Fizikanı poeziya ilə
birləşdirən filosof
Tibb Universitetinin dəhlizindən gələn
qoxu Səlahəddin Xəlilovu istəmədiyi ixtisas üzrə
oxumaqdan xilas edir
Orta məktəb illərində ən
çox bədii ədəbiyyat oxusa da, məktəbi
bitirdikdən sonra dəqiq elmlərə üstünlük verir. Amma sonradan həm humanitar, həm də dəqiq elmlərin
fövqündə duran, hər ikisini ehtiva edən bir sahəni - fəlsəfəni seçir. Fizika fakültəsinin
məzunu illər keçəndən sonra
həm də ədəbiyyatla bağlı kitablar
yazır. Müsahibimiz “Azərbaycan” Universitetinin qurucusu, 50 kitab və 500-dən çox
elmi məqalənin müəllifi,
AMEA-nın müxbir üzvü,
fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovdur.
Respublika olimpiadalarının qalibi
S.Xəlilov 1952-ci il fevralın 22-də Borçalı mahalında, Sarvan qəsəbəsində (indi Gürcüstanın Marneuli şəhəri adlanır – L.M.) dünyaya göz açıb. Bir bacı, bir qardaş olublar. Ailədə folklora, xüsusən saza olan məhəbbət fonunda daim şeir-sənətlə təmasda olub.
Bütün uşaqların bir-birinə bənzədiyini və onun uşaqlığının da digərlərindən fərqlənmədiyini deyir. Bütün fənləri sevsə də, dərs tapşırıqlaqrını yerinə yetirməyə tənbəllik edib. Əvəzində əlavə ədəbiyyatı çox oxuyub. “Kvant” jurnalına abunə yazılıb və burada orta məktəb şagirdləri üçün tövsiyə olunan olimpiada məsələlərini həll etmək sevimli məşğuliyyəti olub. Dəqiq elmlərlə humanitar sahə onun üçün həmişə paritet təşkil edib: “Hər iki sahədə yaxşı mənada fərqlənmişəm. Bircə yabançı dillərə səriştəm yox idi. Fransız və gürcü dillərindən nəticəm aşağı idi. Sadəcə digər fənlərdən yüksək göstəricilərimə və qızıl medala namizəd olduğuma görə bu fənlərdən də “5” yazırdılar.”
Atası ədəbiyyat, anası riyaziyyat müəllimi olan S.Xəlilov dəqiq elmlər sahəsində dəfələrlə Gürcüstan olimpiadalarının qalibi adına layiq görülüb. Lakin dəqiq fənlərdən yüksək göstəricilər əldə etdiyinə baxmayaraq, vaxtının çox hissəsini ədəbiyyata sərf edib: “Atam mənə “ədəbiyyatçı ol” deməzdi, amma daim onunla birlikdə ədəbiyyat mühitinin içərisindəydim. Bəlkə də məndə folklora bağlılıq, bədii ədəbiyyata maraq elə buradan yaranıb. Çox gözəl kitabxanamız var idi. Kitabların bir qismi müharibədən qayıtmayan böyük əmimdən qalmışdı. O dövrdə hələ kiril əlifbasına keçilmədiyindən, onun kitabları latın qrafikasında idi. Hüseyn Cavidin 1937-ci ildən sonra qadağan olunmuş əsərləri, Viktor Hüqonun “Səfillər”i, Firdovsinin “Şahnamə”si və neçə-neçə maraqlı nəşrlər…”.
S.Xəlilov insan mənəviyyatının formalaşmasında bədii ədəbiyyatın rolunu xüsusi vurğulayır və qəbul imtahanlarında ədəbiyyatdan yazılı imtahanın ləğv olunmasını təhsil sahəsində ən böyük çatışmazlıqlardan biri hesab edir.
“Həyət-baca işlərini sevməzdim”
Həyət-bacada iş görməyi sevmədiyini deyən müsahibimiz nadir hallarda hansısa işə əl atdığını bildirir: “Böyük bağımız var idi. Bircə ağaclar məhsul verəndə onu yığmağı xoşlayırdım. Özü də meyvələri adi qaydada yığmağı sevməzdik. Ağacın başında meyvələri yığıb aşağı atmaq və bundan da çox aşağıda dayanıb onları tutmaqdan zövq alardım. Xüsusən xurmanı bu üsulla yığardıq”.
