Söylə yadındamı, Zeynəb

 

Hər adama nəğməsiylə bütün meridianları dolaşmaq, könülləri fəth etmək, öz xalqına başucalığı gətirmək, qəlblərdə ona heykəl qoymaq xoşbəxtliyi nəsib olmur. Öz bənzərsiz səsiylə Azərbaycan musiqi sənətində silinməz izlər qoyan, vaxtdan, zamandan ucada dayanan SSRİ xalq artisti, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, şöhrət ordenli Zeynəb Xanlarova məhz belə qüdrətli, qeyri-adi sənətkarlarımızdandır. Fəxr edirəm ki, bu əfsanəvi sənətkarla hələ gənclik illərindən dostluq etmiş, onun bir çox nəğmələrinin yaranmasının canlı şahidi olmuşam. Səhnəyə çıxdığı ilk gündən sadəliyi, səmimiliyi, şirinliyi, parlaq istedadı ilə Zeynəb xanım hamını heyran qoymuşdu. Şəlalə kimi çağlayan səsinin heyranlarından biri də mən idim.

 

1965-ci ildə Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) ikinci kurs tələbəsiydim. Dünya şöhrətli dirijor, maestro Niyazinin dəvəti ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsert aparıcısı kimi işə qəbul edilmişdim. Görkəmli bəstəkarımız Cahangir Cahangirov bədii rəhbər, professor Ramiz Zöhrabov isə şöbə müdiri idi. Filarmoniyadakı konsertlərə bilet tapmaq müşkül məsələ idi. Konsertlərin hamısı anşlaqla keçirdi. Mən bu konsertlərin hər birinə günlərlə hazırlaşır, onu sözün əsl mənasında musiqi, poeziya bayramına çevirirdim. Azərbaycanın bir çox məşhur adamları, ədəbiyyat, incəsənət xadimləri aparıcılıq qabiliyyətimə, hər bir yaradıcı insana olan orijinal yanaşmama yüksək qiymət verirdilər. Şairlərdən Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Hüseyn Arif, İslam Səfərli, Əliağa Kürçaylı, bəstəkarlardan Tofiq Quliyev, Şəfiqə Axundova, Rauf Hacıyev, Emin Sabitoğlu, Oqtay Kazımi, Telman Hacıyev və başqalarıyla ilk yaradıcılıq təmasları, diskussiyalar, söhbətlər filarmoniya binasında olmuşdu.

 

Dillər əzbəri nəğmələrin müəllifi Ələkbər Tağıyevlə tanışlığım da bu musiqi məbədgahında olmuşdu. Sonralar bu tanışlığımız əsl yaradıcı dostluğa çevrilmişdi. O vaxt Filaromoniyada keçirilən konsertlərdə ifa olunan mahnıların əksəriyyəti Ələkbər Tağıyevin bəstələdiyi mahnılar idi.

 

Ələkbər müəllim olduqca kövrək, həssas, duyğulu bir ürəyə malik idi. Özümə arxa, dayaq, mənəvi qardaş bildiyim bu möcüzə insanın bəstələdiyi hər musiqi hadisəyə çevrilirdi. Bu uğurun sirrini ona izah edəndə çöhrəsi işıqlanardı. Yaradıcılığı haqqında fikirlərimi diqqətlə dinləyən Ələkbər müəllim gülə-gülə: Əminə, kəlləsən vallah, kəllə - deyərdi.

 

Zeynəb Xanlarova ilə ilk tanışlığım Ələkbər Tağıyevin evində olmuşdu. Mahnıyla yaşayan, mahnıyla nəfəs alan, dağ çayları kimi coşub-çağlayan Zeynəb xanım Ələkbər müəllimin nəğmələri üçün doğulmuşdu. Mahnıyla səsin möcüzəsi olan bu iki qüdrətli sənətkara heyran-heyran baxırdım. Mübahisələrin, küsüb, barışmaların bir özgə aləmi vardı. Ələkbər müəllim Zeynəb xanımın bütün tələbkarlığına dözürdü. Çünki Zeynəb xanım hər mahnıya sözün həqiqi mənasında heykəl qoyur, öz silinməz möhürünü vururdu. Gözümün qabağında şedevr əsərlər yaranırdı.

