Mənəviyyat aləmimizin güzgüsü
Və ya tədqiqatla
duyğuların birliyindən süzülən fikirlər
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
Salatın Əhmədli mənim hörmətlə yanaşdığım qələm sahiblərindən və yaradıcılığını müntəzəm izlədiyim, həm də sədaqətli dostlarımdan biridir desəm, yanılmaram. Yenidən mətbəə qoxusu çəkilməyən bir neçə kitabını mənə hədiyyə edib. Təbii ki, qələm dostumun bu ərməğanlarının hər birini oxuyacaq və fikrimi söyləyəcəm. Bu məqalədə söz açacağım kitab unudulmaz ədəbiyyatşünas alim, fədakar tədqiqatçı Elməddin Əlibəyzadənin elmi-nəzəri fəaliyyətindən bəhs edir. Dərin və hərtərəfli məlumatlara malik olan filologiya elmləri doktoru, professor Elməddin Əlibəyzadə alim kimi fərqli məziyyətləri və orijinallığı ilə seçilən dəyərli bir şəxsiyyət idi. Ustad fikir və nəzəriyyələr sahibi olan belə bir tədqiqatçı barəsində söz demək ilk baxışda sadə, yaxud da asan görünə bilər, amma əslində çətindir. Çünki mənim çox yaxşı tanıdığım və ehtiram etdiyim Elməddin Əlibəyzadə özü ən mükəmməl tədqiqatçı kimi ədəbiyyatşünaslığımıza çox qiymətli əsərlər yadigar qoydu. Xalqımızın elə mədəni, mənəvi qaynaqlarına işıq saldı ki, onlar uzun müddət qaranlıq arxivlərdə gizlədilmişdi. Bu baxımdan Azərbaycan türk mədəniyyəti tarixinin ən qədim dövrlərini mükəmməl araşdırdığına və bu istiqamətdə dəyərli məlumatlar qələm aldığına görə biz Elməddin Əlibəyzadəyə minnətdarıq. Ağır buxovları ilkin qıranlardan oldu bu cəfakeş tədqiqatçı və millət aşiqi!
Elə bu məhəbbət və ehtiramın müqabilində Salatın Əhmədlinin “Soykökümüz, milli-mənəvi mədəniyyətimiz, tariximiz...” adlı yeni kitabı Elməddin Əlibəyzadənin coxşaxəli yaradıcılığının elmi-nəzəri cəhətləri araşdırılıb. Bəri başdan razılığımı bildirim ki, Salatın xanım çox xeyirxah və təqdirəlayiq bir iş görüb. Səhv etmirəmsə Elməddin müəllim barəsində ilk dəfədir ki, belə geniş və dolğun elmi əsər yazılıb. Kitaba ön söz yazan filologiya üzrə elmlər doktoru, professor Ramin Əhmədovun bir fikri ürəyimizdən xəbər verdi. Müəllif haqlıdır. Həqiqətən də görkəmli alim, tədqiqatçı Elməddin Əlibəyzadənin elmi-nəzəri fəaliyyətindən bəhs edən bu kitab Azərbaycan ədəbiyyatşünaslığının, folklorşünaslığının uğurudur. “Çəkinmədən demək olar ki, bu kitabda hər fəsil bir fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün kifayətdir”.