Onun təbiətə bağlılığı “Aran Sarvanla” deyil, “Dağ Sarvanla” bağlı olub. Ən şox sevdiyi də ona doğma olan yaylaqlar - sonralar “Tecis” adlandırılmış “Dağ Sarvan”, “Dağ Qızılhacılısı”, burdakı əvəzsiz çəmənliklər, buz bulaqlar, dağ çayının şırıltısı…
Rəssamlıq qabiliyyəti
Müsahibimizin rəsm çəkmək qabiliyyəti də olub. Dediyinə görə, hətta teatr tamaşası üçün dekorasiya hazırlayıb: “Mən 7-ci sinifdə oxuyanda tamaşa göstərmək üçün Bakıdan rayonumuza teatr truppası gəlmişdi. Qədim yunan müəlliflərindən birinin pyesi əsasında tamaşa qoymğa hazırlaşırdılar. Bizim evi tapıb məni soruşdular. Məlum oldu ki, səhnənin arxasında antik yunan dövrünü əks etdirən böyük dekorasiya hazırlanmalı, arxa planda isə antik yunan yazıçısının şəkli çəkilməlidir. Məlum oldu ki, məni Muxtar müəllim tövsiyə edib. O, rayonumuzun rəssamı idi və bizə dərs deyirdi. Həmin vaxt xəstə olduğundan məsləhət görüb ki, şəkil çəkmək üçün mənə müraciət etsinlər. Bu, mənim ilk və son sifarişli işim idi.”.
Rəsm çəkmək qabiliyyəti universitetdə də müsahibimizin dadına yetib. Fizika fakültəsinin divar qəzetinin redaktoru olan S.Xəlilov qəzetin bədii tərtibatını da öz üzərinə götürüb.
13 yaşında
zəlzələnin yaranma səbəbləri
haqda məruzə edir
S.Xəlilov ilk elmi çıxışını 8-ci sinifdə edib: “Dəqiq elmlər üzrə olimpiadaların qalibi olduğumdan, məni rayonda tanıyırdılar. Buna görə də Nəsrəddin Tusinin yubileyində elmi konfrans keçirməyi qərara alanda məruzə hazırlamağı mənə tapşırdılar. İki həftəyə Nəsrəddin Tusinin zəlzələnin səbəblərini izah etmək konsepsiyası barədə məruzə hazırlayıb çıxış etdim. Rəssamlıq qabiliyyətim olduğundan plakatlarda yerin alt qatlarının strukturu, müxtəlif layların bir-birinə nəzərən yerdəyişməsi və sairi plakatlarla əyani nümayiş etdirdim. Maraqlı bir nüansı da qeyd edim ki, məktəbimizdə belə bir tədbirin keçirilməsi izsiz ötməyib. Məndən aşağı sinifdə oxuyan şagirdlərdən biri, konfransda işrirake dən Qurban Yetirmişli hazırda Respublika Seysmoloji Xidmət Mərkəzinin direktorudur. Bəlkə onun bu ixtisası seçməsinə də həmin konfransın təsiri olub”.
Həkimlikdən
imtina üçün
bəhanə
Orta məktəbi qızıl medalla bitirdiyindən istədiyi fakültəyə bir imtahanla qəbul olmaq şansı qazanır. Ancaq evlərində ixtisas seçimi ilə bağlı edilən müzakirələr onu “açmır”. Indi də o dövrü xatrlayanda həyəcanlandığını deyir: “Valideynlərin əksəriyyətinin arzuladığı kimi, anam da mənim həkim olmağımı istəyirdi. Amma mən fizik olmağa meylli idim. Atam bu məsələni bizim ixtiyarımıza buraxmışdı. Əvvəlcə mən anamın istəyinə tabe oldum. İyulun son günü sənədələrimi Tibb Universitetinə təqdim etməyə apardıq. Binaya daxil olanda məni pis qoxu vurdu. Eşitmişdim ki, burada qurbağaları kəsir, meyit üzərində əməliyyat aparırlar. Bu da heç ürəyimcə deyildi. Ola bilsin, bu qoxu əhvalatı da özünətəlqinin nəticəsi idi”.
Beləcə, Tibb Universitetinin dəhlizindən gələn qoxu S.Xəlilovu istəmədiyi ixtisasda oxumaqdan xilas edir. Sənəd qəbulunun bitməsinə az qaldığından, anası oğlunun istəyilə barışmalı olur. Sənədləri fizika fakültəsinə təqdim etmək üçün təcili Bakı Dövlət Universitetinə gedirlər: “Sonra fizik olmasam da, sözügedən fakültədə oxuduğuma peşiman deyiləm. Nə yaxı ki, o vaxt düzgün qərar vermişəm. Fizika dəqiq düşünmək, təbiətin qanunlarını öyrənmək, cari həyatdan uzaqlaşmaq, daha dərin mətləbləri açmaq üçün mənə yardımçı oldu. Sonra daha bir addım ataraq, təkcə təbiətin deyil, insanlığın, mənəviyyatın da təməlində duran prinsipləri öyrənməyə, araşdırmağa üstünlük verdim”.
