Valeh Kərimov: “Jurnalistlərin məni bu qədər çox istədiklərini bilsəydim çoxdan işdən çıxardım”

 

İslam Həsənov: “ Valeh Kərimov işdən çıxarılmayıb”

Onun Sumqayıt Teatrında işləməsi bizim üçün bir şərəfdir”

 

Son bir neçə gündür ki, Prezident təqaüdçüsü, Xalq artisti Valeh Kərimovun Sumqayıt Dövlət Dram Teatrından işdən çıxarılması xəbəri gündəmi zəbt edib. Teatral mətbuatın diqqət mərkəzinə çevrilən bu məsələdə isə nə günahkar var, nə də ki, günahsız. Məsələ belədir ki, mövcud qanuna görə 65 yaşından yuxarı olan aktyoraktrisalar işdən azad olunmalıdırlar. Onları isə gənclər əvəz etməli, beləliklə teatrlarda nəsil dəyişikliyi baş verməlidir. Bu qanun qüvvəyə mindiyi gündən etibarən məsələ mətbuatın gündəmindən düşmək bilmir.

45 ildir ki, Sumqayıt Teatrında çalışan Valeh Kərimov isə “Kaspi”-yə açıqlamasında qanunun qarşısında edə biləcəyi heç nəyin olmadığını, ancaq teatrda işləmək arzusunun sonsuz olduğunu bildirdi: “Mən o gündən özümə gələ bilmirəm. Yaşıma görə çıxarılacağımı düşünürdüm. Mən teatrdan 210 manat maaş alırdım. Bu pul mənim yolpulum etmirdi. O məbləği mən Bakı teatrlarında 1-2 rol oynamaqla qazanıram. Sumqayıt teatrı mənə doğma idi. İnanmırdım ki, mənimlə belə qurtara, sağollaşa bilərlər. Bu, mənə çox ağır gəldi”.

Teatrın rəhbərliyindən heç də incimədiyini söyləyən Valeh Kərimov qanunun hər kəs üçün eyni olduğunu deyir: “Teatrın rəhbərliyi ilə aramızda elə böyük söhbət olmadı. Teatrdan çıxarılmağımın səbəbi yaşımla bağlıdır. Başqa bir səbəb yoxdur”.

 

- Valeh müəllim, xəbəri eşitdik çox məyus olduq.

- (Gülərək) Çox sağ olun. Mətbuat nümayəndələrinin məni bu qədər çox istədiklərini bilmirdim. İki gündür ki, vəziyyətlə bağlı məndən hal-əhval tutur, işdən çıxmağımı geniş şəkildə işıqlandırırlar. Jurnalistlərin məni bu qədər çox istədiklərini bilsəydim çoxdan işdən çıxardım(gülür). Onlara minnətdaram.

 

- Ağasadıq Gəraybəyli deyirdi ki, aktyorlar səhnədə qocalmalıdır.

- Əlbəttə, aktyorlar səhnədə qocalmalı, elə səhnədə də ölməlidirlər. Allah ona rəhmət eləsin. Azərbaycanın çox böyük sənətkarlarından idi. Hesab edirəm ki, ondan ibrət dərsi götürülməlidir. Qanunun qarşısında heç nə deyə bilmərik. Qanundan keçmək olmur. Bu qanunlar yəqin ki, Ağasadıq Gəraybəylidən sonra yaranıb(gülür).

 

- 45 il Sumqayıt Teatrında çalışdınız. Bu heçaz müddət deyil.

- Elədir. 1969-cu ildən Sumqayıt Teatrında çalışıram. Sumqayıt Teatrı pərdəsini açandan, ilk tamaşasını oynayandan ordayam. Yeganə aktyoram ki, ömrümün 45 ilini həmin teatra sərf etmişəm.

 

- Teatrdakı sənət yoldaşlarınız sizi necə yola saldı?

