“Hazırlıqlı olmasam, səhnəyə çıxmaram”

 

Taleh Yahyayev: “Yüngül mahnıların pərəstişkarları məni tanımasa, yaxşıdır”

 

Bu yaxınlarda Opera və Balet Teatrında "Şah İsmayıl” operasını izlədik. Operada diqqətimizi çəkən əsas obrazlardan birini canlandıran istedadlı ifaçı Taleh Yahyayevlə tanış olduq. Onu daha yaxından tanıdıqdan sonra söhbət etmək qərarına gəldik. Müsahibimiz olduqca istedadlı və daim yenilik axtarışındadır. Taleh Yahyayev Gəncə şəhərində anadan olub. 2008-ci ildə Bülbül adına musiqi məktəbini bitirib. 2012-ci ildə Gəncə Dövlət Universitetinin "Musiqi təhsili”, 2015-ci ildə isə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı” ixtisası üzrə  SSRİ və Azərbaycan Respublikasının Xalq artistləri, professorlar Fidan və Xuraman Qasımovalar, dosent Sevda Məmmədovanın sinfini bitirib. Vittoria Lucia (İtaliya), Tom Kraus (Finlandiya), Yelena Obratsova (Rusiya), Teymuraz Ququşvili (Gürcüstan) və s. ustadların dərslərinin iştirakçısı olub. Bir çox xarici ölkələrdə (Almaniya, Macarıstan, Türkiyə, İtaliya, Yunanıstan, Çexiya, Qazaxıstan) keçirilən festivallarda, müsabiqələrdə 4 qızıl medal və xüsusi mükafatlar qazanıb, 2015-ci ildə Afinada keçirilmiş "Carlos Almaran” beynəlxalq müsabiqəsinin Qran pri mükafatçısı olub. Bir çox beynəlxalq müsabiqələrin laureatıdır. 2013-cü ildən A.Zeynallı adına Musiqi kollecində və Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətə başlayıb. 2015-ci ildən isə Azərbaycan Dövlət Opera və Balet Teatrının ən gənc solisti kimi fəaliyyət göstərir. Azərbaycan vokal sənətini ölkə hüdudlarından kənarda uğurla təmsil edib. Teatrda "Leyli və Məcnun”, "Sevil”, "Şah İsmayıl”, "Koroğlu”, "Vaqif”, "Manon Lesko”, "İl Tabarro”, "Trubadur”, "Bal Maskarad”, "Kənd namusu” kimi operalarda müxtəlif rolları ifa edib. Heydər Əliyev Fondu tərəfindən Gənclər mükafatına layiq görülüb.

  

- Taleh bəy, nə zamandan hiss etdiniz ki, sizin vokal səs imkanlarınız var?

- Bilirsiniz ki, beynəlxalq müsabiqələr iştirakçısıyam. 2002-ci ildə, 11 yaşımda uşaqlar və yeniyetmələr arasında keçirilən Respublika muğam müsabiqəsində münsiflər heyətinin bir üzvü mənə dedi ki, sənin çox yaxşı vokal səs imkanların var. Vokal musiqisi ilə daha dərindən tanış olduqdan sonra gördüm ki, sən demə, mənim istiqamətim, yolum bu imiş. Özümü vokalda tapdım.

 

- Adətən gənclər estrada janrına daha çox üstünlük verirlər. Belə olan halda, siz nə üçün bu yolu seçdiniz?

- Estrada janrında da ifa etmişəm. Səs imkanlarım buna icazə verir. Hətta sizə deyim ki, 2004-cü ildə "Dan ulduzu” müsabiqəsinin iştirakçısı olmuşam. Həmin müsabiqədə üçüncü yerə layiq görülmüşəm. Mənim repertuarıma nəzər salsanız, görərsiniz ki, orada estrada mahnıları da var. Adətən bayram günlərində dövlət tədbirlərində bu mahnılardan istifadə edirəm.

  

- İstərdik ki, sizi teatra aparan yoldan danışasınız.

- Bakı Musiqi Akademiyasında Şövkət Məmmədova adına opera studiyasında dövlət imtahanı verərkən oradan məni bəyənib teatra dəvət etmişdilər. Tamara xanım Eyvazova mənə çox dəstək oldu. Buradan ona təşəkkürümü bildirirəm. Teatrda ilk dəfə "Leyli və Məcnun” operasında Leylinin atası obrazını canlandırdım. Çox uğurlu tamaşa alındı. Ondan sonra teatrımızın direktoru, əməkdar incəsənət xadimi Akif Məlikova öz təşəkkürümü bildirirəm. Gənc ifaçıya böyük sənətkarlarla bir səhnəyə çıxmaq şansı yaratdı. Onda mənim 25 yaşım var idi. İl yarımdır ki, teatrda çalışıram. Xalq artistlərimiz Nəzakət Teymurovla, Mənsum İbrahimovla bir səhnədə çıxış etdim. Təbii ki, bu mənim üçün bir şərəf oldu.

