“Başı üstə Tanrı çəkər
keşiyi...”
“Şair olan neylər evi, eşiyi,
Başıüstə Tanrı
çəkər keşiyi...”
Bir balaca kitab varıydı kənd
evimizdə. Bacımın
dini-imanıydı o kitab. Bir də uşaq
ağlımda qalan bir Məhəmməd əmimiz
varıydı. Üzündən nur yağan bir
adamıydı, həftənin bir iki günü bizə gələrdi
axşamları. Söz məclisi qurulardı, Məhəmməd
əmim şeir deyərdi, bacım ona qoşulardı, atam,
anam və qapının ağzındakı balaca Nigar
heyran-heyran dinləyərdilər. Onun da insafı yoxuydu, bəzən
gözünü yumub huşa gedərdi, atam deyərdi ki, “ dəyməyin, burda deyil, öz
dünyasındadı”.
Mən
hardan biləydim o odun “peç”inin tüstüsündəki əhvalın
məni də ağuşuna alacağını...
Uşağıydım, ağlım kəsmirdi, bacım
əlimə çaydanı tutuzdurub həyətdən su gətirməyə
göndərirdi, mən də ağlaya-ağlaya gedirdim. Allah, necə
hirslənirdim ona. Sabahısı gün
axşam dinlədiklərini birbəbir əzbərdən deyəndə
hirsim soyuyurdu və başlayırdım maddım-maddım
qulaq asmağa.
O
işıqlı axşamlarda qulağıma çalınan
şeirlərin müəllifi haqqında düşüncələrimi
yazmaq həvalə olunub indi mənə. Bilmirəm,
nə deyim, necə deyim ki, o ocaqdakı Halı Sözə
çevirib oxucuya çatdıra bilim. Gözlərim Məhəmməd
əmimin gözləri kimi yumulu, qulağımda “Baş
sarıtel” havası, ürəyimdə “Od aldığım
ocaqlar”...
Hər sətrini,
hər kəlməsini əzbərə bildiyim, gecələri
kitabını bağrıma basıb uyuduğum və uşaq
ağlımla “nolardı, bu adam mənim əmim
olardı” deyə Allahdan dilədiyim şair Zəlimxan Yaqubdu,
ruhumun qonağı. Evimizin baştacı,
alın yazısı, anamın diləyi, atamın arzusu Zəlimxan.
Nə deyim fələyin işinə. Nə deyim,
necə deyim ki, bircə dəfə bildiyindən əl çəkib
yarıda qırdığı ömürlər
siyahısına onu salmasın? Nakam ümidlər
eşqinə, millətinə, xalqına
bağışlasın...
Nə
deyim ki...
Bir əli torpaxda bir əli Haxda olan bir şairə
Söz yazıram. Həddimədimi bilmirəm amma dolub
ürəyim. Səcdəsi Eşq olan
birindən söhbət açacam sizə. Hamının tanıdığı, hər kəsin
bildiyi, birinin əmisi, o birinin dayısı, mənim də
qağam olan Zəlimxan Yaqubdan. O Yaqubdan ki,
qədim türk yurdu Borçalıdan “Börü
Çaladan” dünyaya türkün
böyüklüyünü hayqırmağı bacardı.
Min bir siyasətin gücü yetməyənlərə
onun sözünün, qələminin gücü yetdi.
Bu günlərdə dəli ağlım yenə məni
yoldan çıxardı. Hər telefon zəngində
səsimi dinləyən Anamı bayram ərəfəsində
arzusuna çatdırmaq istədim. Gəlmişdi,
yanımdaydı. Zəng vurdum qağama, “Anam burdadı,
qağa, günahı mənim olsun, səni onunla
görüşdürüm, nolar” dedim, “axşam mənə zəng
vur, ünvanı de”dedi. Gözümün
yaşını ürəyimin fərəhinə qatıb evə
qaçdım. Əlim-ayağım
bir-birinə dolaşdı, Anama demədim heç nə.
