“Körpüdə ümid”
haqqında
Ədəbi, tarixi-siyasi, sosial-fəlsəsi, dini-əxlaqi və didaktik mahiyyətli orijinal roman
“Adam başa düşüləndə nə qədər yüngülləşərmiş, milyon nəfərdən biri səni başa düşürsə, özün kimi anlayırsa, bu, elə xoşbəxtliyin əlifbasına yazılan qaydadır. Vay o gündən fikrən təklənəsən… Başadüşülməmək dərdi – bütün dövrlərin ağlı başında olan adamlarının əsas bədbəxtliyi deyilmi?” (“Körpüdə ümid” romanından)
Yazıçı Natiq Məmmədlinin yenicə çapdan çıxmış “Körpüdə ümid” romanı ədəbi mühitdə mühüm hadisə kimi qiymətləndirilə bilər.
Dərin müşahidə qabiliyyəti, obrazların ustalıqla dindirilməsi və bu zaman dilimizin zəngin söz ehtiyatından səxavətlə istifadə olunması, təbiət təsvirləri, ən əsası, günümüzün reallıqlarının həddən artıq aydın və canlı üslubda ifadəsi, milyonlarla insanın ürəyindən keçənlərin sadə və obrazlı dillə oxucuya çatdırılması, gündəlik həyatımızdakı çatışmazlıqların, xurafatın, cəhalətin qamçılanması, düzlüyə, düz sözü deməyə, ədalətə, vətənpərvərliyə, milli birliyə çağırış, köləliyə və əsarətə nifrət, siyasi arenada ikili standartlara etiraz və s. əsərin başlıca məziyyətlərindəndir.
Yazıçı həyatdan götürdüyü hadisələri, müşahidə etdiyi faktları sistemləşdirərək dinamik inkişafda təsvir edib. Bu məqsədlə o, peyzajlardan, insan portretlərindən, əşya təsvirindən hadisənin məzmununa, gedişinə uyğun istifadə etməklə əsərin bitkin kompozisiyasını yaradıb.
Həcmi kiçik, mahiyyəti böyük olan romanda bir çox mətləblərə toxunulub. Romanın didaktik və ibrətamiz mahiyyətdə olması, zamanla ayaqlaşması onu daha da əhəmiyyətli edir: “Sürünmək üçün yarananlar heç vaxt uça bilməzlər. Xislətində qorxaqlıq olanların dediyi söz düz olsa belə, elədiyi yaxşılıq matah olsa belə, riyakarlıq kimi görünəcək, başqa heç nə”, yaxud: “Görünür, qorxaq adamlar da ölümə tərəf gedəndə cəsarətin dadına baxmaq istəyirlər”.
Yer üzündə yaşayan hər bir canlının rahat və təhlükəsiz yaşaması üçün özünə bir sığınacaq, bir yurd salması məlumdur. Bir fərd kimi insanların yuvası ev, millət kimi vətəndir. Din, dil, mədəniyyət, tarix birliyi, tərbiyədə, adət-ənənələrdə ümumilik milləti formalaşdırır. Mədəniyyət və varlıqları yer üzündən silinib gedən, azadlıq və istiqlaliyyətlərini itirən neçə-neçə millətlərin mövcudluğu tarixdən bizə məlumdur. Vətən olmadan millətin ayaq üstə durması mümkün deyil. Bir millətin var olması, mövcudluğunu davam etdirə bilməsi yalnız vətəninə sahib olması ilə mümkündür. Bizi şəfqətli ana ağuşu kimi bağrına basan bu torpaqları düşmənə tapdatmamaq, torpağın altında yatanları narahat etməmək, üstündəkiləri isə zillət və əsarətə salmamaq üçün bir yumruq kimi birləşərək canla-başla səy etmək hər birimizin borcu və vəzifəsidir. Sözdə “Vətən” qışqırıb əməldə kəsalətə və cəhalətə sürüklənənlər, dünya malına aldanıb intriqaya yuvarlananlar, hər cür şərəfsizliyə razı olanlar bu mənada istisnadırlar. Qorxaq, riyakar, nadürüst adamdan vətənpərvər çıxmaz. Beləsi potensial kölədir. Gəlin, romandan bir parçaya diqqət edək:
