Sevdaların ulduzlara
axdığı yer
Çağdaş Türkiyə ədəbiyyatının tanınan simalarından biri olan Osman Baş... Ta qədimdən türkçülük düşüncəmizin coğrafi məkan, ərazi çevrəsinin doğma ünvanlarından olan, “Koroğlu” dastanının iç dünyasından boy göstərən Toqat bölgəsində 1959-cu ildə dünyaya göz açıb. Türkiyə-Azərbaycan ədəbi əlaqələri üzrə ardıcıl araşdırmaları sonucunda filologiya doktoru adını daşımaqdadı. “Kümbet” dərgisinin qurucusu və baş redaktoru olması səbəbindən də o, ortaq ədəbiyyatımızın təbliği istiqamətindən yorulmadan çalışmaqdadı. Köşə yazarı olaraq da tanınır.
Bütün bu deyilənlər öz yerində. Ancaq Osman Baş deyiləndə ilk olaraq göz önünə səmimi, kövrək bir türk şairinin, eyni dərəcədə də türk insanının doğma obrazı gəlir. Bu obrazı onun gözəlimiz Azərbaycana, özəlliklə də unudulmaz Qarabağımıza, şərq musiqisinin konservatoriyası kimi dəyər daşıyan Şuşaya, əfsanəvi Xarı-Bülbül-ə olan sevgisi tamamlayır. Onun “Xarı-bülbül” şerinin hər misras “Azərbaycan türkünə, özəlliklə də üzləşdiyimiz fəlakət və itkilərə nə qədər həssaslıqla, incəliklə yanaşmasının şəkillənməsi kimidi. Hər misra, hər söz “dostun həsrətinə son verəcəyəm” qədirbilənliyi, havası ürpətməkdədi:
İndi haradayam, yolum Şuşaya,
Cıdır düzündə mən bülbül olacam.
Öncə danışacam Xarı-bülbüllə,
Çaxıb şimşək kimi öcüm alacam –
Dostun həsrətinə
son vermək üçün.
Bir türkün Azərbaycan insanına, qanı bir-canı bir, imanı-dini bir olan arkadaşına, onun dünyaya göz açdığı
coğrafi məkana haqq-sayı və heyranlığı bundan da ötə ola bilməz ki!.. Osman
Başın qos-qoca bir insan, eyni
zamanda da şair dünyasının
başlıca qayəsindən
“Qardaş bayraqlara rüzgar ola
bilmək” istəyi, əsintisi keçməkdədi.
O, dostluq-qardaşlıq düşüncələrinin
bir məcraya yönəlməsində poeziyanı
ən sınanmış,
etibarlı körpü
olaraq yansıyır. Faciələrə tablamaq, mübarizəyə
qoşulmaq, intiqam almaq yolunda şeri-sözü
ən gərəkli silah kimi qəbul
edir, tanıdır.
O, şeirə-sözə bütövləşmək,
bülövlətmək duyğumuzun
meyarlarından biri kimi baxır. Yazdıqlarını araya
gətirincə, oxuyub
fəhm etdikcə dəyərli yurddaşı
və qələm dostu, professor Hayrettin İvgin demiş, məmnunluğunun məstliyini
yaşayırsan. Səslənirsən ki, “bunlar şeirdir,
qardaşım. Şeir böylə
yazılır. Bizi
gözəl şeirlərə
buluşdurduğun üçün
səni kutluyurum!..”
Bütün olmuşların, yaşanmışların
silinib-pozulmaz həqiqətləri
ilə bir arada Osman Baş
öz şəxsi dünyagörüş və
varlığının özəl
səmtlərini belə
anlatmaqdadı: “Şairlik
iddiasında əsla bulunmamış bir dostun ürəyindəki damlaları söz-söz,
kəlmə-kəlmə görüşüb-salamlaşması
olaraq oxucularımla bölüşürəm... İkindi
sonrasında öz müşahidəsində axşama
yol gedən, axşama yürüyən
biriyəm...”
Eyni zamanda, qədərin sonunu bilə-bilə zamana təslin olmayacağının
fərqində olan bir könül adamı, maraqlı şairdi Osman Baş. Doğma Bakımıza, Göy
Xəzərimizə heyran
olanlardandı. Həssas, səmimi
və doğruçu
bir türk insanı olaraq etiraf etməkdədi ki, şeir yazmağın
həddim, hünərim
olmadığını bilirəm.
Ancaq şerin dili ilə Anadoludan Türk dünyasına açılan pəncərə
aralığından ürəyinin
sevənlərinə olan
sözünü-söhbətini çatdırmaq istəyini
də heç vəchlə zorlamır.
Hər sətir başında, misra önündə onu “yanarkən tutuklanan bir sevdanın Şirini arayan Fərhad”ı şəkillənməsində görür, duyur və hiss edirik. Osman Baş insana yurd, vətən, güvənc yeri olan Türk övladının könüldaşlarındadı.
Onları öyməyin, haqqını
tanımağın sadiqlərindəndi.
Bu yöndən də
Uğur Kılıca ünvanladığı şeri
onun bütün könüldaşlarına sayğı
mesajı, məktubu kimi dəyərləndirmək
olar:
Mənə həm dost, həm
də vətən kimisən,
Ölməz şəhid, əsl qazi kimisən.
Bir eşq şəhərində
gül-bülbül kimi,
Tarixi yenidən yazan kimisən...
