Krımın Türk tarixi
2014-cü ilin fevralından
başlamış məlum Ukrayna hadisələri Krım
problemini artıq bir xalqın taleyinə təsir göstərən
lokal xarakterli məsələ çərçivəsindən
çıxararaq, regional və qlobal sabitliyə real təhlükə
yaradan qlobal problemə çevirmişdir. Təəssüf
ki, bu proseslərdə ən böyük zərbəyə məruz
qalan geo-siyasi mübarizənin əks cinahlarında dayanan supergüclər
deyil, məhz Krım türkləridir. SSRİ
dağıldıqdan sonra Krım yarımadası muxtar qurum
kimi Ukraynanın tərkibində geniş hüquq və
azadlıqlar əldə etmişdi. Belə bir şəraitdə
Krım türklərinin öz mədəniyyətini, tarixini,
dilini qorumaq və inkişaf etdirmək üçün ciddi
maneə yox idi.
Obyektivlik naminə qeyd etməliyik ki, tam istiqlaliyyətə qovuşmasalar da, muxtariyyətin verdiyi imkanlardan istifadə edərək, Krım türkləri Ukraynanın tərkibində özlərini daha rahat hiss edirdilər. Lakin Ukraynanın Qərbə doğru geopolitik seçim etməsi ilk növbədə regionun ən həssas bölgəsi olan Krımı növbəti dəfə faciəyə uğratdı. Öz dil və din qardaşına revanşist mövqe sərgiləyən Rusiya yenidən oyanmış imperialist maraqlarını bölgədə təmin etməyin bir vasitəsi kimi Krımı hədəf seçdi. Tarixin vurduğu yaraları sarımağa macal tapmamış Krım türkləri yenidən imperiya boyunduruğu altına düşdülər. Hadisələrə yalnız XX əsr prizmasından, yəni yalnız öz mənafeyinə uyğunluq mövqeyindən baxaraq, Krımın 1954-cü ildə Sovet İttifaqı tərkibində Ukrayna Sovet Sosialist Respublikasına verildiyini bəhanə gətirən Rusiya Krımı yenidən işğal etdi. Tarixi gerçəklikləri saxtalaşdırmaqdan çəkinməyən rus millətçiləri bu işğalı Rusiyanın “tarixi qələbəsi” adlandırsa da, Krımın türk tarixi qarşısında istər hüquqi və istərsə də mənəvi müstəvidə bu işğala haqq qazandırmaq mümkün deyil.
2014-cü ilin martında Krım
yarımadasında təşkil edilmiş qondarma referendum
Krımı yenidən Rusiyanın inzibati sərhədləri
çərçivəsinə qaytardı. Rusiyanın hakim
dairələri bu referendumun “şəffaf”, əhalinin
böyük əksəriyyətinin iştirakı ilə
keçirildiyini iddia etdilər. Iki yüz ildən
artıq müddətdə Rusiya imperiyasının tərkibində
təqiblərə, işgəncələrə,
ayrı-seçkiliyə məruz qalmış bir toplum
hansı əsaslarla yenidən imperiya
asılılığına düşməyə “hə” deyə
bilərdi?! Odur ki, qondarma referendumun keçirilməsindən
dərhal sonra Krım Tatarları Məclisi Baxçasarayda
toplaşaraq yarımadanın ərazisində Krım Tatar
Muxtar Vilayətinin yaradıldığını elan etdi. Bu
addım əslində, heç bir beynəlxalq hüquq normasına
sığmayan qeyri-qanuni anneksiyaya etiraz nümayişi idi. Muxtariyyət elan edilməsi ilə bağlı beynəlxalq
ictimaiyyəti, BMT-ni, Avropa Şurasını, ATƏT-i,
İslam Konfransı Təşkilatını rəsmi şəkildə
məlumatlandırmaqla Məclis yarımadada baş verən
ilhaq prosesinin Krım türklərinin iradəsi xaricində
baş verdiyini bir daha bəyan etdi. Məhz
o gündən etibarən Krım türklərinin hüquq və
azadlıqları uğrunda mübarizə aparan şəxslərin
öz doğma yurdlarını tərk etməyə məcbur
edilməsi və Krım Tatar Milli Məclisinin sədri Mustafa
Krımoğlunun yarımadaya qayıdışına yasaq
qoyulması hazırda Krımda real durumun nə qədər
acınacaqlı olduğunu göstərir. Bu barədə Britaniynın məşhur
“The Sunday Times” qəzeti yerli əhaliyə istinadən məlumat
verir ki, “... Krım tatarlarının hüquqlarının
kobudcasına pozulmasına qarşı hər hansı formada
etiraz edilməsi insanların həyatı bahasına baş gələ
bilər. Krımın qeyri-qanuni
anneksiyasına qarşı çıxan bir çox fəalların
itkin düşməsi və ya qeyri-müəyyən şəraitdə
öldürülməsi hallarına tez-tez rast gəlinir.”