 

Ələkbər Tağıyevin musiqi təhsili olmasa da tanrı ona qüdrətdən gələn qeyri-adi istedad vermişdi. Onun ürəyi, gözü, könlü nəğməylə, musiqiylə dop-doluydu. Gecə-gündüz yoruldum demədən yazıb-yaradırdı. Burda yazıb-yaratmaq sözü bəlkə də demək istədiyim fikri oxucuya dəqiq çatdırmır. Ələkbər müəllim o ilahi melodiyaları ruhundan süzürdü, bulaq daşdan, qayadan süzüldüyü kimi melodiya da onun qəlbinin dərinliyindən süzülüb gəlirdi. Və Ələkbər müəllim bu ilahi melodiyaları qısqanclıqla hamıdan qoruyurdu. O melodiyalar lap nağıllardakı kimi 40-cı otaqda işığa, aydınlığa çıxmaq üçün yol gözləyirdi. Bu 40-cı otağın qapısının açarı isə tək bircə adamda səsiylə, səhnə mədəniyyəti ilə, gözəlliyi ilə, aurasıyla milyonlarla tamaşaçını heyran qoyan Zeynəb Xanlarovada idi.

 

Zeynəb xanım bu qədər şöhrətin, xalq sevgisinin qarşısında nə qədər sadə, səmimi, təvazökar, istəkli idi. Mən bir dəfə belə olsun onun mən-mən dediyinin şahidi olmadım. Zeynəb xanım müəllimi, ustadı Seyid Şuşinskinin, Şövkət xanım Ələkbərovanın, Sara xanım Qədimovanın, Fatma xanım Mehrəliyevanın, Rubabə xanım Muradovanın böyük sənətindən söhbət açırdı həmişə. Bu, səhnə fəaliyyəti boyu daim zirvədə olan böyük sənətkarın bugünkü cavanlara, xüsusilə yeri gəldi-gəlmədi, hər yerdə sinəsinə döyüb, özünü korifey sənətkar adlandıran hər bir kəsə dərsdi, şapalaqdı.

 

Ələkbər müəllim melodiyanı çox vaxt fitlə, barmaqlarını stola ehmallıca döyəcləyə-döyəcləyə çalardı. Zeynəb xanım bəzən mahnının ritminə düzəliş edərdi. Burda aramla oxumaq lazımdı - deyərdi. Və başlayardı oxumağa. İlahi, səs elə bil dumandan sıyrılan qılınc idi. Sükutu kəsib doğrayırdı. Yadımdadır, bir fortepiano ifaçısı vardı Xanlar. O mahnıları pianoda çalar, Ələkbər müəllim də maqnitafona yazardı. Təəssüf ki, bu istedadlı pianoçu çox erkən dünyasını dəyişdi, avtomobil qəzasında öldü. Və mən günlərin bir günündə bəstəkar Tahir Əkbəri Ələkbər müəllimgilə gətirdim. Tahir Əkbər gözəl musiqi təhsili görmüş professional musiqiçi olmaqla yanaşı əsl piano ustası idi.

 

o çaldıqca mən Ələkbər müəllimi müşahidə edirdim. Onun gözlərindən sanki bu fikirləri oxuyurdum: Keşkə mənim də belə şirin, virtuoz barmaqlarım olaydı.

