O qala, bir də bizim qala...

 

Məşhur türk seriallarının möhtəşəm qala gecələri kimi mərasimlər bizdə niyə keçirilmir?

 

19 iyunda Türkiyədə, eləcə də qonşu ölkələrdə sevilərək izlənilən "İçerde” serialının final bölümü yayımlandı. Uzun müddətdir ki, gözlənilən həmin gündə final seriyasının nümayişi üçün möhtəşəm qala gecəsi keçirildi. Canlı yayımla nümayiş olunan gecədə layihənin bütün yaradıcıları, aktyorlar və aktrisalar iştirak edirdi. Çağatay Ulusoy, Aras Bulut İynemli, Çetin Tekindor, Bensu Soralın baş rollarda çəkildiyi ekran işi sonuncu seriyası ilə sosial mediada ən çox müzakirə edilən mövzu oldu. Qala gecədən gələn bütün gəlir "Minik Kalpler İçerde” uşaq fondunun hesabına köçürüldü. Eyni zamanda, veriliş bütün reytinqlərdə birinci yerdə qərarlaşdı. Türkiyədə olduğu kimi, Azərbaycanda da sözügedən filmin kifayət qədər izləyicisi ekran qarşısında əyləşərək final bölümünü izlədi.

 

Qardaş ölkə kinematoqrafiyasının əldə etdiyi uğurlara sevinməyə bilmirik. Türkiyədə istehsal olunan nəinki "İçerde”, eləcə də "Kara Sevda”, bir neçə il əvvəl yayımlanan "Muhteşem Yüzyıl”, "Aşkı Memnu” kimi seriallar ərəb ölkələrində, Avropada dublyaj olunaraq nümayiş edilirdi. Bəli, bu gün əminliklə demək olar ki, Türkiyə film və serial çəkilişlərinə görə dünyaya meydan oxuyan ölkələrdən biridir. Türkiyədə çəkilən seriallar insanların marağını özünə cəlb edir, sözün məcazi mənasında nəfəs kəsir. İnsanlar hər bölüm üçün ekran qarşısına keçib, bu dəfə hansı hadisələrin şahidi olacaqlarını gözləyirlər.

 

"İçerde” serialının qala gecəsindən çəkilən foto və videoları izləyərkən bir anlıq düşündüm ki, görəsən o cür mərasimlərdən bizdə niyə yoxdur. Niyə bizim yerli kinoteatrlarımızda yalnız xaricilərin gətirdikləri filmlərin, ya da ayda-ildə bir dəfə  çəkilən filmlərimizin qalası baş tutur? Niyə bizim serialların ilk və son bölümlərinin qala gecələri keçirilmir? Açığı, öz-özümə verdiyim bu suallar ətrafında çox düşündüm. Düşündüm, düşündüm, amma tutarlı bir cavab tapa bilmədim. Qərara aldım ki, bu sualla film və serial çəkən rejissorlara və ssenaristlərə müraciət edim. Qoy bir az da onlar düşünsünlər ki, "niyə o əjdahadan bizdə yoxdur”. Niyəsini onların özlərindən eşidək.

 

 

 

Ötən il bu təcrübədən yararlanmışdıq

 

Xəzər televiziyasında yayımlanan "Qaynana”, "Aramızda qalsın”, "Səndən sonra”, "Bir ailəm var”, hazırda nümayiş olunan "Cehizsiz gəlinlər” seriallarının baş ssenaristi Valeh Əhmədov deyir ki, ötən il  "Bir ailəm var” və "Həyat, sən nə qəribəsən” seriallarının komandaları və mətbuat nümayəndələri arasında kiçik bir şou proqram təşkil ediblər: "Ötən ilə nəzər salsaq, bizim serialların arxivində belə hallara rast gəlmək mümkündür. Hətta ötən il Xəzər televiziyasında yayımlanan "ArtStar” verilişinin bir bölümü də məhz bu gecəyə həsr olunmuşdu. Bu gecəyə jurnalistlər, televiziya nümayəndələri, rejissorlar, aktyorlar dəvət olunmuşdular. Çox maraqlı bir tədbir keçdi. Belə ki, həmin gecədə qırmızı xalıdan tutmuş, şou, əyləncəyə qədər hər şey var idi. Ötən il Azərbaycanda ilk dəfə olaraq hər iki serialımızın finallarını canlı yayımla tamaşaçılara təqdim etdik. İldən-ilə bu cür yeniliklər və layihələr etməyə çalışırıq. Bu mövzu ilə bağlı bizim rəhbərlik hər zaman bizə dəstək olur. Gələcəkdə də fərqli ideyalarımız və fikirlərimiz olacaq. Çünki bizim rəhbərliyimiz yeniliyin tərəfdarıdır”.

