Xoşbəxtəm ki, bu millətin qızıyam

 

Aybəniz Haşımova: Rəhmətlik Heydər Əliyev mənə həmişə deyirdi ki, səni yalnız səhnədə görürəm, sən nə bilirsən prokuror olmaq nədir...

 

Əməkdar artist, Bülbüllər qrupunun yaradıcısı, səmimi insan Aybəniz Haşımova yeni ildə ilk müsahibimiz oldu. Sənətçi bizimlə söhbətində keçmişə səyahət edərək, bu günkü şou-biznesin olmazlarından da danışdı.

 

- Yeni ildə xoş gördük sizi, bayramınız mübarək. Aybəniz xanım bu ildən nələr gözləyir?

 

- Çox sağ olun. Bütün dünya azərbaycanlılarının bayramını təbrik edirəm. Qoy bu il hər kəsə ruzi-bərəkət, əmin-amanlıq gətirsin. 2015-ci ildə ən böyük arzum işğal altında olan torpaqlarımızın geri qaytarılmasıdır. Hesab edirəm ki, bunu hər bir Azərbaycan vətəndaşı arzulayır. Bu il solo konsert proqramı ilə çıxış etməyi düşünürəm. Allahın izni ilə bu konsert baş tutsa, çox sevinərəm. Bu ilə olan arzularım çoxdur, onlar saya gəlməzdir. İnşallah, yaşayarıq görərik.

 

- Necə bir konsert proqramı ilə çıxış etməyi düşünürsünüz?

 

- İfa etdiyim əsərlərin üzərində işləyib, yenidən tamaşaçılara çatdırmaq istəyirəm. Mənim ifamda ilk dəfə dinləyə biləcəyiniz mahnılar da həmin konsertdə yer alacaq. Tələbələrimlə səhnədə ustad dərsləri göstərmək niyyətindəyəm. Qoy xalqımız onları tanısın. Tələbələrimin ifasında görsünlər ki, bizim gənclərimiz nəyə qadirdirlər. Səhnədə yalnız solo konsert olacaq. Başqa sənətçilərlə səhnəni paylaşmağı düşünmürəm. Tələbələrim o qədər çoxdur ki, onlardan mənə vaxt qalsa, böyük şeydir (gülür).

 

- Hazırda hansısa bir əsər üzərində çalışırsınızmı?

 

- Son iki ildə 40-a yaxın mahnı ifa etmişəm. Bu səbəbdən 2015-ci ildə yeni mahnı ifa etməyi düşünmürəm. Oxuduqlarımı sanballı şəkildə ərsəyə gətirdikdən sonra tam rahat olmaq istəyirəm ki, bu mahnılar xalqa dəqiq çatdırıldı, ondan sonra yeni mahnılar haqqında düşünəcəm. Bunlarla bərabər, dahi bəstəkarlarımızdan Səid Rüstəmovun, Emin Sabitoğlunun, Oqtay Kazıminin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun, Qəmbər Hüseynlinin bir neçə bəstəkarların mahnılarını solo konsertimdə ifa edəcəyəm.

 

- Aybəniz xanım, prokuror olmağı arzuladığınız halda, tale sizi ifaçılıq sənətinə gətirib. Maraqlıdır, o illəri necə xatırlayırsınız?

 