 

- Teatrın repertuarına nəzər yetirdikdə, daha çox qəhrəmanların atası obrazlarını canlandırdığınızın şahidi oluruq. 26 yaşınız var və siz 80 yaşlı obrazları canlandırırsınız. Bu sizə qəribə gəlmir ki?

- Burda qəribə heç nə yoxdur. Bu, mənim səs tembrimdən asılıdır. Bariton səs tembrim var. Avropa operalarına da nəzər salsanız, görərsiniz ki, bariton səs daha dolğun kişi səsini xatırladır. Mən vokal partiyaları ifa edirəm. Bundan əvvəl muğam təhsili almışam. Belə məqamlarda öz səs çalarlarımdan istifadə edə bilirəm. Vokal bir başqadır, o, notla ifa olunur. Vokal çox çətindir. Bütün muğamları əzbər bilirəm. Buna baxmayaraq, özümü operaya daha yaxın hiss edirəm.

 

- Nəinki səs, teatrda görünüş də böyük rol oynayır. Qrimlə qoca obrazı təqdim etmək mümkündürmü?

- Siz özünüz dəfələrlə bizim teatrda iştirak etmisiniz. Sizcə, məni o obrazlara bənzədə biliblərmi?

  

- "Şah İsmayıl” operasından söhbət gedirsə, mənə görə, Gülzar obrazını canlandıran xanım bir qədər operadakı xanımdan yaşlı idi. Operada Gülzarın təxminən 18-20 yaşı olmalıdır.  

- Ola bilər. Elə gənclər var ki, onların üzü yaşlı insan xarakteri bağışlayır. Bizim teatrda gənclərə çox üstünlük verirlər. Opera Teatrında gənclərə böyük meydan verilib. Rəhbərliyimiz də gənclərə tam şərait yaradır. Siz deyə bilməzsiniz ki, bizim teatrda gənclər azlıq təşkil edir. Elə deyil. Yaş məsələsinə gəlincə isə, Gülzar obrazını canlandıran xanıma bu obrazı veriblərsə, demək ki, belə məsləhətdir. Onların da bir bildiyi vardır.

 

- Xalq artisti Mənsum İbrahimova tez-tez sual verilir ki, bu yaşda Məcnunu oynayırsınız...

- Burda nə var ki? Mənsum müəllim çox gözəl ifaçıdır. O, səhnədə heç də gənclərdən geri qalmır. İndiki gənclərdən də gənc görünür. Onunla işləmək bizim üçün çox rahatdır. O, ifa edəndə mən zövq alıram. Görün, Məsum İbrahimov çıxış edəndə, zalda nə qədər tamaşaçı olur. O, sözün əsil mənasında əsil Məcnundur.

 

- Gəlin, başqa mövzuya keçək. Özünüzü şou-biznesin bir parçası hesab edirsinizmi?

- Şou-biznes deyilən bir şey yoxdur. Mən dövlət televiziyasından, yəni AzTV və Mədəniyyət kanalından başqa heç bir televiziyanı izləmirəm.

 

- Səbəb?

- Efirdən şou əhlini izləyə bilmirəm. Elə müğənnilər var ki, fonoqram oxuyur, özü də nə gündə. Hərdən utanıram bəzi verilişlərə çıxanda. Bir neçə dəfə efirə çıxmaqdan imtina etmişəm. Dövlət televiziyalarında nümayiş olunan verilişlərdə daha çox iştirak edirəm. Gedib "üç badam bir qoz” oxuyan müğənnilərlə bir səhnə paylaşan deyiləm ki.

 

- Olubmu ki, səhnədə hansısa sözlər yaddan çıxsın?

- Şükürlər olsun ki, məndə belə şeylər olmayıb. Əgər hazırlıqlı olmasam, səhnəyə çıxmaram.

  

- Çox tamaşalarda çıxışlar edirsiniz. Ancaq teatra gedən insanlar tərəfindən tanınırsınız. Simanız şou ulduzları kimi o qədər də məşhur deyil.