Bu, artıq Krım türklərinə
qarşı başlanan repressiya siyasətinin yeni
dalğasından xəbər verir.
Təəssüf doğuran digər məqam ondan ibarətdir
ki, müasir dünya siyasətinin əsas oyunçuları
Ukrayna ətrafında baş verən proseslərdən maksimum
siyasi divident əldə etməyə
çalışmaqdadırlar. Bu isə son nəticədə
Krım türklərinin hüquq və
azadlıqlarının beynəlxalq miqyasda müdafiəsini
arxa plana keçirir. Həmin dairələr Ukraynanın
ərazi bütövlüyünü dəstəklədiklərini,
Rusiyanın beynəlxalq hüquq normalarını pozmasını
pafoslu şəkildə bildirsələr də, siyasi gərginliyin
mərkəzində dayanan Krım türklərinin bir millət
olaraq muxtariyyət statusunda mövcudluq haqqının
tanınmasına, onların pozulmuş hüquqlarının bərpasına
dəstək verməyə heç də həvəsli
görünmürlər. Avropa İttifaqı Parlamentinin qəbul
etdiyi 13 mart 2014-cü il tarixli Qətnamədə Krımda
keçirilmiş referendumun qeyri-qanuni olduğu bildirilsə də,
etnik azlıq adlandırılan, əslində,
yarımadanın əhalisinin əhəmiyyətli qismini təşkil
edən Krım türklərinin hüquq və azadlıqlarının
təmin edilməsinin zəruriliyi barədə heç bir
müddəaya rast gəlinmir. Yalnız BMT
Baş Assambleyası tərəfindən 27 mart 2014-cü ildə
qəbul edilmiş Bəyannamədə Ukraynanın ərazi
bütövlüyünə dəstək ifadə edilməklə
yanaşı Krım türklərinin pozulmuş hüquqlarının
da bərpa edilməsinin vacibliyi qeyd edilmişdir.
Krımın türk tarixinin formalaşmasında
böyük rol oynamış Osmanlı imperiyasının sələfi
kimi Türkiyənin Krım məsələsində qəti
mövqe nümayiş etdirməməsi də təəssüf
hissi doğurur. Krım türkləri haqlı olaraq
Türkiyədən daha ciddi dəstək əldə edəcəklərini
gözləyirdilər. Bu, həm də
böyük türk dünyasının aparıcı dövləti
kimi Türkiyənin tarixi-mənəvi borcu idi. Lakin Türkiyənin Krım böhranı meydana
çıxdığı zamandan bu günədək sərgilədiyi
siyasi mövqe onu deməyə əsas verir ki, Türkiyənin
Ukrayna və Rusiyaya münasibətdə
yürütdüyü xarici siyasət koordinatlarında
Krım türkləri həlledici amil kimi nəzərə
çarpmır. Halbuki təkcə türk
dünyasının bir parçası olan Krımın deyil,
eyni zamanda, Türkiyənin özünün geopolitik maraqları
və beynəlxalq siyasətdə Türkiyənin
mövqeyinin güclənməsi baxımından bu məsələyə
daha konstruktiv və daha qətiyyətli yanaşmaq zərurəti
aydın görünür. Dünya
türklüyünə bu haqqı tanıyan və tanıdan ən
kəsərli arqument isə elə Krımın türk
tarixidir.
