Rənglərin qəriblik nəğməsi

 

Əli bəy Hüseynzadə və övladlarının yaradıcılığı haqqında

Taleyin amansız hökmü ilə ötən əsrin əvvəllərində dünyanın müxtəlif guşələrinə səpələnmiş azərbaycanlılar arasında rəssamlar da az olmayıb. Bir zamanlar ilğım saydıqları Vətən həsrəti uzun illər ərzində onlar üçün acı həqiqətə çevrilib. Həmin sənətkarların bir qismi hələ də bu ayrılığın mənəvi-psixoloji yükünü çəkə-çəkə arzu və ümidlərinin işığına doğru getməkdədirlər. Bəziləri isə artıq dünyasını dəyişmiş, nə vaxtsa gördükləri nikbin nəğmə çələngi ümidsizlik axarına düşüb, itib-batmışdır. Respublikamızda kommunist ideologiyasına xidmət edən sovet rejiminin mövcudluğundan zamanında xalqımız həmin yaradıcı soydaşlarımızdan xəbərsiz olublar. Yalnız son bir qərinənin ictimai-siyasi hadisələri bizə dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlı sənətkarlarla əlaqə yaratmağa, onların yaradıcılığı ilə əyani tanış olmağa imkan vermişdir. Yalnız 1989-cu ildə Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyində xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət “Əzizim Vətən yaxşı...” adlı sərgi təşkil edildi, əvvəllər təbliği qadağan olunan soydaşlarımızın yaradıcılığı ictimaiyyətə təqdim olundu.

 

ŞEYXÜLİSLAMIN NƏVƏSİ

 

Həyat və yaradıcılığı qürbətdə keçmiş sənətkarlar arasında xalqımızın ictimai fikir tarixində mühüm rol oynamış, milli bayrağımızın ideya müəllifi Əli bəy Hüseynzadənin (1864-1940) bədii irsi xüsusilə maraq doğurur. O, təsviri sənət tariximizi zənginləşdirəcək əsərlər yaratmaqla yanaşı, incəsənət haqqında qiymətli fikirlər qoyub gedib. Bunların bir qismiFüyuzat” jurnalında çap olunan “Qırmızı qaranlıqlar içərisində yaşıl işıqlar” (1906) məqaləsində öz əksini tapıb. Onun yazılarından həm də məlum olur ki, o, hələ Tiflisdə ana babası, Qafqaz şeyxülislamı Əhməd Salyaninin himayəsində yaşayan zaman rəssamlığa maraq göstərmişdir. Çox güman ki, ilk sənət vərdişlərini də Tiflis gimnaziyasında oxuyarkən almışdır. Təbii ki, onun belə bir hazırlığı olmasaydı, o, Peterburq Rəssamlıq Akademiyasına qəbul olunmağı arzulamazdı. Lakin son anda o, tərəddüd keçirmişPeterburq Universitetinə üstünlük vermişdi. Onun bizim günlərə gəlib çatmış bədii irsi o qədər də zəngin deyil. Bu irsin bir qismi vaxtilə Parisdə yaşayan və bir-neçə il əvvəl dünyasını dəyişən oğlu Məmmədsəlimin ailəsində, bir qismi isə hazırda İstanbulda yaşayan rəssam qızı Feyzavər xanımdadır. Azərbaycanda isə onun cəmisi üç əsəri qalıb. Bunlardan biri portret janrında işlənib. Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasında nümayiş etdirilən bu əsərdə Əli bəyin babası şeyxülislam Əhməd Salyani təsvir olunub. Portret 1900-cu ildə Türkiyədə yağlı boya ilə çəkilib. Əli bəy həyatının ən çətin anlarında belə bu portretdən ayrılmayıb. Türkiyədə gənc türk inqilabçılarının yaratdıqları “İttihad və tərəqqi” təşkilatının fəal üzvü kimi təqib olunduğunu hiss edən Əli bəy İstanbulu tərk edib Hindistana gedəndə də özü ilə götürdüyü ən əziz əşyalardan biri bu portret olub.

