“Telefonla da kino çəkərəm”

 

Samir Kərimoğlu: “Bu gün kino sahəsi inkişafa doğru gedir, ancaq hələ ki kiçik addımlarla”

 

Bir müddət Azərbaycan kinoteatrlarında milli kino qıtlığı yaşandığını dilə gətirirdik. İndi isə bir-birinin ardınca çəkilən komediya filmləri az da olsa özünü doğrultmağa başlayıb. Komediya üslubunda çəkilən “Xoxan” filminin rejissoru Samir Kərimoğlu da Azərbaycanda bu tip filmlərin daha çox izlənildiyini deyir. O, bizimlə söhbətində bir çox məsələlərə aydınlıq gətirdi.

 

Qeyd edək ki, özünü təkmilləşdirməyə heç vaxt fasilə verməyən Samir böyük risk edərək kiçik büdcəylə 2005-ci ildə lentə aldığı “Sirat körpüsü” filmi ilə tanınmağa başlayıb. Onun ardınca “Qanadlarıma sığal çək”, “Niyyət” və bir sıra başqa filmlərin rejissoru olub.

 

- “Xoxan” filmini çəkərkən bu qədər maraq doğuracağını gözləyirdinizmi?

 

- Filmin baxımlı və maraqlı olacağını öncədən təxmin edə bilirdik. Filmdə əsas obrazları canlandıran Fərda Xudaverdiyevlə Elməddin Cəfərov çox istedadlı aktyorlardır. Biz ssenaridə bir qədər dinamikliyə üstünlük verdik. Çalışdıq ki, tamaşaçı filmi izləyərkən çox gözəl asudə vaxt keçirə bilsin. Buna nə qədər nail olduğumuzu deyə bilmərəm. Ancaq bu filmə maraq gözlədiyimizdən daha çox oldu.

 

- Filmin davamını çəkməyi necə, düşünürsünüzmü?

 

- Filmin bundan sonrakı taleyi hələ bilinmir. Mənim başqa layihələrim var. Hansı daha yaxşı keyfiyyətli olsa, onun üzərində işləyəcəm. Hələ ki ssenarilər təkliflər üzərində düşünürəm.

 

- Sizin əvvəllər çəkdiyiniz filmlərin əksəriyyəti dram janrındadır. Demək olar ki, komediya janrına üstünlük vermirdiniz. O zamanlar elə düşünürdünüz ki, komediya janrına maraq yoxdur?

 

- Hər kəsin gülməyə, əylənməyə ehtiyacı var. Tamaşaçılar istəyir ki, izlədikləri filmdən zövq alsınlar film onlara uzun müddət gülüş bəxş etsin. Sənət tərəfindən yanaşdıqda, hesab edirəm ki, dram janrına müraciət etməklə daha çox problemlərə toxunub, onları işıqlandırmaq mənim üçün daha maraqlıdır. “Xoxan” filmini çəkməyimə əsas səbəb isə həm özümə, həm tamaşaçılara sübut etmək istəyirdim ki, mən bunu da edə bilərəm. Komediya janrında çəkdiyim bu film öz müsbət nəticəsini göstərdi. Bundan sonra da yaradıcılığımı əvvəlki istiqamətdə davam etdirəcəm, yəni dram janrında daha çox film çəkəcəyəm. Mən hər zaman ağır janrlı filmlərə daha çox üstünlük verirəm. Hazırda mənə beş film təklifi gəlib. Onların ikisi komediya janrındadır. Ola bilsin ki, akademik janrda komediya çəkim bu sahədə özümü yoxlayım.

 

- Bir neçə il öncə bir müsahibənizi oxumuşdum. Orada qeyd etmişdiniz ki, yumor janrında heç bir film çəkməyəcəyəm. Fikrinizi dəyişən oldu?

 

- Ola bilər. Əvvəllər komediya janrında film çəkmək istəmirdim. Çünki komediyaya ciddi janr kimi baxmırdım. Hesab edirdim ki, insanları güldürmək çox asandır. Çəkməyəcəm deyə bir şey yox idi. Yaradıcılığımda fərqlilik etmək istədim mənə gələn təklifi dəyərləndirdim. Rejissorun çəkməyəcəyi bir şey yoxdur. Əgər mən rejissoramsa, nəyisə çəkməyəcəm deyə bir kapriz göstərə bilmərəm. Mənə elə gəlir ki, bu, mənim üçün ayıb olar.