- Qoy məni elə teatra gələn tamaşaçı tanısın. Musiqi zövqü yüksək olan insanlar mənim üçün daha dəyərlidir. Yüngül mahnıların pərəstişkarları məni tanımasa, daha yaxşıdır. O tip insanlar gəlib mənim ifamı dinləsələr də, heç nə anlamayacaqlar. Siz görürsünüz ki, Opera və Balet Teatrının tamaşaçıları ziyalılardan ibarətdir. Tamaşaçılarımızın əksəriyyəti elit təbəqənin nümayəndələridir. Onlar bizə bəs edir. 

 

- Hər bir ifaçının arzusu tanınmaqdır.

- Əslində çox tanınmağı da sevmirəm. Gərək onda insan hər şeydən ehtiyat edə.

 

- Gələcəyə doğru hədəfləriniz nələrdir?

- Gələcəyimi  teatrda görürəm. Teatrı çox sevirəm. Səhnəyə çıxmadığım həftəni özüm üçün ən uğursuz həftə hesab edirəm. Tamaşaların olacağı günü həyəcanla gözləyirəm. Hər dəfə səhnəyə çıxanda, deyirlər, fərqli ifa edirəm. Çünki hər dəfə daha çox təcrübə qazanıram.

 

- Hansı obrazı canlandırmaq istəyərdiniz?

- "Riqoletta” operasında Riqolettanı oynamağı çox istəyərdim. Mən hələ cavanam. Bu qədər təhsil alsam da, yenə də müəllimlərimdən məsləhətlər alıram. Bu obrazı ifa etmək hələ mənə tezdir. Mənə deyirlər ki, 40 yaşından sonra ifa edərsən. Qarşıma məqsəd qoymuşam. Bilirəm ki, bunu məndən əsirgəməyəcəklər. Sadəcə hələ zamanı deyil.

 

- İl yarımdır ki, teatrda çalışırsınız. Bu müddət ərzində teatrda çox söz demisiniz. Bunun fərqindəsinizmi?

- Elə bilirəm ki, hələ heç nə etməmişəm. Kənardan mənə "afərin” desələr də, bunun fərqində deyiləm.

 

- Opera və Balet Teatrı bu sənətə yeni gələn, hətta sözünü demiş xanəndələr üçün əlçatmaz bir yerdir. Amma siz 26 yaşınızda bu teatrın tamaşalarının çoxunda iştirak edirsiniz.

- Teatr mənim üçün çox əzizdir. Bizim teatrda bizi dəyərləndirirlər. Əgər mənə dəyər verilməsəydi, bu obrazlar həvalə edilməzdi.

 

- Gələk "Şah İsmayıl” operasına.  Bu sizin Aslan obrazında ilk çıxışınız idi? 

- Bəli. Birinci dəfə "Şah İsmayıl” tamaşasında Gülzarın atası rolunu oynadım, daha sonra bu obrazı mənə həvalə etdilər. Tarixdə bu obrazı ifa edən ən gənc mənəm. Bu günə qədər Aslan obrazını yaşlı və orta nəslin solistləri oxuyub. Tamaşanın ərsəyə gəlməsi üçün teatrın dirijoru Cavanşir Cəfərova, Sevil Hacıyevaya və rejissorumuz Hafiz Quliyevə dərin təşəkkürümü bildirirəm.

 

- Sizi beynəlxalq musiqi festivallarında da tez-tez görürük.

- Bir çox beynəlxalq festivallarda mütəmadi şəkildə iştirak edirəm.

 

- Onlardan bir neçəsinin adlarını çəkə bilərsinizmi?

- İpək yolu beynəlxalq musiqi festivalı, Üzeyir Hacıbəyov adına festival, Rastrapoviç adına festival, Beynəlxalq Qəbələ festivalında 4 ildir ki, iştirak edirəm. TÜRKSOY-un keçirdiyi festivalların daimi iştirakçısıyam. Belə ki, Çexiyada, Almaniyada keçirilən festivallarda iştirak etmişəm. Gürcüstanda, Macarıstanda, Almaniyada, Rusiyada konsert proqramları ilə çıxış etmişəm.

 

- Sizə toylarda tələbat varmı?

- Dövlət tədbirlərindən ödənilən qonorar məni təmin edir. Bizə çox yaxşı şərait yaradılıb. Teatrdan aldığım maaş da məni qane edir. Eyni zamanda, çox az halda el şənliklərində iştirak edirəm. Mənim də öz dinləyicilərim var. Bizim klassik estrada musiqilərimizi, xalq mahnılarını ifa edirəm.

 

Xəyalə Rəis

Teatrşünas

Kaspi.-2017.-26 dekabr.-S.7.