Dünyada tayı-bərabəri olmayan peşə

 

Müzəffər Hüseynov: “Gecə 19 insan cəsədi ilə bir yerdə qaldım”

 

“Məncə, dünyada bu peşədən gözəl və maraqlı ikinci peşə yoxdur. Yalnız bu peşədə bir dəqiqədən sonra nə əldə edəcəyini bilmirsən. Hər an nə isə sürpriz, yeni bir tapıntı ilə qarşılaşa bilərsən”.

 

Söhbət arxeoloq peşəsindən gedir. Bu sözlərin müəllifi isə gənc arxeoloq Müzəffər Hüseynovdur. Əvvəlcə müsahibimizi tanıyaq.

Həmsöhbətimiz Goranboy rayonunun Səfikürd kəndində anadan olub. Orta təhsili həmin kənddə aldıqdan sonra 1993-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə daxil olub. 1997-ci ildə həmin universitetin magistratura pilləsində təhsilini davam etdirib. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası ArxeologiyaEtnoqrafiya İnstitutunun aspirantura pilləsinə daxil olub. 2004-cü ildə “Naxçıvanın Qədim əkinçilik təsərrüfatı və onun inkişaf mərhələləri(e.ə. VI-I minilliklər)” mövzusunda dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. 2003-2005-ci illərdə Bakı- Tbilisi-Ceyhan neft boru və Cənubi Qafqaz boru kəmərlərinin çəkilməsi ilə əlaqədar 3 il fasiləsiz aparılan arxeoloji qazıntılarda iştirak edib. 2006-cı ildən isə Naftalan-Goranboy arxeoloji ekspedisiyasının rəhbəridir.

 

Sözlərlə ifadə edə bilmirəm…

 

Müsahibimiz deyir ki, uşaqlıqdan qədim dövr tarixi onun diqqətini çəkib. Tarix fakültəsinə qəbul olduqdan sonra isə bu tarixlə daha dərindən maraqlanmağa başlayıb: “Qədim dövr tarixini sevdiyim üçün hətta magistraturaya da sənədlərimi qədim dünya tarixi üzrə verdim və qəbul oldum. Hər dəfə bu dövrü araşdırdıqca və oxuduqca məndə arxeologiya elminə qarşı xüsusi maraq oyanırdı. Hətta universitetə daxil olduğum ilk vaxtlar artıq arxeoloq olmağa qərar vermişdim”.

Peşəsinin vurğunu olan həmsöhbətimiz deyir ki, dünyada arxeoloq peşəsi qədər qeyri-adi ikinci bir peşə yoxdur: “Təsəvvür edin, gözləmədiyiniz anda yeni bir tapıntı tapmısınız və bu tapıntı 5-6 min əvvəldən xəbər verir. Bu hissin necə fərqli bir hiss olduğunu sözlərlə izah edə bilmərəm. Bu səbəbdən arxeologiyanın mənim üçün tayı-bərabəri yoxdur”.

 

Arxeoloji nailiyyətlər

 

Müsahibimiz arxeologiya sahəsində bir çox uğurlara imza atıb. Onun ən önəmli tapıntısı isə 5 min əvvələ aid olan kurqanlardır: “Ən önəmli tapıntılarım Goranboyda apardığım arxeoloji qazıntılar zamanı tədqiq etdiyim kurqanlar, son tunc, ilk dəmir dövrünə aid Muncuqlutəpə nekropoluEneolit, ilk tunc dövrünə aid Göl yeri yaşayış yeridir. Bu tədqiqatdan sonra kurqanlarda qazıntılar zamanı 5 min il əvvələ aid daşdan qurulmuş sərdabələrdə dəfnlərin aşkar edilməsi, Muncuqlutəpə nekroplunda Skiflərlə əlaqələr, Göl yeri yaşayış yerindəki qazıntılar zamanı eneolit dövründən ilk tunc dövrünə keçidin öyrənilməsi və ilk tunc dövrü tayfalarının yeni dəfn adətlərinin aşkarlanması əsas nailliyyətlərimdəndir”.

 

İlk dəfə küp qəbir aşkarladım”

 

Gənc arxeoloq ilk apardığı qazıntılardan söhbət açdı. O deyir ki, ilk dəfə qazıntı apararkən küp qəbir aşkarlayıb: “Həmin günü heç vaxt unutmaram. O zaman magistraturada oxuyurdum. Yəni arxeoloji qazıntı aparmaq üçün nə təcrübəm, nə də ixtiyarım var idi. Amma eşidəndə ki, Goranboy rayonunun Qarqucaq kəndində çayın kənarında təsadüfən saxsı qab qırıqları görünüb, həmin yerə yollandım və o ərazini qazmağa başladım. Bir nəfər qohumum da mənə kömək edirdi. Həmin qazıntılar zamanı küp qəbir aşkar edildi. Əgər mən həmin vaxt qazıntı aparmasaydım çayın suyu vurub küp qəbiri dağıdacaqdı və bizim bundan xəbərimiz olmayacaqdı. Sonradan çox qazıntılar aparsam da, ilk dəfə icazəsiz, dağılmaqda olan bir abidədə apardığım qazıntılar heç zaman yaddaşımdan silinmir”.