Demədim ki, qapını özü
açıb, şairi qarşısında görsün.
Heç iki saat keçmədi zəngi gəldi “Niyar, gəldim,
aşağıdayam”dedi. Uçdum. O
binanın həyətinə düşənə qədər
gözümün qarşısından hər şey kino lenti
kimi keçib getdi. Bir gəldim ki, şairin
başına adamlar doluşub. Ağrıyan
canıyla məni görüb əlini uzatdı.
Öpdüm, başımın üstünə qoydum “gəldinmi
qağa” dedim, “gəldim” dedi.
Evə qalxdıq, qapını çaldıq. Öz abrı-həyasıyla
yenə nəsə qarışdırdığımı hiss
eləyən anam şalını başına çəkib
qapını açdı. Elə onda da “Booy,
Allah məni öldürsün, Zəlimxan gəlib” deyə
nalə çəkdi. Şair Anama, anam
şairə sarıldı. Mənim də
ürəyimin başından ağrılarım
süzüldü içimə. Bu Zəlimxandı, bu
Anamdı. Şükür qovuşdurana...
Bilənlər bilir, bilməyənlərə əyan
olsun, şair xalqın olanda gözəl olur. Bunu yazmadım ki, şairin
bizə yaxınlğıyla öyünüm, yazdım ki,
xalqdan uzaq qaçan söz “xiridarları”na
dərs olsun.
Evimizə qonaq olub, ocağımızı şənləndirən
şair bircə kənd qatığının dadına
baxdı. İştahla, ləzzətlə yedi. Anamla dərdləşdi, onun işığına
işini yarımçıq qoyub gələn həkim Seyfəddin
Əsədin dilindən öz şeirlərinə qulaq
asdı, evimizdən müşavir Seyid Əhməd bəyin
xoş diləklərilə uğurlandı.
Mən də fürsətdən yararlanıb iki daş
arasında suallarıma cavab aldım. Buyurun bu
görüşün dadı bizim damağımızda qalsa da
təəssüratları sizin ürəyinizi isitsin.
Axı, şair təkcə bizim deyil...
- Xoş
gəlmisən ay qağa. Mən yoluna qurban olum
a qağa, bax bu da mənim Anamdı, qibləmdi.
-Xoş
gününə gələk ay Niyar. Bilirsənmi
nə var, mən bu gün bu ocağa gəlməklə əslində
bütün ocaqların qonağı olub bütün
Anaları ziyarət eləmiş oldum. Dünyada
ən müqəddəs varlıq anadır. Biz onların havasına uçuruq. Dünyadan gedibsə ruhu bizi yaşadır,
qalıbsa nəfəsi. Müqəddəsdir,
əzizdir. Ona görə də sən deyən
kimi ki, Anam gəlib, mən onun görüşünə gəldim,
yoxsa yerimdən qalxası halım yoxuydu.
-Allah səndən
razı olsun a qağa. Deyəsən
Borçalıda da bir Anamız var, eləmi?
-Məni
şair eləyən odu, o Ana elə özü şairdir. Onunla danışanda məəttəl qalırlar.
Onun qəribə taleyi olub, 1937-ci ildə
atasını sürgün eləyiblər, 1938-ci ildə bir
qardaşı olub, ölüb. İndi Anam
bizim üçün çox əzizdir. Üç
oğlu var Anamın, mən böyüyüyəm, mənə
deyir, sən atamsan, ortancıl qardaşıma deyir sən
qardaşımsan, kiçiyə də oğlum deyir.
(...deyəsən duyğulanır şair, əllərini
sinəsində ovuclayıb fikrə gedir... Nə
düşünür, kim bilir, bir az
keçmiş xatirələrdən ayrılıb ötən
ilin uğurlarından ağır-ağır danışmağa
başlayır)
-2014-cü
il mənim üçün ən
böyük ədəbi hadisə “Ün” poeması oldu. Haqqımda çox alimlərin yazıları
çıxdı. İsa Muğanna
haqqında yazdığım “Ün” poemasının yeri
ayrıdır. İsa Muğannanın
şəxsində bütün bizim böyük şəxsiyyətlər,
alicənab adamlar hamısı o poemada ipə-sapa
düzülüb.
