Bu il nələr dəbdə olacaq?

 

2015-in dəbli qadını olmaq istəyən xanımların nəzərinə: Modanı izlə, amma qədərində

 

Qadınları hər zaman ən çox maraqlandıran məsələlərdən biri moda, dəb olub nə almalı, nə geyinməli və geyindiyi əlbisələr ona yaraşırmı? Qadınlar üçün geyim, dəb, gözəl görünmək bəlkə də ən önəmli amildir. Hər yeni il gəldikdə, dəbin vurğunu olan qadınlar ilk növbədə dünyada brend markaların saytlarını izləyərək hazırda hansı tip geyimlərin dəbdə olduğu ilə maraqlanırlar. Günümüzdə bu tip qadınlar çoxluq təşkil edirlər.

 

Görəsən, keçi ilində xanımlar üçün dəb aləmində nələr dəyişəcək? Dəblə geyinməyi sevən xanımlarımız bu il ən çox nəyə diqqət yetirməlidirlər?

 

Qışın faydalı rəngi

 

Modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova 2015-ci ilin dəbindən danışarkən bu il qırmızı rəngin aktual olacağını vurğulayıb: Bu il ən çox qızılı, gümüşü, qırmızı rəng dəbdə olacaq. Keçi ilidir, geyimlərdə bu heyvan amilləri olmalıdır. Qəhvəyi rənglərin qarışığından istifadə edilməlidir. Qırmızı rəng hər zaman aktualdır. Çünki bu rəng qışda faydalıdır. Qış infeksiyalarından, nəzərdən insanı qoruyur, əhval-ruhiyyəni qaldırır.

 

Modelyer eyni zamanda Yeni ildə, ziyafətlərdə düzgün geyinməyin sirrinibölüşüb: Bayram gecələrində mütləq yeni libas geyinilməlidir. Çalışın paltarın cibi olsun. İçərisinə mütləq pul qoyun. Nə qədər çox pul olsa, o qədər xeyirlidir.

 

Modanın ifrat dərəcəsi eybəcərliyə gətirib çıxarır

 

Tanınmış modelyer Şəlalə Maqsudova Kaspi-yə açıqlamasında qeyd etdi ki, 2015-ci ildə ən aktual rənglər tünd zoğalı, tünd yaşıl və torpaq rəngləri olacaq. Ağ-qara rəngi isə hər ilki kimi öz aktuallığını qoruyub saxlayacaq. Müsahibimizin sözlərinə görə, 2015-ci ildə trapes və qələm tipli ətəklər diqqət mərkəzində olacaq. Biçimli geyimlər isə daha aktual olacaq: Bu il ən çox toxunma parçalar dəbdə olacaq. Boş, tökülən poliverlər, jaketlər ilin modası hesab ediləcək. Çantalara gəlincə isə, kobud formada hazırlanmış, böyük ölçülü çantalardan geniş istifadə olunacaq. Bu il daha çox dəridən və toxunma parçalardan istifadə olunan çantalar dəbli hesab ediləcək. Ayaqqabılarda isə iti uclu, kobud dabanlı, dizdən aşağı üstü aksesuarlarla zəngin olan dəmirli ayaqqabılar dəbdə olacaq.

 

Şəlalə Maqsudova hər dəfə yeni il gəldikdə, ilin simvoluna görə dəbi müəyyən etməyi heçdoğru hesab etmədiyini, bu fikirlərin əleyhinə olduğunu dilə gətirdi: Əslində bu heç də belə deyil. Biz keçi ilindəyiksə, bu o demək deyil ki, həmin heyvanın rəngi dəbdə olmalıdır. Moda bizə xaricdən gəlir. Hər hansı bir bürclə bağlı modanın heç bir əhəmiyyəti yoxdur. Dəb ikonaları İtaliyadan götürülür. İlin hansı rəngləri, hansı biçimləri brend olacaqsa, orada müzakirə olunur. Şükürlər olsun ki, indi texnologiyaların inkişaf etdiyi müasir dövrdə yaşayırıq. İnternet vasitəsi ilə brend geyimləri izləmək şansımız olur və Azərbaycanda da moda izləyən insanların sayı həddindən artıq çoxdur. Azərbaycan xanımları da dəbi izləyib, müəyyən qədər onu icra etməyə çalışırlar.

