Bizə tələbat var

 

Rafael İsgəndərov: Bəxtimizə düşən bu idman növündən başımız çıxmır

 

Coşqun Rəhimov: Nə sözləri varsa irəli çıxıb, üzümüzə söyləsinlər

 

Gənclik qəzeti-nin bu həftəki qonaqları öz səhnəcikləri ilə insanların simasına gülüş bəxş edən, daha çox gənclərin sevimlisinə çevrilən Əməkdar artistlərimiz Rafael İsgəndərov və Coşqun Rəhimovdur. Onlar ötən ilin son günlərində əməkdar artist adına layiq görüldülər və bir neçə həftə bundan öncə Bakı 2015 Avropa Oyunlarında stolüstü tennis üzrə ulduz səfiri seçildilər.

Hazırda yeni konsert proqramına hazırlaşan aktyorlar Kaspi-yə açıqlamalarında ikili sevinc yaşadıqlarını bildilər.

 

- Yeni nailiyyətlərinizə görə sizi təbrik edirik. Ötən ilin son rübündə və 2015-ci ilin ilk həftələrində iki sevindirici xəbər aldınız. Təəssüratlarınızı bilmək bizim üçün maraqlı olardı.

 

Rafael Əməkdar artisti adına layiq görüldüyümüz üçün çox sevinirik. Bizə bu adı layiq gördüyü üçün prezidentimizə minnətdarlığımızı bildiririk. Stolüstü tennisə gəlincə isə öncədən bilmirdim ki, bəxtimizə məhz elə bir idman növü düşəcək. Bir ara onu səhnəyə dəyişmək istəsəm də, əslində bu zarafat idi(gülür). Deyim ki, guya başqa idman növündən başımız çıxır, yox, əksinə. Heç bəxtimizə düşən bu idman növündən də başımız çıxmır. Yəqin ki, müəyyən informasiya əldə etdikdən sonra bizbu layihəyə qoşulacağıq.

 

Coşqun- Bu idman növünün bizə həvalə edilməsi bizim üçün çox sevindiricidir. Bu bizə yaxşı mənada şok yaşatdı. Birdənbirə belə bir adın verilməsi bizim üçün sevindirici haldır. Uşaq vaxtı bu oyunla çox oynamışam. Bizim üçün əsas odur ki, qalibiyyətimiz bol olsun. Bütün azərbaycanlılar bir yumruq olub, hədəfimizi bir yerə kökləməliyik. Əsas məsələ Azərbaycanımızın bu gözəl oyunlarda başını uca etməkdir. Biz fəxr edirik ki, zərrə qədər də olsa vətənimizin işinə yaramışıq. Bizi seçən insanlara öz minnətdarlığımızı bildiririk. Bu doğrudan da çox məsuliyyətli bir işdir. Avropa oyunları günləri ərəfəsində biz gözəl bir konsert hazırlamışıq. Fəxri ada gəlincə isə əməyimizi qiymətləndirdikləri üçün hər kəsə minnətdarlığımızı bildiririk

 

- Deyirsiniz ki, bu idman növündən başımız çıxmır. Bəs bu sahədə məşq edib, yarışda iştirak etməyi necə düşünürsünüzmü?

 

Rafael- Heç fikrim yoxdur. Bizə düşən idman növü barədə məlumat toplayıb, sadəcə biliklərimizi genişləndirəcəyik. Bircə onu bilirəm ki, bu idmanın gözə çox xeyri var. Oyunçunun arxasında oturub topu izlədikdə gözün foksu açılır, göz bu şəkildə məşq edir(gülür).

 

Coşqun- Bizim maraq göstərmədiyimiz yeganə sahə siyasət futboldur. Dəfələrlə olub ki, hansısa siyasətçi yanımızda oturub, Müşfiq deməsə ki, bu filankəsdir, biz onları tanımamışıq. O dərəcədə maraqlanmırıq.

 

- Sizin davamlı olaraq konsert vermənizlə bağlı söz-söhbətlər səngimir.

 

Rafael- Tez olun, ad çəkin. Bu dəqiqə mənə o adamın adını deyin(gülürük).

 

- Rafael müəllim, indi mən siyahı çıxarsam, gərək siz səhərə kimi burada oturasınız.

 

Rafael- Əlbəttə ki, bu bir zarafatdır. Biz 12 gün dalbadal konsert proqramı ilə çıxış etmişik. Demək ki, bizə tələbat var ki, tamaşaçılar 12 gün ard-arda konsertlərimizə gəlirlər. Ümumiyyətlə, qısqanclıq dünyada ən lazımsız bir hissdir. Qısqanc olan insanlar həyatda heç nəyə nail ola bilməzlər. Bizi izləyib qısqanmaqdansa, papaqlarını qarşılarına qoyub fikirləşsinlər, öz səhvlərini götür-qoy etsinlər. Düşünsünlər ki, üçün bizim konsertimizə tamaşaçılar daha çox gəlir?

