Xatirələrdə yaşayan YAXŞILAR
Aydın Qaradağlı kimi
Yaxşı yadımdadı, mən balaca olanda nənəm həmişə deyərdi: “Bala, o sehrli qutunu bura gətir görüm”. O zaman fərqinə varmaz, qutunun, doğrudan da, sehrli olduğuna inanardım. Nənəmsə hər dəfə sehrli qutusu ilə baş-başa qalanda ətrafda olan hər şeyi unudar, göz yaşları axıdaraq “heyif səndən, bala” deyərdi. Çox sonralar bildim ki, nənəmin ürək yanğısı ilə heyifsiləndiyi “balası” – məhz o qara qutunu sehrli edən səsin sahibi Aydın Qaradağlı olub. Onun vəfatından sonra haqqında verilişlər gedərkən və səsini eşidərkən nənəm beləcə kövrələrdi...
O səs... Balaca qutunun içindən ətrafa yayılan, doğmalıq, istilik bəxş edən ecazkar səs... Rəngsiz efirin rəngli səsi... Mənim də uşaqlıq yaddaşımda doğmalaşan, nənəmdən xatirə qalan dost-doğma səs...
Səsi ilə, sözü ilə bir aləm yaradan, rəngsizliyə min rəng qatıb dinləyiciyə çatdıra bilən gözəl sənətkar sadəcə danışır: “Azərbaycan radiosu ilə verilişlərimiz davam edir, Bakı vaxtı ilə saat 12-yə 15 dəqiqə qalıb”.
Azərbaycan radiosunun efirində ilk dəfə saatı belə təqdim edən Aydını qınayanlar olsa da, o buna əhəmiyyət vermir və hər zamankı kimi məsuliyyətlə efirdəki işini davam etdirir.
Başqa bir gün Cəfər Cabbarlının “Ana” şeirini söyləyir: “Kimdir o, nədir o, Ana...”
Bəzilərinin gözləri dolur, bəziləri göz yaşları axıdır... Və beləcə müqəddəs ana sevgisinin əsiri olan hər kəs bu səsin sehrindən təsirlənib gündəlik həyatına davam edir...
Aydın Qaradağlını tanıyan dostları, iş yoldaşları, onu sevənlər, əlbəttə ki, çoxdur. Amma böyük sənətkar haqqında oğlu Vüqar Qaradağlı və qızı Aygül Qaradağlının dilindən eşitmək daha xoşdur. Elə bu səbəbdən də üzümü onun övladlarına tutub, onların dediklərini sizə təqdim etmək qərarına gəldim əziz oxucum!
ATAM
– Aydın müəllimin
şəxsiyyət kimi sevilməsində, sizcə, önəmli
nə idi?
V.Q.: – Atam haqqında danışmaq mənə çox çətindir. Amma ölümündən 35 il keçməsini nəzərə alsaq, bugünkü təhlilimə əsasən belə qənaətə gəlirəm ki, onun həm gözəl diktor olmasında, həm peşəsini sevməsində, həm də şəxsiyyət kimi sevilməsində ən əsas faktor vətəndaş olmasıdır. O, sözün hər mənasında, azərbaycanlı idi. O, Azərbaycanı səsi, öz varlığı ilə təbliğ etdiyi millətinin əyani göstəricisi idi. Böyüklüyünü çox-çox sonralar dərk etdiyim əsl vətəndaş, dərdini içində çəkən, korun-korun tüstülənən ocaq idi dünyalar qədər sevdiyim ATAM.
A.Q.: – Atamda təbiətə, insanlara sevgi vardı, ana dilimizin isə vurğunu idi. Yadımdadı hər dəfə həyətdə balaca uşaqları özü salamlayırdı. Anam soruşanda ki, Aydın, axı sən böyüksən, sənə ilk salamı onlar verməlidirlər, sən niyə qabağa düşürsən? Atam gülərək deyirdi ki, mən balalarımıza “salam”ı sevdirirəm, salam verməyin gözəlliyini beləcə öyrədirəm...
