Bədurə Əfqanlı sənəti

 

Teatr tamaşaları, film və müxtəlif orkestrlərin uğurlu alınmasında təkcə ssenaristin, rejissorun, bəstəkarın, aktyorun üzərinə yük düşmür. Həqiqətən də bu sənət növləri kollektiv yaradıcılığın məhsuludur. Mütəxəssislər gözəl bilirlər ki, hər hansı teatr tamaşasının təsirli alınmasında, yadda qalmasında bədii tərtibatın - rəssam işinin öz yeri var. Bəzən adi dekorasiya vasitəsi sandığımız bir lampanın, rəngli bir görüntünün, geyimin, silahın mühüm mənası olur. Bütün vasitələr tamaşanın, filmin, konsertin müvəffəqiyyətlə başa çatmasına xidmət edir.

 

Milli teatrımız yarandığı ilk gündən dekorasiya məsələsinə diqqətlə yanaşılsa da, professional rəssamların olmaması səbəbindən müxtəlif şəkillərdən, pyesin məzmununa uyğun gələn əşyalardan, şablon, tipik vasitələrdən istifadə edilsə də, ildən-ilə peşəkar teatr rəssamına ehtiyac duyulurdu.

 

Ötən əsrin əvvəllərində Azərbaycan teatr sənətinin inkişafında bir sıra istedadlı fırça ustaları öz əməyini əsirgəmədi. Əzim Əzimzadə, Rüstəm Mustafayev, Həsən Fətullayev və başqaları öz dəst-xətləri ilə teatrı bu çətinlikdən xilas etdilər. Azərbaycanda teatr-dekorasiya sənətinin inkişafında və təşəkkül tapmasında isə xalq rəssamı Bədurə Əfqanlının son dərəcə məhsuldar və gərgin əməyi dayandı. Bir fərəhli fakt da var ki, o, həm də ilk teatr rəssamı olan azərbaycanlı qadındır. Ümumiyyətlə, bu rəssamın taleyində ilkin olmaq qızıl xətt kimi keçir. 1920-ci ildə Bakıda təşkil olunan Bakı Rəssamlıq Məktəbinin milli rəssamların yeni nəslinin yetişməsində böyük rolu oldu. Maraqlıdır ki, həmin məktəbi bitirənlərdən biri də Bədurə Əfqanlı idi. Yenə ilk azərbaycanlı qızlardan idi ki, professional təhsil alırdı.

 

O, Bakıda qulluqçu Məlik Nəcəf oğlu Ağamalovun ailəsində doğulmuşdu. Dövrünün tanınmış ziyalılarından geniş dünyagörüşlü şəxsiyyətlərindən olan Məlik Nəcəf oğlu özü rəsm çəkməyə həvəsli idi. Boş vaxtlarında övladlarına ədəbiyyatdan, incəsənətdən danışar, onlarda bu sahəyə maraq oyadardı. Təsadüfi deyildi ki, böyük qızı Səyyarə heykəltəraşlıqla məşğul olurdu. Bədurədə kiçik yaşlarından incəsənətə böyük maraq vardı. Onlar yayda bütün ailə ilə Novxanıdakı bağ evlərində dincələrdilər. Bədurənin təbiətə, rənglər aləminə marağı da elə dəniz kənarında dalğalara, qağayılara diqqət kəsildiyi vaxtlardan başladı. İlk "teatrı" da Novxanıda görmüşdü Bədurə xanım. O, dini mərasimlərdə şəbih çıxaran insanlara maraqla baxardı. Eləcə milli bayramlarda, el şənliklərində, kənddə düzənlənən mərasimlərdə iştirak edər bütün bunlar da Bədurənin yaddaşında dərin iz salardı. Sonralar orta məktəbdə oxuduğu illərdə dəftərinə çəkdiyi rəsmlərlə müəlliminin diqqətini cəlb edərdi. Əvvəlcə pedaqoji məktəbdə oxusa da, həvəsi onu rəssamlıq dünyasına çəkdi. Bakı Rəssamlıq Məktəbinin qrafika şöbəsinə daxil olan gənc qız dünya incəsənət tarixini öyrənməyə böyük həvəs göstərdi. Sonralar müxtəlif şəhərlərdə - Moskvada, Sankt-Peterburqda yerləşən qalereya, teatr etnoqrafiya muzeylərini dolaşdı. Gördükləri fikirlərini bir istiqamətə yönəltmişdi. Bütün bunlar da onun fikrini qətiləşdirdi - teatr rəssamı olmalıdır. Diplom işinin mövzusu V.Şekspirin "Otello" faciəsi idi. Çəkdiyi eskizlər, qurduğu kompozisiyalar, tapdığı yeni rəng çalarları onu həm təkrarçılıqdan uzaqlaşdırdı, həm özünəməxsus bir diplomçu kimi fərqləndirdi.