Krımın türk tarixi – türk birliklərinin
Avrasiyanın şərqindən qərbinə doğru
yayılmalarının ilk dövrlərindən
başlayır. XIII əsrə qədər Krım
yarımadası, əsasən, Roma və Bizans
imperiyalarının təsir dairəsində olsa da, bir
çox tarixi mənbələr bu bölgəyə türksoylu
qıpçaqların gəlişinin hələ V-VI əsrlərdən
etibarən başladığını təsdiq edir. Sonrakı əsrlərdə digər türk
tayfalarının da Krım yarımadasına yayılması
daha geniş vüsət alaraq, yarımadanın etnik mənzərəsini
tamamilə türklərin xeyrinə dəyişmişdi.
Nəticədə, XIII əsrin əvvəllərindən
Krım ərazisində ardıcıl olaraq Türk, Monqol,
Qızıl Orda hakimiyyətləri mövcud olmuşdur.
Tarixən türklərin yayıldıqları ərazilərdə
zəngin dövlətçilik ənənələrinin əsasını
qoyması Krımdan da yan keçməmişdi. Qızıl Ordanın əhəmiyyətli dərəcədə
zəifləməsindən istifadə edən Krım türkləri
I Hacı Girayın rəhbərliyi ilə 1441-ci ildə tarixdə
ilk dəfə müstəqil Krım xanlığının əsasını
qoydular. 1453-cü ildə Konstantinopolun fəthi
bütün regionda geosiyasi durumu türklərin xeyrinə dəyişdi.
Yaranmış əlverişli şəraitdən istifadə
edən Krım xanlığı Osmanlı imperiyası ilə
ittifaqa girməklə düşmənlərə qarşı
güclü cəbhə formalaşdırmağa nail oldu. 1475-ci ildə Krım xanlığı Osmanlı
imperiyasının təbəəliyinə keçsə də,
geniş miqyasda muxtariyyət hüquqları əldə edərək,
XVIII əsrin sonlarına qədər öz dövlətçiliyini
qoruyub saxlaya bildi. Beləliklə, ötən ən
azı beş yüz il ərzində bu
regiona türklərin ruhu hopmuşdu.
Özünün avantürist
çıxışları ilə tanınan rus siyasətçisi
V. Jirinovskinin Krımın adının dəyişdirilməsi
ilə bağlı irəli sürdüyü təklif də
təsadüfən səsləndirilmir.Türklərin Krım
yarımadasında uzun müddətdən bəri məskunlaşdığını
göstərən başlıca faktlardan biri elə bu
yarımadanın adı ilə bağlıdır. Zaman
keçdikcə linqvistik transformasiyaya uğrayan türk kökənli
“Qırım” (qala), “Qurum” (müdafiə), “Qurimaq” (qorumaq) ifadələri
sonda Krım olaraq türk toponimləri arasında özünə
yer tapmışdır. Bu coğrafi məkanın
istər mədəniyyətində, istər tarixində
türk izləri çox aydın şəkildə indi də
görünməkdədir. Krımın
özünəməxsus cəhətlərindən biri də
tarixən burada məskunlaşmış müxtəlif
türk qollarının və qruplarının
qaynayıb-qarışmasından yaranmış türk
birliyinin təşəkkül tapması idi. Bu baxımdan, Krımı böyük və rəngarəng
türk dünyasının bütün zənginliklərini
özündə əks etdirən unikal etnotarixi və etnomədəni
məkan hesab etmək olar.