Radionun Aydın səsi
– Aydın müəllimin radioya gəlişi necə olub? Səhv etmirəmsə, radioda işə tələbə ikən başlayıb.
V.Q.: – Atam Aydın Qaradağlı 1929-cu il təvəllüdlüdür. O, işə başlayanda 17 yaşı vardı. Onun uşaqlıq illəri II Dünya müharibəsi dövrünə təsadüf edib. O vaxtlar atamın təxminən 12-13 yaşı olardı. O zamanın yeniyetmələrində olduğu kimi atamda da milli ruh, torpaqların qorunması hissi güclü idi. Müharibədə iştirak etmək istəyib. Bu istəklə də Azərbaycanda yeganə hərbi məktəb olan dənizçilik məktəbinə daxil olub. Ancaq məktəbi bitirənə kimi müharibə qurtarıb. Ona görə də atam oranı tərk edərək incəsənət sahəsinə keçib. Öz dilinə olan sevgisi yolunu radioya salıb...
Atamın hələ uşaqlıqdan radioya böyük marağı olub. O vaxtlar radioqəbuledicilər çox az evlərdə varmış. O bütün günü radionun yanında oturur və düşünərmiş. Görəsən, bu balaca qutunun içində danışan kimdir? Elə bu maraq və istək onun yolunu Teatr texnikumuna salıb.
A.Q.: – 16 yaşlı Aydın Qaradağlı aktyor olmaq sevdası ilə sənədlərini M.F.Axundov adına Teatr texnikumunun aktyorluq fakültəsinə verib. Qəbul imtahanı onun gələcək həyat yolunun müəyyənləşməsinə səbəb olub. İmtahanda Natəvanın “Mənə bədtərdi düzəxtən, əzizim, gülüstan sənsiz” qəzəlini oxuyan Aydın Qaradağlının səsi və ifa tərzi o zamanlar radionun fars redaksiyasında diktorluq edən, sonralar məşhur xalçaçı-rəssam kimi tanınan Lətif Kərimovun xoşuna gəlib və atamı radionun sədri Şəmsəddin Abbasova təqdim edib. Beləliklə, atam 1946-cı ildə 17 yaşında ikən çox sevdiyi və vurğunu olduğu radioda işə başlayıb.
– Aydın müəllim gənc yaşında işə başlasa da, tezliklə hamının sevgisini qazanır. Sizcə, bunu necə bacarıb?
V.Q.: – O, sənətinin vurğunu, peşəkarı olub. Fəaliyyətə başladığı ildən ömrünün sonuna kimi o, radioda həmişə bir səslə – aydın danışıb. Onun danışdığı səs isə radio üçün lazımlı bir səs idi. Bu səs tempini atam özü tapmışdı, yəni səsinin tonunu özü müəyyənləşdirmişdi. Düşünürəm ki, on yeddi yaşında bir gəncin özünü təqdim etməyi bacarması yalnız və yalnız onun daxili zənginliyindən xəbər verə bilər.
O, pafosu sevməzdi, həyatda olduğu kimi işinə də səmimi yanaşırdı. Radioda dinləyicinin istəyini hiss edib onlara xitabən veriliş aparmaq çətin məsələ idi. Üzünü görmədən dinləyicilərin istəyini yerinə yetirmək özü ustalıq tələb edirdi. Aydın müəllim bunu çox gözəl bacarırdı. Səsi ilə, aydın və məftunedici diksiyası ilə. Bu da ondan irəli gəlirdi ki, o, sənətinin peşəkarı idi. Atam diktor olmaqla yanaşı, baş rejissor, proqram direktoru, partiya komitəsinin sədri kimi də çalışıb. Azərbaycan Dövlət Televiziyası və Radiosunun partiya komitəsinin sədri olmaq isə o vaxtlar hər hansı bir rayonun birinci katibi olmaq səviyyəsində idi. Ona dəfələrlə çox böyük vəzifələrdə işləmək təklif olunsa da, atam heç vaxt diktorluq sənətini atmayıb. Diktorluq sənətini həmişə çox uca tutub.
