MÜASİRLİK ƏNƏNƏYƏ TAPINANDA...

 

AZƏRBAYCAN RƏSSAMLIĞININ “MİRCAVAD ƏFSANƏSİ”...

Sovet dönəmində Bakıda sənət dünyası nağıl və bayatılarımız, muğam və xalçalarımız qədər mənalı, sirli-soraqlı, bir qədər də müəmmalı olan bir rəssam yaşayırdı. Hələ sağlığında haqqında əfsanələr gəzən bu rəssamın üzünə sərgi salonları uzun müddət bağlanmışdı. Əsl yaradıcı-rəssam taleyini yaşamaqda olan bu adamı sənətdə hakim olansosialist realzmi” çərçivəsinə salmağa çalışırdılar. Amma onu ram etmək çox çətin idi. Odur ki, tətbiq olunan bir hansı bir vasitə onu yolundan döndərməkdə aciz idi. Həmin rəssam bu gün hamının yaddaşına sənət fədaisi kimi həkk olunmuş Mircavad Mircavadov (1923-1992) idi. Onun suçu nəydi? Niyə ona bəzən özgələr, çox vaxt isə özümüzünkülər qənim kəsilmişdilər? Əslində bu görmədiklərimizi görməyə, qəbul etməyə hazır olmamağımızın nəticəsi idi. Bu və digər suallara aydınlıq gətirmək üçün onun ömür yoluna nəzər salmağa ehtiyac duyuruq...

 

BAŞLANĞIC

Öncə deyək ki, 50-60-cı illərdə vahid sovet məkanında yaşamağa məhkum olan əksər xalqlarda yuxarıdan göstəriş kimi təbliğ olunan sosializm ideyalarından doyanlar, hətta ona etiraz edənlər sırasında Azərbaycan yaradıcıları da vardı. Azərbaycanda ilkdissident” rəssam Mircavad Mircavadov idi. Hələ Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil aldığı illərdə o, təsadüfən bu gün adı dünya rəssamlığının qızıl kitabına yazılmış fransız Pol Sezannın postimpressionist cərəyana aid edilən əsərlərinin reproduksiyası ilə tanış olur. Əsərlərdə həyat hadisələrinə münasibətin bu qədər fərqliliyi onu çox heyrətləndirir və ona hər gün məktəbdə təlqin olunansosialist realizminin analitik rəssamlığın yanında çox sönük olduğunu dərk edir. Hətta təhsilini bir müddət yarımçıq qoyub, reproduksiyalara öz imkanı daxilində nəzirələr də çəkir, Azərbaycanı fransız gözü ilə “təhlil” edir. Sonralar valideynlərinin və müəllimlərinin təkidi ilə məktəbi diplom almaq naminə bitirsə də, az sonra yaşıdları ilə Sankt-Peterburqda təhsil almağa gedəndə elə şəhərə çatar-çatmaz fikrini dəyişir. İ.Y.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda da sovet gerçəkliyində mövcud olan Bakıdakı ideoloji təhsilin davamını görəcəyini ehtimal edən Mircavad yoldaşlarından ayrılmağa qərar verir və dünyanın şöhrətli muzeylərindən sayılan Dövlət Ermitajına gedirPol Sezannı öyrənməyə... O vaxtlar ideoloji fərqə görə təbii ki, bu rəssamın əsərlərinə muzeyin çox geniş ekspozisiyasında yer ayrılmamışdı. Mircavad həmin əsərlərlə çox çətinliklə, çoxlarının üzünə bağlı olan fond otaqlarında tanış olur. Onun bu məqsədlə muzeyin direktoruna müraciəti də xahişdən daha çox, ultimatuma bənzəyirdi: “Ya siz mənə Sezannı göstərəcəksiniz, ya da mən sizi öldürəcəyəm!” Qarşısındakı gəncin yaşantılarını dərindən hiss edən təcrübəli muzey direktoru ona fondlarda Sezannın və mütərəqqi cərəyanların nümayəndələrinin əsərləri ilə tanış olmağa, hətta surətlərini çıxarmağa imkan verir. Amma bu, gənc rəssamı nə qədər sevindirsə də, o, daxilən rahatlanmır. Burada keçirdiyi illəri itirilmiş saymasa da, axtardığını hələ tapa bilmədiyindən vətənə qayıtmağa qərar verir. Geri qayıdan rəssam özünə Bakıda da yer tapa bilmir, tanışlarından birinin Buzovna qəsəbəsindəki bağ evində 10 ilə yaxın yaşayır, müxtəlif eksperimentlər aparır, daha çox mücərrəd sənətin tələblərinə cavab verən kompozisiyalar yaradır. Onun məkana və zamana uyğun gəlməyən “yenilikləri”nin sorağı bütün Bakıya, xüsusilə də ideoloji dairələrə yayılır. Həmin bağ evinin sahibiali məktəblərin birində “Sovet İttifaqı Kommunist Partiyasının tarixi” fənnini tədris edən professor da gənc rəssamın bədii axtarışlarını bir şoxları kimiantisovet addım” sayaraq ondan bağı boşaltmağı xahiş edir. Beləliklə, rəssamın gərgin yaşantılarının üzərinə daha bir sıxıntı əlavə olunur. 37 yaşında onun Qobustana getməsi və oradakı qaya rəsmləri ilə tanışlığı, az sonra milli miniatürlərimizi dərk etməsi, mifologiyaxalq sənəti ənənələrini öyrənməsi onu bir rəssam kimi yetkinləşdirir və dünyaya bu cür orijinal baxışın mümkünlüyü başqalarına da yaradıcı impuls verir...