İslam dininin türklərin məskunlaşdığı
bütün ərazilərdə əsas etiqad vasitəsinə
çevrilməsi də Krımdan yan keçməmişdi. İslam dini
Krım xanlığında dövlət dini statusuna malik idi.
Lakin islamın yayıldığı digər ərazilərdə
fəaliyyət göstərən mədrəsələrdən
fərqli olaraq, Krım mədrəsələrində təkcə
Quran öyrədilmirdi, eyni zamanda, astronomiya, ritorika, hüquq
elmi də tədris olunurdu. Krım
xanlığının paytaxtı olmuş, toponim kimi türk
dilinin estetik gözəlliyini bu günədək yaşadan
Baxçasaray həm də məşhur elm və ədəbiyyat
mərkəzi kimi tanınırdı.
Krım xanlığının ərazisi Krım
türklərinin kompakt yaşadığı bugünkü
Krım yarımadasından daha geniş ərazini əhatə
edirdi. XVII əsrdə Krım xanlığı
Ukraynanın cənub ərazilərinin böyük qismini və
Rusiyanın hazırki cənub-qərb ərazilərini əhatə
edirdi. Hətta orta əsrlərə aid bir
çox mənbələr Krım xanlığının
yüksəlişindən təşvişə düşən
rusların XVI-XVII yüzilliklərdə Moskvanın müdafiə
qalalarını möhkəmləndirdiyi, Moskva ətrafında
əlavə istehkamlar inşa etdiklərii barədə məlumat
verirlər. O zamankı Krım türklərinin heç
ağlına da gəlməzdi ki, nə vaxtsa bu qala
divarlarının içində Krımın türk tarixini dəyişməyə
yönəlmiş, insanların doğma yurdlarından kütləvi
sürgününə səbəb olacaq çirkin və xəyanətkar
qərarlar veriləcək. Bu proses isə artıq XVIII əsrin
sonundan etibarən özünü göstərirdi. Krım xanlığının 1784-cü ildə
Rusiya imperiyasının asılılığına
düşməsi ilə bölgənin inzibati sərhədləri
imperiya maraqlarına uyğun şəkildə dəyişdirildi,
parçalandı, etnik rusların bu əraziyə kütləvi
şəkildə köçürülməsi ilə
Krım türklərinin assimilyasiya siyasətinə start
verildi.
Əslində Avropanın bu ərazisində geopolitik
üstünlük uğrunda mübarizənin tarixi daha əvvəllərə
söykənir. Yerləşdiyi əlverişli geopolitik məkan
Krımı daim diqqət mərkəzində, təlatümlü
siyasi proseslərin içində saxlamışdır. Hələ orta əsr Avropasının müharibə
strateqləri Krımı regionda hərbi, siyasi
üstünlüyün əldə edilməsi
üçün açar nöqtələrdən biri hesab
edirdilər. Orta əsrlərdən bu
günədək Avropanın siyasi xəritəsi,
bütövlükdə siyasi münasibətlərin xarakteri
tamamilə dəyişsə də, Krım yarımadası əlverişli
geopolitik məkan kimi öz aktuallığını bu günə
qədər saxlamaqdadır. Krıma nəzarət
bütün Qara dəniz hövzəsinə nəzarət etmək
anlamını verir. 1853-1856-cı illərdə
müttəfiq Fransa, Britaniya və Osmanlı imperiyaları ilə
Rusiya imperiyası arasında baş vermiş məşhur
Krım müharibəsinin də əsas səbəbi elə
bu idi. Müharibənin əsas məqsədi Rusiya
imperiyasının Qərbə qarşı ekspansiyasının
qarşısını almaq olsa da, Krım türklərinə
münasibətdə daha ciddi əks effekt verdi.
Müttəfiq güclər bu müharibədən
üstünlüklə ayrılsa da, Krım türkləri
növbəti müharibə alovundan, Rusiyanın imperialist qəzəbindən
yaxa qurtarmaq üçün digər qonşu dövlətlərə
köç etmək məcburiyyətində qaldılar.