– Aydın müəllimin
babası Həsənəli-ağa xan Qaradağski şair təbiətli
bir insan olub. Onun Azərbaycan mədəniyyətinə, təhsilinə
verdiyi töhfələr hamıya yaxşı məlumdur.
Aydın müəllim onun yaradıcılığından necə
bəhrələnib?
V.Q.: – Atamla babası Həsənəli-ağa xan arasında heç bir ünsiyyət olmayıb. Çünki atam anadan olduğu 1929-cu ildə Həsənəli-ağa xan Qaradağski rəhmətə gedib. Amma əlbəttə ki, bizim hər birimiz kimi Aydın müəllim də onun yaradıcılığından kifayət qədər bəhrələnib. Bildiyiniz kimi Həsənəli-ağa xan XIX əsrin görkəmli maarifçisi olub. Dövrünə görə yaxşı təhsil almış Həsənəli-ağa xan bütün Qarabağda xalqının maariflənməsi istiqamətində çox işlər görüb. Şuşada ilk məktəbi məhz o yaradıb. Hansı ki, sonralar bu məktəbin əsasında digər məktəblər də açılıb. Həsənəli-ağa xan dövrünün qabaqcıl ziyalısı və işıqlı insanı, şair, həm də pedaqoq olub. Mirmöhsün Nəvvabla birgə “Məclisi fəramuşan”ı təşkil edən Həsənəli-ağa xan sonralar Xurşidbanu Natəvanla dostlaşmış, Mirmöhsün ağa ilə ömürlük dost olmuşdur.
Mirmöhsün Nəvvabın «Divan»ına diqqət yetirsəniz, oradakı şeirlərin yarıdan çoxunun ulu babama həsr olunduğunu görərsiniz. Krılovun təmsillərini Azərbaycan dilinə ilk dəfə tərcümə edən Həsənəli-ağa xan olub. Onun Çernyayevski ilə birlikdə hazırladığı “Vətən dili” kitabı uzun illər Qori Müəllimlər Seminariyasında tədris vəsaiti kimi istifadə olunub. Həsənəli-ağa xanın da həmin kitabda tərcümələri və şeirləri çap olunub. Firidun bəy Köçərli, Üzeyir bəy Hacıbəyli kimi görkəmli şəxsiyyətlər yetişib. Hətta Qori seminariyasında oxumasa da “Vətən dili” böyük dramaturqumuz Cəfər Cabbarlının stolüstü kitabı olub. Firidun bəy Köçərli isə bu kitabın yenidən işlənmiş nəşrinin redaktoru olub.
– “Vətən
dili “ kitabının yeni versiyası nə vaxt işlənib?
V.Q.: – Ümumiyyətlə, “Vətən dili” kitabı 2 hissədən ibarət olub. I hissə 65 səhifəlik kiçik bir kitabça olub. 1882-ci ildə çap edilən kitabın müəllifi A.O.Çernyayevski idi.
II hissə isə 1888-ci ildə çap edilib. Müəllifləri
A.O.Çernyayevski və Səfərəlibəy Vəlibəyov
idi. Üçüncü müəllif
kimi Həsənəli-ağa xan Qaradağskini qeyd edərdim.
Çünki kitabda onun 80-ə yaxın didaktik
şeirləri olub. Ümumiyyətlə, mən
Həsənəli-ağa xanı bir pedaqoq kimi görürəm.
Mən deyərdim ki, didaktik şeirlər vasitəsilə
molla məktəbindən yeni üsula keçmə
dövrünü məhz o aşıb. 2007-ci
ildə mən bu kitabın yeni versiyasını işləmişəm.