 

ÇİNGİZ AYTMATOVUN XEYİRXAHLIĞI

Mircavadın davamlı şəkil alan maddi-mənəvi sıxıntıları səksəninci illərin ortalarına kimi davam etdi. Xoş bir təsadüf hər şeyi dəyişdi. Zəmanəmizin görkəmli yazıçısı Çingiz Aytmatov 1985-ci ilin payızında sənət dostu Bəxtiyar Vahabzadənin yubiley təntənəsinə gələndə rəssamın emalatxanasında da oldu. Burada o, əsərlərlə tanış olduqdan sonra rəy kitabına bu sözləri yazdı: “Açığını deyim ki, fəciliyi və iblisanəliyi fırça vasitəsilə belə ifadə etmək ustalığına indiyədək rast gəlməmişəm. Tablolar bir an belə göz önündən getmir. Görəsən, biz onları qiymətləndirə biləcəyikmi?” Çingiz Aytmatovun işə qarışmasından sonra, onun Mərkəz Komitəyə müraciətindən iki il sonra Bakıda 64 yaşlı rəssamın ilk fərdi sərgisi açıldı...

 

RƏSSAMIN SƏNƏT DÜNYASI

Öncədən deyək ki, Mircavadın əsərləri özündə ənənə ilə müasirliyinin özünəməxsus vəhdətini yaşatdığı üçün təzadlı dünya sənət məkanının ən ciddi tələblərinə davam gətirmək gücündədirlər. Onun əsərlərindəki kökəqayıtma meylinin qabarıqlığını, onun əski milli qaynaqlarımızı müasir biçimdə təqdim etmək istəyini görkəmli musiqiçimiz Vaqif Mustafazadənin muğam mövzusundakı improvizələri ilə müqayisə etmək olar.       Rəssam milli folklordan əxz olunan motivləri, qədim adət-ənənələri, dünyamızın başının üstünü alan müharibə təhlükəsinə biganəliyə etirazını əsərlərində özünəməxsus duyumla, rənglər selinin işığında tamaşaçıya təqdim etmişdir. Odur ki, istər Şərq rəssamlığı prinsiplərindən qaynaqlanan “Rənglərin işığında”, “Süsən”, “Bürc”, “Şərq miniatürləri mövzusunda improvizələr” lövhələri, istərsə də müxtəlif problemlərə münasibətini ifadə edən “Sovqat”, “Müdaxilə”, “Şeytanın sirki”, “Ümid işığı” tabloları cəlbedici və düşündürücüdürlər. Müxtəlif mövzuları əhatə edən, ölçüyəgəlməz ehtirasla yaradılmış irili-xırdalı əsərlərini keşməkeşli əsrimizə verilən suallar toplusu adlandırmaq daha düzgün olardı. Fəlsəfi düşüncə və qrotesk, nağılvari görüm və reallıq, muğamxalça açımı ilə səsləşən obrazlı hikmət rəssamın zamanla apardığı qeyri-adi müsahibənin məna-yük daşıyıcılarıdır. Yox, bu tablolarda dünyamız heçöz real görkəmini itirməyib. Sadəcə, reallığın daha dərin qatlarına, indiyə qədər rastlaşmadığımız analitik sənətkar nüfuzunun rəng plastikasında şərhini görürük.

Ç.Aytmatovun dəstəyi ilə rəssamın Bakıda açılan ilk sərgisinin sorağı tez bir zamanda Azərbaycandan çox-çox uzaqlara yayıldı və dünyanın bir çox ölkələrində onun sənətinin nümayişi baş tutdu. Oğlu Xəzrinin yaşadığı DanimarkadaMircavad fondu” yaradıldı, ona çoxdan layiq         olduğu fəxri adı da (“Azərbaycanın əməkdar incəsənət xadimi”) verdilər. Haqqında sənədli film də çəkildi. Amma təəssüf ki, bütün bunlar haradasa gecikmiş görünürdü. Çünki zamanında aldığı zəbələr öz işini görmüşdü...

 

RƏNGLƏR PATRİARXININ PAYIZI...

Rənglər patriarxının payızı, yarpaq tökümü onun 1992-ci ilə təsadüf etdi. İsti iyun günündə oğlunun yanından qayıdan rəssam Kopenhagen-Moskva qatarındakı dar kupedə dünyasını dəyişdi. Mircavadın gözlərini əbədi yumması və bundan sonra rastlaşdığı hadisələr onun yanında olan ömür-gün yoldaşı Rübabə üçün o qədər gözlənilməz oldu ki, o, nə edəcəyini artıq bilmirdi. O, əvvəlcə Brestdə qatardan düşürülən meyitin yandırılmasına mane oldu. Sonra isə pul ardınca Moskaya gedib-qayıtdı və sink tabutda sevimli ərinin Bakıya gətirilməsinə, müsəlman adətinə uyğun dəfn olunmasına nail oldu. Rübabə sevimli ərini köhnə Yasamal qəbiristanlığında torpağa tapşıranda da yanında cəmisi 3-4 nəfər vardı. Çünki Mircavadın özü dəfninin hay-küylü olmasını istəməmişdi. Dost-tanışlarının hamısı da hadisədən ancaq dəfndən sonra xəbər tutdular... Azərbaycan rəssamlığında yarananMircavad əfsanəsi” burda bitsə də, onun adının bu gün də dillərdə dolaşması onun əbədiıiyndən xəbər verir...

 

Ziyadxan Əliyev

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Kaspi.-2015.-24-26 yanvar.-S.16-17.