...Yol yürümək üçün hazırlıq
gərək,
Günəşin doğduğu yerdədir
erek,
İnsanı insanca sayıb sevərək,
Ulu səyahətə
hazır kimisən.
Sevdaların ulduzlara axdığı, ulduzların sevda tutduğu bir aləmin dünyasında yazıb-yaradanlardandı Osman
Baş. Ürəyə səssizcə yol
eyləyən sevdaların
şərqiçisidi. Sabaha bağlı bitməz-tükənməz
ümidlərin söz-söz,
misra-misra anladılması
peşində olanlardandı.
Züleyxaya aparın yolların
Yusufca, Leyliyə götürən səhraların
Məcnunca olan halına heyran bir ömür yaşamaqdadı. Ulduzlara axan
xəyalların yol yoldaşı kimidi hər yeni şerində,
misralarında.
Vaxt qum saatı
kimi irəliləyir,
Xatirələr yeni bir günə
vurğun.
Qəlbimə qar yağır
yaz ortasında,
Duyğular boğur məni
Qarışqalar mənə dost olan
yerdə...
Osman Başın
öz sevdiyi, aradığı, bulmaq istədiyi kimsələr üçün olan nigaranlığı qos-qoca
könül ustadı
Həzrəti Mövlanenin
ruh titrəyişindən
gəlmədi. Eyni həssaslığın munisliyin,
vəfadarlığın diliylə
“Gəl!” deməkdədi
ki:
Çətinlik içindəyəm,
Duyğularım üsyanda...
Sınsizliyə alışmadım,
Kokumaz gül belə sənsizliyimdə.
Gəl artıq!
Bu, sənə qəlbimin
Son çağrısıdı...
Həyatın gözlənilməzlikləri, enişli-yoxuşlu
yaşam tərzi onun şeirlərində söz-söz şəkillənir. Bu yazılanlar
eyni zamanda da hər bir
oxucunun, qarasevdalının
həyatından keçən,
hər kəsə doğma və tanış olan nəsnələrdi. Hər kəs Osman Başın yazdıqlarını öz
həyatlarının bir
parçası, haradasa,
ömrünün-gününün ən dürlü məqamları kimi doğma, tanış
və istəkli bilməkdədi:
Yorğunam,
Vücudum göz yaşı tökür.
Qədəri tutmaq istədim
əllərimlə,
Atəşi tutdum.
Günəşə daş atdım
yanmış əllərimlə,
Sonra göz-gözə
gəldim.
“Al, götür” dedim ürəyimi,
“Al, götür, - dedim,
- getdiyin yerə”.
Türkiyənin qədimdən-qədim bir bölgəsində doğulub boya-başa çatan Osman Başın Azərbaycan sevdalı şeirlərini
oxuduqca bir daha başdan-binədən
bildiklərimi, ulu dədələrimizin dönməz
bir inamla yaddaşımıza yansıtdıqlarını
haqlamadayam ki, ruh ölmür, qan yaddaşı eyni kökdən gələn millətləri
eyni yerin-göyün pak, doğma məkanına götürür.
Osman Başın “Şəki Türk şəhidliyində” şeiri
də bu deyilənlərə ayna tutur, sözümüzün
– söhbətimizin ortağına
dönür:
Dost və qardaş ölkədə
Bir al bayraq
dalğalanır.
Bir şəhid xoşbəxt
kölgəsində,
Mehmetim rahatca uyuyur.
...Şəki yamaclarında açılır güllər,
Bülbül budaqlarda gülü səsləyir.
Duyub-anladım ki, tarixi fəthlər
Əzizim türkləri hər vaxt bəsləyir.
Osman bəyin “Xarı-bülbül” adlı kitabına daxil edilən şeirləri oxuduqca bir tanınmış Azərbaycan sənətçisinin yazdıqları gəlir gözlərim önünə. Bu yazılanlar
Haradasa mənim öz fikirlərimin ifadəçisi kimidi: “Xarı-bülbül“ şerindəki misralarda Osman Başın Azərbaycan-Türkiyə, qardaşlığına yaşadığımız duruma nə qədər həssaslıqla yanaşdığını görmüş oluruq. Qəlbindən keçib gələn hiss və duyğuları misra-misra qəlbimizə toxuduğunu görürük. Onun “Qardaş bayraqlara rüzgar oluram” şerində özümü görürəm. Bu anlamı böyük olan şeir həm də poeziyanın necə böyük bir gücə sahib olıduğunu ifadə etməkdədi. Osman Başın şeirlərini oxuduqca onun iç dünyasının zənginliyini kəşf etdim. Düşünürəm ki, bu kitabı oxuyan hər kəs bu şeirlərin hər misrasında özündən bir parça tapmış olacaq. Çünki şair öz şeirlərində çocuqdan böyüyə qədər hər nəslin təmsilçilərinə səsləniş etmişdir...”
Sevdaların ulduzlara axdığı bir aləmin şeirləridi Osman Başın yazdıqları. Bu sətirləri yazdıqca Türkiyədə və Azərbaycanda bu dəyərli söz adamı ilə olan görüşlərim, ədəbi-mədəni əlaqələrimizlər bağlı söhbətlərimizin bitib-tükənməzliyi gözlərim önünə gəlir, onun ziyalı siması ilə üzbəüz qalıbmış kimi hiss edirəm özümü.
Gülayə
Kaspi.-2015.-31 yanvar-2 fevral.-S.24.