Bilirsən, o mənə çox əziz olub. Çox
yaxın olmuşuq, lap ata-bala kimi. Dəfələrlə
evində çörək kəsmişəm. Ona görə də keçən ildə mənim
üçün ən böyük uğur bu poemadır.
Qəzetlər çox verdi, Nizami Cəfərov
da onu Atatürk mərkəzinin hesabına kitab kimi
buraxdırdı. Qaldı ki, 65 yaşımla
bağlı mədəniyyət nazirliyi “Mənə ümid
kimi bax” adlı bir kitab hazırlayır. Tək o deyil, ad
günümə hədiyyə beş kitab
gözləyirəm. Musa Nəbioğlunun, Azər Turanın
kitabları, Şərq Qərb nəşriyyatının bir
töhfəsi olacaq. Almaniya dəftərimdən
“qürbət düşüncələri” adlı bir kitab yol
gəlir. Beşi də mətbəədə,
maşının ağzındadır. Səhhətim
əl versə bir yığıncaq eləyəcəyəm.
Görsəm ki, bacarmıram, onda heç nə
eləməyəcəm.
Bilirsən qızım, şair, hər kəsin öz
dilində danışmalıdır. Şair sözün əsl
mənasında peyğəmbərdir. Onun
sözü peyğəmbər sözüdür.
-Bəs o
necə olur ki, şairin yazdığına baxırsan peyğəmbər
duasıdır, amma özü adam deyil. Bu, necə olur?
-Var, elələri
də var.
-Bəs o
qələmi ona verən Tanrı o tərəfi hesaba
almırmı?
-Onu da Allah bilir. Nəsə var onun kökündə,
zatında, keçmişində. Bu,
hökmən belədir. Bax, indi mən gəldim
anamı ziyarət elədim. Şair olan adam
özündən böyükləri, kiçikləri,
özündən qocaları elə dindirməlidir ki, daş
da olsa dilə gəlməlidir. Amma təəssüflər
olsun ki, elə qələm adamları var, özü bir
şey deyir, sözü ayrı. Ona görə
də xalq onları qəbul eləmir.
-Dağa
yaxınlaşdıqca kiçikliyini görəndə
gözündə böyütdüyün yer
ağrıyır, eləmi?
-Elədir.
Bax mən hər dəfə kəndə gedəndə
ilk dəfə şeir yazdığım o ağacın
yanına gedirəm. Xeyli otururam. Qar da olsa gedirəm mütləq.
-O
yaşıl ağac deyil ki, orası? (Gülür)
-Yoox, o
yaşıl ağac buranın materialıdır.
-Sözmü
demək hünərmi, yoxsa yazmaqmı?
-İkisi də. Söz allahın danışan dilidir.
İkisi də görünmür, hava kimidir.
Amma biz onunla yaşayırıq, onunla nəfəs
alıb onunla ucalırıq. Biz dünyaya
sözlə gəlib sözlə gedirik. Biri
layladı, biri yasin. Laylayla yasin arasında
ömrümüz keçir, sonra da gedirik Haqqın dərgahına.
-Yazı
nədir bəs?
-Yazı da Allahın bir möcüzəsidir. Hər
xalqın özünün bir əlifbası var, yazısı
var, dili var.
-Niyə
yazmaq ehtiyacı hiss edirik?
-Ona
görə ki, insan yazmasa, duymasa, sevməsə,
düşünməsə ondan heç nə çıxmaz.
Biz yazmaqla öz içərimizdə olan duyğuları
varaqlara həkk edirik, ordan da dünyaya yayılır.
Şair özü tək yazır amma sonra xalqın, millətin
malı olur.
-Şairlərin
biri deyir ki, “Eşqə düşmək baxt iləndi”...
