Rənglər
dünyasının musiqisi
Sözlə yaradıb, sözlə
çəkib qəlbindəki gözəllikləri...
Elə məlahətli,
həzin səs sahibi olan müğənnilər var ki, onları
dinlədikcə adamın gözlərinin qarşısında
qəribə rənglər aləmi yaranır. Hətta
bənövşənin, nərgizin ətrini də duyursan.
Buna əslində səsin qüdrəti, təsiri,
gücü də demək olar. Amma rənglər
aləminin içində böyümək və ancaq musiqi
eşitmək, onun sehrinə, cazibəsinə düşmək,
məncə, bu, möcüzədir. Mənim
yaxşı tanıdığım, insanlıq
dünyasına vurulduğum, söz-söhbətinə maraq kəsildiyim,
zəngin daxili aləmə malik olan musiqişünas alim Zemfira Qafarova
kimi.
Sözlə
rəssamlıq edib
Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
professoru, Əməkdar incəsənət xadimi Zemfira Qafarova
Azərbaycan müsiqişünaslığının
inkişafında, eləcə də, bu sahə üzrə
milli kadrların yetişməsində böyük əməyi
olan, fədakar sənətşünas və zəhmətsevər
pedaqoqlardan sayılır. Təsadüfi deyil ki, onun bu zəhməti
ötən il dövlət
başçımız İlham Əliyev tərəfindən
yüksək dəyərləndirilərək, Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdünə layiq
görülmüşdür. Adını
müsiqişünaslıqda bir sıra görkəmli bəstəkarların,
ifaçıların ilk tədqiqatçısı kimi əbədiləşdirən
Zemfira xanım mükəmməl monoqrafiyaların,
lazımlı dərs vəsaitlərinin, yüzlərlə
elmi məqalənin müəllifidir. Onu təkcə
mədəniyyət xadimləri, həmkarları, tələbələri,
oxucular deyil, diqqətli tamaşaçılar da yaxşı
tanıyırlar. Zemfira Qafarova həm də
maraqlı müsahib və dərin düşüncəli,
gözəl nitq mədəniyyətinə malik,
işıqlı ziyalılarımızdan biridir. Onunla adicə söhbət etmək belə, zəngin
bir kitabxananın oxucusu olmaq deməkdir. Qəribədir,
gəncliyimdən üzü bəri belə müdrik
xanımlarla həmsöhbət olmağı çox sevirəm. Dərin adamların təsir gücü və yadda
qalmaq məharəti müqayisəsizdir. Onları
dinlədikcə doymursan. Zemfira Qafarova milli
təsviri sənət tariximizə adını əbədi həkk
etdirmiş məşhur fırça ustası Həsən
Haqverdiyevlə, Xalq rəssamı Güllü Mustafayevanın
ailəsində doğulub. Elə bu səbəbdən
yazımın əvvəlində deyirdim ki, rənglər
dünyasının içində böyüyən, evlərində
o dövrün bütün tanınmış rəssamlarını
görən, ilk oyuncaqları da rəngli karandaşlar, balaca
fırçalar, kətan parçaları olan
qızcığazın bu cığırla getməməsi təəccüblü
gəlirdi mənə. Sonradan ona yaxından bələd
olduqca, duydum ki, Zemfira Qafarova heç də rəssamlıqdan
ayrı düşməyib. O, sənətin daha çətin
və ağır yolunu seçib. Sözlə rəssamlıq
edib! Azərbaycan musiqisində özünəməxsus yeri
olan şəxsiyyətlərin yaradıcılıq portretini
çəkmək, onların barəsində tədqiqatlar
aparmaq, yazmaq, xalqa, millətə tanıtmaq, sevdirmək,
unudulmağa qoymamaq rəssam təxəyyüllü, dərin
təfəkkürlü, ədəbi zövqü yüksək
olan, sözlə işləmək qabiliyyətinə malik
Zemfira Qafarovanın elə bir xidmətidir ki, bu fəaliyyətdə
valideynlərindən əks etdirdikləri danılmazdır.
Şərt deyil ki, rənglərlə işləsin, sözlə
yaradıb, sözlə çəkib qəlbindəki gözəllikləri...
Kimlərin yaradıcılığını təhlil
süzgəcindən keçirməyib?
Əvvəlcə
Bakıdakı 2 nömrəli musiqi məktəbində, sonra
Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alan Zemfira
xanım 1961-ci ildə Ü.
Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasının (indiki Ü. Hacıbəyli adına
Musiqi Akademiyası-F.X.) tarix-nəzəriyyə fakültəsinə
daxil olub. Mütəxəssislərin fikrincə,
o dövrün Konservatoriyası əsil məbəd idi. Burada kimlər çalışmırdı? 1996-cı ildə Konservatoriyanı fərqlənmə diplomu ilə
bitirən gənc mütəxəssis
elə bu təhsil ocağında ilk əmək fəaliyyətinə
başlayıb. Tədqiqata, araşdırmaya olan meyli onu
AMEA-nın aspiranturasında oxumağa sövq edib. İlk
elmi-tədqiqat işi də məhz çox sevdiyi dahi Üzeyir
Hacıbəylinin "Koroğlu” operası ilə
bağlı olub. Musiqişünas Lalə Hüseynova yazır : " Z. Qafarovanın "Koroğlu”
operasına həsr olunmuş sanballı tədqiqatı indi də
bu opera haqqında yazılmış elmi araşdırmalar
sırasında hərtərəfli yanaşma tərzinə
görə məxsusi çəkiyə və mövqeyə
malikdir.” Pedaqoji fəaliyyətlə elmi yaradıcılıq
işlərini paralel şəkildə məharətlə
aparan Zemfira
Qafarovanın imzası o dövrün
tanınmış mətbuat orqanlarında , elmi dərgilərdə
müntəzəm görünməyə başladı. Onu təkcə Azərbaycanda deyil, keçmiş
SSR-nin bütün müttəfiq respublikalarında oxuyurdular.
XX əsrin Azərbaycan musiqi həyatının
mənzərəsini tam təsəvvür etmək, o zəngin
aləmdən dəqiq xəbərdar olmaq istəyənlərə
həmin dövrdə Zemfira Qafarovanın qələmə
aldığı məqalələri, tədqiqatları,
monoqrafiyaları, resenziyaları oxumaları kifayət edər.
Əslində,
Zemfira xanım
öz araşdırmaları və təqdimatları ilə həm
yeni bir məxəz, həm də nəinki öz müasirləri,
eləcə də gələcək tədqiqatçılar
üçün asan, rahat istifadə ediləcək, bəhrələnəcək
yeni musiqi arxivi formalaşdırıb. Diqqət edin,
görün kimlərin yaradıcılığını təhlil
süzgəcindən keçirib: Bəstəkarlardan Üzeyir Hacıbəyli, Qara
Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev, Hacı
Xanməmmədov, Süleyman Ələsgərov, Ramiz
Mustafayev, Oqtay Zülfüqarov, Fəridə Quliyeva, İbrahim
Məmmədov, Şəfiqə Axundova, Arif Məlikov, Tofiq
Bakıxanov, Aqşin Əlizadə, Firəngiz Əlizadə,
musiqişünaslardan Elmira Abasova, Rəna Fərhadova, Aida
Tağızadə, Gövhər Hüseynova, tarzənlərdən Bəhram
Mansurov, Ramiz Quliyev, dirijor Kamal Abdullayev, violonçelçalan
Eldar İskəndərov, fleytaçı Telman Hacıyev,
balerina Leyla Vəkilova, pianoçu Valeriya Tartakovskaya,
violinoçu Oqtay Kərimov, gənc dirijor Əyyub Quliyev... Yox, siyahı uzundur. Yalnız
oxucuların müəyyən təsəvvürü olsun deyə,
bəzi möhtəşəm adları çəkdim.
Əslində zərif çiyinlərini səbir və zəhmət tələb
edən tədqiqatların ağırlığına söykəyən,
yorulmayan, bü gün də bu işini məhəbbətlə
davam etdirən Zemfira Qafarova şərəfli bir vəzifənin
icrasındadır. Özünün çox dəyərləndirdiyi
bir məqam var: "Sevirəm ki, hər kəs öz işi
ilə məşğul olsun”. Sözü ilə
əməli arasında məsafə yoxdur. Elə bu səbəbdən elmi
araşdırmalarında, yaradıcılığında
uğurları çoxdur. Çünki sevdiyi sənətin
izi ilə addımlayıb və özü demişkən, həmişə
də məhz dərindən bildiyi işi ilə məşğuldur.