740 səhifəlik bu dərslik çox dəyərli
bir kitabdır.
Aydın
Qaradağlı məktəbi
– Tələbələri müəllimləri
barəsində sevə-sevə ən çox nəyi
vurğulayırlar?
V.Q.: –
Diktorluq məktəbinin olması nə deməkdir? Müəyyən sistem olsun, müəyyən
qaydalar, tələblər ortaya qoyulsun. Aydın
Qaradağlı məktəbi niyə deyirlər? Çünki diktorluq peşəsi ilə yeganə məşğul
olan insan atam idi. Diktor kimi fəxri adı
da ilk olaraq atam almışdı. Moskvada
atamın Olqa Vısotskaya adlı müəllimi var idi.
O, həqiqətən, böyük sənətkar olub. Atam diktorluq sahəsində ona oxşamasını
özünə şərəf bilirdi.
A.Q.: –
Atam bir məktəb qoydu getdi. O, əvvəla öz dilimizə
çox hörmət edirdi. Millətini, dilini
sevən bir insan idi. Atamın nəslindəkilərin
çoxu – babası, əmisi pedaqoq idi. Mən
atamı da bir pedaqoq hesab edirəm. O, Ana dilimizi yüksək
səviyyədə dinləyicilərə
çatdırırdı. Bu, məktəb
deyildimi? Dilə hörməti ilə,
sözü uca tutmağı ilə dinləyicilərin qəlbini
fəth etmişdi.
Kazım
Ziyanı özünə ustad bilirdi
– Aydın müəllimin özünə
örnək bildiyi hər hansı bir şəxsiyyət var
idimi?
A.Q.: –
Atam Kazım Ziyanı həmişə özünə müəllim-ustad
hesab edirdi. O, ömrünün sonuna kimi Teatr texnikumunda ona dərs
demiş böyük sənətkarı müəllimi
Kazım Ziyanı heç vaxt unutmurdu. Ona borclu
olduğunu həmişə qeyd edirdi. Özünü
Kazım Ziya məktəbinin yetirməsi sayırdı.
–
Aydın müəllim aktyor kimi bir çox filmlərin
sınaq çəkilişlərində iştirak edib. Amma sonradan bu çəkilişlərin heç biri
tamamlanmayıb, yəni filmlərdə çəkilməyib.
Deyilənə görə bundan çox inciyib...
V.Q.: – Bəli,
“Yeddi oğul istərəm” filmi çəkiləndə
sınaq çəkilişlərində iştirak edən
atam Gəray bəy rolunda bütün sınaqlardan keçib.
Amma filmə çəkilməyib. Mən bunu sadəcə olaraq, səbrinin
çatmaması ilə əlaqələndirərdim. Heç bir inciklik olmayıb.
– İşdə həmişə
ciddi,tələbkar olan Aydın
Qaradağlı evdə necə bir insan idi?
V.Q.: – Tərbiyə
işlərini anama həvalə etdiyinə görə, bizə
qarşı çox mülayim idi. Müəyyən
məsələ ilə bağlı icazə almaq
üçün bizi anamın yanına göndərərdi.
Ancaq mülayim olduğu qədər həm də
çox tələbkar idi. Yanlış
bir hərəkət edərkən onun bir baxışı bizə
bəs idi.
– Atanız ən çox nəyi
xoşlayırdı?
A.Q.: –
Klassik musiqini və ədəbiyyatı çox sevirdi. Özü də musiqi ifa etməyi sevirdi. Mənim pianoda ifamı dinləyib, öz fikrini
mütləq bildirirdi. Birlikdə ifa
etdiyimiz vaxtlar da olurdu. Bir az vaxt tapan
kimi isə bağ evimizə gedib orada dincəlməyi sevirdi. Ailəsi ilə istirahət etməkdən zövq
alırdı.