 

Digər lövhə isə görkəmi ancaq yaşlı nəslin xatirəsində yaşayan məşhur Bibiheybət məscidinə həsr olunub. Əsər təxminən 1905-1907-ci illərdə işlənib. Otuzuncu illərdə insafsızcasına dağıdılmış məscidin real təsvirinin bizə gəlib çatması maarifpərvər milyonçumuz Hacı Zeynalabdin Tağıyevin uzaqgörənliyi sayəsində olmuşdur. Deyilənə görə, Bakıdakı ingilis konsulunun mənzərəni alıb Londona göndərmək istəyini eşidən Hacı pul verib “Qədim məscidimizin şəkli öz şəhərimizdə qalmalıdır” deyib. Beləliklə, əsər Azərbaycanda qalıb və hazırda bu tablo da incəsənət muzeyində göstərilir.

 

Onun üçüncü qrafik əsərində isə ağbirçək qadınla kiçik yaşlı qız uşağı təsvir olunub. Bu əsər Ə.Hüseynzadənin doğma Azərbaycanı həmişəlik tərk etdiyi 1910-cu ildə Salyanda çəkilib. Yüksək professionallıqla karandaşla çəkilmiş bu qrafik lövhədə Əhməd Salyaninin həyat yoldaşı Hüsniyyə xanımın xalası qızı, 75 yaşlı Nisə nənə və Əli bəyin qardaşı İsmayıl bəyin 11 yaşlı qızı Böyükxanım bədii görkəm alıb. Hazırda əsər görkəmli mənzərə ustası Səttar Bəhlulzadənin bacısı oğlunun ailə kolleksiyasında saxlanılmaqdadır...

 

Rəssamın Türkiyədə yaşayan qızında qalan əsərlərin arasında “Atatürkün portreti” (1930), “Şeyx Şamilin portreti” (1916) və s. əsərləri bədii tutumunun kamilliyinə görə diqqət çəkir. Ə.Hüseynzadə ötən yüzilliyin ilk illərində yaratdığı bu əsərləri ilə özünün XX əsr Azərbaycan rəngkarlığının banisi olduğunu təsdiqləmişdir.

 

VƏTƏNSİZLİYİN RƏNGLƏRLƏ ƏKSİ

 

Əli bəy Hüseynzadənin yeganə oğlu Məhəmmədsəlim Turan (1915-1993) ömrünü Parisdə keçirib. İxtisas təhsilini Türkiyə Rəssamlıq Akademiyasında (1935-1938) alıb və 1939-1947-ci illərdə Türkiyənin müxtəlif bölgələrində müəllimlik etmişdir. Çəkdiyi tabloya görə 1941-ci ildə Ankarada təşkil olunmuş sərgidə birinci mükafata layiq görülmüşdür. Sonralar Avropanın müxtəlif ölkələrini gəzmiş, ayrı-ayrı rəssamlıq meylləri ilə yaxından tanış olmuşdur. rəssamın yarım əsrdən çox bir dövrü əhatə edən yaradıcılığı axtarışlarla zəngin olub. Mövcud rəssamlıq üslublarında və meyllərində özünü sınayıb, maraqlı əsərlər yaradıb. O, sənət aləmində ovqat daşıyıcılı qrafik lövhələrin, divar rəsmlərinin, orijinal biçimli heykəllərin müəllifi kimi tanınır. Bu əsərlərin çoxu dünyanın müxtəlif muzeylərində saxlanılır. BordoSarbonna universitetlərini bəzəyən divar rəsmlərində onun monumental duyumu, sənətlərin sintezi probleminə bələdçiliyi hiss olunur.

 

Onun yaradıcılığını işlətdiyi rənglərə görə müxtəlif dövrlərə bölmək olar. Bu bölgüdə ağ-qara rənğlərin “hökmranlıq” etdiyi mərhələ xüsusilə seçilir. Rəssamın qənaətincə, bu rənglərin qarşılaşması kədərlə sevincin, ümidsizliklə işıqlı arzuların mübarizəsidir. Onun əsərlərinin rənğ həllinə diqqət yetirdikdə əmin olursan ki, ancaq ilk baxışda yaşıl da, qırmızı da, sarı da, ğöygördüyümüz kimidir. Çünki, rəssam onların “qanına” qaralığı, bozluğu elə hopdurub ki, istər-istəməz rənglərin kədər yükü ilə qalandığına şübhə qalmır. Qaralmış ağacların bozarmış maviliyi sivri qılınc kimi kəsib keçən ifadəli silueti, saralmış güllərin boynu bükülüyetim” görkəmi bu mənada tamaşaçını düşündürür...