"Öz işinlə məşğul olmaq”-
bu ifadənin fəlsəfi mənası və mahiyyəti
aydındır. Həqiqətən də hər kəs
bu kəlamdan gələn məramı anlasa və əməl
etsə, həyatımız
gözəl olardı. Alim-müsiqişünas kimi də, müəllim
kimi də Zemfira Qafarova seçilən, sevilən ziyalı
xanımlarımızdandır. Tədqiqatlarında,
monoqrafiya və məqalələrində neçə-neçə
ilkinliyə imza atıb. Məsələn, Xalq artisti, professor Tofiq Bakıxanov, bəstəkar Şəfiqə
Axundova... haqqında yazılmış ilk monoqrafiyaların
müəllifi məhz Zemfira Qafarovadır. Tar ilə simfonik
orkestr üçün ilk konsertin müəllifi bəstəkar
Hacı Xanməmmədov barəsində yazdığı
monoqrafiyada görkəmli sənətkarın çoxuna məlum
olmayan bədii kəşflərini də oxucuların diqqətinə
çatdırıb. Onun musiqimizdəki
uğurlarını dahi Üzeyir Hacıbəyli və Qara
Qarayevin müəllimlik istedadı ilə əlaqələndirib.
Musiqişünas
olmasaydı...
Zemfira
xanımın qardaşı Əli Haqverdiyev opera müğənnisi, aktyor
və rəssam olub. "Dədə-Qorqud”
filmində yaratdığı Yalıncıq obrazı və
digərləri onun istedadının bəhrəsidir. Təəssüf ki, ömrü yarıda
qırılıb. Dayısı Ramiz
Mustafayev də məşhur bəstəkar olub. Zemfira xanım hər iki əzizi barəsində də
mükəmməl monoqrafiyalar yazıb. "Vaqif” operasının müəllifi
olan Ramiz Mustafayev 5 opera, 6 operetta, 9 oratoriya, 5 kantata, 5
vokal-simfonık poema, 500-ə yaxın mahnı və romans bəstələmiş,
200-dən çox xalq mahnısını xor üçün
işləmişdir. Doğrudur, Zemfira Qafarova
musiqişünas alimdir. Bu səbəbdən də onun yazdığı
monoqrafiyaların xüsusi elmi üslubu və qayəsi
var. Amma Zemfira xanım uşaqlıqdan ədəbiyyat
vurğunu olub. Mütaliəsi çox
genişdir. Hətta deyir ki,
musiqişünas olmasaydım, yəqin indi ədəbiyyatçı
idim. Bax, elə bu məziyyətləri
onun yazılarında, televiziya çıxışlarında,
müsahibələrində özünü göstərir.
Səlis yazı səriştəsi, məntiqli
danışığı, ağıllı cavabları onun təfəkkürünün
və zəngin daxili aləminin göstəricisidir. Həssas, mehriban, qayğıkeş təbiətinin
mükafatıdır ki, onu tələbələri də
çox sevir. Ən vacib və önəmli cəhətlərdən
biri budur ki,
Zemfira Qafarova istedadlını görməyi, dəyərləndirməyi
və ona kömək etməyi bacarır.
"Mən orijinallığı çox sevirəm, tələbələrimin, eləcə də başqa sahələrdə olanların sırasında fərqli gəncləri sezəndə, diqqətim onlardan yayınmır. İstəyirəm ki, onlara dayaq ola bilim, kömək edim...” Əslində, böyüklük, millətə xidmətin bir yolu da budur. Bir faktı da bildirmək istəyirəm ki, hazırda Bakı Musiqi Akademiyasında çalışan, tələbələrə musiqi tarixindən mühazirələr oxuyan Zemfira Qafarova elmi işlərin hazırlanmasına da rəhbərlik edir. Azərbaycanlı müsiqişünas alim Türkiyənin Ədirnə Konservatoriyasında yeddi il pedaqoji fəaliyyət də göstərib. İndi də tələbələri onu arayır, öz rəğbətlərini bildirirlər. Yazımın sonunda bir arzumu da bildirmək istəyirəm. Vaxtı ilə Firudin Şuşinski Azərbaycanın klassik musiqiçiləri haqqında sanballı əsərlər yazdı və bizə yadigar qoydu. İstərdim ki , əzizim Zemfira xanım, siz də bir alim kimi Şuşa mühitinin musiqi xəzinəsindən elə bir monoqrafiya yazasınız ki, gələcək nəsillər ondan mükəmməl bir məxəz kimi bəhrələnsinlər. "Niyə məhz Şuşadan” soruşsanız, cavabım yalnız budur: vaxtı ilə Şuşanı Qafqazın konservatoriyası adlandırırdılar. Yaradıcılığınızın yeni səhifələrini mən ancaq bu cür görürəm. Cıdır düzündəki təqdimatı isə özüm aparacağam. Bizim də səngərimiz yazı masamızdır...
Flora
XƏLİLZADƏ,
Əməkdar
jurnalist
Kaspi.-2017.-11-13 mart.-S.7.