Altı fəsildən ibarət olan kitabda müəllif Elməddin Əlibəyzadənin yaradıcılığını, elmi fəaliyyətini məsuliyyət və böyük yanım hissi ilə, dürüstlüklə araşdıraraq onun tarixi həqiqətlərə sadiqliyini, haqq-ədalət uğurundakı mücadiləsini dəyişməz faktların köməyilə oxucuların diqqətinə çatdıra bilib. “Azərbaycan xalqının mədəniyyət tarixi” adlı birinci fəsildə müəllif bu sahədəki müxtəlif tədqiqat və mülahizələri də nəzərdən keçirərək araşdırmalardakı fikir və düşüncələri də oxucuların diqqətinə çatdırıb. Bu təhlillər sanki Elməddin Əlibəyzadə yaradıcılığı ilə Salatın Əhmədlinin mülahizələri arasında bir körpüdür. Müasirlərinin bu unudulmaz şəxsiyyət barəsindəki rəylərində görkəmli alimimizin portreti mükəmməl yaranıb. Cəfakeş tədqiqatçının, zəhmətkeş insanın kitablarının təkcə adları çox mətləblərdən xəbər verir: “ Milli-mənəvi ədəbiyyat tarixi”, “Avesta” Azərbaycan xalqının mənəvi mədəniyyət tarixidir”, “Ana kitabələr”, “Kitabi-Dədə Qorqud”, “Nizami və tariximiz”, “Türk- Azərbaycan düşüncəsinin ilkin qaynaqları”, “Azərbaycan dilinin tarixi” (I və II cildlər), “Qədim dünyamızın ulu kitabı”, “Ədəbi şəxsiyyət və dil”, “Azərbaycan ədəbiyyatı tarixi” (ən qədim dövrlər), “Azərbaycan ədəbiyyatının ilkin qaynaqlarını, akkad-şumer mədəniyyəti, göytürk kitabələri” (“ Orxan-Yenisey”, “Güntikin” və.s ) kimi qiymətli tədqiqat əsərləri, kitabları Salatın xanımın təbirilə desək ədəbiyyatşünaslığımızın, dilçiliyimizin, tariximizin ciddi uğurlarıdır. Bu fikrin davamı kimi şair və alim Adil Cəmilin fikirlərini yada salmaq yerinə düşür: “ E.Əlibəyzadə türk tarixinə, türk folkloruna, türk mədəniyyətinə sağlam və ayıq, cəsarətli və ehtiyatlı türkçü kimi yanaşır. Bu həmin kitablardır ki, Sovetlər Birliyinin qırmızı şüarlarını basıb keçərək öz ünvanına yetə bilmişdi. Bu həmin kitablardır ki, onlarda əqidə dönməzliyinin Mənsur-Həllac, İmadəddin Nəsimi zirvəsi vardır”.
Həqiqətən də Elməddin Əlibəyzadə uzun illər apardığı araşdırmaları ilə qaranlıq mətləblərə bir aydınlıq gətirdi, ağlının qüdrətinə, fikirlərinin məntiqinə söykənərək elə dəryalara baş vurdu ki, əcdadımızı tanıdıqca tanıtmaqdan çəkinmədi. Salatın Əhmədli qəhrəmanının bu şərəfli, həm də çətin, keşməkeşli yaradıcılığını böyük məhəbbət və ehtiramla təhlilə çəkərək rəğbətini də oxucuya çatdırıb: “ Bütün yaradıcılığı, elmi fəaliyyəti ərzində islamaqədərki Azərbaycan tarixi, dili, ədəbiyyatı, mədəniyyətini üzə çıxarılması, tarixi həqiqətlərə söykənməklə xalqının keçmişini, mədəniyyətini, mənəviyyatını öyrənmək amalı olan E. Əlibəyzadə uğurlu nailiyyətlər əldə etmiş, dünyaya türkoloqlar kimi öz xalqının dəyərli mənəviyyatı haqqında zəngin məlumatlar vermişdi...” Türk-Azərbaycan xalqının ilkin yazısının, əlifbasının şərhi də məhz Elməddin Əlibəyzadəyə məxsusdur.
“Dədə Qorqud mənim mədəniyyət tariximdir. Kimsə bu tarixin üstündən xətt çəkə bilməz, bu tarixi unutdura bilməz. Mənim tarixim eləcə Azərbaycan tarixi deyil. Böyük Türk tarixidir. Türk ulusu, dili, duyğusu, düşüncəsiylə Şumerdən başlanır. Elə tarixin özü də Şumerdən başlanır” - yazan Elməddin Əlibəyzadə 90 illik ömrünün 60 ilini məhz bu sahənin tədqiqinə həsr etdi. Salatın Əhmədli yazır: “Şumer mədəniyyətinin nadir incilərindən olan Şumer hekayələri haqqında da maraqlı elmi-tədqiqatlar aparıb”.
Salatın Əhmədli ümummilli liderimiz Heydər Əliyevin fıkrini xatırlatmaqla çox qaranlıq mətləblərə bir aydınlıq gətirir: “Biz Azərbaycanın çox zəngin tarixini yaratmalıyıq. Mən belə deyəndə bəzi tarixçilər cavab verir ki, biz onu yazmışıq. Yaratdıqlarınıza görə çox sağ olun. Təşəkkür edirəm. Ancaq Azərbaycan xalqının həqiqi tarixi yazılmayıb”. Bu qətiyyətli tapşırıqdan sonra müəllifin təbiri ilə desək, Elməddin Əlibəyzadə deyilən tarixin bünövrəsini qoydu. “Azərbaycan xalqının mənəvi-mədəniyyət tarixi” kitabını yazdı. “Bu qiymətli sənət abidəsi miladi tarixdən öncəki III-II minilliklərdən...islama qədərki dövrədək uzanıb qədim bir tarixi əhatə edir”. Burada bir məsələni də xatırladaq, bax elə bu kitabda Elməddin Əlibəyzadə “Novruz” və “ Qurban” bayramlarının on iki min ilə yaxın yaşı olduğu, onları şumer əcdadlarımızın keçirdiklərini əsaslandırıb. Maraqlıdır ki, bir çox folklorşünas alimlər də bu fikri faktlarla təsdiqləyirlər.