 

M.Turanın yaradıcılığında portret janrı xüsusi yer tutur. Özündə otuza qədər müxtəlif yaşlı, müxtəlif taleli adamların obrazlarını birləşdirən “Qəriblər” silsiləsində onun insan psixologiyasına bələdçiliyi duyulur. Onun təxəyyülü sayəsində yaratdığı şair M.P.Vaqifin portreti bədii şərhinə görə maraq doğurur. Sovet dönəmində Parisdə Azərbaycan incəsənət ustalarının uğurlu çıxışı rəssamın yaddaşında dərin iz buraxıb. Tamaşa etdiyi hər bir musiqi nömrəsi bəlkə də ömrünün üstünə neçə aylar, illər əlavə edib. Onun bəyaz koloritli “Rəqqasə” (“Zitta Babazadənin portreti”) əsəri də həmvətənləri ilə görüşdən bir xatirədir.

Bu gün Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində həm Əli bəyin, həm də onun oğlu Məhəmmədsəlimin əsərləri qorunur. Yəqin ki, nə ata, nə də oğul bir vaxtlar bunu heç ağıllarına belə gətirə bilməzdilər. Ancaq onların ölkəmizin müstəqilliyini yaşadığı indiki bir dövrdəki mənəvi görüşü sözsüz ki, ilğım yox, əsl həqiqətdir. Böyük sənətin uğurlu sonluğu həmişə belə olub.

 

DÜŞÜNCƏLƏRİN “ŞAHMARAN”LA İFADƏSİ

 

Əli bəy Hüseynzadənin oğlu Məhəmmədsəlimdən başqa Səidə və Feyzavər adlı iki qız övladı da vardı. Səidə (1914-2000) qardaş-bacısından fərqli olaraq dəqiq elmlərdən birinə - riyaziyyata üstünlük vermişdi. Onun kiçik bacısı Feyzavər (1920) isə əksinə, taleyini rəssamlığa bağlamağa qərar vermişdi. Təbii ki, bunu şərtlənirən başlıca səbəblərdən biri onun göz açdığı evdə atasının vaxtaşırı molbert arxasına keçməsi, balaca qızın marağına və heyrətinə səbəb olan əsərlər yaratması olmuşdu. Onun Üsküdar qız sənət məktəbində təhsil almasının ardınca İstanbul Gözəl Sənətlər Akademiyasına qəbul olunması da bu həvəsin onda ciddi münasibətə çevrildiyinin göstəricisi idi. Təəssüf ki, elə həmin – 1940-cı ildə atasının vəfatı onun yaşadığı sevincə heç vaxt unudulmayacaq bir kədər qatır. İçində gəzdirdiyi atasızlıq yaşantıları ilə bir-neçə il Türkiyənin tanınmış rəssamlarından peşəsinin sirlərinə yiyələnən Feyzavər buranı diplom almadan tərk etmək məcburiyyətində qalır. Bunu şərtləndirən səbəb onun ərə getməsi olmuşdur. İstanbul polis idarəsi rəisinin müavini Məhəmmədəli Alpsarla ailə həyatı quran Feyzavər bundan sonra ev xanımı olmuş, içində bu günə kimi gəzdirdiyi sənət sevgisiniev çərçivəsində ifadə etməyə başlamışdır. Şəhərin tanınmış simalarından sayılan əri isə bunu təqdir etmiş, onun yaradıcılığını davam etdirməsinə imkan yaratmışdır. Beləliklə, Feyzavər xanımın onun həyatını duyulası dərəcədə zənginləşdirən yaradıcılıq dövrü başlanmışdır.

 