– Aydın müəllimin valideynlərini
necə xatırlayırsınız?
A.Q.: –
Babam Çingiz müəllim çox mülayim insan olub. O da
müəllim idi, bir neçə dil bilirmiş. Həm də Ağdam teatrının direktoru olub.
Deyilənə görə gözəl səsi də
varmış. Biz babamızı görməmişik.
Nənəm Kürsüm Talıblı isə
xasiyyətcə sərt, prinsipial qadın idi. Nənəm həmişə rəhbər işlərdə
çalışıb. Atam nənəmi
çox istəyirdi. Dostlarını
götürüb nənəmgilə aparardı. Bibimgildə sakitçilik olurdu deyə nənəm
orada yaşayırdı. Amma atam ona diqqətlə
yanaşır həmişə oğlununu nənəmin
yanında olduğunu hiss etdirirdi.
– Aydın müəllimgil ailədə
neçə uşaq idilər?
V.Q.: – Ailədə
üç uşaq olublar. Əmim ixtisasca fizik
olub. Azərbaycan radiosunda “Sağlamlıq”
redaksiyasının redaktoru idi. Bibim isə uzun illər
Naxçıvanski adına hərbi liseydə
ingilis dili müəllimi işləyib.
– Dostları evinizə tez-tezmi gəlirdilər?
V.Q.: –
Atamın dostu çox idi. Onların arasında
hər peşənin sahibləri var idi. Hamısı
atamı çox istəyirdi. Bu insanlar
atamın ölümündən sonra da həmişə
yanımızda olublar.
A.Q.: –
Evimiz həmişə qonaq-qaralı olub. Atam
ünsiyyəti çox xoşlayırdı. Buna görə də evimiz səsli-küylü
olurdu. Atam vəfat edəndən sonra sanki
o səs-küyü də özü ilə apardı. Dostları yanımızda olsalar da, həmin sevinc və
gözəl söhbətlər sanki atamla birgə getdi.
– Aydın Qaradağlının
ən çox sevdiyi məşğuliyyət nə idi?
V.Q.: –
Pianoda çalardı, kitab oxumağı çox sevərdi. Dostoyevskinin əsərlərini çox oxuyardı.
Cəfər Cabbarlı, Rəsul Rza, Şəhriyarın
şeirlərini sevərdi. Ən çox
sevdiyi görkəmli dramaturqumuz Cəfər Cabbarlının
“Ləqəblər” adlı satirik şeiri idi. Şəhriyarın “Heydərbabaya salam”
poemasını da çox sevərdi.
– Hansı kitabları mütaliə
etməyi xoşlayırdı?
A.Q.: –
Tarix kitablarını çox xoşlayırdı. Amma daha çox bədii ədəbiyyat mütaliə
edirdi. O, mətni, sadəcə, oxumurdu, yazının ruhunu
tuturdu. Efirə, dinləyicilərinə
çox hörmət edirdi, ona görə də həmişə
öz üzərində çalışırdı.
Aydın
Qaradağlının Gültəkinli ömrü
–
Aydın müəllimlə Gültəkin xanımın
tanışlıq tarixçəsini bilməmiş
olmazsınız...
V.Q.: –
Onlar Cəfər Cabbarlının “Aydın” tamaşasında tanış olublar. Anam həmin
illərdə filologiya fakültəsində oxuyurdu. Yəqin, bilirsiniz ki, anam Cəfər
Cabbarlının qardaşı qızıdır. Anamın aydın təfəkkürü və bir
çox başqa özəllikləri atama xoş gəlib və
beləcə birgə həyatlarının
başlanğıcı qoyulub. Onlar bir-birlərini
çox seviblər. Qarşılıqlı
hörmət və sevgi əsasında yaranan münasibətləri
hər kəsin rəğbətinə səbəb olub. Onların bir-birinə ziyalı münasibəti var
idi.
