi. Təbrizdə məşhur bir şeir var - “And olsun”. Axırda deyir ki, nə qədər azərbaycanlılar azad olmayıb, azərbaycanlılar yatmayacaqlar, bu fikri başlarından atmayacaqlar. Heydər Əliyev mənə Azərbaycana qayıtmaqda bir stimul verdi. Sonra da cənab prezident İlham Əliyev mənə bütün ömrüm boyu xəyal etdiyim bir titulu verdi - Azərbaycan vətəndaşı. Bunun da ardınca Azərbaycanın əməkdar artist fəxri adını.

 

- Azərbaycanı xaricdə ən çox təmsil edən ifaçılar sırasındasınız.

 

- Bəli. 30 ildən artıqdır ki, xaricdə yaşayıram. Orada az-çox tanınmışam. Ən azı həftədə bir gün orada çıxışlarım olurdu. Bizimbiznesimiz oxumaqdır. Azərbaycana gələndə heç yerdə oxuya bilmirəm. Bəzən yığıncaqlara gedirəm. Azərbaycanı xarici ölkədə təmsil etmək bir növ mənim borcumdur. Hesab edirəm ki, bundan sonra özümü Üzeyir Hacıbəylinin klassikalarına fəda edəcəm. Fəxr edirəm ki, ömrümün son günlərində mən bu yolda addımlayıram. Bu, doğrudan da ən gözəl yoldur, Üzeyir yoludur. Ondan sonra başqa səmtə istiqamətlənsək, Azərbaycan mədəniyyəti məhv olacaq. Mədəniyyətimiz məhv olsa, bizdə millətçilik deyə bir anlam da qalmayacaq. Bunu rəhmətlik ulu öndərimiz də deyirdi: “Hər şey mədəniyyətdən başlayır”.

 

- O zaman belə çıxır ki, dünya Üzeyir Hacıbəylini tanımır?

 

- Bizim istədiyimiz səviyyədə tanımır. Həm də ermənilərin Üzeyir bəyin musiqi tonlarından istifadə edərək mahnılarını erməni xalq musiqisi kimi dünyaya təqdim etdiklərini görəndə ürəyim partlayır. Azərbaycan vətəndaşı olaraq bizim üzərimizə böyük işlər düşür. İstər dövlət səviyyəsində, istərsə də sənətçilər səviyyəsində. Axı Üzeyir Hacıbəylinin, tutaq ki, Lüdviq Van Bethovendən nəyi əskikdir?

 

Xəyalə Rəis

Kaspi.-2015.-21-23 fevral.-S.8.