“ “Vətən” sözü əslində sözlərin içində ən düzüdü, bəlkə də düzlükdə birincisidi, amma yararsız adamların dilində o qədər çox işlənir ki, düzlükdən çıxır, qədir-qiyməti olmur; onu o qədər çeynəyiblər ki, məqamı gələndə də, dilinə gətirmək istəmirsən, qorxursan ki, sən də dönüb olasan haray-həşirin bir tayı. İçi boş, gurultulu sözlərdə heç vaxt səmimilik olmayıb, onların hamısı özlərində olmayan şeylərdən danışırlar. Vətəndən danışan, xala xətrin qalmasın onun qabağına bir “ana” sözü də artırıb ağzı köpüklənən adamların dərhal ürəyinə boylan, orada qorxaq, hürkək, riyakar, üzə bir, astarı iki sifətlər, hazırlanıb öz növbəsini gözləyən min cür maskalar görəcəksən…Yalanlarını üzlərinə de, qoy qızarsınlar, qoy bozarsınlar…”
Əgər millət və vətənimizi sözün həqiqi mənasında seviriksə, bu mübarək Azərbaycan torpaqları üzərində milli birlik, sülh və əmin-amanlıq içərisində əbədi olaraq yaşamaq istəyiriksə, öz milli kimliyimizi mühafizə etməli, bir-birimizə hayan olmalı, avamlığa, cəhalətə, savadsızlığa yox deməli, irs və namusumuza bağlı olmalıyıq. Bütün şəraitlərdə əvvəlcə dövlətimizi, yaşadığımız cəmiyyəti və sonra özümüzü düşünməliyik. Hamımız dərk etməliyik ki, bu vətən hər şeyi ilə bizimdir. Maddi-mənəvi sıxıntılarımızı dəf etməklə bir-birimizə yaxınlaşmalı, daxili və xarici düşmənlərimizə qarşı vətənimizə sahib çıxmalıyıq. Tamahkarlıq, həsəd, bir sözlə, mənəviyyatın aşağısında dayanan bütün mənfiliklərdən özümüzü arıtlamalı, öz qeydimizə özümüz qalmalıyıq.
Aramızdakı Qırmızı Xuduları, Burun Qasımları, Qələm Bəkirləri, Yoğun Minələri özümüz islah etməliyik. Bəli, yalanlarını üzlərinə deməliyik ki, xəcalət çəkib pis əməllərindən daşınsınlar. Özümüz özümüzə yiyə durmasaq, Şərq, yaxud Qərb istiqamətində təslimiyyəti seçib “Baş əymək üçün səmtin nə fərqi var, təki başımız salamat olsun” desək, Ümid piri qarışıq, Pont hökmdarı Mitridatla Roma sərkərdəsi Pompeyin ordularının bizə müstəmləkəçilik və köləlik rəzaləti yaşatmaqdan başqa faydaları olmayacaq.
Romanda ölümün öz torpağında kölə kimi yaşamaqdan, “körpü xalqı” olmaqdan üstün olduğu fikri dəstəklənir:
“Öldürmək asan yoldu, çoxumuzu qul edəcəklər. Öz torpağında qul kimi yaşamaq! ... Mən Şərqdən gələnlərin də, qərblilərin də xəritələrini görmüşəm, bizim kəndin əvəzinə balaca bir körpü şəkli çəkiblər, hərəsi də öz bayrağını həmən körpünün üstünə sancıb, bizə də öz aralarında körpü xalqı deyirlər”.
Yazıçıya görə, əcdadımızın mədfəni və övladımızın məskəni olan Vətən torpağının iki metri ilə iki faiz, yaxud iyirmi faizinin heç bir fərqi yoxdur. Yəni Vətən deyib üstündə yaşadığımız torpağın hər qarışı bizim üçün müqəddəsdir: “Nə fərqi var, iki metr, iki faiz, ya iyirmi faiz, torpaq elə torpaqdı”.
Tarix yaddaşsızlığı əfv etmir. Keçmişi bilmədən gələcəyin effektli konturunu cızmaq müşkül məsələdir. Roman müəllifi dönə-dönə vurğulayır ki, keçmişini bilən, ondan qaçmayıb, ondan öyrənən adamlar babalarının əyər-əskiklərini bir də təkrarlamaz, keçmişlərinin qaramatını təmizləyib onun kölgəsində daha gözəl gələcək qurarlar: “Yalnız keçmişindən utanan insanlar ümidlərini itirən vaxt gələcəklərini bilmək istəyirlər, gələcək üçün tələsirlər. Gələcəklərini dəyişə-dəyişə özləri də bilmədən keçmişlərini təkrarlayırlar, dönüb olurlar unutduqları yaramaz babalarının bir tayı…”.
