Ovqatın bütün rənglərində ehtiyac duyulan insan

 

Müəllimim, ustadım, anam - Əzizə Cəfərzadə

 

Bu yaxınlarda işdən evə dönürdüm, dayanacaqda bir xanım mənə yaxınlaşaraq soruşdu ki, siz Əzizə Cəfərzadənin  qohumusunuz?  Açığı necə cavab verəcəyimi bir anlıq müəyyənləşdirə bilmədim. Çünki bu sözləri tez-tez eşidirəm, hətta "qızıdır” deyənlər də var . "Bəli, anamdır, müəllimimdir, əzizimdir” dedim. "Mən də elə bilirdim” söyləyərək uzaqlaşdı. Yenə xəyallar məni o günlərə apardı. Analar anası idi, Əzizə xanım!  Unuda bilmədiyim sevimli insan, həyatımda yerin boş, ürəyimdə isə göynərtin əbədidir. Ovqatımın bütün rənglərində sənə ehtiyacım var. O mehriban, həzin səsin, məsləhətin üçün elə darıxıram ki

 

Adi müəllim deyildi

 

Haqqında keçmiş zamanda danışmaq ağır olsa da, təəssüf ki, əbədi ayrılığın bu qüssəsi həmişə bizimlədir. Artıq 15-ci ildir ki, Xalq yazıçısı, görkəmli pedaqoq, ədəbiyyatşünas alim, tarixi romanlar müəllifi Əzizə Cəfərzadə (1921-2003) haqq dünyasına qovuşub.

 

Əzizə Cəfərzadənin Azərbaycan ədəbiyyatındakı yerinə, mövqeyinə dürüst qiymət verilməsi, cəfakeşliklə araşdırılması ədəbiyyatşünas alimlərimizin vətəndaşlıq borcudur. Biz jurnalistlər üçün isə Əzizə xanım bir müəllim kimi daha əziz və unudulmazdır. Yəqin ki, bu fikri hamı təsdiqləyər. Əzizə Cəfərzadə adi müəllim deyildi. O, auditoriyada müəllimlik işini sadəcə, mühazirə oxumaqla bitirmirdi. Elə sözlər, məsələlər var idi ki (o vaxtlar bu barədə danışmaq nəinki qadağan idi, heç mümkün deyildi), onları yalnız son 15-20 ildə danışır və yazırlar. Halbuki bu acı həqiqətləri Əzizə Cəfərzadə bizə - tələbələrinə 25-30 il bundan öncə bütün çılpaqlığı ilə danışardı. Bu cəsarətinə, vətənpərvərliyinə, heç bir təzyiqdən, təqibdən, alacağı zərbədən çəkinmədiyinə görə, Əzizə Cəfərzadə hamımızın ürəyində xüsusi yer tutmuşdu. Onun müəllimlik fəaliyyətinin yadımızdan çıxmayan anlarını xatırlayanda, həm dərin fərəh hissi keçirir, həm də kədərlənirik. Qürurumuzu artıran odur ki, biz o cür mətin, qorxmaz, qeyrətli bir vətən qızından dərs almışıq. Kədərlənirik ki, bu cür hünər sahibi olan insanlar nəinki qadınlar, heç kişilər arasında tapılmırdı.

  

Hərdən heç anlamaq olmurdu ki...

 

Bizim nəslin Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuduğu vaxtlarda bir neçə müəllimi olub. Müqayisə üçün o illərin xatirələrini vərəqləyəndə xəyalımıza nələr gəlmir?! Bir müəllimimiz illərin pası tutmuş vərəqlərdən oxuduğu mühazirəsi ilə bizi cana yığmışdı. Bir dəfə nadinc tələbələrdən biri tənəffüsdə mühazirə üçün qalaqlanmış kağızların alt vərəqini üstə çəkdi. İsmayıl bəy Qutqaşınlıdan mühazirəsi olan bu müəllimə Abbasqulu ağa Bakıxanovun yaradıcılığını birbaşa oxumağa başladı. Tələbələrin arasında pıçıltı düşdü. Hətta gülən də var idi. Ən acısı o idi ki, o biliyin, o savadın yiyəsi imtahanda "əzrail”ə dönərdi.

 

Yaxşı ki, o illərdə bizim başqa bir müəllimimiz də vardı. Xəyalımızda işığa dönən, hamımızın dərin hörmət və ehtiram bəslədiyi, ürəkdən sevdiyi, məftun olduğu filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadə! O, Azərbaycan ədəbiyyatından mühazirələr oxuyurdu. Bizə böyük sənətkarları - Hadini, Sanini, Səhhəti, Sabiri, Mirzə Cəlili daha yaxından tanıtdığı üçün ilk növbədə ona minnətdarıq. Əzizə xanım bizə kitabda olmayanları deyərdi. Cəsarətinə, o vaxt heç kəsdə duymadığımız milli qeyrətinə vurulmuşduq. Sonralar tez-tez düşünərdik ki, görəsən, Əzizə xanım tələbələrindən niyə ehtiyatlanmırdı? Bir dəfə söhbət zamanı demişdi: «Mən gəncliyə inanırdım, qızım! Bilirdim ki, heç biriniz məni satmazsınız ki, Əzizə Cəfərzadə sovet hökumətinin əleyhinə danışır. Tay-tuşlarım, elə Bəxtiyar müəllim də (Vahabzadə nəzərdə tutulur - F.X.) hərdən deyirlər ki, sənin o vaxt söylədiklərin axır ki, danışıldı, əfsanə sayılanlar gerçəkləşdi».

