İstiqlal tariximizin şərəfli səhifəsi
20 Yanvar hadisəsinin
canlı şahidi, əlil Tofiq Allahverdiyev həmin günü
xatırlayır
Bu gün 1990-cı ilin 20 Yanvar hadisələrinin
25 ili tamam olur. Azərbaycanın
istiqlal tarixinin şərəfli səhifələrindən
biri sayılan 20 Yanvar günündə xalqımız
azadlıq uğrunda apardığı mübarizənin
dönməzliyini bütün dünyaya nümayiş etdirib.
Azərbaycanda
geniş vüsət alan milli azadlıq hərəkatının
qarşısını almaq istəyən keçmiş SSRİ
rəhbərliyi məhz 20 Yanvar tarixində insanlığa
qarşı ən ağır cinayətlərdən birini
törədib. Belə ki, Azərbaycanın ərazi
bütövlüyünü pozmaq cəhdlərinə,
keçmiş SSRİ rəhbərliyinin ölkəmizlə
bağlı apardığı qərəzli siyasətə,
yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd
mövqedə durmasına qarşı etiraz əlaməti
olaraq küçələrə çıxmış dinc əhaliyə
divan tutulub. Bu məqsədilə Bakıya
və respublikanın digər rayonlarına sovet hərbi hissələri
yeridilib. Dinc əhalinin kütləvi etiraz
aksiyaları ağır hərbi texnikanın köməyi ilə
vəhşicəsinə dağıdılıb.
Görünməmiş qəddarlıqla həyata keçirilən
cəza tədbirləri nəticəsində, qadınlar,
uşaqlar və qocalar da daxil olmaqla heç bir günahı
olmayan 133 dinc sakin öldürülüb, 744 nəfər
yaralanıb, 841 nəfər qanunsuz həbs olunub.
Bakıda fövqəladə vəziyyət tətbiq
edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan
xalqı şəhidləri ilə vidalaşıb. Paytaxt matəm
libası geyinib, respublikada 3 gün matəm elan olunub.
Xalqın bu ağır günlərində, yanvarın 21-də
ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı
daimi nümayəndəliyinə gələrək, təşkil
olunmuş yığıncaqda çıxış edib, xalqla
birgə olduğunu bəyan edib, 20 Yanvar faciəsinə siyasi
qiymət verib. Ulu öndər hadisənin
hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin
və o zamankı respublika rəhbərlərinin günahı
üzündən yol verilmiş kobud siyasi səhv olduğunu
göstərib. 1993-cü ildə ulu
öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə
qayıdışından sonra isə 20 Yanvar faciəsinin
baş verməsinin səbəblərinin
araşdırılması və onu törədənlərin
məsuliyyətə cəlb olunması məsələsi
istiqamətində mühüm addımlar atılıb.
Ümummilli liderin 1994-cü il yanvarın
5-də 20 Yanvar faciəsinin 4-cü ildönümünün
keçirilməsi ilə bağlı verdiyi Fərmanda Milli Məclisə
faciəyə tam və əsaslandırılmış
siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunub. Milli Məclis
1994-cü il martın 29-da 1990-cı il
yanvarın 20-də Bakıda törədilmiş faciəli
hadisələr haqqında qərar qəbul edib. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü
və təkidi nəticəsində 20 Yanvar faciəsinə
dövlət səviyyəsində hüquqi-siyasi qiymət
verilib.
Hazırda Azərbaycan xalqı azadlıq uğrunda
canlarını qurban edən şəhidlərimizin, həmçinin
bu yolda aparılan mübarizələrdə yaralanaraq əlil
olan vətəndaşlarımızın qəhrəmanlıq
mübarizəsini çox böyük hörmət və
ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Belə cəsur
Vətən övladlarından biri də Bakı şəhər
Nəsimi rayon sakini Tofiq Allahverdiyevdir. O, 1949-cu ildə
Tovuz rayonunun Baqqallı kəndində anadan olub. Kənddə 8-ci sinfini bitirərək, təhsilini
rayon mərkəzindəki məktəbdə davam etdirib.
Orta təhsilini başa vurduqdan sonra isə
1967-ci ildə Gəncə şəhərindəki
texniki-peşə məktəbinə daxil olub. Burada xarrat peşəsinə yiyələnən
T.Allahverdiyev 1968-ci ildə Rusiyanın Arxangelsk şəhərində
hərbi xidmətə yollanıb. Əsgərlikdə
olduğu iki il müddətində
nümunəvi hərbi qulluqçu kimi dəfələrlə
komandanlığın diplom və mükafatlarına layiq
görülüb. 1970-ci ildə hərbi xidmətdən
qayıdaraq Bakı Metropoliteinində işə düzəlib.