 

Modelyer Azərbaycan xanımlarının əksəriyyətinin dəblə uyğunlaşmağı sevmədiyini də bildirdi: Bəzi xanımlarımız rahat geyimə üstünlük verirlər. Azərbaycan xanımları zövqlü xanımlardır. Zövqlü geyinmək başqadır, dəbi izləmək başqa. Bəzən olur ki, dəbdə olan rənglər xanımlara yaraşmır. Şərt deyil ki, hansı rəng dəbdədirsə, elə də geyinməlisiniz. Çox istərdim ki, xanımlarımız zövqlü geyinməyi bacarsınlar. Özünə yaraşmadığı halda daim dəbin dalınca qaçmağı düzgün hesab etmirəm. Modanın ifrat dərəcəsi eybəcərliyə gətirib çıxarır.

 

Azərbaycan xanımlarının gündəlik geyimlərindən danışan müsahibimiz, özü gündəlik rahat geyimlərdən istifadə etdiyini dilə gətirdi: Özüm modelyerəm və insanlara dəbi aşılayıram. Gündəlik həyatıma nəzər yetirsəniz, görərsiniz ki, hər zaman idman geyimindən istifadə edirəm. Yalnız efirə çıxdıqda kosmetikadan istifadə edirəm. Sadəliyə çox üstünlük verirəm. Gündəlik həyat tərzimdə geyimimdən tutmuş saçıma, makiyajıma qədər sadəliyə üstünlük verirəm və bütün xanımlara sadə görünməyi məsləhət görürəm.

 

Solğun rənglər dəbdə olacaq

 

Modelyer Arzu Əliyeva deyir ki, bu il dəb aləmi 50 il öncəyədək geriləyəcək: 2014-cü ildən fərqli olaraq, al-əlvan rənglər dəbdə olmayacaq. Bu il dəbə solğun rənglər hakim olacaq. Bütün bunlara baxmayaraq, yalnız qırmızı və tünd rənglər yenə də brend hesab olunacaq. Xüsusən də ziyafət geyimlərində bu tonlara üstünlük vermək məsləhət görülür. İşgüzar xanımlar üçün bu il ən ideal rəng şərab rəngidir. Uzun jilet, köynək, klassik, yaxud da karandaş ətəkli şalvarlar gündəlik geyim üçün uyğun hesab ediləcək. Üst geyimlərinə gəldikdə isə, payız-qış fəslində 60-cı illərin dəbi geri dönəcək. Düz tikişli paltodonlar dəbə hakimlik edəcək. Dəblə geyinməyi sevənlər fərqlilik naminə nisbətən parlaq və naxışlı parçalara üstünlük verməlidir.

 

Yeni ilin aksessuarlarının da öncəki ildən fərqli olacağını deyən modelyer zərifliyə üstünlük verilməyəcəyini vurğulayır: 2015-ci ildə qadın aksessuarları, xüsusən də qol saatları kişilərinkindən bir o qədər də fərqlənməyəcək. Öncəki illərdən fərqli olaraq zərif aksessuarlar dəbdən gedəcək.