 

Əzizə Cəfərzadə 1949-cu ildən ömrünün sonuna kimi Bakı Dövlət Universitetində dərs dedi. Arada 10-15 il Əlyazmalar Fondunda, xarici ölkələrdə işləyib. Yəqin ki, tarixi yazılarında olan dürüst həqiqəti də o illərdə tapıb. «Azərbaycan aşıq və şair qadınları», «Fatma xanım Kəminə», "Şirvanın üç şairi», «Abdulla Padarlı» və s. kitablar məhz o illərdə yazılıb. 1973-1974-cü illərdə yenidən universitetə qayıdıb. Onun bir söhbətini unuda bilmirəm: «İlk əmək fəaliyyətimə də müəllimliklə başlamışam. Rayonda orta məktəbdə dərs demişəm. Müharibə illərində kişi müəllimləri əvəz etmişəm. Bu sənətə olan məhəbbət mənim qanıma hopub». Elə bu pak istəyin bəhrəsidir ki, Əzizə Cəfərzadə bizim hamımız üçün sevimliunudulmaz müəllim olaraq qaldı.

 

Qəribə yaddaşı və danışıq tərzi vardı. Ona qulaq asdıqca sehrə düşmüş kimi sükuta qərq olurdun. Adət-ənənəni, qədim bayramları, unudulmuş əlamətdar günləri o qədər dəqiq və dürüst bilirdi ki, hərdən heç anlamaq olmurdu ki, bu adam etnoqrafdır, tarixçidir, folklorşünasdır, tədqiqatçıdır, ozandır, şairdir, yazıçıdır, yoxsa sinəsi layla və bayatılarla dolu olan anadır? İstedadlı yazıçı, cəfakeş alim, sevimli müəllim, istəkli nənə, sədaqətli dost, yaxşı qonşu, xeyrə-şərə yarayan ağbirçək və mənim ömrüm boyu unuda bilməyəcəyim çox munis bir şəxsiyyət! Bütün bu məziyyətlərin necə də halal sahibi idi Əzizə xanım!

  

"Anamızın əlinə su tökməyə layiq deyilik

 

Görkəmli naşir, tərcüməçi, ədəbiyyatşünas kimi tanınan Əzizə Cəfərzadə «Cəlaliyyə», «Bakı-1501», «Vətənə qayıt», «Sabir», "Aləmdə səsim var mənim” və s. kitabları ilə oxucuların rəğbətini qazanmışdı. Təbiət etibarilə çox səmimi və dürüst olan Əzizə Cəfərzadə bədii əsərlərində bu müsbət keyfiyyətləri əks etdirirdi. Həmişə milli dəyərlərə, mentalitetə dərindən bağlılığı onun hər bir yazısında, adi söhbətində belə hiss olunurdu. Əzizə Cəfərzadə sözün həqiqi mənasında böyük vətəndaş yazıçı idi. Auditoriyada deyə bilmədiklərini kitablarında, yazılarında söyləmədiklərini isə danışığında oxuculara və gənclərə məharətlə çatdırırdı.

 

1990-cı ilin yanvarında Bakıda baş verən faciədə qara bayraqlı şəhərin hüznlü günlərinə ağı deyib ağlayanlardan biri də Əzizə ana oldu. Bu gün də gözlərimizdən o ağır məqamlar çəkilmir. Əzizə Cəfərzadə şəhid düşmüş vətən oğullarının qırmızı qərənfilə bürünmüş tabutları önündə necə fəryad çəkib bədahətən bayatılar deyirdi:

 

   Arazam, keç üstümdən,

   Keç, karvan, keç üstümdən.

   Bu dərdi mən əkmişəm,

   Dəryazı al, biç üstümdən.

 

   Mən ilk dəfə şəhidlərin şərafəti önündə sağ qaldığımın xəcalətini o məqamda duymuşam. Əzizə xanım saçlarını əlləri ilə xışmalayıb göz yaşları axıdanda onun bu ağır fəryadı önündə hansı hala düşdüyümü sözlə ifadə edə bilmirəm.