Əslində, Krım türklərinin kütləvi
şəkildə digər ərazilərə məcburi qaydada
köçürülməsi də elə bu dövrlərdən
başlayıb. O zamandan 150 ildən çox vaxt
keçsə də, bu çəkişmələrin
doğurduğu yaralar Krım türklərinin köksündə
bu gün də hiss olunmaqdadır.
Çar
Rusiyasının süqutuna səbəb olmuş 1917-ci il Oktyabr İnqilabı digər türk
toplumları kimi Krım türklərinin də dövlətçiliyinin
bərpası üçün tarixi fürsət
yaratmışdı. Krım azadlıq hərəkatının
nümayəndələri bu fürsətdən yararlanaraq
qısa müddətə olsa da, Krım türklərinin
azadlıq arzusunu gerçəyə çevirməyi
bacardılar. 1917-ci ilin dekabrında
Krım Tatarları Qurultayının təşəbbüsü
ilə Krım Xalq Respublikasının
yaradıldığı elan edildi. Lakin
bolşeviklərin yarımadada baş verən prosesləri
ideoloji təhlükə mənbəyi kimi gördüklərindən
tezliklə Krım Xalq Respublikasının süqutu
üçün bütün imkanlar səfərbər edildi.
Krım türklərinin istiqlal mübarizəsini
elə beşiyindəcə boğmaq üçün
yarımadada növbəti repressiya dalğası
başladı. Təsadüfi deyil ki, bu
hadisələrdən sonra bölgədə etnik təmizləmə
və ruslaşdırma siyasəti daha ardıcıl və daha
qəddarcasına həyata keçirilməyə
başladı. Sonrakı onilliklərdə
də bu repressiyaları davam etdirmək üçün Stalin
rejimi hətta müharibə şəraitindən sui-istifadə
etməkdən belə çəkinmədi. Stalin rejimi Krım yarımadasının SSRİ
üçün geopolitik önəmini anlayaraq, sərəncamında
olan bütün şər vasitələrlə bu bölgədə
rusların sözsüz hegemonluğunu təmin etməyi
qarşısına məqsəd qoymuşdu. Türk dünyasının Qərbə
açılan pəncərəsi rolunu oynayan Krımın
türk əsilli əhalisi isə bu yolda əsas maneə kimi
görülürdü. Eyni zamanda, Krım
türklərinin Türkiyə ilə olan coğrafi və mənəvi
yaxınlığı Stalin rejimini narahat etməyə bilməzdi.
Gələcəkdə bu bağlılıqdan
doğa biləcək istiqlal mübarizəsini istisna etmək
üçün totalitar hakimiyyət Krım türklərinin
kütləvi deportasiyası yolunu seçdi. O zaman “vətənə
xəyanət” kimi qondarma ittihamla üz-üzə qalan
Krım türkləri onlara qarşı yürüdülən
çirkin siyasətə müqavimət göstərmək
iqtidarında deyildilər. 10 may 1944-cü ildə Beriya tərəfindən
Krım türklərinin guya Hitler Almaniyası ilə əməkdaşlıq
etməsi haqqında saxta iddia irəli sürüldü. Bu iddia ilə rəsmi olaraq Krım türklərinin
deportasiyasına başlanıldı, kütləvi
köçürmə planı çox qısa zaman kəsiyində
həyata keçirildi. Təkcə 18-22 may tarixlərində
(cəmi 4 gün ərzində!) 200 min türk (bəzi mənbələr
bu rəqəmin 400 min olduğunu bildirir) öz dogma
torpaqlarından sürgün edildi. Sərt iqlimi
ilə seçilən Daşkənd, Səmərqənd,
Əndican, Fərqanə vilayətləri Krım türklərinin
məcburi yaşayış məskənlərinə
çevrildi. SSRİ Dövlət
Müdafiə Komitəsinin qərarında Krım türklərinin
Özbəkistana köçürülməsi qeyd olunsa da,
onların bir hissəsi, eyni zamanda, Qazaxıstan, Tacikistan və
Urala sürgün edilmişdi. Deportasiya
qurbanlarının təxminən yarısı
köçürmə planının həyata keçirildiyi
müddət ərzində öz həyatını itirdi.
