Təzad dolu aktyor ömrü

                     

Təzadlarla dolu bir ömür yaşayıb Rza Əfqanlı. Hələ uşaqlıq illərindən üzləşdiyi itkilər, ağır dərdlər ahıl çağlarında belə, varlığından çəkilmirdi. Kədərli gözlərinini dərinliyində bu görkəmli sənətkarın nələr çəkdiyi sezilirdi. Rza Əfqanlının mədəniyyət tariximizdəki xidmətlərini araşdırarkən, bir fikrin təsdiqinə varırsan ki, o, son dərəcə istedadlı, sənətinə bağlı, cəfakeş aktyor olub. İstər mütəxəssislərin rəyinə görə, istərsə müasirlərinin xatirələrində Rza Əfqanlı fərqli aktyor kimi təqdim edilir. Onun bütün sevinci, nəşəsi yaratdığı obrazların uğurlu alınmasında əks olunardı. Səhnəni çox sevirdi. Sanki bütün dərdlərini yaratdığı obrazlarda unudurdu. Rza Əfqanlı üçün rolun böyüyü, kiçiyi yox idi. O, həmişə libasını geyindiyi obrazın canlı təbii olmasına, yadda qalmasına, tamaşaçılar tərəfindən maraqla qarşılanmasına çalışırdı. Həyatdakı Rza Əfqanlı ilə səhnədəki rolları arasında böyük fərq var idi. O, hər bir obrazın fərqli xüsusiyyətini, daxili aləmini, sevinc nifrətini təbii yarada bilirdi. Sənətşünas İnqilab Kərimov söyləyirdi ki, Rza Əfqanlı bütün problemlərini, dərdini teatrdan kənarda qoyardı. Bu səbəbdən həyatda qədər dərdli, qəmli hadisələrlə üzləşsə , səhnədə hər bir obrazın öz geyimində, formasında, dəyərində olmağı bacarırdı. Sadə, epizodik obrazdan başlamış, baş qəhrəmana kimi bütün rollarını cani-dildən yaradırdı.

 

O, 1899-cu ilin mayında Cənubi Azərbaycanın Sərab şəhərində anadan olub. İki yaşında atası Rüstəmi itirən Rza yetimliyin çox ağır ovqatı ilə üzləşib. Onun yaşıdları valideynləri ilə birlikdə xoşbəxt həyat sürərkən, Rza 9 yaşında qapılarda işləməyə, qoyun-quzu otarmağa məcbur olub. Dolanışığın çətinliyi 1912-ci ilin baharında Rzanın Bakıya gəlməsinə səbəb olub. O vaxtlar neft şəhəri kimi məşhurlaşan paytaxta bir parça çörək dalınca üz tutanlar çox olurdu. Bu səfərlərin uğurlu uğursuzu olurdu. Kimisi həqiqətən xoş gün-güzəran sahibi olur, bir başqası isə yenə işsizlik girdabında əziyyət çəkirdi. Bəlkə elə bu səbəbə görə, dörd il sonra Rza Əfqanlı Pyatiqorsk şəhərinə gedib. Burada da həyat onun üzünə gülməyib. Gah çəkməçi şagirdi işləyib, gah vağzallarda yük daşıyaraq, çörəkpulu qazanıb. Sonra isə rus ordusunda hərbi xidmətə gedib.

 

Rzanın hələ uşaqlıqdan xalq oyunlarına böyük marağı olub. Doğrudur, yaşıdlarına qoşulub "teatr çıxarmağa" vaxt tapmazdı, amma sinəsinin altında qaynayan bir həvəs daim fikirlərini xəyalında yaratdığı bir aləmə çəkərdi. Bəlkə elə buna görə yenidən Bakıya qayıdıb, neft mədənlərində axtaran Rza Əfqanlı, ilk növbədə Sabunçu qəsəbəsindəki dram dərnəyinə yazılıb. Gənc oğlandakı aktyorluq istedadını ilk dəfə akademik teatrın aktyoru Xəlil Hüseynov hiss edib. Dünya həqiqətən yaxşı adamlardan xali olmur. Bu görkəmli aktyorun Rza Əfqanlının qarşısına çıxması, onun gələcək həyat yolunun düzgün müəyyənləşməsində əsas rol oynadı. Beləliklə, Rza Əfqanlı Mərkəzi Dövlət Səyyar Teatrında işləməyə başladı. Mətn əzbərləmək qabiliyyəti, onu obrazın xarakterinə uyğun şəkildə söyləməsi, səhnədəki jestləri artıq rejissorların da diqqətini çəkirdi. 1923-cü ildə Milli Dram Teatrın truppasında işə götürülən Rza Əfqanlı, eyni zamanda təhsil almağı da unutmur, 1926-ci ildə Bakı Teatr Məktəbini bitirir.

