Zərif duyğular şairi

 

Mətanəti sarsılmayan ruh, şəfqəti azalmayan qəlb, hərarəti soyumayan əllər

 

O,  ədəbiyyatımızın qadın şairləri içərisində öz dəst-xətti ilə seçilir. "Nigar Rəfibəylinin şeirlərini oxuyanda, onun müəllifinin qadın olması istər-istəməz duyulur. Onun şeirləri üslub, lirika, rəngarənglik baxımından, ilk baxışdan qəlbi oxşayır”. Ədəbiyyatşünaslar Nigar xanımın poeziyasını məhz belə xarakterizə edirlər. .

Nigar Rəfibəyli Gəncə şəhərində doğulub. Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirib. Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində, "Azərnəşr”də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, "Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində çalışıb. Poeziyada imzasını təsdiq edənə qədər isə həyat yolu  keşməkeşli olub.

 

Repressiyanın acısı

 

Nigar Rəfibəyli repressiya illərində bəy qızı olması üzündən olmazın əzab və əziyyətlə üzləşib. Qohum-qardaşlarına "xalq düşməni” damğasının vurulmasının acısını o da yaşayıb. Nigarın atası Xudadat bəy müstəqil hökumətin ilk səhiyyə naziri,  Gəncənin valisi idi. 1920-ci ildə Gəncədə antisovet üsyanı baş verəndə Nigar hələ uşaq idi. Üsyan zamanı minlərlə insan məhv oldu,  bir çox gəncəlilər öz yurd-yuvalarını tərk etməli oldular. Onların arasında altı yaşlı Nigar və anası da var idi. Rəfibəylilər sovetin özünə düşmən seçdiyi nəsillərdən birinə çevrildi.

Nigar Rəfibəylinin atası Xudadat bəy Rəfibəyli Nargin adasına sürgün edilərək güllələnir.

O faciəli günlərdə Xudadat bəyin altı yaşlı qızı Nigar Rəfibəyli ilə anasını Mustafa adlı bolşevik qanadı altına alır, ailəyə yardım əlini uzadır. Daha sonra isə onları Gəncədən uzaqlaşdırırlar. Nigar Rəfibəyli uzun illər doğma yurdu Gəncəyə həsrət qalır. Onun Gəncəyə ilk gəlişi isə Kəpəz dağına saatlarla baxması kimi xatırlanır...

Babası Ələkbər bəy Gəncənin və bütöv Azərbaycanın  ağsaqqallarından idi. Mənbələrə görə, Ələkbər bəy Rəfibəyli birinci dünya müharibəsi ərəfələrində alman kolonistlərinin Gəncədən deportasiya olunmasının qarşısını alıb. Müsadirə söhbətini eşidən Gəncə əhli bir yerə yığışaraq mötəbər adamlar içərisindən Gəncə qubernatorunun yanına Ələkbər bəyi göndərmək qərarına gəliblər. Ələkbər bəy Gəncə qubernatorunun yanına gedərək ondan almanların deportasiya olunmamasını xahişini edib: "Rusiya uzaq Almaniyada müharibə edirsə, buradakı almanların nə günahları var?” deyir. Beləliklə, almanların deportasiyası ləğv olunur...

Nigar Rəfibəyli kiçik yaşlarından ağrılı-acılı günlər görür, yurd-yuva həsrəti çəkir. Dayıları, əmiləri və atası sovetlərin gülləsinə tuş gəlmiş qəhrəmanlar idi. Neçə illər Gəncənin həsrətində olmuş Nigar Rəfibəyli bu hisslərini, duyğularını öz şeirlərində də qələmə alır.

 

İnsana məhəbbət hissi

 

Nigar Rəfibəylinin sevə-sevə yazıb-yaratdığı şeirlər vətən torpağının gözəlliyinə, dünyamızda baş verən hadisələrə,  insanlara, onların taleyinə, mənəvi aləminə həsr olunub. Onun şair qəlbi gözəlliklərdən ilham alıb, sonra da bu gözəlliklər onun qələmindən kağız üzərinə süzülüb.

Nigar xanımın "Çadra” adlı ilk şeiri 1928-ci ildə "Dan ulduzu” jurnalında dərc edilib. 1934-cü ildə nəşr olunan ilk şeirlər kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. Nigar Rəfibəyli, təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları tərənnüm olunan "Dənizin səsi gəlir”, "İşıqlı dünyam”, "Günəşdən gənclik istədim”, "Həzin bir axşamda düşsən yadıma”, "Şanlı nəsillərin yadigarısan” müharibə mövzusuna və müharibə əleyhinə həsr olunan "Zəfər nəğməsi”, "Anaların səsi”, uşaqlar üçün yazdığı "Balaca qəhrəman”, "Günəşin cavabı”, "Məstanın balaları”, "Bizə bahar yaraşır” kitabları ilə ədəbiyyatımızı zənginləşdirib.

