İstedad və zəhmətin işığı

 

Arxivlərdə uyuyan talelərə işıq salmaq çox vacibdir

 

Əlinə qələm aldığı gündən-daha doğrusu, peşəkar tədqiqatla məşğul olandan qaranlıq talelərə işıq tutub. Sovet dövründə alı təhsil aldı, elmi iş yazdı, dövrü mətbuatda maraqlı yazıları diqqət çəkdi. Amma bütün bunlarla yanaşı, əsərləri arxivlərdə, özləri qürbətdə olan soydaşlarımızı aramaq, axtarmaq istəyindən heç vaxt geri çəkilmədi. Qələm dostumuz Aslan Kənan həmişə o şəxsiyyətləri aradı ki, bütün varlıqları ilə millətə, Vətənə, işıqlı sabahlarımıza bağlı oldular, amma öz həyatları repressiyaya, işgəncəyə, gedər-gəlməzə tuş oldu.  Əlbəttə, bu cür yaradıcılığın da öz çətinlikləri və əzabı var. Amma Aslan qələmini məhz bu istiqamətə yönəltdi.  Bu gün onun əsərlərini gördükcə, əməyinin boşa getmədiyi aydınlaşır və qəlbimizdə Aslan Kənana bir minnətdarlıq duyğusu keçiririk.

 

Rana təxəllüslü  əllif kimdir?

 

O, 1993-cü ildə Türkiyədə nəşr olunmuş "Onlar türklərdi” əsərini dilimizə çevirərək, oxuculara çatdırdı. Burada iki önəmli məsələdən mütləq danışmaq lazımdır. Birinci, bu kitabda  Böyük Vətən müharibəsindən  və cəbhədə döyüşən, sonradan taleyi qaranlığa tuş gələn, Sibirin buzlu çöllərində çürüyən soydaşlarımızdan bəhs edilir. Üç hissədən ibarət olan əsərin bizə yalnız II hissəsi gəlib çatıb. Aslan Kənan kitaba yazdığı ön sözdə bildirir ki, bu əsər Stalin düşərgələrində 300 milyon türkün yalnız 30 nəfərinin başına gələn faciələrdən söhbət açır. İkinci mühüm məsələ isə kitabın müəllifi ilə bağlıdır. Rana! Bu təxəllüslə müxtəlif əsərlər yazan yazıçı əslində kimdir? Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Rana təxəllüslü  əllif də elə bizim öz soydaşımızdır. Yadımdadır ki, bir neçə il öncə "Ruhumuzun ünvanı Şuşa” kitabını hazırlayarkən qürbətdə ömür sürmüş Şuşanın qərib övladlarını  araşdırmalı oldum. Cəmil İbrahim oğlu Ağayevin izinə düşdüm.

 

Çox təzadlı ömür yolu keçmiş bu vətən oğlu ikinci dünya müharibəsində faşistlərə əsir düşüb. O zaman Türkiyə  Azərbaycan oğullarını həbs düşərgələrindən, ölüm caynaqlarından xilas edirdi. Belə qurtuluş tapanlardan biri də şuşalı balası olub. Uzun müddət siyasi mühacir kimi vətənin qapıları onun üzünə bağlı idi. Geriyə dönə bilməzdi. Burada onu ya zindan, ya da Sibirin buzlu çölləri gözləyirdi. Bəlkə də heç belə olmayacaqdı?! O, Türkiyənin ayrı-ayrı bölgələrindəəllim kimi çalışmaqla yanaşı, həm siyasi fəaliyyətlə, həm də yaradıcılıqla məşğul olub. Adətən bədii yazılarını Abay Dağlı, siyasi yönümdəki məqalə və əsərlərini Rana təxəllüsü ilə qələmə alardı. Çox az ömür sürüb. Ömrünün 24-cü baharında doğma vətənini, 58  yaşında isə dünyasını əbədi tərk edən Abay Dağlı ən çox Şuşadan yazıb:

 

Şuşanın əyri yolu,

Gül-çiçəklə dolu.

Orda cüt gəzirlər

Mən burda həsrət dolu.

 

Bu kitabı vərəqlədikcə...