Əslində bir toplumun total məhvinə hədəflənmiş
bu iyrənc akta soyqırımdan başqa bir ad vermək
mümkün deyildi. Bir türk yurdundan
ucsuz-bucaqsız ölkənin hər tərəfinə sürgün
edilmiş Krım türkləri 40 ildən çox müddətdə
yurd həsrəti ilə yaşamağa məcbur oldular.
Sovet rejimi bununla kifayətlənməyərək, daha bir
tarixi ədalətsizliyə qərar verdi:
Krım və Türk məfhumlarını birdəfəlik
bir-birindən ayırmaq və deportasiya edilmiş yerli əhalinin
gələcək nəsillərini bu torpaqlara
yadlaşdırmaq üçün Krım yarımadasında
mövcud olan əksər türk toponimləri dəyişdirildi.
Əsas məqsəd nəyin bahasına olursa
olsun tarixi gerçəkliyi saxtalaşdırmaqla yarımadada
türk izini itirmək idi.
Lakin amansız repressiya dalğası Krım türklərinin
mənəviyyatını, iradəsini sındıra bilmədi,
öz tarixi köklərinə
bağlılığını qıra bilmədi. Bəlkə də
Krım türklərinin yerinə digər toplum olsa idi,
assimilyasiya təhlükəsindən qurtula bilməzdi.
Amma Krım türkləri daha şərəfli və keşməkeşli
mübarizə yolunu seçdilər: Öz kimliklərinə
və tarixi keçmişlərinə sadiqlik nümayiş
etdirərək nəyin bahasına olursa olsun vətənlərinə
qayıtmaq yolunu!
Keçən əsrin 80-ci illərində Sovet
imperiyasının zəifləməsi ilə Krım türklərinin
milli mübarizəsi aktiv fazaya keçdi. SSRİ-nin dörd bir tərəfinə
səpələnmiş Krım türklərinin təşkilatlanaraq
Moskvada davamlı nümayişlər təşkil etməsi
sonda öz bəhrəsini verdi. SSRİ rəhbərliyi Krım türklərinin vətənə
xəyanət “ittihamını” rəsmən ləğv etdi.
Beləliklə, öz yurdlarından didərgin
salınmış Krım türkləri 43 ildən sonra
doğma torpaqlarına qayıtmağa başladılar. Onlar geri qayıtdığı zaman heç də hər
şey əvvəlki kimi deyildi.
Dağıdılmış, simasını itirmiş ata
yurdları, sonradan məskunlaşdırılmış yabançı
toplum, rusdilli əhalinin dominantlığı, Krımın həqiqi
keçmişini silmək məqsədilə sistemli şəkildə
həyata keçirilmiş tədbirlərin doğurduğu
acı mənzərə... Lakin
ağrılı-acılı günlərə tarixin sınaq
gözü ilə baxan Krım türkləri özlərinin
yenilməz ruhu ilə təkcə türk insanının
deyil, bütövlükdə bəşər
övladının əyilməzlik, qəhrəmanlıq və
nikbinlik nümunəsinə çevrilməyi bacardılar.