 

V.Əhmədov qala gecəsində tamaşaçıların bilet alıb, sevdiyi qəhrəmanı ilə bərabər serialın sonunu izləməsinin Azərbaycanda sınanmamış bir hal olduğunu xatırlatdı: "İnanıram ki, elə bir qala gecəsi keçirilərsə, xeyli sayda tamaşaçı kinoteatra üz tutar. Çünki hər bir tamaşaçı sevdiyi serialın qəhrəmanını canlı şəkildə görmək və onun final səhnəsini qəhrəmanı ilə birlikdə seyr etmək istəyər. Ötən il biz seriallarda olan sevgi hekayələrini "Facebook” sosial şəbəkəsində səsverməyə qoyduq. Orxanla Səma yüksək  səs topladı və Bakının ticarət mərkəzlərinin birində onların tamaşaçılarla görüşünü təyin etdik. Həmin görüşə 400-ə yaxın tamaşaçı gəlmişdi. Bu, sadəcə "Facebook” sosial şəbəkəsi vasitəsi ilə olunan bir dəvət idi. Əgər biz onun PR-nı, reklamnı, anonsunu da etsək, tamaşaçıların sayı daha da çox ola bilərdi. Film səviyyəsində olmasa da, ancaq tamaşaçılar gəlib buna baxa bilər”.

 

 

 

Bu maraqlı bir addımdır

 

ATV telekanalında yayımlanan "Qız atası”, "Eks Bacanaqlar”, "Qardaşlar” seriallarının rejissoru Ramin Hacıyev serialların final səhnələrinin təmtəraqla keçirilməsini büdcə ilə əlaqələndirdi: "Sizin qeyd etdiyiniz "İçerde” serialı olduqca maraqlı və reytinq toplayan bir serialdır. Türkiyənin 80 milyon əhalisi var, Azərbaycanın isə cəmi 10 milyon. Bunlar arasında çox böyük fərq var. İzləyici sayı da böyük rol oynayır. Serialın reytinqini qaldırmaq və tamaşaçıların diqqətini çəkmək üçün bu, maraqlı bir addımdır. Ola bilər ki, biz də nə vaxtsa bundan bəhrələnək. Bu həm də və reytinqə görə sərf olunan məbləğlərdir. Türkiyədə normal hesab edilir. Bizdə isə o qədər məbləğ yoxdur. Bizim tamaşaçılar da ola bilər ki, sevdikləri serialın final səhnəsini izləmək üçün kinoteatrlara üz tutsunlar.  Misal üçün, "Vicdan haqqı” serialının qala gecəsi olsaydı, mən ailəmi də götürüb, məmnuniyyətlə həmin serialın final səhnəsini izləməyə gedərdim”.

 

 

 

Qala gecəsi keçirməyə nə var ki...

 

Kinorejissor, ssenarist Elşən Zeynallı bizimlə söhbətində serial və film sektorunda qeyri-peşəkarlar üstünlük təşkil etdiyi üçün nəinki qala gecələrə, hətta keyfiyyətli seriallara həsrət qaldığımızı bildirdi: "Serialların sponsorluğunu turşu, kolbasa istehsal edən, ağla gələ bilməyəcək şirkətlər edir və serialın taleyi onlardan asılı vəziyyətə düşür. Hətta prodakşınlar bir müddət serialda çalışan yaradıcı heyətin qonorarını ödəyə bilmədikləri üçün sponsorların məhsullarını qonorarın bir hissəsini olaraq aktyorlara verirlər. Özfəaliyyət şəklində çalışan və özlərinə rejissor adı verən insanlar serial çəkirlər. Hansı ki, onların yazı, söz qabiliyyəti yox, ssenaristlik bacarığı sıfır səviyyədədir. Çəkilən seriallarımızın əksəriyyətində hadisələr elə uydurulub ki, insan düşünür, görəsən, mən bu cəmiyyətdə yaşayıram? Onların danışdıqları və göstərdikləri mənim yaşadığım cəmiyyətdə baş verir? Açığı, heyrətlənməyə bilmirsən. Biri var yaradıcılıq uğuruna heyrətlənəsən, baxıb təsirlənəsən, psixoloji durum o qədər təsirli ola ki, bir müddət özünü o serialda hiss edəsən, biri də var baxıb təəssüf hissi keçirəsən. Vaxtı ikən M3 video kameraları var idi. Əlinə hər kamera alan insan toylara rejissor adı ilə çəkilişə gedirdi. İndi eyni vəziyyət serial aləmindədir, bu sahəyə böyük bir axın var. Kimin haradan gəldiyi bəlli deyil. Onlara ciddi nəzarət də yoxdur. Amma bütün bunlar keçib gedəcək”.