-Hər
şeyin öz eşqi var. Daşın da, ağacın da,
insanın da. Onları hərəkətə gətirən
eşqdir. Eşq olmayandan sonra sən nəyə
lazımsan, mən nəyə lazımam?
-İnsanı insan qılandımı o?
-Nizamilər,
Fizulilər, Mövlanalar, Yunus İmrələr, Ələsgərlər,
Səməd Vurğunlar hamısı Sözə səcdə
eləyib. Söz hər şeydir. Bu saat elə söz deyərəm məndən nifrət
edərsiniz elə söz də deyərəm ki, qalxıb
alnımdan öpərsiniz.
-Bəs
elədisə biz Səməd Vurğunu niyə
daşlayırıq?
-Xəbislik,
xudbinlik, paxıllıq, xainlik... Başqa nə ola
bilər ki? Yaxşı adamlar heç vaxt Səməd
Vurğunu daşlamır. Gör kimlərdir
onlar? Hamısı zatıqırıqlar, keçmişini
bilməyənlər, şər-böhtanla irəli gedənlər,
həyatda heç bir şeyi olmayanlar. Bunları
da xalq lənətləyir. Səməd
Vurğun saçının telindən dırnağına qədər
şairdir.
“El bilir ki, sən mənimsən” elə bəsdir.
Səməd Vurğunu heç kimlə müqayisə eləmək
olmaz. Onun insanlığı nəyə desən dəyər.
XX əsrin ortalarından söhbət açılanda
üç adamın adı çəkilir: Üzeyir bəy,
Səməd Vurğun, Adil İsgəndərov. Çünki
ömrü boyu bu adamlar xeyirxahlıqla məşğul
olublar, yaxşılıq eləyiblər. Ona
görə də onların adı dünya durduqca duracaq.
Adı sənə də, mənə də bəlli
olan məşhur adamlar var ki, bir dəfə də xatirələrini
danışmırlar. Çünki
yaşayanda heç kəsə yaxşılıq eləməyib.
Ona görə də unudulub. Amma unudulmayan adamlar var bala, onlar dünya durduqca
qalır.
Əli
Qurbanov deyir ki:
Çoxları
anadan oldu nər kimi,
yaşadı nər kimi, öldü nər kimi,
Getdi
Vurğun kimi, Ələsgər kimi,
Şirin sözü qaldı, söhbəti qaldı.
Xəlil
Rza deyir ki:
Neft nə
qalacaq, nə sər qalacaq,
əsil
adamlardan əsər qalacaq,
çör-çöpü sahilə tullayır dəniz,
dənizin dibində gövhər qalacaq.
Yaxşı adamlar o dənizin dibindəki gövhərdir,
xalq onu zaman-zaman üzə çıxaracaq. Yenə Xəlil Rza:
-Nəsimi
alnında qanlı bir qürur,
baxır
kainata öz dan yerindən,
on
dördüncü əsr yıxılır durur,
tutur o
dahinin ətəklərindən.
Zaman həmişə şəxsiyyətlərə
söykənir. Söykənməklə
böyüyür, genişlənır, yaddaşlara
yazılır, kitablara köçürülür. Şəxsiyyət olmayanlar da qoyun kimi gəlib qoyun
kimi gedir”.
Beləcə bizim bu tarixi görüşümüz
yarıda qırılır. Şairin
ağrılı halı hər kəsi üzür amma
özü demiş ruhu sağlamdır. Günü sabah yenə gedəcək Almaniyaya və bilirəm
daha da yaxşılaşıb qayıdacaq. Bizə,
onu çox sevən insanlara, millətinə dönəcək.
Çünki bu xalq Zəlimxansız olmaz!
Nə alim doğuldum nə də ki, dahi,
Peşiman deyiləm gələn günümə,
Əliboş aparma məni, İlahi,
Doğulan günümdən ölən
günümə...
Kaspi.-2015.-17-19 yanvar.-S.9-12.