Yeni dünyanın köhnə kişisi

 

Çingiz Sadıxov: “İnsanın bir ölkədən başqasına səfər etməsi taledən asılıdır”

 

O, buralıdır. Burada doğulub, burada böyüyüb, burada yaşayıb. Saç-saqqalının ağ vaxtı buradan gedib və indi ara-sıra bura qonaq gəlir. 65 yaşında, həyatının müdrik çağında yola saldığı illəri sanki ömründən silib atan, yeni dünyaya, yeni zamana qovuşmağa özündə güc-qüvvə tapan Çingiz Sadıxovdur o. Uzun ayrılıqdan sonra vətənə dönüb tanışlarıyla görüşən, piano arxasına keçib, ifası üçün darıxanların könlünü oxşayan və təkrarən tamaşaçılarıyla qabaq-qənşər dayanan Çingiz Sadıxov.

 

 Biz çoxdan görüşməliydik. On il əvvəl əvvəl darmacaldan kəlmə kəsməyə vaxt tapmayanda, o, növbəti gəlişində mütləq mənə vaxt ayıracağına boyun olmuşdu. Amma Çingiz müəllim iki il sonra Bakıya yenidən qədəm basanda görüşmək fürsəti boşa çıxdı. Müəyyən səbəblər ucundan yenə əlim yetmədi ona. Nəhayət, üçüncü cəhd nəticəsiz qalmadı. Vədəli qəhrəmanım bir neçə günlük möhlətdən sonra görüş üçün vaxt tapdı. Və görüş yerini də özü seçdi: hotelin 4-cü mərtəbəsindəki qaldığı otaq.

 

  Qapını cavan bir oğlan açdı. Az sonra bildim ki, nəvəsi Rüstəmdir. Rus dilində babasını çağırdı. Baba hay verdi və yarım dəqiqə ötməmiş əlində çəlik yavaş addımlarla otağa daxil oldu. Beləliklə, biz üz-üzə, göz-gözə dayandıq. Bir anlığa baxışlarımız toqquşdu. Və mən nəzərlərimi təpədən-dırnağa süzdüyüm bu insanın ayağında saxlayıb, söhbətə körpü saldım:

 

- Bu ayaqla Bakıdan Amerikaya necə gedib çıxdınız?

- (Gülür). Ayaq hərəkət üçün vacibdir. Amma insanın bir ölkədən başqasına səfər etməsi ayaqdan yox, taledən asılıdır. Talesə səni əlsiz-ayaqsız bundan da uzaqlara apara bilər.

 

- O hesabla siz əlçatan yerdəsiniz.

- Doğrudur. Elə yer var ora nə əl çatır, nə ayaq (xəfifcə gülür).

 

- Gəlin buralara qayıdaq. O uzaqlar bizim istəyimizdən asılı deyil. Deyirəm, səsimiz-ünümüz çatanlardan danışaq. Məncə, musiqiçi bu barədə başqalarından çox düşünür. Vokalçı, instrumentalçı, dirijor, fərq etməz, hamısı səsin, melodiyanın tilsimində ilişib qalanlardır. Razısınız?

- Bəli. Bax, mən indi ağır eşidirəm. Amma bu, yalnız söhbətləşəndə problem yaradır…

 

- İfa zamanı yox?

- Qətiyyən, çətinlik çəkmirəm. Təəccüblənməyin, 8 yaşından pianoyla yoldaşam. Bu gözəl alətlə tanışlığımdan görün nə qədər vaxt keçib? Qulağım almadan belə, səsləri eşidirəm və melodiyanı yerli-yerində çalıram. Peşəkarlıq sayəsində. Hətta istənilən telefon nömrəsini dərhal melodiyaya çevirib çala bilərəm. Çünki rəqəmlər notlara uyğun şəkildə sıralanıb. Ona görə burda qeyri-adi heç nə yoxdur.

