Ziyadxan Əliyev

 

GERÇƏKLİYİN POETİK-ROMANTİK QATI

 

Rəngkar Fikrət İbrahimlinin yubiley portreti

 

 Çağdaş Azərbaycan rəssamlıq məkanında baş verən və daha çox xaotikliyi ilə diqqət çəkən bədii prosesi həm də nəsillərin “mübarizəsi” kimi dəyərləndirməli olsaq, onda heç kəsin öz ayranına turş demədiyi bu durumda ərsəyə gətirilənlərin yalnız ədalətli yanaşma ilə bütün yaradıcılığını sənətimizin əsrlər boyu qazandığı milli ruhunun qorunmasına və daha da zənginləşməsinə həsr etmiş sənətkarları dəyərləndirə bilərik. 60 illik ömrünün bir qərinəsini rənglər dünyası ilə təmasa həsr etmiş Fikrət İbrahimli sənətdə milli ruhun qorumasına çalışan məhz belə rəssamlardandır...

İxtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində, sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alan Fikrət İbrahimli əslində Bakıya gəlişindən əvvəl sənətin sirlərinə az-çox yiyələnmiş, Neftçaladakı respublikada çox məşhur olanAdil Hacıyev” məktəbini keçmişdi. Odur ki, Adil müəllim onu oğlu Əşrəflə birlikdə rəssamlıq məktəbinə gətirəndə gələcək taleyindən elə də narahat deyildi. Elə təhsil illərində Bakıda qarşısına yaxşı adamların çıxmasını da bunun bir əlaməti saymaq olar.

Rəssamlıq məktəbində oxuyarkən dahi Səttar Bəhlulzadə ilə ünsiyyəti, institut illərində isə Xalq rəssamı Toğrul Nərimanbəyovdan dərs alması yəqin ki, Allahın ona göstərdiyi lütfün göstəricisi idi. Sonralar yaranacaq dəst-xəttində və bədii ifadə estetikasında qabarıq görünən gerçəkliyə poetik-romantik baxışını da əslində bu iki böyük sənətkarla təmasının nəticəsi hesab etmək mümkündür. Amma bu assosiasiya-anım heç də kimlərdənsə iqtibas, məşhur kumirlərinin cazibəsinə düşməyin görüntüsü deyildi. Əslində gənc rəssamın nümayiş etdirdiklərində Səttar-Toğrul sənətini andıran bədii ruh vardı və bu cür özünüifadə həm də özünəməxsus idi. Zamanında “Ulduz” jurnalında gənc rəssama “Uğurlu yolarzulayan Toğrul Nərimanbəyovun onadaimi tələbəçilik” arzulamasında da həm açıq, həm də sətiraltı məna vardı. Belə ki, sənətin çətin yollarının hər üzünü görmüş görkəmli fırça ustası gənc həmkarına əldə etdikləri ilə kifayətlənməməyi, uzaq-yaxın keçmişdə dünyadamilli incəsənətmizdə baş verənləri öyrənməyi və nəticə çıxarmağı arzulayırdı. Qənaətimizcə, Fikrət İbrahimlinin rəngkarlıq və qrafika sahəsində yaratdıqlarına rəğmən demək olar ki, bu gün onun Azərbaycan rəngkarlığında özünəməxsus dünyagörüşünə və dəst-xəttə malik rəssam kimi qəbulu da onun sənətlə bağlı məlum həqiqətlərə yaradıcı münasibət göstərməsinin ifadəsidir.

Onun sənətinin başqalarına maraqlı və cəlbbedici görünməsi isə ilk növbədə əsərlərində duyulası səmimiliyin və təbiiliyin mövcudluğudur, desək, həqiqəti ifadə etmiş olarıq. Rəssamın kifayət qədər janr əlvanlığı ilə diqqət çəkən yaradıcılığındakı bu təbiiliyin duyulası görüntüsü onun süni pafosdan uzaq olması, təsvir üçün təmtəraqlı motivləriə, məşhur obrazlara, bər-bəzəkli əşyaların təsvirinə meyl göstərməməsidir.