Salatın Əhmədli təhlilə çəkdiyi mövzunu həssas və dəqiqliklə şərh etməklə bərabər, monoqrafiyanın bütün səhifələrində bir vətəndaşlıq amalı və yanımı duyulur: “Elməddin Əlibəyzadə həmişə Azərbaycan tarixinin, xalqının, onun kökü-mənşəyi məsələlərinin, mənəvi-mədəniyyət abidələrinin keşiyində dayanan əsgər, komandir, general rolunu oynamışdır. O, ən tutarlı dəqiq elmi məlumatlara, tarixi mənbələrə, tədqiqatçıların əldə etdikləri elmi nailiyyətlərə diqqət yetirmiş və dünya elm xadimlərinin hər birinin türk, Azərbaycan xalqları haqqında, onların kökü, tarixi barəsində deyilənlərə bir-birindən maraqlı, yeni, elmi məlumatlar əlavə etmişdir.”
Elməddin Əlibəyzadə Nizamişünaslığa da öz töhfəsini vermiş alimlərimizdən biridir. “Nizami və tariximiz” adlı kitabında dahi şairin yaradıcılığına yeni baxışlar diqqət çəkir: “Nizami əsərlərini fars dilində yazsa da, onun əsərlərindəki elmilik, tarixilik Azərbaycan-türk ictimai mühitinin məhsuludur, o zamankı mənəvi təkamülün bəhrəsidir. Qonşu mədəniyyətlər də Nizamiyə müsbət təsir göstərə bilərdi. Əsas özül isə milli zəmin idi”. Salatın Əhmədli qəhrəmanının Nizami Gəncəvi ilə bağlı tədqiqat və araşdırmalarını çox diqqətlə öz fikir süzgəcindən keçirərək yazır: “Nizami yaradıcılığı bütöv bir tarıxdir.” Biz həqiqətən bu dərinliyi doğru-düzgün mənimsəyə bilsək, tariximizin çox açılmamış qatlarına işıq düşər.
Çoxcəhətli yaradıcılığa malik olan Elməddin Əlibəyzadənin qələmindən çıxan ən kiçik məqalədən başlamış sanballı monoqrafiyalarını, cild-cild kitablarını və bu fədakar alim barəsində yazılanları diqqətlə nəzərdən keçirən Salatın Əhmədlinin gəldiyi qənaətlər düşündürücüdür. “E. Əlibəyzadə türkoloq, dilçi, tarixçi kimi şöhrət tapmasaydı, elə ədəbiyyatşünaslıq sahəsində fəaliyyət göstərsəydi dünyamızın ilkin qaynaqlarından üzü bəri mənəvi sərvətlərimizin ədəbiyyatşünaslıq baxımından belə bədii təhlilini versəydi, bu sahədə qalacaq şəxsiyyət idi”.
Elməddin Əlibəyzadə bizim qürur duyduğumuz alim, millət sevdalısı olan bir şəxsiyyət idi. Mənəvi dəyərlərimizin qorunması yolunda qələmi ilə döyüşürdü. Belə bir şəxsiyyətin elmi fəaliyyəti və yaradıcılığı barəsində kitab yazmaq təqdirəlayiqdir. Belə bir fikir də var ki, öz ağlı, düşüncəsi, fəaliyyəti, mübarizəsi ilə millətinin , xalqının taleyinə işıq salmağı bacaran adamlar bəzən öz bəxtlərinə doğacaq günü heç görmürlər. Sağlığında paxıllığını çəkənlər onun bir çox dəyərlərdən-ünvanına gələ bilən titullardan, mükafatlardan uzaq salsalar da Elməddin Əlibəyzadənin adı tariximizdə əbədi həkk olub. Bax, elə bu qiymətli kitabınıza və etibarınıza görə də çox sağ olun, Salatın xanım!
Bu günlərdə Araz Əlizadənin millətimizin soy-kökünün türk
olmadığını iddia etməsi, mənə
ancaq bu sözləri
söylətdi: Elməddin müəllimin torpağı xəbər
aparmasın, goru çatlayar...
Kaspi.-2015.-25 noyabr.-S.15.