 

- Madam rəqəmlərdən danışdınız, birinə də mən toxunmaq istəyirəm. Səkkizlə sıfırın qoşalaşmasından söz açaq. Yubiley yaşınız artıq arxada qalıb...

- Elədir. O zaman düz ad günümlə bir vaxtda burada yubiley keçirmək təklifi oldu. Əvvəla, fikirləşdim, qabaqdan yay gəlir, dost-tanışın çoxu dağa-bağa gedəcək, tədbir yaxşı alınmayacaq. İkincisi, rəhmətlik Müslümün ilinə görə gözləməyi lazım bildim. Biz dost olmuşuq. Belə bir dostun ruhunu incitməyə qıymadım. Sağ olsunlar, xahişimi nəzərə alıb yubileyi sonraya saxladılar.

 

- Xəbərim var. İnşallah, qarşıda yenə yubiley və konsertlər gözləyir sizi. Bu barədə ucundan-qulağından bir şey eşitmək istərdik…

- Arzu-dilək çoxdur. Uzun-uzadı proqramları bəyənmirəm. Antraktsız yaxşıdır. Onu necə deyirlər?

 

- Birnəfəsə?

- Ay yaşa! Xoşum gəlir belə sözlərdən. Boynuma alım ki, ədəbi dildə danışmağı yaxşı bacarmıram. Ona görə gərək arada rus dilini köməyə çağırmağımı bağışlayasınız. Harda qaldıq?

 

- Proqram məsələsində.

- Hə, demək, adətən əvvəlcə bir növ rəsmi hissə olur mən iştirak edən tədbirlərdə. Öyrəncəliyəm, bilirəm ki, sonra sözü mana verəjəhlər (gülür).

 

Axırıncı kəlmələri Qarabağ ləhcəsində çox şirin deyir. Və ardınca mən dillənirəm:

 

- Sözü yox, royalı. Sizinki  ağız tərpətmək deyil, royalın dillərini danışdırmaqdır.

- Azərbaycan xalq müsiqisini və bəstəkar mahnılarını ifa etməyi çox sevirəm.

 

- Bəs dünyaya səyahət-filan?

- Əsasən milli musiqi parçalarına yer ayrılır proqramda. Tədbirlər, məncə, heç vaxt pis keçmir.

 

- Buna şübhəm yoxdur. Amma başqa şeyə var.

- Nəyə şübhə eləyirsiniz?

 

- Uzun illərdir Amerikada rahatca yaşamağınıza. Axı sizin kimi duyğulu musiqiçi, üstəlik əsli-kökü Qarabağdan olan vətəndən uzaqda necə dinclik tapır?

- Əvvəla, heç kimin həyatı irəlicədən proqnozlaşdırdığı kimi alınmır. Yüzdə yüz nəticə ağlabatan görünmür. Doğrusunu deyim ki, bu günümü o vaxt xəyalıma gətirə bilməzdim. SSRİ dağılanda mənim kimi bir çox adamlar pis çıxmasın, baxımsız, çaşqın vəziyyətə düşdük. Mən o illərdə məşhur «Azkonsert»in bədii rəhbəriydim. Sonra keçmiş nazir Polad Bülbüloğlu iş yerimi dəyişdi. Mahnı teatrına bədii rəhbər və direktor təyin elədi. Ölkənin qarmaqarışıq vaxtıydı. Təsəvvür eləyin, yekə çıxmasın, dünya musiqisinə bələd olan peşəkara necə xoşagəlməz  münasibət yarandı. Bəzi məsələləri dilə gətirməyə, sadəcə, utanıram. Bütün bunlar mənə yer eləyirdi və cana doyurdum. Belə bir vaxtda Amerikada olarkən orada yaşamaqla bağlı qəfil təklifi xeyli götür-qoy etdim. Axırda razılaşdım. 1994-cü ilin əvvəlindən Birləşmiş Ştatlardayam. Niyə yalan deyim, təzə gedəndə az qalırdı ürəyim partlasın. İki il əməlli-başlı zülüm çəkdim. Öz dünyana uyğun adamlar tapmaq, ünsiyyət yaratmaq sizə asan gəlməsin. İllah da mən yaşda adam üçün. Sonra yavaş-yavaş alışdım. Bilirsiniz, insan qəribə məxluqdur. O, vəziyyətə, mühitə uyğunlaşır. İndi çətinliklərin çoxu arxada qalıb. Üstəlik, işimi rahatlaşdıran ailəmin orda olmasıdır. Həyat yoldaşım, iki qızım, dörd nəvəm yanımdadır. Yəni tək deyiləm. İnsan qocalanda kövrəkləşir, arxa-dayaq, həyan axtarır. Doğmalarının verə biləcəyi istiliyə ehtiyac duyur. Bu mənada günüm qəriblikdə keçsə belə, əl-ayağımı heç nə üşütmür. Allah hamısından razı olsun, ailəm hər barədə qeydimə qalır. Ən əsasısa xiffət eləməyə, fikir çəkməyə qoymurlar. Amma nə gizlədim, uzaqda yaşasam da, vətənimin, millətimin halı məni düşündürür.