Ümidqovan pirindən imdad diləməyə gələn müxtəlif niyyətli insanların pirə yazılı etirafı cəmiyyətdəki ciddi çatışmazlıqların və eybəcərliklərin əyani təsviridir. Onları birləşdirən ümumi cəhət cahillik, tənbəllik, acgözlük, qəddarlıq, yaxud köləlik, milli dövlətçilik və müstəqillik şüurunu dərk etməmə, Vətən məfhumunu həmvətənlərinin başından basıb qabağa getmək kimi anlamaq, xarici düşmənə qarşı birləşmək əvəzinə daxildə bir-birinin qanına susamaq, içərilərində olan üç-beş ağıllı adamı təqib etmək, lağa qoymaq, dəli adlandırmaq, qul kimi yaşamağı müstəqil yaşamaqdan üstün tutmaqdır. Bu yerdə hadisələrə yüksək həssaslıqla yanaşan yazıçının ürəyindən qara qanlar axır və “Ümidqovanda boyunduruğa getməyən, şərəfin nə demək olduğunu başa düşən kimsə qalıbmı?” ritorik sualı ilə vicdanları oyatmağa çalışır.
Romandan bəzi parçaları oxucuların diqqətinə çatdırmaq istərdim:
“İnsanlar yalnız ehtirasın gücünə kükrəyib bir yerə toplananda mütləq birinci sözü ağıldankəmlər, dildən pərgarlar, daha doğrusu, qorxaqlar və əbləhlər deyiblər, sonra həmin əbləhin ardınca qoyun sürüsü kimi düzülən kütləni adamlığa qaytarmaq üçün nə qədər ağıllı başından keçib”.
“Bir az da belə getsəydi düşmən yaddan çıxacaqdı, kütlənin gözü qabağında qan davası başlayacaqdı”
“Bütün ömürləri boyu hər gələnə xoş üz göstərən, körpünü qorumaq üçün balans yaradan adamlar öz torpaqlarında girov kimiydilər”
“İndi hamı ona Mitridatın, Pompeyin əsgərlərinə baxırmış kimi nifrətlə baxırdı, bu dəqiqə sinəsini didib-dağıtmağa, cəsədini qarğa-quzğuna yem eləməyə hazır idilər”
“Bizimkilərə bələdsən axı, romalıların heyfini səndən çıxacaqdılar”
“Bizim körpüdən keçiblər, indən belə də keçəcəklər. Çətini Ümidqovan camaatının başının əyilməyə öyrəşməsidi, sabah Qərbə, sonra Şərqə, sonra bir başqasının qabağında əyiləcəklər.. Ümidqovan körpünün üstə vətən olduqca əyildikcə əyiləcək..”
Əlbəttə, bütün bunların kökündə cəhalət, savadsızlıq, keçmişin səhvlərindən nəticə çıxara bilməmək, insani duyğuları dünyanın heyvani həzlərinə qurban vermək kimi mənfi keyfiyyətlər dayanır. Ümumbəşəri kontekstdə yanaşdıqda bu cür həyat tərzi seçən cəmiyyətlərin sonu köləlik və yoxluqdur.
Amma cəmiyyətdə hələ yaxşını pisdən, haqqı batildən, ağı qaradan seçənlərin közərtiləri sönməmişdir və bu közərtilər ümid qığılcımlarına çevrilib bizi ruhdan düşməyə qoymur. Romanda pisliklərə məzhər olan qurd ağızlı qoca obrazı çoxlarının nifrətinə səbəb olur. Qurd ağızlı qoca pirə yazdığı məktubda bunu etiraf etməli olur: “İllər necə keçdi, necə yarım əsri adladım bilmirəm, indi ayılıb görürəm ki, möhkəmcə qayaya çevrilmişəm, axının qabağını kəsən, arzulara sipər olan qayaya.. Başqalarının başından basıb özümünküləri qabağa itələmək üçün nələr eləmişəm, əlimdən gələni də, gəlməyəni də... İndi mənim ölümümü gözləyənlər varmış... Hamı üzümə gülür, amma ürəklərində öləcəyim günə nəzir-niyaz verirlər”.