 

Həmin dövrdə azərbaycanlıların sıx yaşadığı şəhərlərdə geniş teatr şəbəkəsi yaratmaq məqsədilə Bakıda çalışan müqtədir sənətkarları tez-tez bölgələrə dəvət edirdilər. 1929-cu ildə görkəmli rejissor aktyor İbrahim İsfahanlının dəvəti ilə Rza Əfqanlı Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedib. Artıq onun şöhrəti başqa respublikalara da yayılırdı. 1933-34-cü il teatr mövsümündə Rza Əfqanlı Türkmənistanın paytaxtı Aşqabaddakı Azərbaycan Teatrında baş rejissor işləyib. Bir müddət burada çalışdıqdan sonra yenidən Bakıya qayıdıb. Milli teatrın səhnəsində çalışan Rza Əfqanlı o dövrdə tamaşaya qoyulan əsərlərin əksəriyyətində müxtəlif rollar yaradıb. Həm yerli dramaturqların, həm dünya klassiklərinin əsərlərində yaratdığı obrazlar janr əlvanlığı, estetik zənginliyi ilə seçilirdi. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında da aktyorluq edən Rza Əfqanlının sənət yolu müxtəlif təzyiqlərdən, maneələrdən, bəzən haqsızlıqlardan keçməli olub. Həyatı kimi səhnə taleyi hamar deyildi. Amma bütün bunlara baxmayaraq, Rza Əfqanlının Azərbaycan teatrına bəxş etdiyi obrazlar cazibədarlığı ilə yaddaşlarda iz salıb. Mütəxəssislərin fikrincə, hətta eyni tamaşada bir neçə surəti oynayan Rza Əfqanlı, onları elə səpkidə, məharətlə təqdim edirmiş ki, tamaşaçılar yalnız proqramdakı adların siyahısına görə onun üç rol yaratdığından xəbər tuturmuşlar.

 

Səhnədəki səmərəli fəaliyyətilə əlaqədar 39 yaşında əməkdar, 44 yaşında isə xalq artisti fəxri adlarına layiq görülən Rza Əfqanlı, 1948-ci ildə Ənvər Məmmədxanlının "Şərqin səhəri" tamaşasında yaratdığı Fərhad roluna görə Stalin mükafatı almışdır. O, 1973-cü ildə dünyasını dəyişmişdir.

 

Azərbaycan kino sənətinin inkişafında da Rza Əfqanlının özünəməxsus xidməti var. O, həm də görkəmli kino xadimi sayılırdı. Rza Əfqanlı "Bakılılar", "Kəndlilər", "Yeni horizont", "O olmasın, bu olsun", "Aygün", "26-lar", "Dağlarda döyüş", "Qanun naminə", "Mən ki gözəl deyildim" və digər filmlərdə yaratdığı obrazları ilə tamaşaçı rəğbətini qazanıb. Yaxşı ki, aktyorun sənət dünyasından yadigar qalan bu filmlər var. Yoxsa, teatrda yaratdığı rolları lentə alınmayan Rza Əfqanlı haqqında müasir tamaşaçılar heç bir təsəvvürə malik olmazdılar. Bu da aktyor taleyidir.

 

Rza Əfqanlı həm də ailəsi ilə birlikdə Azərbaycan mədəniyyətinin inkişafına kömək edirdi. Həyat yoldaşı Bədurə Əfqanlı (ötən saylarımızın birində bu xanım barəsində geniş  yazı təqdim etmişik-F.X.) uzun illər müxtəlif teatrlarda geyim rəssamı olub. Onun bədii tərtibat verdiyi tamaşalar orijinallığı və milliliyi ilə seçilirdi. Övladı Ofeliya Aslan uzun illər  həm teatrın, həm də kino sənətinin inkişafında özünəməxsus fədakarlıq göstərib. Ofeliya Aslanın Musiqili Komediya Teatrında yaratdığı obrazlar bir-birindən duzlu və məzəli olub.  Unudulmaz Rza Əfqanlının arzu və düşüncələrini səhnədə təcəssüm etdirən Ofeliya Aslan görkəmli səhnə ustalarından biri kimi, tamaşaçılar tərəfindən  böyük məhəbbətlə sevilirdi.

 

Flora XƏLİLZADƏ.

əməkdar jurnalist

Kaspi.-2016.-2 noyabr.-S.15.