 

- Əvvəldən San-Fransiskodasınız? Burdan gedəndə orda qərarlaşacağınızı artıq qətiləşdirmişdiniz?

- Yox, qabaqcadan məsələ tam dəqiqləşməmişdi. O bir az sonra alındı… Eh, nə deyim, uzun söhbətdir… Yaşadığım Kaliforniya ştatında çox bahalıqdır. Ümumiyyətlə, Amerikanın Çikaqo, Los-Anceles və mən yaşadığım şəhərində hər şey baha qiymətə satılır.

 

- Bəs necə çatdırırsınız? Gərək ki, işləmirsiniz. Xanımınız da həmçinin.

- Təqaüd alırıq. Onun üçdə birini mənzil kirayəsinə, kommunal xidmətlərə xərcləyirəm. Qalan pula xanımımla rahatca dolanırıq. Qızlarım, kürəkənlərim, nəvələrim hamısı işləyir. Ev-eşikləri, hər birinin maşını var. Amerikada 65 yaşından yuxarı adamların həyatını yer üzündəki cənnətdə yaşamağa, 18-65 yaş arası həyatısa qarışqa kimi qaynaşmağa bənzətmək olar. Oğlan, ya qız, fərqi yoxdur, 18 yaşa çatdı, müstəqil həyata başlayır. Oxumaq və ya işləmək istədiyini müəyyənləşdirir. Bir şərtlə ki, valideynindən kömək almadan özü özünü təmin eləyə bilsin. Buna deyirlər Amerika həyat tərzi.

 

- Ailəniz bu həyat tərzini qəbul edə bilib?

- Mən yaşda adamın tam mənada amerikalı olması qəliz məsələdir. Nəvələrə gəlincə, «hə» deyərdim. Onlar gəncdirlər, yeni dünyanın adamlarıdır. Hər biri maşınının, telefonunun, geyim-geciminin və sairin xərcini özü ödəyir. Birgə yaşadıqları ev və orda yedikləri valideynlərinin hesabınadır.

 

- Deməli, Azərbaycan həyat tərzindən də nişanə var. Amma  belə görürəm ki, amerikasayaq mənzərə hökmrandır. Yəqin siz də təqaüdünüzü yalnız özünüzə xərcləyirsiniz? Başqa heç yana.

- Yox, arada olur. Məsələn, uşaqlara ad günündə pul verirəm və sair.

 

- Köhnə dünyanın yadigarı, köhnə kişi azərbaycanlılığından qalmır və o həyata öz ilmələrini salır?

- (Gülür). Qanımızdadır ey.

 

- Qan demişkən, yolunuzun davamçıları var?