Bunu şərtləndirən səbəblərdən biri yəqin ki, rəssamın bilavasitə gördüklərindən ilhamlana bilməsidir. Başqa sözlə desək, çəkdikləri Neftçala, Abşeron və Bakının hamıya yaxşı tanış olan motivləridir. Amma hər dəfə gördüklərindən heyrətlənməyi bacaran Fikrət İbrahimlinin bədii şərhində hamı üçün ənənəviləşən bu motivlərdəki adiliyi zənginliyi duyulan estetik qaynağa çevirmək bacarığı duyulmaqdadır. Motivləri ideallaşdırmaqdan vaz keçən rəssamın bizim günlərdə təbiiliyi itməkdə davam edən Abşeron təbiətinin bakirə gözəlliyini bədii tutumda olsa da gələcək nəsillərə çatdırmaq istəyi yalnız təqdir oluna bilər.

“Dəniz, günəbaxanlar”, “Fatmayı”, “Bağ evi-Novxanı”, “Abşeron motivi”, “Abşeron günəbaxanları” və s. lövhələrdə bədii tutum alan təbiət motivləri ilk növbədə görünənlərin təbiiliyi ilə göz oxşayır. Qızılı qumla əhatələnmiş yastı damlı bağ evləri, içərisi balıqlı çarhovuz, günəşdən nur alanVan Qoq günəbaxanları”, uzunqulaqlı kənd uşağı, tut və əncir ağacları Fikrət İbrahimlinin təqdimatında təbiəti gözəlləşdirən və məna-məzmun daşıyıcı rolunu oynayan ayrıntılar kimi cəlbedici və yaddaqalandırlar. Onların təqdimatı üçün seçilən baxış nöqtələri, tətbiq olunan stilizələr, rəng yığcamlığı kifayət qədər gözoxşayan bədii tutuma bələndiyindən duyğulandırıcı estetik qaynaq kimi qəbul olunurlar...

Fikrət İbrahimlinin qədim İçərişəhərə davamlı bədii münasibətinin kökündə təkcə buranın tarixi-bədii dəyər daşıması durmur. Gənc vaxtlarında İçərişəhərdə emalatxana kirələyən Fikrətə buralardakı hamının görə bilmədiyi bütün gözəllik qaynaqları belə məlumdu. Onun üçün bir-birinə yapışıqlı bu tikililərin hələ də qalmaqda olan ruhunun ifadəsi daha maraqlı idi. Etiraf edək ki, bunu göstərə bilmək elə də asan deyildi. Odur ki, rəssamın şərhində labirintəbənzər küçələri ilə çoxlarını heyrətləndirən bu əski məkan, onun ayrı-ayrı abidələri xalqımızın tikinti qüdrətini və daşlara hopdurulmuş gözəlliyin ruhunun-təravətinin bu gün də yaşadığını, hər birimiz üçün qürurverici mənəvi qaynaq kimi qaldığını təsdiqləyəndir. Təbii ki, İçərişəhər ünvanlı mənzərələr həm də keçmişlə bu günün vəhdətini özündə yaşatdığından və tarixiliyə müasirlik çaları əlavə etdiyindən cəlbedici baxılır...

Fikrət İbrahimlinin çəkdiyi portretlər də obyekt seçimi ilə digər janrlarda çəkdiyi işlərdən fərqlənmir. Yəni, onun qəhrəmanları əsasən yaxşı tanıdığı, tez-tez ünsiyyətdə olduğu adamlardır. Şair Əlisəmid Kür, qardaşı Altay, şair-rəssam Adil Mirseyid və gənclik dostu-rəssam Valehin müxtəlif illərdə çəkilmiş portretlərində elə bir bədii-psixoloji səciyyəviliyə nail olunmuşdur ki, bunu yalnız qəhrəmanlarının xarakterinə çox dərin nüfuzun sayəsində əldə etmək olardı...