Krım, eyni zamanda, ümumtürk intellektual hərəkatının
ocaqlarından biri kimi tanınır. Krım türk
dünyasına bir sıra parlaq zəka sahibləri, siyasi fikir
xadimləri bəxş etmişdir. Təkcə türk
dünyasının deyil, eyni zamanda, bütün islam coğrafiyasının siyasi, mədəni
islahatlara, müasirləşməyə ehtiyacı olduğunu
açıq dillə, aydın bir məntiqlə ifadə
etmiş və bütün həyatını bu zərurətin
gercəkləşməsinə həsr etmiş İsmayıl
bəy Qaspıralı həmin mütəfəkkirlərdən
biri olmuşdur. Onun təsis etdiyi və 35 il
ərzində fəaliyyət göstərmiş “Tərcüman”
qəzeti türk xalqlarının birliyi ideyasının
yayılmasında xüsusi rol oynamışdır. İsmayıl bəy Qaspıralının “Dildə,
fikirdə, işdə birlik!” şüarı həmin birliyin
yaradılmasının rasional əsaslarını və
istiqamətlərini müəyyən etmişdir. Eyni
zamanda, İsmayıl bəy Qaspıralı türk və islam dünyasının maarifçilik hərəkatının
nümayəndələri ilə sıx münasibət
yaradaraq bu coğrafiyada təhsil sisteminin universal və
dünyəvi xarakter almasına öz töhfəsini
vermişdir. Məkanca nə qədər
bir-birindən uzaq olsa da, eyni amal uğrunda mübarizə
İsmayıl bəy Qaspıralının türk
dünyasının digər görkəmli şəxsiyyətləri
olan Həsən bəy Zərdabi, Əlimərdan bəy
Topçubaşov ilə münasibətlərini sarsılmaz
dostluğa çevirmişdir. İki qədim türk
yurdu olan Krım və Azərbaycanın mənəvi
bağlılığını göstərən digər
tarixi fakt türk dilçiliyinin inkişafında önəmli
yer tutmuş Bəkir Çobanzadənin 14 il ərzində
Krım-tatar-türk ədəbiyyatı və dilçiliyi
sahəsində fəaliyyətini məhz Bakıda davam etdirməsidir.
Keçmiş Sovetlər məkanında
türkologiya sahəsində ilk elmlər doktoru olmuş Bəkir
Çobanzadə də təəssüf ki, digər
aydınlar kimi Stalin repressiyalarının ilk qurbanlarından oldu.
Krım
torpağının yetişdirdiyi III İslam Geray (29-cu
Krım xanı, 1644-1654), İsmayıl bəy
Qaspıralı, Noman Çelebicihan (1917-1918-ci illərdə
Krım türkləri milli hərəkatının lideri,
Krım Milli Hökumətinin sədri), Bəkir Çobanzadə,
Cengiz Dağcı (müasir Krım yazıçısı)
kimi görkəmli şəxsiyyətlər təkcə
Krım yarımadasında yaşayan türklərin
özünüdərki, mədəniyyəti, ictimai-siyasi
fikrinin inkişafı üçün deyil,
bütövlükdə türk dünyasının
intibahı üçün çalışmışlar. Bu, həm də Krımın tarixən türk
coğrafiyasının ayrılmaz parçası olduğunu
tam aydınlığı və genetik
bağlılığı ilə sübut edir.
Krım ətrafında cərəyan edən proseslərin
beynəlxalq hüquq normalarının, xüsusilə də
Krım türklərinin hüquq və
azadlıqlarının kobud surətdə pozulması fonunda
baş verdiyi bu günün danılmaz gerçəyidir. Digər bir
gerçəklik isə ondan ibarətdir ki, bu gün Krım
türkləri öz iradəsi ilə formalaşmayan siyasi
mühitdə yaşamaq məcburiyyətindədirlər.
Ukraynanın tərkibində olduğu dövrdə
də Krım türkləri onlara verilmiş muxtariyyət
hüquqlarından istifadə etsələr də, faktiki olaraq
onların hüquq və azadlıqları tam təmin edilməmişdi.