 

Daim axtarışda

 

Müsahibimiz sənətinin çətinliklərindən də danışdı. Onun sözlərinə görə, bu sənətin ən böyük çətinliyi işlərinin açıq havada olmasıdır: “Hər bir işdə olduğu kimi, bu işdə də çətinliklər var. Ən əsası işimizin çöl ilə bağlı olmasıdır. Yəni istidə, bəzən yağışda, soyuqda arxeoloji qazıntı aparmalı oluruq. Bəzən elə abidədə qazıntı aparmalı olursan ki, oranın yolu çox çətindir. Bütün bu çətinliklərlə hər insan bacara bilməz”. Sənətinin incəliklərindən danışan gənc arxeoloq deyir ki, sənətinin əsas sirri bu peşəni sevmək və zövqlə icra etməkdir: “Arxeoloq olmaq üçün bu peşəni sevməlisən və sevdiyin üçün işini görməlisən. Əks təqdirdə, səndə heç nə alınmaz. Sadaladığım çətinliklərin öhdəsindən gəlmək üçün bu sahəni sevmək və yeniliyə can atmaq həvəsi olmalıdır. Yaxşı arxeoloq olmaq üçün daim axtarışda olmaq lazımdır”.

 

Tapıntının yaşı necə təyin olunur?

 

Sənətin sirləri demişkən, hər kəsə maraqlı olan sual arxeoloqların tapıntıların yaşını müəyyən etmələri ilə bağlıdır. Bizbu sualı cavablandırması üçün gənc arxeoloqa müraciət etdik. O deyir ki, hər bir abidənin yaşı analiz edilərək müəyyənləşdirilsə də, arxeoloqlar xüsusilə də tarxiçi arxeoloqlar ilk baxışdan tapdıqları əşyanın hansı dövrə aid olmasını müəyyən edə bilirlər: “Hər hansı abidənin, yaxud skeletin yaşı orada aşkar edilən maddi mədəniyyət nümunələri-saxsı qablar, metal əşyalar və s. analiz edildikdən sonra müəyyən olunur. Amma analiz edilməmişdən öncədə təxmini yaşı bilmək mümkündür. Məsələn, əgər kurqandırsa, demək ən azı 3 min, ən çox 5 min il yaşı var. Çünki yüksək dağlıq ərazilərdəki kiçik ölçülü orta əsrlərə aid kurqanlar istisna olmaqla, ondan əvvəl və sonra kurqan olmayıb. Yaxud küp qəbirlər varsa, demək bu, e.ə IV əsrdən bizim eranın VII əsrinə qədər olan dövr, yəni islama qədərki dövrü əhatə edir. Tarixçilər ilk baxışdan bunu belə müəyyən etsə də, ən əsası analizdir”.

 

“Skeletlərlə gecələdim”

 

Müsahibimiz başına gələn maraqlı hadisələrdən də danışdı. O deyir ki, 19 insan cəsədi ilə gecə səhərə kimi bir yerdə qalıb: “2007-ci ildə Goranboyda sərdabə tipli kurqanda qazıntı işləri aparırdım. Möhtəşəm sərdabə açılmışdı. 5 min il əvvələ aid sərdabədə 19 insan cəsədi yatırdı. Daşdan qurulmuş sərdabənin şərqdən girişi var idi. Sərdabə tam açıldıqdan sonra bir gün səhər günəş çıxmamış sərdabənin üzərini çadırla örtdümözüm də içəridə durub günəşin çıxmasını gözlədim. Günəş çıxarkən sərdabənin içərisi tamamilə işıqlanmışdı. Təsəvvür edirsiz, 5 min il əvvələ aid 19 skeletin yanında qaranlıq bir yerdə günəşin çıxmasını gözləmək çox maraqlı idi. Rəsmən 19 insan skeleti ilə gecələdim”.

 

Şərəfli keçmiş

 

Sonda müsahibimiz bildirdi ki, keçmişdən gələcəyə olan körpünü məhz arxeoloqlar qurur: “Arxeologiyasız qədim dövr tarixini, yəni keçmişi bilmək mümkün deyil. Xüsusən də, Azərbaycan kimi qədim dövr haqqında yazılı mənbələrin çox az olduğu bir ölkədə bu, çətindir. Arxeologiya sayəsində Azərbaycanın dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri olduğu sübut olunur. Biz ancaq şərəfli və qürurverici keçmişimizi bilməklə uğurlu gələciyimizi qura bilərik. Bu yolda da ən böyük dəstəkçimiz arxeoloqlararxeologiya elmidir”.

 

Aygün ƏZİZ

Kaspi.-2015.-30 yanvar.-S.20.