 

- İnsanları ağlatmaq, yoxsa güldürmək daha asandır?

 

- 2009-cu ildə “Niyyət” filmini çəkmişdim. Həmin filmi Heydər Əliyev Sarayında təqdim etdik. Filmə 2000 tamaşaçı baxdı sonda tamaşaçılar salonu gözüyaşlı tərk etdilər. İnanmıram ki, həmin film kinoteatrlarda davamlı olaraq göstərilsəydi, insanlar ağlamaq üçün daim gəlib o filmə baxardılar. Ancaq “Xoxan” filmi göstərdi ki, insanların indi daha çox gülüşə ehtiyacı var.

 

- Dövlət tərəfindən ilk böyük büdcəli film çəkmək sifarişi gənc rejissor olaraq sizə həvalə olunmuşdu. Maraqlıdır, bu etimadı necə qazanmışdınız?

 

- Mədəniyyət Turizm Nazirliyi mənə təsadüfən film çəkməyi etibar etməyib. Bunun da öz səbəbi var. Belə ki, 2006-cı ildə Mədəniyyət Turizm Nazirliyi tərəfindən keçirilən “Bu meydan, bu ekran” layihəsində beş gənc rejissora qısametrajlı film çəkmək həvalə olunmuşdu. Mən Orxan Fikrətoğlunun ssenarisi əsasında “Qanadlarıma sığal çək” filmini çəkdim. Həmin filmlərin arasında nazir Əbülfəs Qarayev mənim filmimi bəyəndi. Qərar verildi ki, mən tammetrajlı film çəkim. Mənə həvalə olunan ssenarilərin içindən “Niyyət” əsərini seçdim, o da çox böyük uğur qazandı. Həmin film sayəsində 2006-cı ildə “Zirvə” mükafatına layiq görüldüm. Hesab edirəm ki, mənə göstərilən etimadı layiqincə doğrulda bildim.

 

- Hazırda hansı filmlər üzərində çalışırsınız?

 

- “Xoxan” filmini yeni bitirdik. Qış mövsümü olduğu üçün hazırda ssenarilərin üzərində işləyirik. Hətta bizim tamaşa layihəmiz var. İnşallah, hansı daha çox uğurlu olsa, onun üzərində çalışacağıq. Hələ ki gələn təkliflər arasında seçim etməyə çalışıram.

 

- Bir rejissor olaraq bu gün çəkilən filmləri necə dəyərləndirirsiniz?

 

- Kinematoqrafiya çox çətin bir sahədir. Bu sahədə hər şey sırf rejissordan asılı deyil. Kino sahəsində ən çox peşəkarlara güclü komandaya ehtiyac var. Kinematoqrafiyada 90-cı illərdən yaranan durğunluq indi özünü göstərməkdədir. Bu sahədə peşəkar insanlar çox azdır. Biz komanda şəklində hansısa bir film çəkilişlərinə başlayanda görürük ki, kadr baxımından çox böyük əskiklərimiz var. Misal üçün, ya işıqçımız, ya operatorumuz, ya da hər hansı sahədə mütəxəssisimiz çatışmır. Aydındır ki, bu gün kino sahəsi inkişafa doğru gedir, ancaq hələ ki kiçik addımlarla. Belə bir şəraitdə rejissorlardan peşəkar film gözləmək düzgün deyil. Bizim möhtəşəm dekorasiyalarımız, pavilyonlarımız yoxdur. Uzun müddətdir ki, kinostudiyanın təmir olunacağını deyirlər, ancaq hələ ortalıqda bir şey yoxdur. Biz səbir edib, gözləyirik. Ümid edirik ki, 5-6 ildən sonra hər şey daha yaxşı olacaq.

 

- Yenə də ümid…

 

- Ümid bəsləməsəydim, bu sahədən çoxdan getmişdim (gülür).

 

- Çəkilən yerli seriallarımızı izləyirsinizmi?