Övlad üzünə həsrət qalan və həyatı əsasən mənzil çərçivəsində davam edən Feyzəvar xanımın yeganə məşğuliyyəti ev qayğıları və rəssamlıq olmuşdur. Amma elə gətirmişdir ki, onun vaxtaşırı yaratdığı sənət nümunələri yaşadığı evin çərçivəsini tərk etməmişdir. Rəssam-xanımın mənzilinin divarlarından asılmış bu əsərlərin bəzilərini yalnız bura gələn dost-tanış və qohum-əqrəbadan başqa görmüşdür. Obyektivyaxud da subyektiv səbəblərdən o, bu əsərləri ictimaiyyətə göstərməyə tələsməyib. Yalnız həyat yoldaşının vəfatından, bu əsərləri görən və dəyərləndirən insanların davamlı təkidindən sonra o, zaman-zaman toplananaraq dəyərli bədii irsə çevrilən bu əsərləri sərgiləməyə qərar vermişdir. Beləliklə, 2008-ci ildə ilk dəfə onun İstanbulda fərdi sərgisi açılmışdır. Bu vaxta qədər Feyzavər xanımın 7 fərdi sərgisi təşkil olunmuşdur. Bu ilin dekabr ayında İstanbulun məşhur Taksim meydanındakı “Əllər” qalereyasında onun növbəti fərdi sərğisi təşkil olunmuşdur. Burada 94 yaşlı rəssamın 36 əsəri göstərilmişdir. Sərginin açılışında Azərbaycanın İstanbuldakı konsulluğunun nümayəndələri, sənət adamları iştirak etmiş, qocaman rəssamın böyük şövqlə yaratdığı əsərlərə heyranlıqla tamaşa etmiş və onların özünəməxsus bədii-estetik dəyər daşıdığını vurğulamışlar. Doğrudan da Feyzavər xanımın ərsəyə gətirdiyi əsərlər həm mövzusuna, həm də icra texnikasına görə çox orijinaldırlar. Belə ki, onların çoxu dəri üzərində işlənilmişdir. Əsərlərin əsasən Anadoluda xalq arasında geniş yayılmış “Şahmaran əfsanəsi”nə həsr olunması da onların özünəməxsus xüsusiyyətlərindəndir. Başqa sözlə desək, rəssam öz duyğu və düşüncələrini bu əfsanənin baş qəhrəmanının timsalında, onun davranışı və hərəkətləri ilə ifadə etməyə çalışmışdır.

 

Əfsanəyə görə ilan vücudlu-qadın başlı bu qəhrəman ağıllı və duyğulu bir obrazdır. Maran adını daşıyan ilanlar şahzadəsi gənc və gözəl qadın olmaqla mövcud olduğu məkanda çoxsaylı hadisələrin iştirakçısı olduğundan bu vaxta qədər zaman-zaman yaradılan təsviri sənət əsərlərinin, yazılan hekayə və nağılların əsas qəhrəmanı olmuşdur. Amma Feyzavər xanım qarşısına bu əfsanənin və onun qəhrəmanının əməllərini təbliğ etmək yox, bu qaynaqdan özünün yaşantılarının bədiiləşdirilməsində ona yardımçı ola biləcək dəyərləri əxz etməyi qoymuşdur. Başqa sözlə desək, başlıca olaraq özündə Xeyirlə Şərin mübarizəsini hifz edən “Şahmaran” zənğin məna-məzmun daşıyıcısı kimi rəssamın dünyaya özünəməxsus baxışları və onun fikirləri ilə həmahənğ səsləşən bir mənəvi-estetik qaynaqdır.

Rəssam öz düşüncələrini təsviri sənət əsərlərinin ərsəyə gətirilməsi üçün səciyyəvi olan kağızda və həm də bu sahədə az-az istifadə olunan dəri üzərində yaratmışdır. Özünün etirafına görə misirli tanışlarından birinin İstanbuldakı evində gördüyü dəri üzərində rəsm əsəri onu bu materialdan istifadə etməyə sövq etmişdir. Amma Feyzavər xanımın bu materiala münasibəti gördüklərindən çox fərqli olub. Belə ki, o, dərinin kətan funksiyasını saxlamaqla, onun ümumi görüntüsünə yeni və fərqli forma-biçim verməyə nail olmuş, təkcə elə təqdimatına görə əsərlərinin duyulası cəlbediciliyinə nail olmuşdur. Rəssamın öz kompozisiyalarını qaval formasında həll etməsini yəqin ki, onun özünəməxsus tapıntısı saymaq olar. Onun bəzən bu dairəvi formanın kənarlarına yarım qövs şəklində kəsimlə cəlbedici ritm verməsi də Feyzavər xanımın forma-biçim axtarışlarının davamlı şəkil almasının görüntüsüdür. Bundan əlavə onun düzbucaqüçbucaq formalı dəri-təsvirləri bəyaz saplarla ağac-çərçivələrə bağlaması da forma-biçim baxımdan çox orijinaldırlar. Rəssam dəri üzərindəki əsərlərini qarışıq texnikada işləmiş, daha çox karandaşsulu boyadan istifadə etmişsonda təsvirlərin şuxluğunun ömrünü uzatmaq üçün üzərini şəffaf lak məhlulu ilə örtmüşdür.