 

Zeynəb xanım mahnıların sözlərinə xüsusi diqqət yetirirdi. Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Nigar Rəfibəylinin, Hüseyn Arifin şeirlərinə böyük sevgisi vardı. Bir vaxt oxuduğu Ələkbər Tağıyevin bəstələri olan Qonşu qız, Şirin arzular, Sən gəlməz oldun, Dinə bilmədim mahnılarına indi yeni-yeni mahnılar əlavə olunurdu. Azərbaycan, Arzu qızım, İstəyirəm görəm səni, Ya bir olar, ya iki, Xızı dağları, Sənə qurban, Sədaqətim varonlarca yeni-yeni ölməz mahnılar, unudulmaz nəğmələr

 

Zeynəb xanım oxuduğu bu mahnıların hər birinə ölməzlik, əbədilik iksiri bəxş edirdi. Gecə saat üçə qədər mübahisə, mahnı yarışması davam edərdi. Böyük uğur, qələbə bu mübahisələrdə ortaya çıxırdı. Bəzən gecədən xeyli keçmiş Zeynəbi Hüsü Hacıyev küçəsindəki evlərinə qədər ötürür, rəhmətlik anasının qapı ağzında nigaran-nigaran onu gözlədiyinin şahidi olardım. O öz anam kimi mənə şirin-şirin sözlər deyər, könlümü oxşayardı. Zeynəb xanım gecə-gündüz yorulmadan çalışar, mahnını sığallayar, cilalayar, özününküləşdirərdi. Mən öz müşahidələrimdən çıxış edərək deyirəm: Həyatım boyu sənətini bunca fanatikcəsinə sevən ikinci bir müğənniyə rast gəlməmişəm.

 

Zeynəb xanım hələ gənclik illərindən millətinə, xalqına bağlı sənətkar olub. Opera Teatrında yaratdığı Leyli obrazı ilə könüllərdə taxt-tac qurub. Sərhədlərin bağlı olduğu bir vaxtda o ölməz bəstəkarımız Ələkbər Tağıyevin də mahnıları daxil edilmiş zəngin repertuarla dünyanın bütün guşələrini dolaşıb, Azərbaycanı ləyaqətlə təmsil edib.

 

Özüm bu torpaqdayam, nəğməm dünyada,

Dünyanın xoşbəxti mənəm dünyada.

- deyən Azərbaycan xalqının görkəmli sənətkarı, musiqimizin əsl kraliçası Zeynəb Xanlarova həqiqətən xoşbəxt sənətkardır. Çünki onu ucaldan da, yaşadan da xalqın sevgisi, xalqın məhəbbətidir.

 

Hərdən ötən günləri, o xoşbəxt, bəxtəvər anları yada salıb kədərli-kədərli köks ötürürəm. Əli Kərimin misraları yadıma düşür:

 

Nə xoşbəxt imişəm bir zaman Allah,

Xəbərim olmayıb səadətimdən.

 

Gözlərim qarşısında gözü yaşlı Zeynəb xanımın qara paltarda ağlaya-ağlaya oxuduğu səhnə canlanır. Zeynəb xanım dünyanı nəğmələriylə süsləyən unudulmaz Ələkbər Tağıyevə vida nəğməsi oxuyurdu.

 

İtirdim bu eşqə son ümidimi,

Könül rübabının qırıldı simi.

O acı həsrətin bir xəyal kimi

Elə hey boylanıb ağlar könlümdə.

 

Büründün dumana dağlar qoynunda,

Getdin, bilinmədi məkanın, yerin.

Qaldım ümidinə xatirələrin

Hicran çeşmələri çağlar könlümdə.

 

35 il bundan əvvəl oxunan bu yaralı, nisgilli nəğmə əfsanəvi müğənnimiz Zeynəb Xanlarovalı, Ələkbər Tağıyevli gənclik günlərimi yada saldı. Pəncərədən batmaqda olan günəşin qeyri-adi gözəlliyinə baxa-baxa Mədinə Gülgünün misralarını pıçıldadım:

 

Sənətin ölməzlik qanunları var,

Yox-yox, deməsinlər saraldın, soldun.

Sənin sənətini sevən insanlar

Hər vaxt deyəcəklər: sən gəlməz oldun.

 

Hanı pərvazlanan qolun, budağın,

Bu faciədir, bu görüşdür.

Ellərin yadına düşəcək adın

vaxt oxunduqca Sən gəlməz oldun.

 

Əminə Tuncay,

yazıçı-tədqiqatçı alim,

fəlsəfə elmləri namizədi

Kaspi.-2015.-13 yanvar.-S.12.