 

Televiziyanın hər bir insanın evində çağırılmamış bir qonaq olduğunu deyən E.Zeynallı ölkəmizdə nümayiş olunan serialların tərbiyəvi əhəmiyyətinin az olmasından gileyləndi: "Seriallarda nümayiş olunan mövzular heç də arzulanan deyil. Onlar Azərbaycan mənəviyyatında fəsadlar yaradır. Bizim cəmi bir-iki normal şəkildə çəkilən seriallarımız var. Hansı serialın başında peşəkar komanda var, o seriala baxılır və reytinq toplanır. Reytinq də tamaşaçı sevgisi sayəsində toplanır. Ümumiyyətlə isə, Türkiyə ilə bizim serailları müzakirə etmək düzgün deyil. Onlar Şərqi Avropa ilə Ərəb dünyasının film və serial bazarını ələ alıblar. Rusiyanın "Domaşnıy” kanalında ildə iki-üç dəfə türk seriallarını tərcümə etdirib nümayişə verirlər. Polşa, Çexiya, Slovakiya, Bolqarıstan, Ərəb ölkələri türk seriallarını nümayiş etdirir. Serial çəkmək çox ciddi bir işdir. Bizdə bir məsəl var, toya az pul xərcləyərsən, toy gözəl olar, çox pul xərcləyərsən, toyun səviyyəli olar. Serial da onun kimi”.

 

 

 

Serial çəkməyin ilk növbədə peşəkar komanda tələb etdiyini deyən müsahibimiz çox az rejissorların bu sahədən başı çıxdığını iddia edir: "O, insanlar serial çəkər ki, onların bu sahədən başı çıxır. Görün nə qədər peşəkar rejissorlar bu işlə məşğul ola bilmirlər. Onlar öz sənətlərindən kənar qalıblar. Nə üçün? Çünki onlar öz işlərinə peşəkar yanaşdıqlarına görə bəzi işbazlar bu şərtlərlə razılaşa bilmirlər. Əgər biz bir sahənin inkişaf etməyini istəyiriksə, onu öz bilicilərinə həvalə etməliyik. Ancaq yenə də gələcəyə ümidimiz böyükdür. Bir neçə serialımız var ki, tamaşaçıların rəğbətini qazanıb. İnsan seriyala baxanda ilk növbədə orada özünü, öz problemlərini görmək istəyir. Bütün günü seriallarda atışmadır, qadın alveri ilə məşğuldurlar. Serial qəhrəmanları 3-4 dəfə arvad alıb boşayırlar... Ölkəmiz müharibə şəraitindədir. Görün, bu barədə serial çəkilirmi? Xırda-para filmlər çəkilir. O filmi çəkən rejissorların özləri belə hərbi xidmətə getməyiblər. Əsgər çəkməsi geyinib bir saat o baş bu başa getməyən insanın milli hissi, bayraq sevgisi, vətən məfkurəsi ola bilməz. Onların daxilində o yük varmı ki, bu millətin şəhidlərindən, ordusundan bəhs edən filmlər çəksinlər? Eləcə də, nə şərəfli Azərbaycan polisini təqdim edən bir filmimiz var, nə uşaqların diqqətini cəlb edən uşaq filmimiz, nə də Azərbaycan dilini yüksəldən, ona şərəf gətirən, qəhrəmanlar yaradan filmlərimiz”.

 

Serial aləmindəki problemləri dilə gətirən kinorejissor qala gecəsini təşkil etməyin adi bir şey olduğunu deyir: "Qala gecəsi keçirməyə nə var ki. Kiçik bir dəstə yığılıb, özümüz çalıb, özümüz də oxuyarıq. Şərt bu deyil. Türkiyədə ordu, millət, tarixlə bağlı film çəkən insanların şəxsiyyətinə nəzər yetirin. Bu, hər adamın işi deyil. Arzu edirəm ki, vaxt gəlsin, biz də elə filmlər çəkək, bizim də ekranlara elə filmlər çıxsın”.

 

Xəyalə Rəis

Kaspi  2017.- 21 iyun.- S.12.