Fikrətin sovet dönəmində əyalətdə yaşayan müəllimi Adil Hacıyevin milli adət-ənənələrimizi əks etdirən əsərləri ona böyük şöhrət gətirmişdi. Bu mənada bu gün onun yaradıcılığında oxşar mövzuların yer almasının kökündə təkcə ənənəni yaşatmaq istəyi gizlənmir. Rəssamın bu gün qloballaşması ilə fəxr edən cəmiyyətə ünvanlanan bədii mesajında nəsillərdən-nəsillərə ötürülən adətlərin-mərasimlərin qorunması istəyi yaşayır. Onun “Nişan.Rəfiqələr”, “Kəndimizin qızları”, “Xonça aparırlar”,“Gəlin gətirməyə”, “Toy” və s. tabloları bu qəbildəndir.

Fikrət İbrahimlinin natürmortlarında da bizi əhatə edən əşyalara özünəməxsus yanaşma duyulmaqdadır. Onun bizə təqdim etdiyi maddi-mədəniyyət nümunələri, məişət əşyaları, tərəvəz və meyvələr bilavasitə fərqli bədii münasibətin nəticəsində duyulası təm-təraqdan uzaq görkəmləri ilə tamaşaçıya insan əməyini dəyərləndirməyə və bundan zövq almağa imkan verir. Əslində əsərlərinin məna-məzmun daşıyıcıları kimi çıxış edən və daha cəlbedici olan xalça-palaz, əlvan xurcun və məfrəş, saxsı qabmetal silahla yanaşı, adiliyi ilə çox vaxt diqqətdən kənarda qalan balıq və qarğıdalıya bədii münasibətdə rəssam, bir qayda olaraq mükalimə yaradıcıdır. Odur ki, tarixən “cansız və soyuq” əşyaların ifadəsi hesab olunan natürmort janrının Fikrət İbrahimli tərəfindən yaradılan yeni-yeni görüntüləri rəssam üçün dialoq yaradıcı vasitədir. Daha dəqiq desək, keçmişlə bu günümüz arasında əlaqənin yaşadılmasına yönəli mənəvi qaynaqdır...

Bütünlükdə, Fikrət İbrahimlinin əsərlərini ilhamını kor-koranə naturaya tabe etməməyin nəticəsi kimi dəyərləndirmək olar. Belə ki, onlarda gerçəkliyə özünəməxsus yanaşma - bədii stilizədən keçirilərək sadə-fəlsəfi tutumda təqdim olunmuş bədii həqiqətlər hifz olunub. Məhz bu məziyyətlərinə görə onun yaradıcılığı müasir Azərbaycan rəngkarlığında tanınandır. Bunu isə onun böyük sənət uğuru saymaq mümkündür.

Altmış illik ömrünün çoxunu yaradıcılığa həsr edən, rəssamlıq axtarışları gözlərim qarşısında keçən, taleyinin tükdən asılı olmasına və həyatının çox təzadlı hadisələrlə baş-başa qalmasına şahidlik etdiyim Fikrət İbrahimli bu gün də yaşayıb-yaratmaq əzmindədir.

Fərdi sərgisini sənət xiridarlarının müzakirəsinə çıxarmaq da onunmavi arzusudur. O, bunun baş tutacağına onu əmin edənlərdən hələ də kəramət ummaqdadır. Bu günün uzun, yaxud da qısa olacağı isə yəqin ki, onun özündən çox, bizlərdən, ona diqqətimizdən və qayğımızdan asılı olacaqdır...

(P.S. Yazı "Kaspi" qəzetinin 12 avqust tarixli sayında çap olunub.)

 

Ziyadxan Əliyev

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Kaspi 2017.- 12-18 avqust.- S.24.