 

OnunŞahmaran” silsiləsini 250-yə yaxın əsər təşkil edir. Onların əksəriyyətinin mərkəzi və fikir daşıyıcı fiquru ilan vücudlu, insan-qız başlı Şahmarandır. Lakin bu Şahmaranlar nə qədər çox olsalar da, hər biri fərqli bədii tutumdadır. Təbii ki, bunu şərtləndirən səbəb onların hər birinin daşıdığı konkret məna-məzmun yükü olmuşdur. Yəqin ki, Şahmaranın əsərdən-əsərə fərqli ovqatda olması da bundan irəli gəlmişdir. Onun həm uçan vəziyyətdə, həm də bədəni güllərə bələnmiş halda görüntüsü, eləcə də Şahmaranın quyruğunu şaxə qaldırması və üzərində quş gəzdirməsi onun qəzəbli və həlim durumundan xəbər verir. Əli qavallı, ağzı neyli, başı gül-çiçəkli Şahmaranlar da Feyzavər xanımın əfsanəyə fərqli baxışının, ədəbi mətni özünəməxsus oxunuşunun ifadəsidir. Ən müxtəlif bədii-estetik tutuma malik bu Şahmaranların ən rəmzi-şərti atributlarla əhatələnməsi də süjetlərin məna-məzmun tutumundan irəli gəlmişdir. Bu mənada kompozisiyalarda yer almış yer kürəsinin, planetlərin, ay-ulduzun, nəbati ornamentlərin, gül-çiçəklərin, meyvələrin, müxtəlif quşların, məişət əşyalarının təsvirini qeyd etmək olar. Əslində rəssam düşüncələrinin bədii tutum almasına xidmət edən bu çeşidli detalatributlar müəllif təfsirində rəmzi məna daşımaqla, öz şahzadəlik imkanlarını haqqın qələbəsinə, ədalətsizliyin aradan qaldırılmasına yönəldən Şahmaranın həyat-tərzindəki təzadlı məqamlarla üst-üstə düşür, səsləşir. Bu səbəbdən Feyzavər xanım ərsəyə gətirdiyi hər yeni əsəri ilə içində gəzdirdiyi hansısa ağrılı yaşantıdan azad olmuş kimi görünür. Bunun bədii-estetik tutum almış görüntüsünün çoxsaylı tamaşaçıların zövqünü oxşaması, onları duyğulandırması, ovqat selinə bələməsi isə müəllifin öz məqsədinə yetişdiyini təsdiqləyir...

 

SON SÖZ ƏVƏZİ...

 

Yola saldığımız ilin son ayında İstanbulu ziyarətim zamanı Feyzavər xanımın “Əllər” qalereyasında təşkil olunan sərgisinə heyranlıqla tamaşa etdim. Özü ilə tanışlığımı və onunla bir-neçə saatlıq söhbətimi də yəqin ki, ömrümün sonuna qədər həyatımın ən unudulmaz anlardan hesab edəcəyəm. Onun ata yurdunda heç vaxt olmadığını və ailə üzvləri barəsində səsi qırıla-qırıla danışmasının heç vaxt yaddan çıxmayacağı da birmənalıdır. Görüşümüz zamanı o, atası və qardaşı ilə birlikdə özünün sərgisinin Bakıda təşkilini çox arzuladığını da bildirdi. Düşünürəm ki, bu həyata keçməsi çox da çətin olmayan bir məsələdir. Amma bu işdə gecikmək olmaz. Unutmayaq ki, Feyzavər xanım artıq ömrünün 95-ci baharını yaşamağa başlayıb. Ayrılanda doğma vətəninin baş muzeyinə bir əsər ərməğan etmək istədiyini dilə gətirdi və mənə bu missiyanı yerinə yetirməyi xahiş etdi. Beləliklə, onun dəri üzərində çəkilmiş “Şahmaran”larından biri artıq Azərbaycandadır. Düşünürəm ki, əsərin ardınca biz Feyzavər xanımın da Bakıya gələcəyinə şahidlik edəcək, onu doğma vətənində təşkil olunacaq “Turanların ğörüşü” sərgisində görə biləcəyik...

 

Ziyadxan Əliyev

Əməkdar incəsənət xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Kaspi.-2015.-10-12 yanvar.-S.16.