Müəllif yaratdığı personajların dilindən bütün bu eybəcərliklərə qarşı öz etirazını bildirir. Çünki böyük çətinliklər hesabına qurulan bu dövlət və cəmiyyət bizə əmanətdir. Bu əmanəti sonuna qədər ən yaxşı şəkildə qorumalı və bizdən sonrakı nəsillərə tərtəmiz şəkildə təhvil verməliyik. Varlığımızı qorumanın, millət kimi inkişaf və tərəqqinin yeganə şərtinin milli birlik və bərabərlik olduğu həqiqətini heç zaman unutmamalıyıq. Bunun üçün bir-birimizi sevməyi bacarmalı, əyri yollarla gedib əliəyrilik etmək yox, düz yolla addımlayıb düz olmalı, düz yolu tutub gedən qardaşımıza badalaq vurmamalıyıq: “Əyri, dolayı, kəsə cığırla getməyə öyrəşmiş kəslərə indi düz yolla addımlamağı öyrətmək lazım gələcəkdi; sabahkı dünyanın adamları, nəhayət, başa düşməlidirlər ki, bir-birinə badalaq vurmadan, bir-birinin başından basmadan adam kimi də addımlamaq mümkündür”.
Yazıçı Natiq Məmmədlinin “Körpüdə ümid” romanının leytmotivi bunları bizə aşılayır.
“Ayın pirin başındakı ayparaya yapışmış əzgin közərtisi”, “çoxmərtəbəli söyüşlər”, “öləziyən çırağın sonuncu şöləsi”, “nazik boynu üstündə ləngər vuran başı”, “heç nənəsinin boş təndirinə ağzını tutub qışqırsaydın belə səs çıxmazdı” kimi bədii ifadə və təsvir vasitələrindən, məna zinətləndirmələrindən bol-bol istifadə olunması romanı bədii-estetik cəhətdən qüvvətləndirmişdir, yaxud “Göydələnlər çoxaldıqca sanki insanlar kiçilir”, “Mənə həmişə elə gəlirdi ki, evimiz də, özümüz də armud ağacına söykənib dayanmışıq, o, eninə şaxələnmiş nəhəng budaqlarıyla qollarını açıb sinəsi gərilmiş pəhləvan kimi dayanmışdı. O pəhləvanın sayəsində dədəm işə, mən məktəbə gedir, gündüzləri firavan, gecələri sakit olurduq..”, “…İçlərindəki dərdi sıxıb dişlərini ağardırdılar. Başa düşən üçün bu, gülməkdən daha çox, dodaqlarını mexaniki aralayıb sədəf kimi düzülmüş dişlərini göstərmək kimi bir şeydi… Başa düşən üçü bu, gülmək yox, dərdə sataşmaq, qəmə irişmək, dünyanın üzünə tüpürmək kimi bir şeydi…” və s.
Təbii ki, qısa bir yazıda roman haqqında bütün detalları çatdırmaq qeyri-mümkündür. Yəqin ki, ədəbiyyatşünaslar müvafiq auditoriyalarda romanı daha dərindən təhlil edib oradakı nəsihətamiz fikirlərin aşılanmasında öz töhfələrini verəcəklər.
Romanda müxtəlif situasiyalarla bağlı müəllifin dərin məzmunlu aforizmləri vardır. Bir sözlə, ədəbi, tarixi-siyasi, sosial-fəlsəfi, dini-əxlaqi və psixoloji, didaktik mahiyyətli romanda çağdaş insanı maraqlandıran silsilə mətləblər var. Üslubu mükəmməldir. Hər cümləsi yeni-yeni mülahizələrə yol açır. Düşündürücüdür. Təkrar oxunması yoruculuq yaratmır, əksinə, sətirlərin dərin qatlarındakı mənaları aşkara çıxarır.
Məzmun və mahiyyətindən başqa, gündəlik həyatımızda fikrin sadə və sərrast, səmimi və xoşagələn şəklidə ifadəsi üçün "Körpüdə ümid" romanı mühüm ipucuları verir. Gənc oxucuların romandan çox şey əxz edəcəklərinə şübhə etmirəm. Romanın müəllifini təbrik edir və yeni yaradıcılıq uğurları arzulayırıq.
İdris Abbasov
Kaspi.-2015.-10-12 yanvar.-S.15.