 

90 il ömür sürmüş Bədurə Əfqanlı bu bitkin həyatın 70 ilini teatra bağlayıb. 1930-cu ildə həyat yoldaşı Rza Əfqanlının quruluşçu rejissoru olduğu "Qaçaq Kərəm" tamaşasının bədii tərtibatı da məhz Bədurə Əfqanlıya məxsusdur. Uzun illər Rza Əfqanlı ilə birlikdə uğurlu tamaşaların səhnə həyatına ömür verdilər. Onların birgə hazırladığı tamaşalardan "Şeyx Sənan" faciəsi, "Aşıq Qərib" operası, "1905-ci ildə" "Sevil" pyesləri haqqında o dövrün mətbuatında maraqlı fikirlər var. Sonralar bir müddət Aşqabadda çalışsalar da, yenidən Bakıya qayıdan ailə öz yaradıcılıq işlərini doğma şəhərdə davam etdirib. 1938-ci ildə Azərbaycan Dövlət Dram Teatrına dəvət edilən Bədurə xanım burada uzun müddət rəssam kimi çalışıb. Bu rəssamın ən müsbət cəhətlərindən biri bu idi ki, o, heç vaxt rəssam fırçasına, istedadına arxayın olmazdı. Bədii tərtibat verdiyi əsəri diqqətlə oxuyar, əhatə etdiyi dövrün tarixini, mədəniyyətini, geyim tərzini dəqiqliklə araşdırardı. Bu səbəbdən onun tamaşalara verdiyi tərtibat həm sadəliyi, həm ciddiliyi, həm əsərin mövzusu ilə həmahəng olması ilə seçilirdi. Xüsusilə Cəfər Cabbarlının pyeslərinə hazırladığı dekorasiyalar, eskizlər bu tamaşaların uğurlu alınmasında böyük rol oynadı. İkinci dünya müharibəsi illərində sonra teatrlarda qoyulan tamaşaların, demək olar ki, əksəriyyətinə bədii tərtibat Bədurə Əfqanlı tərəfindən verilirdi. O, çox istedadlı quruluşçu rəssam idi. Eskizləri, bədii tərtibat verdiyi əsərlər başqa rəssamlar üçün bir məktəb sayılırdı. O, zahiri effektləri, geyimləri elə seçirdi ki, təqdim olunan əsərin məzmunu təbii surətdə açılsın. Dekorasiyalar, bir növ, tamaşanın şərh edilməsində böyük rol oynayırdı. Mütəxəssislər həmişə bu fikri təsdiqləyirdilər ki, Bədurə xanımda bir rəssam kimi əsl sənət əsəri yaratmaq üçün lazım olan bütün komponentlər - istedad, əməksevərlik, axtarış həvəsi, professional yetkinlik var idi. Bəlkə elə bu səbəbdəndir ki, onun quruluşçu rəssamı olduğu tamaşalar həmişə monumental xarakter daşıyırdı. Rənglərin çalarlarından məharətlə istifadə edərək teatr estetikasının daha zənginləşməsinə nail ola bilirdi. Onun bədii tərtibatı səhnələşdirilən pyesin ideyasını açmaqda rejissora kömək edirdi. Bu səbəbdən həm rejissorlar, həm dramaturqlar Bədurə xanımla işləməyi çox sevərdilər. Rənglər vasitəsilə tamaşaçıda xoş ovqat yarada bilirdi. Bədurə Əfqanlı yaradıcılığının tədqiqatçısı sənətşünas Dilarə Səfərəliyeva yazırdı: "Bədurə Əfqanlı gözəl geyim eskizlərində hər bir əsərin ideyasının xarakterinə dərindən nüfuz etmək nümunəsi göstərmişdir".

 

O, təkcə teatrda deyil, kinostudiyada da fəaliyyət göstərərək müxtəlif ekran əsərlərinə geyim eskizləri çəkərdi. Bu filmlərə indi maraqla baxılır: "Koroğlu", "Leyli Məcnun", "Böyük dayaq", "Dəli Kür", "Dədə Qorqud", "O qızı tapın", "Qatır Məmməd" s.

 

Bədurə Əfqanlının yaradıcılığından danışarkən onun müxtəlif ansambllar ifaçılar üçün hazırladığı geyimlərdən söz açmamaq olmur. Onun bu sahədəki fəaliyyətinə bütün dünya bələd idi. Həm fərdi sərgiləri keçirilərdi, həm eskizləri əsasında geyinən ifaçılar bütün planeti dolaşardılar. Unudulmaz Rəşid Behbudovun rəhbərlik etdiyi Mahnı Teatrının kollektivi həmişə Bədurə xanımın məsləhət gördüyü geyimlər əsasında konsert tamaşalarına gedərdilər. Xüsusən rəqs kollektivləri həm milli rəqslərimizi, həm geyimlərimizi nümayiş etdirirdilər.

 

Yaradıcılığı həmişə yüksək qiymətləndirilərdi. 1974-cü ildə xalq artisti fəxri adına layiq görülən Bədurə Əfqanlı sənətinin vurğunu idi. Bəlkə elə bu səbəbdəndir ki, onun irsi bu gün öz əhəmiyyətini saxlamaqdadır. Teatrın bədii tərtibatı ilə məşğul olan hər kəs bu unudulmaz şəxsiyyətin bədii irsindən öyrənməkdədir. Bədurə Əfqanlı yaradıcılığı, sözün əsl mənasında, məktəb idi. Bu məktəbin dərsləri indi davam edir. Özü olmasa da... sənəti yaşayır!

Flora XƏLİLZADƏ,

əməkdar jurnalist

Kaspi.-2016.-3-5 sentyabr.-S.7.