Azərbaycanla bağlı müxtəlif mövzularda yazıb-yaradan Nigar xanım dünya xalqlarının da həyatından, faciəli məqamlarından bəhs edən şeirlər yazıb.

Nigar xanım 1940-cı ildən ömrünün sonunadək bütün qüvvəsini yaradıcılıq işinə həsr edərək, qardaş xalqların ədəbiyyatından nümunələri dilimizə çevirməklə, milli mədəniyyət xəzinəmizi zənginləşdirib. Məhsəti Gəncəvinin rübailərini, Evripidin "İfigeniya”, Fridrix Şillerin "Məkr və məhəbbət”, Anton Çexovun "Vanya dayı”, "Albalı bağı” dramalarını, E.L.Voyniçin "Ovod”, O.Qonçarın "Bayraqdarlar” romanlarını, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermantov,  Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərlərini tərcümə edib. Həmçinin şairin öz əsərləri xarici dillərə tərcümə olunub.

Nigar Rəfibəylinin şeirləri Azərbaycan ədəbiyyatında özünəməxsusluğu ilə seçilir. İnsana məhəbbət hissi onun poeziyasından ana xətt kimi keçir. Onun insana münasibətində humanizmi öndə durur.

Nigar Rəfibəyli Azərbaycanın şair qadınları arasında öz zərif duyğusu və intellektual səviyyəsi ilə seçilib. Onun şeirlərində Azərbaycan qadınlarının sevgi və zəhmət dünyası, ağrı və acıları bütün əlvanlığı ilə qələmə alınıb. Nigar Rəfibəyli poeziyasında ana məhəbbətinə, qadın səadətinə, övlad sevgisinə daim müraciət edib.

Nigar Rəfibəylinin yaradıcılığı incə və saf duyğulardan ibarətdir. Nigar xanımın yaradıcılığını vəsf edənlər "Nigar Rəfibəylinin lirikası geniş, vüsətli bir lirikadır. Onun palitrasındakı rənglər yalnız məhəbbətin tərənnümü, hicran yanğısının təsviri üçün deyil. Bu rənglər həyatın daha əlvan hadisələrinin inikası üçün, ictimai həyatda, insanlar arasındakı münasibətlərdə yol verilən haqsızlıqların ifadəsi, köməksizlərin müdafiəsi, ahəngdarlığın qorunması üçündür” yazırlar.

 

 

Gözəl nəğmələrin müəllifi

 

Nigar Rəfibəylinin sözlərinə yazılan mahnılar zərif duyğular şairini daha da sevdirir. O, ürəklərə xoş gələn gözəl nəğmələrin, həmişə təzə-tər səslənən mahnıların müəllifidir. Azərbaycanın bir çox görkəmli bəstəkarları - Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Emin Sabitoğlu, Polad Bülbüloğlu, Vasif Adıgözəlov, Telman Hacıyev, Sevda İbrahimova və b. şairin biri-birindən həzin, lirik şeirlərinə müraciət edərək, ürəyəyatımlı mahnılar yazıblar. Bir çox tanınmış müğənnilərimiz Nigar Rəfibəylinin sözlərinə bəstələnmiş mahnıları böyük şövq və məhəbbətlə ifa ediblər. Bülbül, Rəşid Behbudov, Zeynəb Xanlarova kimi məşhur müğənnilər onun sözlərinə yazılan mahnıları oxuyublar.

 

Ən səmimi və amansız tənqidçi

 

Nigar xanımın Rəsul Rza kimi görkəmli insan və ədəbiyyat adamı ilə ailə qurması, onların bir-birinə olan dərin sevgiləri həyatın çətinliklərini birgə adlamalarına kömək edib. Onlar həmişə bir-birlərinə arxa-dayaq  olublr.  Onların bir-birlərinə həsr etdiyi şeirlər əsil sevgi nümunəsi kimi oxunur.