 

   Çox mənalı və bitkin ömür yaşadı Əzizə xanım! Ən böyük arzusu vətən torpağının işğalçılardan azad olunduğu günü görmək olsa da, biz bu şad xəbəri yəqin ki, nə vaxtsa onun ruhuna çatdıracağıq. Əzizə Cəfərzadə Azərbaycanın Xalq yazıçısı adını almış ilk qadın ədibimizdir. «Şöhrət» ordeninə layiq görülmüşdü, Prezident təqaüdçüsü idi. Müxtəlif vaxtlarda yubileyləri qeyd edilmişdi.

 

   Onun haqqında müxtəlif monoqrafiyalar, əsərlər yazılıb. Özünün isə ən çox bəyəndiyi və qiymətləndirdiyi «Biz Cəfərzadələr» kitabında isə Azərbaycan ədəbiyyatında xidmətləri olan Əzizə, Məmməd, Əhməd Cəfərzadələrin yaradıcılığından söz açılır. Əzizə xanım xiffətlə deyərdi: «Biz, iki qardaş, bir bacının ilk müəllimi anamız Böyükxanım olub. Qeyri-adi qadın idi. Həm zahiri, həm də mənəvi gözəlliyi heyrət doğururdu. Üçümüz də elmlər doktoruyuq, amma anamızın əlinə su tökməyə layiq deyilik. İstər bilik, istərsə də dünyagörüşü cəhətdən dərya idi. «Anamın nağılları» kitabının müəllifi əslində elə anam idi. İndinin özündə də yadıma bir ağı, bir bayatı düşür. Görürsən ki, bir hecası çatmır. Əvvəllər anamdan soruşardım, indi isə...”

 

Cızdağı çıxardan kəlmə

 

   Ağsaçlı Əzizə xanımın dolmuş gözləri indi də xəyalımdan çəkilmir. Məni heyrətə gətirən o idi ki, ana həsrəti ilə yanıb yaxılan Əzizə xanımın 80 yaşı var idi, amma uşaq kimi kövrəlib dolurdu.

 

   Əzizə Cəfərzadə mənim təkcə müəllimim olmamışdı. Mənə dərs dediyi illərdən (1974-cü il) ömrünün sonunadək ən yaxın sirdaşım, dostum, məsləkdaşım və məsləhət yerim olmuşdu. O qədər sadə, təvazökar idi ki, başım nəyəsə qarışıb onu axtarmayanda özü zəng edərdi. Xəcalətimdən ölüb-dirilərdim. Əl-ayağa düşərdim: «Əzizə xanım, sən Allah, bağışla. Mən zəng etməli idim». Cavabına fikir verin: «Niyə elə deyirsən? Məgər sənin işin-gücün yoxdur? Sadəcə, hənirini eşitmək istədim». Bu hənir kəlməsi mənim cızdağımı çıxarırdı. Çünki doğma anam yadıma düşərdi. Rəhmətlik həmişə səsimi eşidəndə söyləyərdi: «Hənirinə qurban olum, ay bala». Anamı itirəndən sonra bu mehri və məhəbbəti mənə səxavətlə bağışlayan, məni tez-tez arayıb-axtaran, analıq sevgisini üzərimdən əskik etməyən Əzizə Cəfərzadə idi. Bundan başqa, mənim ən həssas və diqqətli oxucum da Əzizə xanım idi. Bir yazımı da ötürməzdi. Hamısı haqqında öz rəyini bildirərdi. Kitablarım haqqında resenziyalar yazmışdı. Onun həssaslığı önündə həmişə heyrətdə qalırdım.

 

   İndison görüşümüz gözlərimdən çəkilmir. Zəngləşmişdik, evinə getməli idim. Bizi gözləyirdi. Mənə elə gəlir ki, Əzizə xanımın son şəkli elə mənimlə olub. Onun qəfil itkisindən sonra bir müddət özümə gələ bilmədim. Yeni kitablarımın təqdimatında, oğlumun toyunda, ovqatımın ən təlx vaxtında, sevincimin aşıb-daşdığı məqamda, bütövlükdə həyatımda Əzizə xanımın yeri görünür.

 

   Əzizə xanım əslində canlı məktəb idi. Ondan öyrənməli, götürməli məziyyətlər necə də çox idi. Nə heyf ki, ömür vəfa etmədi. Əzizə Cəfərzadənin xəyalımızda yandırdığı işıq isə bu günduyğu və düşüncələrimə nur saçmaqdadır. Nə qədər ki, rəfimdə sıralanmış kitabları, yaddaşımda pozulmayan xatirələri, saysız-hesabsız tələbələri - ardıcılları var, heç vaxt unudulmayacaq Əzizə Cəfərzadə! Bir təskinliyim də var ki, layihə rəhbəri olduğum "Yadigarlarverilişinin ilk sayını da məhz öz ustadıma, müəllimimə, anama həsr edə bildim. Bu, həm də onun ruhundan xeyir-dua almaq idi

 

Flora Xəlilzadə

əməkdar jurnalist

Kaspi  2017.- 28 dekabr.- S.15.