 

- Təəssüf ki, izləmirəm. Kino individual xarakter daşıyır. Rejissor öz ambisiyasını göstərmək üçün nə istəsə edə bilər. Filmdə əsas yük rejissorun üzərinə düşür. Ancaq serial elədir ki, hər şey tez müddətdə hazır olub sürətli şəkildə təqdim olunmalıdır. Əks halda, komanda uduzar. Digər tərəfdən, seriallara ayrılan maliyyə həddindən artıq azdır. Mənə tez-tez sual edirlər ki, nə üçün serial çəkmirsən. Hər zaman qeyd edirəm ki, bir reklam üçün mənə verilən pul ilə bir bölümlük serial çəkə bilmərəm. O pulu necə böləsən ki, beynində olan işi ərsəyə gətirəsən? Heç cür alınmır. Əgər “action” janrlı bir serial çəkiriksə, bir maşının partlaması elə bizim serialın büdcəsi qədər pul edir. Bundan əlavə, serial çəkmək üçün yaxşı komanda yığmağa külli miqdarda pul lazımdır. Azərbaycan kinematoqrafiyasının bir zəif nöqtəsi də var ki, o da keyfiyyətli ssenarilərin olmamağıdır. Dramaturqlarmı deyim, ssenaristlərmi deyim, mükəmməl bir ssenari ortaya çıxarmırlar.

 

- Qeyd edirsiniz ki, pul az olduğu üçün seriallarımız keyfiyyətsizdir. Ancaq mütəxəssislər deyirlər ki, yaxşı film çəkmək üçün külli miqdarda pula ehtiyac yoxdur. Yaxşı bir rejissor bir ssenarist kifayət edir ki, gözəl bir film ortaya gəlsin.

 

- Doğrudur, misal üçün, “Xoxan” filmi bunun ən bariz nümunəsidir. Az bir büdcə ilə gözəl bir film ərsəyə gəlib. Hətta pulsuz da film çəkmək olar. Süjeti, dramaturgiyası yaxşı olarsa, hətta telefonla da kino çəkərəm o da baxımlı olar, sevilər . Ancaq serialda bunu etmək mümkün deyil. Mütəxəssislər bu sözü kino ilə bağı deyirlər. Ancaq serial aləmi tamam başqadır. Az büdcə ilə serial çəkmək mümkün deyil. Serial aləmində rejissorluq da heç yoxdur. Hər hansı bir serialı izlədikdə orada əsas məsələ hekayəni gözəl şəkildə anlatmaqdan ibarətdir. O zaman gözəl kadr, aktyorluq qabiliyyəti artıq ikinci planda qalır. Serialda ən önəmli olan hekayə serialın davamiyyətidir ki, tamaşaçını özünə cəlb edə bilsin. Misal üçün, amerikanlar serial çəkərkən mövsümlə işləyirlər. 1 mövsümdə 12 seriyanı çəkirlər ona da külli miqdarda pul sərf edirlər.

 

- Sizcə, Azərbaycan kinosunun bu gün ən çox nəyə ehtiyacı var?

 

- Əlbəttə ki, ilk növbədə ssenariyə. Bu sahədə hər şey bir-birinə bağlıdır. Ən əsas ssenari, gözəl komanda ən son standartlara cavab verən texnika olmalıdır ki, gözəl film ərsəyə gətirəsən. Yaxşı kino ərsəyə gətirmək üçün mütləq şəkildə peşəkar komandaya ehtiyac duyulur. Rejissor qədər yaxşı olursa-olsun, filmi izlədikdə orada nəyinsə çatışmadığını hiss edirsiniz. Sonda isə deyirlər ki, rejissor filmi yaxşı çəkməyib ya tam dolğun bir film alınmayıb. Mən “Niyyət” filmini çəkərkən istəyirdim ki, onu ən son avadanlıqlarla işləyək. O zaman film üçün ən son standartlara cavab verən texnika Bakıda yox idi. Onun Bakıya gətirilməsi çox baha başa gəlirdi. Filmə baxanda hiss olunurdu ki, qədər gözəl film olmasına baxmayaraq, keyfiyyətli avadanlıqlarla çəkilməyib.

 

Xəyalə Rəis

Kaspi.-2015.-10-12 yanvar.-S.8.