- Çox adi. Yanvarın 6-da müdiriyyət məni çağırıb bildirdi ki, qanun belədir, inciməyin, biz bunu etməliyik. Mən də qanunun qarşısında heç nə deyə bilmərəm. Bu yaşdan sonra qanuna qarşı çıxmağın da yeri yoxdur. Yeni rəhbərliklə konfliktim yoxdur, münasibətlərim də çox əladır. Mən də onlara dedim ki, getməliyəmsə gedim. Dəftərimi, kağızımı yığışdırıb, xudahafizləşib çıxdım. Ötən gün də əmək kitabçamı götürdüm. Söz yox ki, bu qanun mənə çox pis təsir etdi. Ancaq psixoloji cəhətdən özümü buna hazırlamışdım. Bilirdim ki, yaş həddi qaçılmazdır. Ancaq teatrın bünövrəsi qoyulduğu gündən orada olduğum üçün elə hesab edirdim ki, teatrın canlı eksponatı kimi məni orada saxlayarlar. Mən fəaliyyətimi davam etdirəcəyimi düşünsəm də görünür, qismətimdə yox imiş.

 

- Aktyorluq həyatınızın ən gözəl illəri məhz Sumqayıt Teatrı ilə bağlıdır.

- Bəli, elədir. Sumqayıt Teatrı mənim üçün çox doğma və əziz teatrdır. Başqa teatrlarda işləsəm də, Sumqayıt Teatrını ikinci evim kimi görmüşəm. Bu teatr mənim daxilimdə, qəlbimdədir. Çünki Sumqayıt Teatrının bünövrəsini qoyanlardan bir də mənəm. Bu sizə adi gəlməsin. İnsan bir ağac əkir və ona qulluq edir. O da meyvəsini verəndə sevincindən bilmirsən nə edəsən. Ağac cır meyvə versə də, sevinirsən ki, o sənin əməyinin məhsuludur. Bəs 45 il mən o teatra ömür qoymuşam. 45 il sizə az gəlməsin.

 

- Sumqayıt Teatrının rəhbərliyi sizə yenidən təklif etsə də, siz onların bu təklifini qəbul etməmisiniz. Bunun səbəbi nədir? Deyirsiniz ki, o teatrı sevirsiniz və həmin teatra bağlısınız...

- Bəli, onlar mənə müqavilə əsasında işləməyi təklif etdilər. Bu daldan atılan daş idi. Qəlbim sındıqdan sonra yenidən o teatra qayıtmaq istəmirəm. Bunu qəbul edə bilmərəm. Gərək mənim işdən çıxmağımla bağlı onlara bildiriş gələn gün onlar müqaviləli şəkildə məni teatrda saxlayaydılar. Üstündən bir həftə keçdikdən sonra bu təklifi etmələri sözün açığı mənə heç xoş təsir bağışlamadı.

 

- Ürəyinizdə qalan hər hansı obraz var idimi ki, siz onu canlandırmaq istəyirdiniz?

- O qədər obrazlar qaldı kiHəm gənclik çağlarımda onları oynamaq mənə nəsib olmadı, həm bu vaxtımda ümidim var idi ki, il ildən bir-birindən maraqlı obrazlar canlandıracam. Aktyor rejissordan asılı olan bir insandır. Rejissorun insafı olanda, vicdanı dilə gələndə bir rol verir, sən oynayırsan. İnsafı olmayanda deyir ki, mənim filan tamaşanı hazırlamağa açarım yoxdur. Açarı da tapmaq çətin məsələdir. İndi yaşım o yaş deyil ki, gənc oğlan obrazları canlandırım, yəqin, yaşlı ata rollarını oynayaram, əgər qismət olsa. Dünya dramaturgiyasından, milli klassik əsərlərimizdən marağında olduğum obrazlar çoxdur. Ancaq o obrazlar da ürəyimdə qaldı. 45 ildə bütün janrlı obrazları canlandırmışam. Obrazlarımın hamısı da yadda qalan olub.

 

- Moşu obrazı sizi teatrda yaratdığınız obrazlardan daha çox tanıdıb.

- Görüm Moşunu Allah öldürsün. O, məni aləmdə biabır edib(gülür).

 

- Sizin digər teatrlara ayaq açmağınızda bu obrazın rolu oldumu?

