Vaqif Səmədoğluna ağı

 

Heç bilmirəm, necə deyim ağı sənə,

Son libasa- kəfən deyib, bükəcəklər ağı sənə,

Boylanacaq şəkillərin qarasından işıq kimi ağı sənə,

Sənin şümşad barnaqların yapışaşaq

pianonun dillərindən son ümid tək!

Yerdə qızlar-çiçəklər,

göydə ulduz-kəpənəklər

göz yaşını siləcək...

 

Həyat -ölüm sərhəddində

savaş vardı, ağır savaş,

Tükənirdi istəklərin, ümidlərin

arzuların yavaş-yavaş...

Qalib kimmiş, məğlub kimmiş,

Kimmiş görən, ulu Tanrım?

 

Nəyi vardı sözdən başqa,

Nəyi vardı səsdən ötə?

Bu dünyanın dərdlərini çəkə-çəkə

Özü boyda dərd kələfi,

Qəm kələfi olmuşdu o!

Ölümün də gözlərinə baxa-baxa,

bığlarını sığallayib gülmüşdü o!

 

Sən kimsən ki?- soruşmuşdu ölümdən də,

Qorxum yoxdur verdiyin bu zülümdən də....

Heç bilmirəm sən necəsən,

Bilmirəm ki, nə vaxt, hardan keçəcəksən!

Gəlib duram yol üstündə gözləyəm mən,

Kölgən kimi addımını izləyəm mən...

 

Sonra basıb bağrıma

Sənə dil deyib ağlayam...

Göstərəm son mənzilimi,

Söyləyəm sənə sirrimi...

 

Məzarıma keşik çəkən bir cüt çəkmə

Bundan sonra sənin olsun-deyəm sənə,

Sağlığına qismət... qismət deyil yiyəsinə!

Al eləcə, geyin çıx get...

Bircə mənim daş komamı, dar odamı,

Daha mənsiz buza dönmüş boş sobamı

O atəşsiz nəfəsinlə sən yıx get...

 

Aman, Ustad! Yoxdu səndə daha qorxu!

Bir əbədi məhəbbətlə qucaqladı səni yuxu!

Bu ölümün talibi sən!

Bu döyüşün qalibi sən....

Məramın saf, yolun doğru.

Qənşərinə uğur çıxsın,

Ay Vurğunun dünya boyda sirlərinə

Vaqif olan , Səmədoğlu!

 

Telli Pənahqızı

Kaspi.-2015.-31 yanvar-2 fevral.-S.8.