Krım türklərini məyus edən Ukrayna hökumətinin
Krım ətrafında baş verən proseslərə
çox gec reaksiya verməsi, guya Rusiya ilə açıq
konfliktə girməmək üçün hərbi qüvvələrini
Krımdan asanlıqla çıxarması, ölkənin
parçalanmasına gətirib çıxaran hadisələr
fonunda təslimçiliyə bərabər qətiyyətsizlik
nümayiş etdirməsidir. Ukrayna parlamenti tərəfindən
Krım türklərinin Ukraynanın yerli əhalisi kimi
hüquq və azadlıqlarına tam təminat verilməsi
haqqında qərar da yalnız Krımın ilhaqı prosesinə
start verildikdən sonra qəbul edildi. Proseslər
artıq geridönməz xarakter almışdı və bu
çox gecikmiş bir qərar oldu. Beləliklə,
Krım ətrafında yaranmış hazırki situasiya onu deməyə
əsas verir ki, Krım türkləri üçün
artıq Ukrayna hakimiyyəti də nə zamansa onların
hüquq və azadlıqlarını tam təmin edəcək
qədər səmimi görünmür. Krımda
keçirilmiş qondarma referendumu dəstəkləməməsi
isə Kremlin Krım türklərinə qarşı
revanş götürməsinə əsas vermişdir. Rus imperializminin öz siyasi opponentlərinə
qarşı amansızlığı onun cəmi 300 illik
dövlətçilik tarixindən yaxşı məlumdur.
Bu baxımdan, Krım türklərinin hüquq
və azadlıqlarının təmin olunması uğrunda
apardıqları mübarizə yeni mərhələyə -
“Olum ya Ölüm” mərhələsinə qədəm
qoymaqdadır. Qüvvələr nisbəti
müqayisə gəlməz dərəcədə fərqli
olsa da, “ümid ən sonda ölür” deyiblər. Dünya dəyişir. Bu gün
Rusiya ətrafında baş verənlər təsadüfi
deyil. Bu hadisələr keçən əsrin
90-cı illərində başlamış imperiya süqutunun
sonundan xəbər verir. O zaman Sovet İttifaqının
çökməsi hələ imperiyanın çökməsi
deyildi. Hələ indi Ukraynanın Avropa Birliyinə
inteqrasiya yolunu seçməsi ilə imperiyanın dirçəlməsinə
bəslənən son ümid ölməkdədir. Krımın işğalını, Ukraynanın cənub-şərq
vilayətlərinin təsir altında saxlanmasını şərtləndirən
əsas səbəb də məhz budur. Lakin
bu gün beynəlxalq siyasətdə cərəyan edən
proseslər elə məcrada dərinləşə bilər
ki, mövcud tendensiya Krım türklərinin tarixən
yaşadığı etnocoğrafi ərazidə daha geniş
müstəqillik uğrunda mübarizəsinə və bu
mübarizənin real nəticələr verməsinə yol
aça bilər. Gələcəyin siyasi
tarixi bu imkanların gerçəkləşməsi istiqamətindədir.
Bu gün və gələcəkdə Krım
türklərinin qarşısında dayanan ən ümdə
məqsəd tarixi ədaləti bərpa etmək -
Krımın türk tarixini yenidən onun özünə
qaytarmaqdır. İndiyə qədər
tarixin bütün acı sınaqlarından keçmiş
krımlılar bu çətin missiyanın da öhdəsindən
gəlməkdə israrlı görünürlər. Sözsüz ki, Krım türkləri bu mübarizədə
bilavasitə türk dövlətlərinin,
bütövlükdə isə beynəlxalq birliyin dəstəyini
bütün gücü ilə hiss etməlidir. Yalnız bu yolla Krım türkləri
qarşılarına qoyduqları missiyanı gələcəkdə
gerçəkləşdirə və hələliksə
getdikcə daha təhlükəli xarakter almaqda olan yeni
repressiya dalğasını önləyə bilərlər.
Bu müqəddəs
mübarizə yollarında dünya türklüyünə və
Krım türklərinə tükənməz güc və
yenilməz iradə arzusu ilə,
Cavanşir
Feyziyev
Fəlsəfə
doktoru, millət vəkili
Kaspi.-2015.-22 yanvar.-S.10.