- Bəli, qızlarım musiqiçidirlər. Böyüyü Nərgiz pianoçudur, kiçiyi Laləsə skripkaçı. Hər ikisi kollecdə dərs deyir. İşləri yaxşı gedir. Bu məni çox sevindirir. Nəvələrdən musiqiylə bağlılığı olan yoxdur. Bəlkə də belə yaxşıdır. Bilirsiniz, ailədə özümdən savayı iki musiqiçi var – kifayətdir.

 

- Ceyran xanımın üçlüyə qısqanclığı tutmur?

- Xanımım musiqini sevən, bütün birgə həyatımız boyu məni başa düşən insan olub. Bu, insan, illah da musiqiçi üçün vacib məqamdır. Məncə, məsələ peşəkarlıqdadır. Axı o da öz işinin ustasıdır. Yüksək səviyyəli ingilis dili mütəxəssisidir, elmlər namizədidir. Bakıda yaşadığımız dövrdə 28 il Xarici Dillər İnstitutunda dərs deyib. İngiliscə elə danışır, amerikalıların matı-qutu quruyur.

 

- Bəs siz necə, onları məəttəl qoya bilirsiniz?

- Musiqidə vəziyyət yaxşıdır, dil məsələsində yox. Heç düz-əməlli ingiliscə bilmirəm də. Nəyimə lazımdır axı. (Gülə-gülə). Yanımda hazır tərcüməçim var. Konsertlərdə, getdiyim tədbirlərdə onun iştirakı dadıma çatır. Hətta, hərdən elə olur, yerimə avtoqraf yazır, mən sadəcə altından qol çəkirəm.

 

- Onda gərək arabir verdiyiniz konsertlərdən qazandığınızı onunla böləsiniz.

- (Gülür). Düz sözə nə deyəsən? Arabir konsert demişkən, indiyəcən Amerikanın onlarla şəhərində çıxışlarım olub. Əsasən Azərbaycan diasporunun qarşısında. Kanadaya da dəvət eləyiblər. Monrealda və Torontoda konsertlər vermişəm. Doğrusu, bizimkilərdən çox vaxt pul almıram. Bunu vətənim, xalqım yolunda özümə borc sayıram.

 

- Borclu qaldığınız Vətəni illər sonra tanıya bildiniz?

- Yaralı yerimə toxundunuz. Doğulduğum, böyüdüyüm, küçələrini, dalanlarını qarış-qarış gəzdiyim Bakı yaman dəyişib. Binalar tikilir, geniş yollar çəkilir, divarlar qaşınır, yaxud üzlük daş döşənir, bunlar yaxşıdır. Xanımlar qəşəng geyinirlər, gözəl-göyçəkdirlər. Bu da əladır. Amma pis bilirsiniz nədi? Bakının həminki iyi-qoxu qalmayıb ey. Gözəlliklə cavanlarımızın davranışı üst-üstə düşmür. Qabaq belə deyildi. Mənim gənclik illərimdə küçədə tanımadığın adamla belə, mehriban salamlaşırdın. Soruşanda o kimdir, cavab qısa və sadəydi: şəhərdə görmüşəm. Bilirsiniz, intelligent və intellektual sözü oxşardır, amma məna fərqləri var. Biz zahiri gözəlliyə meyl eləyib, mənanı, məzmunu itirə bilərik. Məncə, düşünməyə dəyər.

 

- Necə ki, şuşalı şirniçi Sadığın nəsil ağacından yadigar bir kişiylə söhbətə dəyərdi.

- Bu qiymətiniz bəlkə də dəyərindən artıq oldu.

 

- Mənsə, bəlkəsiz deyərdim: yox. Ən azı Bülbülün, Rəşidin, Müslümün oxusuna onlara bərabər çalğınızla bələdçilik etdiyinizə görə.

 

Seymur Elsevər

Kaspi.-2016.-5 sentyabr.-S.13.