 

Aslan Kənan Üzeyir bəy Hacıbəylinin 1918-1920-ci illərdə "Azərbaycan” qəzetində ərəb əlifbası ilə dərc olunmuş məqalə və felyetonlarını ilk dəfə latın qrafikasına çevirərək, oxucuların istifadəsinə vermişdir. Eləcə də xalq yazıçısı Mirzə İbrahimovun 1930-1960-cı illərdə bir çox sənət dostları, mədəniyyət xadimləri, həmkarları və həyat yoldaşı Sara xanımla məktublaşması Aslan Kənan tərəfindən latın qrafikasına çevrilmişdir. Müəllif "XX əsrdə repressiyaya məruz qalanlar”, "30-cu illərin günahsız qurbanları " adlı əsərlərində isə  işgəncələrə tuş gəlmiş, qətlə yetirilmiş ədəbiyyat və incəsənət xadimlərinin, sadə insanların həyat yollarını arxiv sənədlər əsasında qələmə alaraq, o qanlı hadisələri  işıqlandırmağa müvəffəq olmuşdur.  Qaranlıq taleləri araşdırmağı, illərlə gizlədilmiş həqiqətləti üzə çıxarmağı vətəndaşlıq və qələmdaşlıq borcu  kimi yerinə yetirən Aslan Kənan onlarla məqalənin, ssenarilərin və müxtəlif kitabların müəllifidir. Hazırladığı, tərtibçisi, redaktoru olduğu kitablar da çoxdur. Onlardan biri də yaxın illərdə çap edilmiş "Azərbaycanın musiqi xəzinəsi” adlı kitabdır. Bu nəşrin müəllifi Firudin Şuşinskidir. Amma buradakı əsərləri toplayan, tərtib edən, nəşrə hazırlayan və ön sözün müəllifi məhz Aslan Kənandır.

 

Doğrudur, Firudin  Şuşinskinin öz sağlığında eyni adlı kitabı işıq üzü görüb. Amma yeni nəşr əvvəlki nəşrdən fərqlidir. Burada elə xalq musiqisi və onun tanınmış nümayəndələri var ki, haqqında ilk dəfə ətraflı məlumat verilir. Müəllif ön sözdə bildirir: "Bu kitabı vərəqlədikcə, oxucu Azərbaycanın nadir sənətkarlarından, xanəndə və musiqiçilərindən bəhs edən yeni hadisələrlə qarşılaşır, hər şeydən əvvəl, nəhəng musiqi bahadırları yetişdirmiş misilsiz xəzinəni andıran Qarabağ, onun zümrüd tacı Şuşa canlanır. Müəllif bu sənətkarların hansı musiqi mənbələrindən bəhrələndiklərini və onların yetişməsinə səbəb olan amilləri göstərir. Şuşada Xarrat Qulunun, Mir Möhsün Nəvvabın, Şamaxıda Mahmud ağanın, Bakıda Məşədi Məlik Mənsurovun, Gəncədə Cəmil Əmirovun və digər görkəmli musiqişünasların məclislərinin bütünlüklə Azərbaycanda yetişən musiqi nümayəndələri və xanəndələri üçün klassik məktəb rolunu oynaması bu kitabda öz əksini tapıb.”

 

O, heç vaxt ağlına gətirə bilməzdi ki...

 

Aslan Kənanın qürbətdə ömrünü başa vurmuş soydaşlarımızın ədəbi irsini araşdırması, onların vətən üçün necə çırpınmasını, xiffət  içində yaşamasını, mübarizə aparmasını qələmə alması çox mətləbdən xəbər verir. Onlar  həqiqətən də Azərbaycanın işıqlı gələcəyi yolunda həyatlarını oda atdılar, vətəndən uzaqda vətən üçün çalışdılar. Vətən yolunda həyatını qürbət eldə solduran Ceyhun Hacıbəyli kimi. Əslində Ceyhun bəy Fransada  yaşasa da, çox şeyi var idi. Gözəl ailəsi, cəmiyyətdə mövqeyi, nüfuzu, yaxşı dostları həmrəy olduğu insanlar, Avropanın bütün ölkələrinə açılan qapısı… Müstəqil yaşayırdı, azad düşüncə sahibi idi. Amma vətən həsrəti içini ac qurd  kimi yeyirdi. Bu səbəbdən də Qarabağla bağlı yaddaşında olanları yadigar qalsın deyə, kağızlara köçürürdü. O, heç vaxt ağlına gətirə bilməzdi ki, həsrətini soyutmaq üçün bildiklərinin hamısını qələmə alması gələcəkdə həmvətənlərinə də çatacaq, onun nisgili ürəklərdə alışıb yanacaq. Məsələn, "Qarabağın dialekti və folkloru” 1934-cü ildə Parisdə "Asiya” jurnalında çap edilib. Qarabağın etnoqrafiyasını öyrənmək istəyən avropalılar üçün bu əsər olduqca zəngin məxəzdir. Aslan Kənanın da Ceyhun Hacıbəyli ilə bağlı təqdirəlayiq işlərindən biri də bu yaxın günlərdə  çapdan çıxıb - "Qürbətdən gələn səslər”. Ceyhun Hacıbəylinin mühacirət həyatını əks etdirən yeni nəşrdə  onun məktubları toplanıb. Oxucuların diqqətinə çatdıraq ki, 1990-cı illərin əvvəllərində YUNESKO-nun səlahiyyətli nümayəndəsi olmuş Ramiz Abutalıbov Ceyhun Hacıbəylinin sənədlərini Fransadan vətənə gətirməklə əvəzsiz xidmətlər göstərmişdir.