- Ailədə dörd uşaq idik. Atam fəhlə olmasına baxmayaraq, bizi yaxşı dolandırırdı. Məni Heydər Əliyev bəyəndi. O, Gəncəyə qonaq gəlmişdi. Məni konsertdə bəyənibmiş. Oxuduqdan sonra mənə yaxınlaşıb alnımdan öpdü. O zaman təhsil naziri olan Lidiya Rəsulovaya dedi ki, bu uşaq mütləq Bakıya gəlməlidir. Evə gəldim, anam soruşdu ki, necə oxudun. Dedim heç bilmirəm, deyəsən yaxşı oxumadım, amma əl çaldılar mənə, ağlayan kukla da verdilər. O vaxtlar ağlayan kuklanı hər adam ala bilməzdi, almağa pulu olanda da tapa bilməzdi. Anam da dedi ki, əgər yaxşı oxumasaydın, əl çalmazdılar, bahalı kukla verməzdilər, deməli, yaxşı oxumusan. Heydər Əliyevin göstərişi ilə müsabiqə elan olundu. Çətin seçim oldu, uşaq həddən artıq çox idi. Birinci il müsabiqədə 10 min uşaqdan cəmi 9 uşaq qalib oldu. Baxın, seçim necə düzgün idi. Uzaqgörənlik, işdən başı çıxmaq budur. Könül Xasıyeva, Elçin Cəlilov, Zakir Əliyev, Nuriyyə Hüseynova, Könül Kərimova, Gülüstan Əliyeva, mən iki oğlan seçildik. Həmin iki oğlan sonra sənətdən uzaqlaşdılar. Müğənni olmaq istədiyimi eşidəndə valideynlərim etiraz etdilər. Sonra gecə ilə ulu öndər Heydər Əliyev məni Bakıya gətirtdi. Atam məni Bakıda qoyub qayıtdı. Çox darıxırdım, o gedən yola baxıb hey ağlayırdım. Anamgil Bakıya gəlməyə məcbur oldu. Onlar Bakıya gəldikdən sonra rahat dərsimə gedib-gəlməyə başladım. Ağlıma belə gətirməzdim ki, zamansa müğənni olaram. Bu gün öz-özümə düşünürəm, necə oldu ki, müğənni oldum. Sənətə gəlmək kimi məqsədim olmayıb. Mən Bakı Dövlət Universitetinə qəbul olunmuşdum. Bu xəbər rəhmətlik Heydər Əliyevə çatan kimi, bundan narazı qalıb. Göstəriş verib ki, məni oradan çıxartdırıb aparsınlar konservatoriyaya. Yəni mənim sənətdə olmağımı hökumət istəyirdi, ulu öndərimiz istəyirdi. Rəhmətlik ümummilli liderimiz mənə həmişə deyirdi ki, səni yalnız səhnədə görürəm, sən bilirsən prokuror olmaq nədir...

 

- Yeganə övladınız olan Aynişanla dost, yoxsa ana-övlad münasibətindəsiniz?

 

- Bu dünyada Aynişan mənim hər şeyimdi, atamdı, anamdı, yol yoldaşımdı. Atası rəhmətə gedən vaxtlar gecələr ağlamağımı anlayırdı. Bir gün axırda dözmədi otağa gəldi, onu görən kimi tez özümü yığışdırdım. 2 yaş yarımlıq idi, yanımda oturdu dedi ki, niyə ağlayırsan, Xalidə görə ağlayırsan, ağlama, o, gələcək. Mən ondan sonra evdə ağlamağı tərgitdim ki, uşaq bundan təsirlənməsin. Aynişan mənə görə çox əziyyət çəkib. Mənim yuxusuz gecələrimin oğrun-oğrun kənardan izləyən şahididir. O uşaq məni o qədər anlayır ki... Onun həm atasıyam, həm anası. Aynişan deyir ki, ana, sənə baxanda elə bilirəm ki, arxamda bir ordu dayanıb. Doğru da düşünür, çünki mən tək deyiləm, ordum var, bu, sevən insanlarım millətimdi. Mən bilirəm ki, hansı an çətinə düşsəm, millətim yanımda olacaq. Ona görə xoşbəxtəm ki, yaxşı, mən bu millətin qızıyam.

 

- Yaşlı sənətçilər deyirlər ki, bizim zəmanəmizdə tanınmaq çox çətin idi, bu gün isə şou-biznes bir oyuncağa çevrilib. Bu fikirlərlə razısınızmı?