A.Q.: –
Anam həm işində, həm də şəxsi hayatında
həmişə atama dəstək olub. Anam Azərbaycan
ədəbiyyatının bilicisi, filologiya üzrə elmlər
namizədi idi. Anamın fikri atam
üçün həmişə maraqlı idi. Peşəkarlıq baxımından həmişə
anamla məsləhətləşirdi. Birlikdə
film izlədikdə belə müzakirə edə-edə
baxırdılar. Onları belə görməyə
alışmışdıq...
–
Aydın müəllim, eyni zamanda rejissor kimi də fəaliyyət
göstərib. Xalq artisti, rejissor Azərpaşa
Nemət bir müsahibəsində qeyd etmişdi ki,
yaradıcılığında Aydın müəllimin əməyi
əvəzsizdir.
V.Q.: – Azərpaşa
böyük teatr xadimimizdir, gözəl sənətkardır.
İşini yaxşı bilən, sevən bir
insandır. Amma, əlbəttə ki, hər
bir gənc həmişə özündən böyüklərdən
nələrisə öyrənir. Atam
öz işinə çox həssaslıqla
yanaşırdı. Onun elə əlyazmaları
var ki, orada xırda bir səhnəcik üçün nələr
yazmayıb, nələr yaratmayıb. Azərpaşa
bir dəfə demişdi ki, Aydın radioda müxtəlif səslərin,
yəni səs effektlərinin tapılmasında mənə
böyük kömək etdi. Bu onun peşəkarlığından
irəli gəlirdi. O, heç bir görüntü
olmadan müəllifin nə demək istədiyini həmişə
böyük ustalıqla dinləyiciyə çatdıra bilir.
– Daim böyük sənətkarlar əhatəsində
olmusunuz. Sizə belə bir mühit nə verib?
V.Q.: –
Yaradıcı yanaşma. Belə götürsək,
ailəmizdə hamı müəllim olub. Həsənəli-ağa
xan Qaradağskidən tutmuş atama kimi. Mən
özüm də müəlliməm, ərəb dilini tədris
edirəm. Bacım Aygül musiqi müəllimidir.
Digər bacım Xanım da 39 ildir ki, pedaqoji sahədə
çalışır.
Bilirsiniz, müəllim məlumatı, biliyi bölməyi,
paylaşmağı bacaran insandır. Bu, inzibati iş deyil, yaradıcı
bir yanaşmadır. Mən daim belə
yaradıcı insanların, Bəhram Mansurov, Səttar Bəhlulzadə
kimi şəxsiyyətlərin əhatəsində olmuşam.
Onların söhbətlərinə qulaq
asmışam. Bütün bunlar fikrimin,
dünyagörüşümün formalaşmasına müsbət
təsir edib.
– Aydın müəllimi özündən
çıxarıb əsəbiləşdirən nə
olurdu?
V.Q.: –
Yalanı sevməzdi, həmişə mənə deyərdi
ki, yaxşılıq etməyi bacarırsansa et,
edə bilmirsənsə, sakit dur. Düzgün adam
idi. Bəzən radioda kimlərinsə
ifasında səhv eşidəndə əsəbiləşirdi,
özündən çıxırdı. Həsən
Əbluc “Qobustan” jurnalına müsahibə verərkən
demişdi ki, bir gün efirdə nəyisə səhv oxudum.
Aydın müəllim sərt reaksiya verdi.
Əvvəlcə pərt oldum. Sonra könlümü aldı. Atamdan heç kim inciməzdi. Onun səmimi və
içdən gələn münasibəti hamıya doğma
idi.
– Aydın müəllimin
ölümünə nə səbəb oldu?
A.Q.: – Mən
atamı itirəndə 20 yaşım var idi. Onu
itirəcəyimə inanmazdım, heç ağlıma belə
gətirməzdim. Məni bu gün ən
çox incidən odur ki, atamın təcrübəsindən
lazımınca bəhrələnə bilmədim. Buna görə həmişə özümü
günahlandırıram.