 

Ceyhun Hacıbəylinin məktublarını ərəb əlifbasından latın qrafikasına çevirərək, bu kitab vasitəsi ilə bizə çatdıran Aslan Kənan ön sözdə yazib: " Əlli illik bir dövrü (1912-1962-ci illər) əks etdirən bu məktublarda umu-küsülər, şikayətlər, haqsızlıqlar, ağır həyat tərzi ilə yanaşı, mətbuat səhifələrində Azərbaycanla bağlı dərc olunan yazılar, vətəndə gedən hadisələr öz əksini tapmışdır.” Oxuculara təqdim olunan bu kitabda Ceyhun Hacıbəylinin Məmməd Əmin Rəsulzadəyə, Əhməd bəy Ağaoğluna, Məcid bəyə və digərlərinə yazdığı, eləcə də onun özünə əzizləri, müxtəlif şəxsiyyətlər tərəfindən yazılmış məktublar toplanıb. Üzeyir Hacıbəylinin qardaşına yazdığı məktublarda o dövrün ab-havası elə incəlik və həssaslıqla qələmə alınıb ki… 1920-1927- ci ilə kimi yazdığı məktubların əksəriyyətində Üzeyir bəy qardaşını elə mehriban, isti sözlərlə vətənə çağırır ki… Amma 1932-ci ildə yazdığı məktubdakı bu cümləyə fikir verin: "Ümidvaram ki, axırımız yaxşı olar və yenə görüşərik, bir az səbir və səbat lazımdır, özünüzü və uşaqları azarlamadan gözləyib, canınızı sağlamlaşdırınız. Hər şeyin əvvəli sağlıqdır.” Başqa bir məktubdan isə "Bizə heç nə göndərmə, yolda itir” yazıb. Ceyhun Hacıbəyliyə vətəndən, eləcə də başqa ölkələrdən göndərilmiş məktubların  sarı simi onun doğmalarının yanına qayıtması üçün yolların axtarılmasıdır. Bu məsələnin başlıca tərəfi. Amma dövrün qadağaları, quruluşun diktəsi öz işini görməkdə idi.  Bu görüş baş tutmadı… Amma ayrılığın ömrü başa yetdi. Ceyhun Hacıbəylinin övladı, nəvəsi Azərbaycana gəldi. Təəssüf ki, həyatda nə Üzeyir bəy, nə də Ceyhun , Zülfüqar, Niyazi var idi, Qarabağ da erməni vandalları tərəfindən işğal edilmişdi…

 

"Qürbətdən gələn səslər”də toplanan məktublar əslində qardaşların, qohumların, dostların bir-birlərinə göndərdikləri adicə namələr demək deyil. Bu məktublarda həm bir millətin başına gələn faciələrin, dərdlərin səbəbkarları tanıdılır, həm də qürbətdə dünyalarını dəyişmiş soydaşlarımızın mühacirətdəki vətən sevgisi və xiffəti duyulur. Bu məktubların hər bir cümləsində vətən harayı eşidilir, Qarabağ  düzü görünür…

 

Sonda mən bütün yazarlara və həmkarlarıma bir söz də demək istərdim ki, araşdırma zamanı təftişə yox, tədqiqata fikir verin. Bax, elə yaradıcılığını təqdir etdiyimiz Aslan Kənan kimi. Kimin kimdənsə xoşu gəlməyə bilər, amma milli mənafedə, millətə xidmətdə birləşə biliblərsə, bundan yazmaq və oxuculara çatdırmaq lazımdır. Bu gün arxivlərdə uyuyan talelərə işıq salmaq həqiqətən çox vacibdir. İşığa doğru addımlayan insanların məram və məqsədlərini aramaq, yazmaq həm örnəyi çatdırmaqdır, həm özünün bir örnək olduğunu təsdiqləməkdir.

 

Flora XƏLİLZADƏ,

əməkdar jurnalist

kaspi.-2017.-1 mart.-S.15.