Elə həmin ilin sonlarında həm əsgərlikdəki
nümunəvi xidməti, həm də mövcud işinə məsuliyyətlə
yanaşması nəzərə alınaraq, T.Allahverdiyev
Komsomol Təşkilatının təqdimatı ilə milis
(polis) sıralarında qulluğa göndərilib. Milisdə işlədiyi illər ərzində də
nümunəvi mühafizəçi olduğunu öz işi
ilə dəfələrlə sübut edib. Dəfələrlə komandirlərin, partiya və
komsomol təşkilatlarının təşəkkürünə,
fəxri fərmanlarına, pul mükafatlarına layiq
görülüb.
1972-ci ildə
üzləşdiyi bir hadisə, həmin an
göstərdiyi şücaət isə milis işçisi
kimi onun nüfuzunu daha da artırıb. Həmin
vaxt gecə növbəsində işini başa vuran
T.Allahverdiyev indiki Xutor adlandırdığımız ərazidəki
evinə doğru istiqamət alıb. Tini
burulub evlərinə çathaçatda bərk
qışqırıq, fəryad səsləri onu fikirdən
ayırıb. Bir anlıq
yorğunluğunu unudub, iti addımlarla, qaça-qaça səs
gələn səmtə yüyürüb. Hadisə yerinə çatanda yaşayış evlərinin
birində möhkəm yanğın baş verdiyini, bir
qadının isə ağlayaraq 3 övladının yanan evdə
qaldığını söyləyə-söyləyə
camaatdan yardım istədiyini görüb. Həmin an yanan evdə qalan uşaqların atası, əmisi
və yaxın qohumları da hadisə yerində olmalarına
baxmayaraq, heç birisi ürək edib, uşaqları xilas etməyə
cəhd göstərməyiblər. Amma
T.Allahverdiyev var gücünü toplayaraq, yanan evin pəncərəsindən
özünü içəri atıb. Məhz onun qəhrəmanlığı
sayəsində o zamankı 19-cu Dağlıq küçəsi
86 nömrəli evdə yaşayan Bayramovlar ailəsinin 10, 12 və
14 yaşlı uşaqları ölümün pəncəsindən
qurtulublar. Bu əməlinə görə o, Azərbaycan SSR
Ali Sovetinin qərarı ilə “İgidliyə görə”
medalı ilə təltif olunub, “Nümunəvi milis
işçisi” adına layiq
görülüb. 1974-cü ilin yekunlarına
görə isə T.Allahverdiyev cinayətkarlığa
qarşı mübarizədə birinci yeri tutub, xüsusi pul
mükafatına layiq görülüb.
Sonrakı illərdə öz ərizəsi əsasında
milis sıralarından tərxis olunan T.Allahverdiyev Bakı
şəhərindəki mebel fabrikində peşə təhsili
istiqaməti üzrə işə düzəlib. 1980-ci illərin sonundan
geniş vüsət alan milli azadlıq hərəkatına
da elə burada işlədiyi illərdə qoşulub.
Heç bir maddi, siyasi, şəxsi mənafe güdmədən,
sadə vətəndaş kimi Topxana meşəsinin
qırılmasına, Qərbi Azərbaycanda, Dağlıq
Qarabağda cərəyan edən hadisələrə,
günahsız azərbaycanlıların deportasiyasına, qətlə
yetirilməsinə etiraz edib, xalqın azadlıq istəyinə
səs verib. 1990-cı il yanvarın 19-da da
bu məqsədlə etiraz aksiyasına qatılıb.
Böyük insan kütləsinə qarışaraq o
vaxtkı “Salyanski kazarma”nın
qarşısına gəlib. SSRİ rəhbərliyinin
ayrıseçkiliyinə, azərbaycanlılara qarşı
laqeyid siyasətinə, erməni
separatçılığına göz yummasına etiraz edib.
Yanvarın 19-u axşamtərəfi “Salyanski
kazarma”dakı, eləcə də yaxınlıqdakı beşmərtəblərin
başında özlərinə mövqe seçmiş rus hərbiçiləri
əvvəlcə havaya yaylım atəşi açıblar,
etirazçı kütləni dağıtmağa
çalışıblar. Bəzi insanlar
bundan qorxuya düşüb hadisə yerini tərk etsələr
də, böyük əksəriyyət dinc etiraz aksiyası
keçirdiklərini əsas tutub oradan uzaqlaşmayıblar.