 

- Əvvəllər şou-biznes deyilən bir şey yox idi. Bizim dövrümüzdə yalnız Azərbaycan mədəniyyəti incəsənəti var idi. Mənim üçün yenə bir tək Azərbaycan incəsənəti var. Danılmaz faktdır ki, bu gün vətənimizdə əsl şou-biznes yoxdur. Şəxsən mən onu görə bilmirəm. Bizim şou-biznesdə qalmaqaldan başqa heç yoxdur. Belə şou-biznes olar? İstəməzdim ki, musiqi mədəniyyətimizin adı dəyişilib şou-biznes olsun. Düzdür, hazırda dünyada şou-biznes deyilən bir sənət yayılıb. İstədilər ki, bizdə elə bir şey yaratsınlar. Amma bu gün sənət aləmi oyuncağa çevrilib, kimin pulu varsa, özünə sərmayə qoyub səsinin olmamağına rəğmən, efirlərdə mütəmadi olaraq görünür. Adını müğənni qoyub, öz aləmində guya oxuyurlar. Mən tamaşaçıları da qınaya bilmirəm. Necə ki keçid dövrü oldu, insanlar yaşam tərzlərini dəyişdilər, mədəniyyət aləmində qulaq tərzi dəyişdi. İnsanlar düşünür ki, əgər kimsə efirə çıxıb nəyisə müzakirə edirsə, deməli o, yaxşı ifaçıdır. Ancaq kimsə efirə çıxırsa, bu o demək deyil ki, yaxşı ifaçıdır. Azərbaycan mədəniyyətində belə bir qanun yoxdur. Əslində efirə yalnız dəyərli sənətçilər yol tapmalıdır. Bu xalq dahi sənətkarları sevən, onları göylərə qaldıran, qəlbində yaşadan xalqdır. İndi dəyişdi, baş verdi? Hər şeyi xalqın üstünə atmaqla da deyil. Bu gün xalqa nəyi təqdim edirsənsə, onlar onu o şəkildə qəbul edirlər. Nəzərə almaq lazımdır ki, efiri izləyən tamaşaçıların əksərinin musiqi savadı yoxdur. Musiqi savadı olan insanlar ifaçını dinlədikdə bilirlər ki, hansı notu düz oxudu, hansını yanlış. Ona görə tamaşaçılar düşünür ki, əgər bu, efirə çıxıbsa, deməli səsi mükəmməldir ki, onu bizə örnək göstərirlər.

 

Əzizim, pul qazanmaq yaxşı şeydir. Bizpul qazanmaq istəyirik, ancaq baxır nəyin bahasına. Ən azından hamımız bu millətin övladıyıq. Gəlin, bir az da dövlətin mənafeyini düşünək. Pul qazanmaq naminə, veriliş daim gündəmdə olsun deyə onu pullu edib yerli-yersiz adamları efirə çıxarmaq olmaz axı. Bu, deyil. O zaman özləri televiziyaları da ucuzlaşdırıb hörmətdən salmış olurlar. Nəinki televiziyaları, belələrinə görə hətta bütün müğənnilərin adlarını da ucuzlaşdırırlar. Sizcə, bu nə qədər doğrudur?

 

- Yəqin məhz elə buna görədir ki, son zamanlar sizi şou xarakterli verilişlərdə görmürük.

 

- Ümumiyyətlə, mən çalışıram ki, bir çox verilişlərə getməyim. Bunu özümə yasaq etmişəm. Əksər verilişlərə getmirəm. Hər kəs verilişlərimizin necə və hansı səviyyədə olduğunu gözəl bilir. Efir vasitəsilə verilişlərimizin ümumi səviyyəsini görürəm və orada iştirak etməməyə çalışıram. Hansı verilişdə ki qalmaqal yoxdur, məhz sənətkarın yaradıcılığına köklənib, o verilişlərdə iştirak edirəm. Qalmaqal olan verilişlərdə mənim nə işim var? 5-10 gün ömrüm qalıb. İşim-gücüm qurtarıb ki, gedim vaxtımı ona sərf edim? Ondansa, bir əsər götürüb onun üzərində çalışaram. Bilərəm ki, vaxtımı boşuna sərf etməmişəm.

 

Xəyalə Rəis

Kaspi.-2015.-7 yanvar.-S.12.