Atam çox sağlam, xarezmatik, həyat eşqi ilə
dolu bir insan idi. Heç vaxt sağlamlığından
şikayət etməzdi. 1980-ci ildə o,
insult keçirdi. Beyninə qan
sızdı, 50 yaşında vəfat etdi.
Aydın
müəllimin böyük qızı Xanım
Qaradağlı ilə görüşə bilməsəm də
ailə tablosunu tam görmək adına
onun müsahibələrindən birində dediyi fikri bu
yazıya əlavə etmək istədim.
“Atam bizə
aid olan hər şeyi toplayırdı. Mən
kiçik olanda oynadığım tamaşanın
afişası da onun arxiv qutusunun içindəydi. Tamaşanın premyera afişasında mənim
adımın altından xətt çəkmişdi. O, hər
bir övladına çox həssas, olduqca diqqətli
yanaşırdı...”
İnsanın bir gün doğulduğu həqiqəti
kimi bir gün də bu dünyanı tərk edəcəyi həqiqəti
var. Amma gəlişin özündən asılı olmasa da,
bu dünyadan öz adıyla yola salınmağı hər kəsə
nəsib olan xoşbəxtlik deyil. Aydın
Qaradağlının timsalında, onun varlığı bu
gün də sevilə-sevilə xatırlanırsa, demək
yaşamağa dəyər.
Dostları
Aydın Qaradağlı haqqında
“Aydının səsində vətən havası, torpaq
ətri var. Bizi ilk dəfə həm sözə, həm səsə
diqqət kəsdirən Aydın Qaradağlı olub. Onun səsində
elə bir sirr var ki, qulaq asdıqda sanki adamın ruhu sakitləşir”.
Məmməd
Araz
“Aydının
yeri görünür... Hər gün gürünür... Hər yerdə, hər yerdən görünür”.
Həsən Əbluc
“Aydın Qaradağlı aydınlar içində ən aydın görünən dan ulduzu idi. Bu ulduz heç vaxt sönməyəcək. Vallah, sönməyəcək!”
Ofelya Sənani
“O, bütün gözəl özəllikləri ilə yanaşı, yüz ildə bir dəfə doğulan və doğulmayacaq səsdir”.
Valid Sənani
“Aydın Qaradağlı dili bıçaq, ürəyi zərif gül ləçəyi olan böyük insandır”.
Roza Tağıyeva
“Həmişə istəyirdik ki, verilişimizi Aydın oxusun. Adətən, 1 səhifənin yazısı iki dəqiqə olur. Onda bir səhifəlik yazını 10–15 saniyə tez və ya gec oxumaq məharəti var idi. Elə məharətlə oxuyurdu ki, dinləyici onun tələsdiyini və ya ləngidiyini heç vaxt hiss etmirdi”.
Hacı Firuz
P.S. Əslində, söhbət etdikcə Vüqar müəllimin də, Aygül xanımın da gözlərində həsrət dolu sevgini görürdüm. Bir övladın valideynə bəsləyə biləcəyi ən ali hislərin tərənnümü vardı o gözlərdə. Sevgi dolu bu baxışlar onu sevən hər kəsin gözündən tanışdı mənə, elə nənəmdə olduğu kimi... Bunun adı şəxsiyyətin varlığına verilən dəyərdir...
P.S.S. Ad insana təsadüfən verilmir, hər birimizin həyatında mütləq vacib və əhəmiyyətli rol oynayır. Aydın müəllimin də həyatına və səsinə aydınlıq, işıq gətirən adına sadiqliyi hər kəs üçün bir nümunədir. Aydın səsin Aydın insanı daim aydınlıqda yaşadığıtək həmişə işıqlı insan kimi xatırlanacaq.
Gülnar
Mayisqızı
Kaspi.-2015.-29 yanvar.-S.8-9.