Partiyaların cəmiyyətin siyasi sistemində yeri

 

Azərbaycanın siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Siyasi sistemin formalaşmasında, fəaliyyətində müxtəlif amillər rol oynayıb və oynamaqdadır.

 

Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatmış oldu. Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşib. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.

 

Cəmiyyətin siyasi sistemində dövlətlə yanaşı digər təşkilatlar da - siyasi partiyalar və ictimai birliklər fəaliyyət göstərir. Onlar bu və ya başqa dərəcədə ölkənin siyasi həyatında iştirak edir və bununla da cəmiyyətin siyasi sisteminin ünsürləri kimi çıxış edirlər.

 

Cəmiyyətin siyasi sisteminin bütün ünsürləri sıx, üzvi vəhdətdə olur və bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər. Siyasi sistemin bütün ünsürləri cəmiyyətin və dövlətin hüquqi əsasını təşkil edən qanunlar əsasında və çərçivəsində fəaliyyət göstərirlər.

 

Bütün müasir siyasi sistemlər kimi Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plüralizm xasdır (“vikipediya.org”). Siyasi partiyalar qanunverici və yerli özünü idarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanına malikdirlər. Azərbaycan dövlətinin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsidir. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Azərbaycan Respublikasının qanunları Azərbaycan Respublikasının bütün ərazisində qüvvədədir.

 

Siyasi partiyalar - daimi əsasda fəaliyyət göstərən, təşəkkül tapmış təşkilati quruluşa malik birliklərdir. Siyasi partiyalar - öz üzvlərinin siyasi mənafelərini ifadə edən, xalqın siyasi iradələrinin formalaşdırılmasında yardımçı olan, əsas məqsədi dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkilində və habelə dövlət orqanlarına seçilən nümayəndələri vasitəsilə hakimiyyətin həyata keçirilməsində iştirak etməkdən ibarət olan ictimai birliklərin bir növüdür (“kayzen.az”). Azərbaycan Respublikasında bütün partiyalar qanun qarşısında bərabərdirlər.

 

Siyasi partiyaları başqa ictimai birliklərdən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, siyasi partiyalar parlament və hökumətdə yer əldə etmək üçün açıq şəkildə mübarizə aparır. Siyasi partiyalar siyasi sistemin əsas komponentidir. Onlar siyasi prosesin bütün mərhələlərində (seçkilərdə, dövlət orqanlarının təşkilində, siyasi və dövlət qərarlarının qəbulunda və onların həyata keçirilməsində) fəal iştirak edir.

 

Ümumiyyətlə, siyasi partiyaların yaradılması cəmiyyətdə siyasi plüralizm prinsipinin bərqərar olmasının nəticəsidir. Belə ki, hər cəmiyyətdə müxtəlif siyasi əqidələrin mövcudluğunu Konstitusiya elan və təmin edir. Belə təminatlardan biri də Konstitusiyanın 58-ci maddəsində (Birləşmək hüququ) ifadə olunur. Bu maddə vətəndaşa öz siyasi əqidə və ideyasına görə könüllü olaraq istənilən birliyə daxil olmaq hüququ verir.

 

Azərbaycandakı bütün siyasi partiyaların fəaliyyəti “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. 1992-ci ildə qəbul olunmuş bu qanuna ötən 25 il ərzində müxtəlif əlavə və dəyişikliklər edilib. