Şairin sevgi dastanı

 

Xalq şairi Nəriman Həsənzadənin 85 yaşına ithaf olunur

 

Yaşar Qasımbəyli,

yashargasimov@mail.ru

 

(Birinci yazı)

 

Poeziya – könül yaddaşıdır. Şair qəlbinin yaşantı və sarsıntıları onda əks edir. Ədəbi növlər və janrlar içərisində, xüsusən lirika şair ürəyinin ən büllur aynasıdır. Daha doğrusu, lirika – şair qəlbinin tərcümeyi-halıdır. Bundan çıxış edərək, əminliklə söyləyə bilərik ki, bütün sevgi süjetlərinin və dastanlarının vətəni şairlərin ürəyidir. Yəni əfsanələşən, əsatirləşən və nəhayət, dastanlaşan bütün sevgilərin bədii yaddaşa yolu zamanın ən böyük və sadiq aşiqlərinin – şairlərin qəlbindən keçir. Xalq şairi Nəriman Həsənzadənin “Mən səni sevdim ki...” silsiləsini oxuyarkən, qeyri-ixtiyari olaraq, bu cür duyğusal düşüncələr beynimdə dolaşdı. Bu silsilədə yer alan şeirlərin əksəriyyəti şairin həyatında baş vermiş misilsiz faciədən sonra – 1985-ci ildən etibarən yaranmağa başlayıb. Amma şairin bu silsiləni ömür boyu yazdığını düşünmək daha doğrudur. Yəni şair qəlbinin sevgi duyğuları təkcə faciəvi yaşantılarla məhdudlaşmır, az da olsa, onda sevgi sevincləri də əks etmişdir.

 

Əslində bəşər tarixinin ən sədaqətli və fədakar aşiqləri elə şairlərin özüdür. “Xosrov və Şirin”i, “Leyli və Məcnun”u insanlığa bəxş edən dahi Nizami həm də bütün dünyaya eşq dərsini keçmirdimi?! Dünyanı insani və ilahi eşqin qüdrətinə inandırmağa can atan böyük sənətkar, eyni zamanda, özünün aşiqlik qabiliyyətini və qüdrətini də nümayiş etdirirdi. Xosrovu, Məcnunu misilsiz aşiqlər kimi bütün cahana məşhur edən şair özü də onlardan zərrə qədər az sevməyən bir insan deyildimi? Əksinə öz qəhrəmanlarından da üstün, dərin və güclü aşiqlər deyilmi müəlliflər?! Nizaminin, Nəsiminin, Nəvainin və başqa dahi aşiqlərin etiraf etmədiyi bu gözəl həqiqəti bütün zamanların bənzərsiz aşiqi Füzuli söyləməyə cəsarət etmişdi. Bəlkə ona görə ki, öz ustadlarından və bir çox şagirdlərindən fərqli olaraq, Füzuli özü elə sağlığında həm dahi şair, həm də daha çox əsl və sadiq aşiq kimi el içində məşhur idi:

 

Məndə Məcnundan füzun aşiqlik istedadı var,

Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.

 

Füzulinin təkcə öz müasirlərindən deyil, həm də sələflərindən və xələflərindən fərqi, məncə, üstünlüyü onda aşiqlik və şairlik istedadının bir-birini misilsiz dərəcədə qüdrətləndirməsidir. Bu meyarla poeziya tariximizə nəzər salsaq, Füzulinin müqayisəyə gəlməz bir aşiq olduğu aydınlaşır. Bir də Füzuliyə bənzərlər də seçilir. Klassik poetikada Füzuliylə ruhdaş və sirdaş şairlər məlumdur. Müasir şeirimizdə isə mənim zövqüm belə bir poetik cərgəni vurğulamağı məqsədə müvafiq sayır: Səməd Vurğun, Mikayıl Müşfiq, Əli Kərim, Nüsrət Kəsəmənli və Ramiz Rövşən. Məncə, Nəriman Həsənzadə də bu sırada şərəfli yer tutur. Onun poeziyası, xüsusi ilə də 100- ə yaxın şeirin yer aldığı “Mən səni sevdim ki...” silsiləsi belə söyləməyə əsas verir.

 

AMEA-nın müxbir üzvü, prof. Nizami Cəfərov xalq şairi Nəriman Həsənzadə haqqındakı məqalələrinin birində böyük şair yaradıcılığının mahiyyətinə vararaq yazır: “...Nəriman Həsənzadə haqqında danışmaq, ümumən, müasir Azərbaycan poeziyası barəsində danışmaq deməkdir, – XX əsrin ikinci yarısının sosial-estetik problemlərini yaradıcılığında bütün miqyası ilə əks etdirən N.Həsənzadə böyük Səməd Vurğundan sonrakı dövrün ən gözəl şairlərindəndir; şeirində də, nəsrində də, dramaturgiyasında da, hətta publisistikasında da o məhz şairdir. Şairlik N.Həsənzadənin stixiyasıdır – o təkcə şeirində, nəsrində, dramaturgiyasında, publisistikasında deyil, adi məişətdə də şairdir, yazanda da, yazmayanda da şairdir...”. Görkəmli tənqidçinin və ədəbiyyatşünas alimin bu düşüncələrini şairin bütün yaradıcılığı, xüsusən də “Mən səni sevdim ki...” silsiləsi parlaq şəkildə təsdiq etməkdədir.

“Mən səni sevdim ki...” silsiləsi müasir şeirimizin uğurlu yeniliklərindən biri kimi diqqətəlayiqdir. Amma ötən yüzildə poeziyamızda ciddi hadisəyə çevrilmiş və onlarla, yüzlərlə könüllərin sevincinə səbəb olmuş bu gözəl şeirlər ədəbi tənqidin nəzər-diqqətindən kənarda qalmışdır. Bəlkə də böyük şairin mənsub olduğu poetik epoxanın bədii müstəvisində yeganə olan bu əsəri dərk etmək və dəyərləndirmək üçün müəyyən dərəcədə vaxtın keçməsinə ehtiyac duyulmuşdur.

 

İlk öncə bu silsilənin orijinal poetik strukturunu və məzmununu qeyd etməliyik. “Mən səni sevdim ki...”də klassik poetikanın ən yaxşı təcrübə və ənənələri yaradıcı surətdə inkişaf etdirilmişdir. Məsələn, biz burada Füzuli “Leyli və Məcnun”unun gözəl təsirini də, el aşıqlarının və şairlərinin sevgi dastanlarının həyatbəxş nəfəsini də sezirik. Silsilənin bəzi şeirlərində öz sevgilisinin qəbri üstündə fəryad edən lirik qəhrəman bizə Leylinin qəbri üstündə inləyən Məcnunu xatırladır. Və yaxud şairin öz sevimli həyat yoldaşı və qəhrəmanı Saranın itkisi ilə bağlı yaşantıları məşhur Xançoban və Sara haqqındakı qəmli sevgi dastanını yadımıza salır:

 

Gedin deyin Xançobana,

Gəlməsin bu il Muğana.

Muğan batıb nahaq qana,

Apardı sellər Saranı,

Bir ala gözlü balanı.

 

Bu sətirlər mənə məşhur sevgi dastanının yadigar örnəkləri kimi duyulur. Göründüyü kimi, bu misralar bayatı deyil, məhz sevgi qissəsini bəyan edən hansısa bir aşığın və ya el şairinin düzüb qoşduğu əsərdən parçanı andırır. “Mən səni sevdim ki...”nin müəllifi bu hadisəni də, misraları da öz əsəri boyunca xatırlayır. Elə bil ki, Sara rəmzinin və obrazının faciəvi cazibəsi müəllifi müəyyən dərəcədə öz orbitində saxlayır. Şair sanki tarixi-əfsanəvi Saranın nakam qismətindən və mistikasından xilas olmaq, uzaqlaşmaq istəyir. Amma klassik aşiqlərin tarixi taleyi şairin taleyində amansızcasına təkar olunur. Müəllif istəməsə də, onun Sarası öz həyatında əfsanəvi Saranın taleyindən, bu obrazın əsrləri və nəsilləri kövrəldən mistikasından qaça bilmir.

Klassik poeziya tarixindən bildiyimiz kimi, bir çox şairlərin həyatında böyük qadınlar və unudulmaz sevgilər olmuşdur. Həmin nadir və bənzərsiz ünsiyyət anları poeziyaya son dərəcə qiymətli incilər bəxş etmişdir. “Mən səni sevdim ki...” silsiləsinə daxil olan şeirlər də məhz həmin qiymətli sevgi dürdanələrini və incilərini xatırladır. Amma bu şeirlərin əsl poetik dəyərini düzgün müəyyən etməkdən ötrü nəzərdən keçirdiyimiz şeiriyyət nümunələrinə mərd, səmimi və böyük bir ürəklə yanaşmaq lazımdır. Müəllif silsiləyə daxil olan “Ağrı” adlı şeirində sanki gələcək yanaşmaları doğru hədəfə yönəldir. Daha doğrusu, şeirdə bir silsiləyə münasibətdə mümkün ola bilən iki cür yanaşmaya diqqəti çəkir. Birinci və düzgün, əsl insani münasibət: müəllif şeirlərini oxuyub son dərəcə mütəəssir olan oxucu (və ya oxucular) haqqında yazır:

 

Böyük bir alimin həyat yoldaşı

təzədən duz səpib bu yaram üstə.

Deyirlər, qurumur gözünün yaşı,

oxuyub ağlayır hər misram üstə.

Elə qurban olum, el saxlayandı,

yıxılsan, əlindən tez tutar sənin.

Təkləyib əysələr – qucaqlayandı,

saymasan – el özü unudar səni.

Qanadlı bir quşdu ömür sən demə,

tez sınır, bu qanad o qanad deyil.

Hardasa qəm gəldi mənim şeirimə,

qəm də sevinc kimi mənə yad deyil.

 

Şair öz qəlbinin məhrəm və munis kədərinə yad, doğma olmayan və insana yaraşmayan yanaşmanı da ürək ağrısıyla duymuş və həmin iztirabları da öz oxucusuyla bölüşməkdən çəkinməmişdir. Bu – şair mərdliyidir. Özünə və öz duyğularının səmimiyyətinə və əbədiyyətinə inanan, güvənən şairin mərdliyidir: “Qəzetdə şeirimi görüb bir nəfər, mənim göz yaşıma gülüb deyirlər. Şikayət eləyib: gör nələr yazır, ölən arvadına şeirlər yazır. Nə deyim duyğusuz yaşayan kəsə, yeyir süfrəmizdə çörəyimizdən – Biz qulaq asdıqca o ürəksizə, o da nişan alır ürəyimizdən”. Müəllif öz duyğularının dəyərini, təbii ki, hamıdan yaxşı dərk edir. Əslində bu şeirlər insanlıq və sevgi dərsləri kimi bütün zamanlara və nəsillərə ünvanlanıb:

 

Evdən, ailədən başlayır Vətən,

qadından başlayır, gərək biləydi.

Gərək millət oğlu əvvəlcə qəlbən

Millətin qızına heyifslənəydi.

 

Hər iki situasiyanı və yanaşmanı özünün qəlb süzgəcindən keçirən şairin çıxardığı mənəvi-əxlaqi nəticələr də ibrətamizdir. Şairin faciəsini çox adi və soyuqqanlı qarşılayan insan həqiqətən də ürəksizdir. Şeirin və şairin mahiyyətini bilməməkdir. Çünki şair nəinki bir ailəyə, bir elə, bir xalqa və millətə, hətta bütün dünyaya məxsusdur. Və onun kədəri, dərdi və iztirabları da həmişə ümummilli səciyyəyə malik olur. Ümumən, böyük ədəbiyyatı təkcə kişilər yaratmır, millətin qadınları da bu prosesdə iştirak edir. Hər bir xalqın mədəniyyət tarixində bu sahədə qadınların və kişilərin əməyi, zəhməti yarıbayarıdır. Çox uzağa getməyək, yalnız XX yüzil ədəbiyyat tariximizi götürsək, demək olar ki, bütün məşhur klassiklərimizin həyat və yaradıcılığında qadınların aparıcı rola malik olduğunu müşahidə edirik. Bu nöqteyi-nəzərdən yanaşsaq, ötən əsrin söz sənətini yaradanların uğurlu ədəbi talyində sevimli qadınlarının misilsiz xidmətlərini unutmaq insafsızlıq olardı. Bəli, Mirzə Cəlilin Həmidə xanımı, Hüseyn Cavidin Müşkünazı, Əhməd Cavadın Şükriyyəsi, Cəfər Cabbarlının Sonası, Mikayıl Müşfiqin Dilbəri, Səməd Vurğunun Xavəri, Rəsul Rzanın Nigarı, Balaş Azəroğlunun Mədinəsi, Əli Kərimin Elzası, Məmməd Arazın Gülxanımı, Xəlil Rza Ulutürkün Firəngizi və başqa böyük xanımlarımız XX yüzil ədəbiyyatımızın bərabərhüquqlu cəfakeşləri sayılmaqda haqlıdırlar. Nəriman Həsənzadənin Sara xanımı da bu müqəddəs və zərif silsilənin davamıdır.

 

Kaspi.-2016.-4 mart.-S.6.