“Hər
yoldan keçəndən
Şaxta baba olmaz”
Tural Ələkbərov: “Şaxta baba personajına özün inanmalısan ki,
uşaqları da inandıra biləsən”
“Eh-he-he-yyyyy. Mənim əziz
nəvələrim, nəticələrim.
Qarlı dağlar aşaraq, çox ellər dolaşaraq, dağlarda qurdum dəyə, gəldim sizi görməyə...”
Bəli, bu dəfəki qonağımız
məhz təxmin etdiyiniz adamdır - boranlı qışın
simvolu olan Şaxta baba. Uşaqların sevimli qəhrəmanı
qarlı dağlar aşaraq çiynində hədiyyə dolu torba ilə gəlib. Uşaq yaşlarımızdan gəlişini səbirsizliklə
gözlədiyimiz Şaxta
babaya hədiyyə gətirən varlıq kimi baxırdıq. İndi nə qədər böyüsək də bəzilərimiz onun varlığına hələ
də inanırıq.
Özü də necə...
Müsahibimiz Bakı Uşaq Teatrının aktyoru Tural Ələkbərovdur. Həmsöhbətimiz nə yaşlıdır, nə də görməyə alışdığımız
digər şaxta babalar kimi kök
qarınlı. Onun 23 yaşı
olmasına baxmayaraq şaxta baba obrazını professional şəkildə
canlandırır.
9-cu sinifdən bu sənətdəyəm
T.Ələkbərov İmişli rayonunda anadan olub. Mədəniyyət və İncəsənət
Universitetinin rejissorluq
işi fakültəsini
bitirib. Deyir ki, hələ orta məktəbdə oxuyarkən Şaxta baba obrazı ilə tanış
olub: “Orta məktəbdə oxuyarkən
rayon tədbirlərində, mədəniyyət evlərində,
yeni il şənliklərində
şaxta baba obrazını canlandırırdım.
4-cü sinifdə dram dərnəyinə gedirdim.
Müəllimlər bilirdi ki, aktyor olmaq istəyirəm.
9-cu sinifdə mənə
dedilər ki, yeni il tədbirində şaxta baba olmaq istəyərsən?
Razılaşdım və o gündən
şaxta baba oldum. Həmin gün paltar
əynimə çox
böyük oldu.
Səsim
də o qədər qalın deyildi. Aşağı sinifin uşaqları
inandı. Amma yuxarı
sinif bilirdi ki, obrazı canlandıran mənəm.
O zaman işin məsuliyyətini tam anlamırdım.
Mənə asan görünürdü.
Düşünürdüm ki, paltarını geyindin, saqqalını düzəltdin və eheyyyyyyy dedin, qarlı dağlar aşdın, çox yerlər dolaşdınsa,
demək, sən şaxta babasan. Amma bu iş
göründüyü qədər
asan deyilmiş”.
Dalaşan Şaxta baba
Şaxta baba olmağın məsuliyyətindən danışan
həmsöhbətimiz bu
obrazın uculaşdırılmasından
şikayətləndi. Onun sözlərinə görə,
Şaxta baba kimi müdrik obrazı ucuzlaşdırmaq
uşaqların ona inamını, ümidini puç edir: “Şaxta baba bizim üçün adi görünə bilər. Amma uşaqlar üçün
böyük obrazdır.
Uşaqlar onun varlığına
inanır, arzularını,
istəklərini realaşdıracağına
ümid bəsləyirlər.
Ötən günlərdə televiziya kanallarının
birində şaxta babanı küçə
davasında çəkmişdilər.
Sözügedən süjetdə Şaxta
baba dalaşırdı.
Bu, düzgün deyil. Uşaqların ideal saydığı obrazı küçə
davasında təqdim etmək olmaz. Çünki uşaqlar onun
müdrik olduğuna inanırlar”.
Tural deyir ki, bu
obrazın ən sevdiyi tərəfi uşaqlara hədiyə paylamaq və onları sevindirməkdir:
“Marketlərin birində
Şaxta baba olmuşdum. Orada uşaqlara süd
paylayırdım. Uşaqlara verilən
balaca südlər onlar üçün böyük hədiyyə
idi. Şaxta babadan bu hədiyyəni aldıqda,
onlar da çox sevinirlər.
Uşaqlardan biri mənə dedi ki, “Şaxta baba, pəncərəyə
sənin üçün
məktub qoymuşam. Niyə gəlib götürmürsən?”.
Həmin
gün pis olmuşdum. Uşağa məktubu gətirəcəyimə
inandırmışdım və
hədiyyələrlə onları
sevindirməyə çalışırdım.
“ana, bax
gör, Şaxta baba mənə nə verdi” deyə hədiyələrini
sevincək şəkildə
valideynlərinə göstərirdilər.
Mən də uşaqları belə görəndə çox sevinirdim”.
Bu obraz ucuzlaşdırılır
Əsl Şaxta babanın rolunu necə oynaması haqqında mlumat verən həmsöhbtimiz deyir ki, bu işi
hər kəs bacara bilməz: “İnsan bu personaja
ilk növbədə özünü
inandırmalıdır. Özü inandıqdan
sonra uşaqları da inandıra bilər. Şaxta baba ən əsası harada səhnəyə çıxacaqsa,
ona uyğun hazırlaşmalıdır. Yəni getdiyi yerdə tamaşaçıların fərqini
bilməlidir. Edəcəyi zarafatlar bayağı, adi olmamalı, cümlələr qısa
və başa düşülən olmalıdır.