"1931-ci ildə şairə Nigar Rəfibəyli ilə tanış oldum. O zamanlar səhvən özgənin şerini onun adına çıxıb, tənqidçilər ona şiddətli atəş açmışdılar. Həm də bu tənqidi ədəbiyyata dəxli olmayan ayrı-ayrı rütbə sahibləri xeyli qızışdırırdılar. Həqiqət sonra aşkara çıxdı. Gənc şairə özünü ləyaqətlə aparırdı. Bu tənqidi məqalələrin birisinin altında başqa yoldaşlarla bərabər, mənim də imzam var idi, ona görə də indi bu barədə yazmağı lazım bildim. Qəribə görünsə də, bu hadisə bizi yaxınlaşdırdı. Məlum oldu ki, Nigarla mənim ədəbiyyata və həyata olan münasibətlərimizdə ümumi nöqtələr çoxdur. Bilmirəm mən ona necə təsir bağışladım, ancaq o, mənim çox xoşuma gəldı. Görünür, onun da mənə münasibəti pis deyilmiş, çünki sonralar bizim yollarımız ayrılmadı. 1937-ci il fevralın 11-də evləndik. Biz indi də ədəbi mübahisələr edir, yazdığımız şerləri, oxuduğumuz kitabları təhlil və müzakirə edirik. Ağıllı, qayğıkeş, mərd bir qadın olan şairə ilə evləndiyim üçün xoşbəxtəm. İndi mənim ən səmimi və ən amansız tənqidçim öz evimdədir”- deyə Rəsul Rza yazırdı.

Bu sevgi ömürlərinin sonuna qədər onlarla birlikdə yol gəlir. Nigar xanım vəfalı ömür-gün yoldaşı ilə birlikdə ədəbiyyatımızın yüksəlməsi üçün var qüvvəsi ilə çalışır.

"Nigar, əzizim! İyirmi il əvvəl, boranlı bir fevral günü biz səninlə əl-ələ verib həyatın mürəkkəb, çətin yollarına çıxdıq. Bu iyirmi il boyunda bütün sınaqlardan keçib mətanəti sarsılmayan ruhun, şəfqəti azalmayan qəlbin, hərarəti soyumayan mərd əllərin üçün sağ ol!” deyə  Rəsul Rza 1957-ci ildə Moskvadan Nigar xanıma yolladığı teleqramda yazırdı: "Əgər günlər geriyə varaqlansa, gəncliyim qayıtsa idi, inan ki, mən ömrümü yenə səninlə bağlayar, həyatın daha çətin yollarında, tərəddüdsüz, səninlə əl-ələ verib gedərdim. Qoy üç sevimli balamızın sevinc və səadəti gələcək günlərimizi bəzəsin. Qoy məhəbbətimizin hərarəti onları hər cür fırtınalardan qorusun.

Vəfa və sədaqətin qarşısında baş əyirəm”- deyə Rəsul Rza böyük sevgisi və etibarına görə, ömür-gün yoldaşına minnətdarlıq edirdi. Nigar xanım isə "İnsan yaşa dolduqca xatirələr aləmində yaşamağa başlayır, irəlidən çox geriyə baxır, keçən ömrün uzaq səhifələrini gözdən keçirir. Otuz üç il bərabər ömür sürdüyüm Rəsul Rza ilə keçən günlərimizi vərəqləyərkən aydın bir həqiqət cəlb edir: bütünlüklə ağır və yüngül, sevincli və sevincsiz, kədərli və bayramlı keçən bir günümüz olmamışdır. Xalq həyatı ilə yaşamış, onunla nəfəs almış, ən ağır günlərdə xalqın dərdinə şərik olmuşuq, xalqın həyəcan və arzuları ilə yaşamışıq” yazırdı.

Rəsul Rza ilə Nigar xanımın ölümü arasında 3 ay fərq olub. Həyat yoldaşının ölümünü Nigar xanım, dünyadan köçən günə  qədər bilməyib. Xalq yazıçısı Anar ata-anasının bir-birinə sonsuz məhəbbəti haqqında hekayəti "Sizsiz” adlı kitabında qələmə alıb.

 

Nigar Rəfibəyli xidmətlərinə görə "Şərəf” nişanı ordeni və müxtəlif medallarla təltif olunub. 1981-ci il iyulun 10-da Bakıda vəfat edən şairin adı  hazırda şəhərin küçələrindən birində əbədiləşib. Şairliyi ilə şəxsiyyəti bir-birini tamamlayan Nigar Rəfibəylinin sevgidən və insanlara məhəbbətdən yoğrulan poeziyası isə həmişəlik poeziyasevərlərin qəlbinə köçüb.

 

 

Təranə Məhərrəmova

Kaspi 2017.- 11 iyul.- S.7.