 

Modelyer deyir ki, bu il papaqlara bir o qədər də üstünlük verilməyəcək: Qış aylarında geyimimizin bir komponenti hesab edilən papaqlar bu il dəbdə olsa da, gələn il arxa planda qalacaq. Şərflər və iri çantalar isə həmişəki kimi yenə də dəbdə qalacaq. Lakin deyə bilmərik ki, bu il konkret olaraq çanta və şərflər üçün hansı rənglər dəbdədir. Onlar da geyimimizin bir aksessuarı hesab olunduğundan mütləq uyğunlaşdırılmalıdır. Xanımlara məsləhət görərdik ki, gələn iliri çantalara üstünlük versinlər. Onlar bu illərin brendi hesab olunacaq. Uzun illər sevilən ayaqqabı növləri, qısa ətəklər də bu il dəbdən düşəcək: Stiletto adlanan incədaban ayaqqabılar uzun illərdən sonra artıq dəbi tərk edəcək. Bu il daha rahat hündürdabanlar dəbdə olacaq. 2014-dən fərqli olaraq yeni ildə geyimlərin üzərində qızılı, gümüşü cizgilər, aksessuarlar dəbdə olmayacaq. Demək olar ki, dəmir aksessuarlar dəb aləmini tərk edəcək. Öncəki illərdən fərqli olaraq mini ətəklər də dəbdə qalmayacaq. Uzun geyimlər isə əksinə, dəb aləminə hakimlik edəcək.

 

Modelyerin sözlərinə görə, xanımlar getdikləri yerdə ən baxımlı, gözəgəlimli görünmək istəyirlərsə, geyimi məkanına uyğun seçməlidir: Xanımlarımız bu il getdikləri yerdə ən baxımlı qadın hesab olunmaq istəyirlərsə, təbii saçmakiyaja üstünlük verməlidirlər. Bundan başqa, çalışmalıdırlar ki, məkana uyğun geyinsinlər. Bunun üçün mütəxəssislərə müraciət etsinlər və ya rəfiqələri arasında ən zövqlü bildikləri birisi ilə məsləhətləşsinlər. Gözəlliyin əsas sirri dəblə deyil, zövqlə geyinməkdədir.

 

Türk moda mütəxəssisləri hesab edirlər ki, bu il mütləq şəkildə qadınların qarderobunda xanımyana bir hava verən qələm ətəklər yer almalıdır. Əgər xüsusi bir gecəyə gedəcəksinizsə, qələm ətəklər rahat şəkildə geyinə biləcəyiniz qadın geyimidir. Çünki qələm ətəklər qadınları çox ağır və gözəl göstərir. Bu mövsüm zeytun yaşılı hər bir qadının qarderobunda yer alacaq. Bundan başqa, bənövşəyinin müxtəlif çalarları bu mövsümün trendləri arasında özünəməxsus yer tutacaq. Romantikanın bir qolu olan qırçın parçalar 2015 payız-qış mövsümündə yenə dəbdə olacaq. Qırçın parçalar xanımları çox çəkici göstərdiyi üçün qadın qarderobunun göz bəbəyi hesab olunur. Son illərdə xanımların əvəzolunmaz seçimi olan dəri parçalar aktuallığını qoruyub saxlayacaq və dəri yubkalar, pencəklər, şalvarlar podiumlarda diqqət çəkəcək. Lakin bu qış damalı geyimlərin nəzərə çarpan dəlisov rəngləri deyil, daha yumşaqsakit rəngləri aktualdır.

 

Türk dizaynerlərinə görə, 2015-ci il üçün ən dəbdə olan parça məxmərdir. Romantik toxunuşlu məxmər parçaları bu il isti rənglərdə görə bilərik. Paltar, şalvar, pencək və yubka kimi geyim parçalarında fərqli seqmentlər, məxmərin cazibəsi ön plana çıxır. Jilet, gödəkcə və boğazlı koftalar, müxtəlif hörgülər 2015-in qış modasının əvəzolunmazları hesab olunur. Soyuq qış günlərində xizək şıqlığı xanımları bürüyəcək. Qar dənələri, paxlava naxışlar, toxunma, yun köynəklər, şərflər, papaqlar qış tətilində bizə dəblə ayaqlaşmağa kömək edəcək.

 

Sonda isə demək istəyirik ki, əziz xanımlarımız sizə hər şey yaraşır.

 

Xəyalə Rəis

Kaspi.-2015.-13 yanvar.-S.9.