Çünki uşaqlar mürəkkəb
cümlələri sevmirlər.
Mən Şaxta babanı personaj kimi çox
sevirəm. Bu obraza bəzən özümü o qədər
inandırıram, düşünürəm
ki, kaş uşaq olaydım, Şaxta baba mənə də hədiyyə verəydi.
Amma təəssüf ki, indi yoldan keçənlər
şaxta babalıq edərək, bu obrazı ucuzlaşdırırlar.
Biz nə danışdığımızı
bilirik və hər zaman deyəcəyimiz sözə
diqqət edirik. Personajın ağırlığını, müdrikliyini qorumağa çalışırıq. Uşaqların ideal bildiyi obrazı
göstərmək istəyirik.
Yoldan keçənlər isə
necə gəldi danışır, personaja
uyğun olmayan zarafatlar edərək onu ucuzlaşdırır və uşaqların da gözündən salırlar”.
“O demək deyil ki, heyvanam...”
İşin keyfiyyətinə üstünlük
verən təşkliatçların
professionalları seçdiyini
vurğulayan həmsöhbətimiz
deyir ki, təşkilatçılar bəzən
onun gənc olduğunu görüb təəccüblənirlər: “Tamaşaçı özü
baxanda kimin professional,
kimin yoldan keçən olduğunu anlayır. Dəvət olunanda təşkilatçılar
çox vaxt professionla ehtiyac duyurlar. Bəzən mən gedəndə
yaşıma və bədən quruluşuma baxırlar. Çoxları düşünür ki, Şaxta baba ancaq yaşlı,
kök və qarınlı olmalıdır.
Amma mən nə kökəm, nə də qarınlı.
Aktyor ona verilən rollara hazır olmalıdır. Mən teatrda
müxtəlif heyvanları
da canlandırmışam.
O demək deyil ki, heyvanam. Biz
təklif olunan vəziyyəti dəyərləndiririk
və baba obrazının öhdəsindən
layiqincə gəlirik”.
“Yoldan keçəndən Şaxta
baba olmaz”
Sənətinin çətin tərəflərindən
danışan müsahibimiz
deyir ki, insanların cahil hissəsi onların işinə mane olur: “Bu sənətin çətin
tərəfləri insanların
cahil hssəinin törətdiyi maneələrdir.
Bəzi insanlara elə gəlir ki, Şaxta baba paltarını kim geyinsə,
onunla məzələnmək,
söz atmaq, saqqalını dartmaq olar. Bu sənətin çətinliyi elə insanlara tab gətirmək və onlarla mübarizə aparmaqdır.
Başa düşmürlər ki,
biz də insanıq və işimizi görürük. Uşaqlarla heç
bir çətinliyim olmur. Uşaq teatrında çalışdığım
üçün artıq
onların psixologiyasna
bələdəm. Şaxta baba
olmağın dərinliyini
mənə Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltan izah edib.
Biz demək olar
ki, bütün personajların kimliyini, uşaqlar üçün
vacibliyini ustad dərslərində keçirik
və hələ də öyrənəcəyimiz
çox şeylər
var. Bu baxımdan düşünürəm
ki, hər yoldan keçəndən Şaxta baba olmaz”.
Gəlir nə qədərdir?
Gənc Şaxta baba bu peşənin gəlirindən də danışdı. O deyir ki, hər qiymətə
Şaxta baba tapmaq mümkündür:
“Yoldan keçən şaxta babalar üçün qiymət
fərqi yoxdur. Onlar 10-15 manata bu “işi”
görürlər. Bəzən bizə
zəng vururlar, qiymət deyirik. Deyirlər bahadır, filankəslər
bu qiymətə gəlir. Bizim də cavabımız o olur ki, sizə
kim sərf
edir, onunla işləyin. Amma keyfiyyət eyni
olmayacaq. O qədər
olub ki, pulsuz xeyriyyə tədbilərinə getmişik.
Pula görə hər yerə getməyimiz də ehtiyacdan irəli gəlir. Aktyorun maaşı təəssüflər
olsun ki, çox azdır. Məcbur olub bəzən ucuz qiymətə də razılaşırıq.
Şaxta babalar ən az
1 həftə fəaliyyət
göstərirlər. Ən çoz
qazanc isə 1000 manat olur. Qiymətlər ümumilikdə 10 manatdan başlayır və 500 manatadək davam edir. Əgər şaxta baba bayram günü gecə 12 də dəvət alırsa, bu zaman orta
qiymət 50-100 manat arasında dəyişir”.
Müsahibimiz sonda başına
gələn maraqlı
hadisələrdən birini
də danışdı:
“Yeni il ərəfəsində evlərdən
birinə dəvət
almışdım. Evdə uşaqları
inandırmışdılar ki, Şaxta baba gələcək.
Ev uzaq olduğu üçün paltarlarımı
götürmüşdüm ki evdə geyinim.
Qapını döydüm, uşaqlar
da qapıya gəldi. Əlimdə paltarı görüb
mənə inanmadılar.
Dedilər ki, sən yalançı şaxta babasan. Nə qədər etdiksə,
uşaqları inandıra
bilmədik. Uşaqlara dedilər
ki, guya mən ustayam. Çölə çıxıb paltarımı dəyişdim.
Yenə də inanmadılar. Axırda dedim ki, guya mən
Şaxta babanın köməkçisiyəm, Şaxta
baba bir azdan gələcək”.
Aygün ƏZİZ
Kaspi.-2015.-9 yanvar.-S.20.