- “Bəxt üzüyüfilmi bizə çox uğur gətirdi. O, obrazları da canlandırmaq bizim bəxtimizə düşdü. Moşu mənim həyatımda, yaradıcılığımda, tanınmağımda çox gördü. Əlbəttə ki, bunu danmaq olmaz. O, obraz mənə qapı açan obraz oldu.

 

- Valeh müəllim, sizi filmlərdə görmürük...

- Aktyoru gərək dəvət etsinlər. Rejissorlar gərək bilsinlər ki, Azərbaycanda neçə aktyor var, teatrlarda kimlər çalışır. Dəli Kürfilmində Cahandar ağa rolu yadınızdadır? Ələddin Abbasov Gəncə Teatrının aktyoru idi, amma rejissor görün qədər ağıllı, axtarışda olan rejissor idi ki, Ələddini Gəncə Teatrından tapıb, o rola çəkmişdi. Filmi çəkənlər gərək bütün teatrların aktyorlarını əllərinin içi kimi tanısınlar. Aktyorların fotoları onların stollarının üstündə olmalıdır. Amma onlar maraqlanmırlar, filmlərinə kimi olsa çəkirlər.

 

- Yəqin ki, bundan sonra digər teatrlar müstəqil aktyor kimi sizə müraciət edəcəklər?

- Allah eləsin. Müraciət etsələr, mən məmnuniyyətlə iştirak edərəm obraz canlandırmaq üçün mənim kifayət qədər həvəsim, marağım qüvvəm var. Ümumiyyətlə, səhnəyə çıxmağa mənim sonsuz marağım var. Allaha şükür hələ ki, sağlamam. Nə desələr, mən hazır.

 

 

P.S.: Valeh Kərimovla söhbətimizi yekunlaşdırdıqdan sonra Sumqayıt Dövlət Dram Teatrının direktoru İslam Həsənovla əlaqə saxladıq. Ondan məsələnin nədən belə qəliz hal aldığını soruşduq. Aldığımız cavabdan isə belə oldu: “Valeh Kərimov işdən çıxarılmayıb. O, sadəcə olaraq müqavilə sisteminə keçib. 65 yaşından sonra aktyorlar müqavilə sistemi ilə teatrda fəaliyyətlərini davam etdirirlər. Bu, bütün teatrlarda belədir. Biz isə onu müqavilə sistemi ilə yenidən əməkdaşlığa dəvət etdik. O, teatrda məvacib də alacaq, gənc aktyorlarla birlikdə bizim studiyamızda da çalışacaq. Yəni, o, aktyor kimi fəaliyyətini davam etdirəcək. Burada heç bir problem yoxdur. Sadəcə olaraq yaş həddi ilə bağlı müqavilə sisteminə keçməli idi”.

İslam Həsənov bildirdi ki, aktyor 45 il Sumqayıt Teatrında necə işləyibsə, bundan sonra da o şəkildə fəaliyyətini davam etdirəcək: “Düzdür, bu hadisələr ona bir qədər təsir edib. Valeh Kərimov möhtəşəm bir aktyordur. Onun Sumqayıt Teatrında işləməsi bizim üçün bir şərəfdir. Valeh Kərimovun bizim teatra ehtiyacı yoxdur, bizim ona ehtiyacımız var”.

 

Aktyorun işdən azad olunduğu gündən danışan İ.Həsənov onun sisteminin müqavilə şəklinə keçməsini V.Kərimova həmin gün söylədiyini dedi: “Həmin gün ona bildirdim ki, sizin işləməyiniz üçün burada heç bir problem olmayacaq. Qanun imkan verir ki, biz başqa formada onunla işbirliyimizi davam etdirək. Qanuna əsasən də biz müqaviləmizi bağlayıb, yenidən onunla işləyəcəyik. Bir müddət keçdikdən sonra hirsi soyuyar, gəlib müqaviləyə qol çəkər. Valeh Kərimovu işdən çıxarmamışıq, sadəcə müqavilə sisteminə keçirik”.

 

Xəyalə Rəis

Teatrşünas

Kaspi.-2015.-23 yanvar.-S.11.