“Universitetdən
çıxmağımla bağlı ərizə yazdım”
2-3-cü kurslarda oxuyanda, xüsusən fəlsəfi ədəbiyyatla tanışlığı və fiziki problemlərin fəlsəfi tərəfləri ilə bağlı müzakirələrdə iştirakı onu fizikanın fəlsəfəsini seçməyə sövq edir: “Sözügedən sahədə elmi-tədqiqat işləri aparmağa başladım. Diplom işi olaraq da fizikanın fəlsəfi məsələləri ilə bağlı mövzu götürmək istəsəm də, icazə verilmədi. Dedilər, fizika ixtisası üzrə diplom alacağım üçün sırf fizika ilə bağlı mövzu götürməliyəm”.
Belə olduqda, inadkar, mövqeyində israrlı S.Xəlilov ərizə
yazıb universitetdən çıxmaq istədiyini bildirir: “Hamıya çox
qəribə gəlirdi ki, tələbə
4-cü kursu bitirdiyi təqdirdə,
institutdan çıxmaq üçün
ərizə yazır. Rektorumuz Faiq Bağırzadə əsəbiləşib
ərizəmin üstünü yazmaq istəsə də, Lenin
təqaüdçüsü olmağım onun
qarşısını kəsdi. O vaxt məsələlərə
siyasi rəng verildiyindən Moskvanın Lenin təqaüdçüsünün
universitetdən xaric olunmasına necə
baxacağı bilinmirdi. Buna
görə də rektorluqdan bildirdilər ki, mənim institutdan xaric olunmağım mümkünsüzdür.
Bu dəfə məni yola
gətirməyə çalışdılar və
fizikanın fəlsəfəsi üzrə tədqiqatıma da şərait yaratdılar. Eyni
zamanda fizikadan da mövzu işlədim.
Həm özümün, həm də
onların istədiyi mövzunu
hazırladım. Universiteti 21 yaşımda bitirəndə
dissertasiya işim, demək olar ki, hazır idi. Artıq 5-ci kursda universitetin
Elmi Əsərlərində
fəlsəfə üzrə
ilk məqaləmi çap
etdilər. Universiteti fərqlənmə
diplomu ilə bitirdim. Təyinat üzrə məni
fizika fakültəsində
saxladılar, amma aspiranturaya sənədlərimi
fəlsəfə üzrə
verdim”.
Kommunist Partiyasına üzvlükdən
imtina
Həmişə özgür olmağa
can atan S.Xəlilov tələbə vaxtı Kommunist Partiyasına üzvlükdən imtina etməsi tarixçəsini
də bizimlə bölüşdü: “O vaxt
partiyaya keçmək
çox çətin
idi. Sovet dövründəki ideoloji sistemə əsasən, partiya üzvü olmayan adamı yüksək vəzifəyə təyin
etmirdilər. Lenin təqaüdçüsü olduğum
üçün Rayon partiya
komitəsi mənə
yer ayırmışdı.
Büro iclasında fakültənin
partiya bürosunun üzvlərindən biri sinəmdə komsomol nişanının olmadığını
görüb bunun səbəbini soruşdu.
Mən
formal şeylərə önəm
vermədiyimi bildirdim.
Dedi, “necə yəni sən komsomol nişanına önəm vermirsən?”. Mahiyyəti üzrə Kommunist Partiyasının proqramını,
qurmaq istədiyi cəmiyyəti, onun əsasında duran fəlsəfəni bildiyimi,
nişan taxmağın məsələnin
formal tərəfi olduğunu
qeyd etdim. Mübahisəmiz oldu. O, mənim
Kommunist Partiyasına üzvlüyə qəbulumun
təxirə salınmasını,
“səhvimi” başa düşəndən sonra
məsələyə baxılmasını
təklif etdi. Mən də sonra partiyaya
üzvlükdən imtina
etdim. Aspiranturaya daxil olduğum
dövrdə də partiya sıralarına keçmədim. Müdafiədən sonra məni müəllim işləmək
üçün indiki
Azərbaycan Pedaqoji Universitetinə göndərdilər.
O vaxt belə qayda var idi
ki, Kommunist Partiyasının üzvü
olmayanlar ideoloji fənlərdən - fəlsəfə,
siyasi iqtisad, elmi kommunizmdən dərs deyə bilməz. Məcburən Kommunist Partiyasına
keçdim.
Valideynlərə...
Sonda filosof valideynlərə müraciətlə bildirdi ki, övladlarının istədikləri ixtisas üzrə təhsil almasına şərait yaratsınlar: “Bəzən gənclərin ixtisas seçimi çətin olur. Gəncin genetik meyllərini, intellektual potensialını, yaradıcı imkanlarını kifayət qədər öyrənmədən seçim edilməsi düzgün deyil. Şagirdlərin sözügedən imkanlarının üzə çıxarılmasına valideyn və məktəb köməklik etməlidir. Əgər gəncin seçdiyi ixtisas üzrə xüsusi istedadı yoxdursa, heç vaxt uğur qazana bilməyəcək. Gəncin genetik imkanları ilə seçdiyi yol üst-üstə düşməlidir”.
Lalə
Musaqızı
Kaspi.-30 yanvra.-