T.Allahverdiyev də həmin an orada qalmağa
üstünlük verənlərdən biri olub. Yanvarın 20-si gecə saatlarında isə rus hərbçiləri
dinc, əliyalın əhalini güllələməyə
başlayıblar.
Bu prosesə indiki 20 Yanvar dairəsindən Tbilisi prospekti
boyunca hərəkətdə olan ağır zirehli texnika da
qoşulub. Tanklar üzərində quraşdırılan
pulemyotlardan dinc insanlar gülləbaran edilib, həmçinin
zirehli texnika önünə keçən minik və yük
avtomobillərini, sərnişin avtobuslarını əzib,
onları atəşə tutub. Çaşqınlıq,
vahimə içərisində olan əhali güllədən
yayınmaq üçün qaçmağa,
yaxınlıqdakı avtomobillərin, yaşayış
binalarının arxasında daldalanmağa başlayıblar.
Həmin vaxt insanlara tuşlanan güllələr
T.Allahverdiyevdən də yan keçməyib. Avtomat
Kalaşnikovdan açılan atəş nəticəsində
5,45 millimetrlik güllə onun sol qolunun
arxasından girib onurğa sütununun 4 fəqərəsini
sındıraraq boynunun sağ tərəf nahiyəsindən
çıxıb. Buna rəğmən,
T.Allahverdiyev sürünərək özünü
yaxınlıqdakı həyət evlərindən birinə
çatdıra bilib. Orada yarasını kortəbii surətdə
sarıyandan, qanaxmanın qarşısını nisbətən
alandan sonra ara məhəllə yolları
ilə Musa Nağıyev adına xəstəxanaya gəlib. Bir ay xəstəxanada müalicə alaraq evə
buraxılıb.
Hazırda II qrup 20 Yanvar əlili statusu daşıyan T.Allahverdiyev
“20 Yanvar” Respublika Cəmiyyəti Nəsimi rayon şöbəsinin
sədri kimi fəaliyyətini davam etdirməkdədir. O, həmin günləri
çox böyük kədərlə xatırlayır. Deyir
ki, o zaman SSRİ adlı bir dövlətin öz vətəndaşına,
dinc, əliyalın əhaliyə divan tutacağını,
qırdıracağını heç kim
təsəvvür etmirmiş. Onun sözlərinə
görə, minlərlə, milyonlarla insan yalnız haqq-ədalət
tələbi ilə meydanlara toplaşıb, mərkəzi
hökumətdən öz hüquqlarını tələb
ediblər. Lakin SSRİ rəhbərliyinin
son qərarı insanların ümidlərini məhv etməklə
yanaşı, “xalqlar həbsxanası” adlanan bir imperiyanın
çökməsinin də əsasını qoyub, Azərbaycan
xalqını da azadlığa qovuşdurub. T.Allahverdiyev Azərbaycan dövləti var olduqca bu kədərli,
eyni zamanda şanlı tarixin heç zaman
unudulmayacağını, daim ürəklərdə,
yaddaşlarda yaşayacağını, nəsildən-nəsilə
ötürüləcəyini bildirib. O, 1990-cı ilin 20
Yanvar faciəsi zamanı ölkəmizin müstəqilliyi,
xalqımızın azadlığı uğrunda şəhid
olmuş qəhrəman həmvətənlərimizin ailə
üzvləri və həmin faciədə əlil olmuş
insanların dövlətimiz tərəfindən yüksək
diqqət və qayğı ilə əhatə olunduğunu da
dilə gətirib. Bildirib ki, 20 Yanvar əlilləri
və şəhid ailələrinin sosial müdafiəsi
istiqamətində aparılan dövlət siyasəti Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
O, dövlət başçısının 2006-cı il 19
yanvar tarixli Fərmanı ilə 20 Yanvar şəhidi fəxri
adı almış insanların ailə üzvlərinə
ayda 300 manat Prezident təqaüdü təyin olunduğunu
vurğulayıb. Bununla yanaşı, Azərbaycan Prezidentinin
19 yanvar 2011-ci il tarixli Fərmanına da diqqət çəkərək,
bu sənədə əsasən I qrup 20 Yanvar əlillərinə
150, II qrup əlillərə 130, III qrup əlillərə 100
manat olmaqla aylıq Prezident təqaüdü ödənildiyini
söyləyib.
Rufik İSMAYILOV
Kaspi.-2015.-20 yanvar.-S.5.