 

Coşqun- Biz birdən-birə populyarlaşmamışıq. Tamaşaçılar bizi görəndə konsert tələb edir. Deyirlər, konsertin sayını çox edin, izləməyə maraqlı veriliş yoxdur. Bəzi insanlar da oturub bizim pullarımızı sayırlar. Düşünürlər ki, on günü filan qiymətə vuranda qədər qazanırlar. Amma xərclərimizi hesablamırlar.

 

- Sizcə müasir tamaşaçını güldürmək asandırmı?

 

Rafael- Əksinə, bugünkü tamaşaçıları ağlatmaq daha asandır. Bu gün hər kəsin kiçik olsa problemi, dərdi var. Ancaq onları düşündürərək güldürmək çox çətin məsələdir. Biz insanları güldürmək üçün əlimizdən gələni edirik.

 

Coşqun- Həyatda asan yoxdur, bütün işlər çətindir. Misal üçün sizin peşəniz çox çətin keşməkeşlidir. Daima axtarışda olmalı, nəsə yenilik tapmalı, müsahiblərinizi şirin dilə tutub danışdırmalısınız. Bizdə elədir. Hamı elə bilir ki, insanları güldürmək çox asandır. Ona görə bu sahəyə gələn insanların da sayı gündən-günə çoxalır. Bizim üçün əsas məsələ odur ki, biz sevdiyimiz işlə məşğuluq. Bu işi görmək üçün bizi heç kim məcbur etmir. Əgər tamaşaçıya sevinc, gülüş bəxş edə biliriksə, onları az da olsa dərdlərini unutdura biliriksə, bu, biz tərəfdən böyük sevincdir.

 

- Deyirlər ki, Rafaellə Coşqun insanları ucuz gülüşlə güldürürlər, onların tamaşaçılara bəxş etdikləri gülüş çox primitivdir. Onlara verəcəyiniz cavab varmı?

 

Coşqun - Qoy desinlər. Onlar danışdıqca bizim konsertə gələn tamaşaçıların sayı artır. O tip insanlar dırnaqarası müsahibə verdikcə, haqqımızda danışdıqca, biz daha çox konsertlər veririk. Biz başımızı aşağı salıb işimizi görürük. Bizə iradı olan insan üzə çıxar, üzümüzə söyləyər ki, bu sözü mən demişəm bunu sübut etməyə hazıram. Dediklərinin arxasında dursunlar bizə sübut etsinlər ki, biz insanları ucuz gülüşlə aldadırıq. Əgər əllərində bir sübut yoxdursa mənə elə gəlir ki, bu haqda danışmağa da dəyməz. Əsas odur ki, biz işimizlə məşğuluq. Həm dövlətimiz, həm tamaşaçılarımız bizim işimizi yüksək qiymətləndirirlər.

 

- Yeni konsert proqramında tamaşaçıları gözləyəcək?

 

Rafael- Demək olar ki, məşqlərə başlamışıq. Artıq qatar tərpənib.

 

Coşqun- Bu dəfəki konsert proqramımızda tamaşaçıları maraqlı sürprizlər gözləyəcək. Bizim hazırladığımız səhnəcikdə Avropa oyunlarına böyük yer ayrılıb. Bu konsertdə yeni verilişlər tanınmış parodiyalar olacaq. Mənə elə gəlir ki, yeni tamaşaçılarımız da olacaq.

 

- Maraqlıdır parodiya etdiyiniz sənət adamlarından sizdən inciyənlər olub?

 

Coşqun- Bizdən inciyən olmayıb. Ötən gün verilişdə Könül Kərimova dedi ki, yaxşı siz məni parodiya etdiniz, öz minuslarımı düzəltdim. Biz heç kimi təhqir etmirik, onların mənfi cəhətlərini göstəririk. Çoxları deyir, bizi parodiya edin, gündəmdə olaq.

 

Rafael - Bəzən isə olub ki, hansısa bozbaş müğənnini parodiya etmişik. Konsertdən sonra yaxınlaşıb deyib ki, halaldır, bozbaşları yaxşı tənqid elədiniz. Özü bilir onu nəzərdə tuturuq, lakin elə göstərir ki, bu səviyyəli ifaçıdır. Korifeydir, biz bilmirik.

 

Xəyalə Rəis

Kaspi.-2015.-30 yanvar.-S.17.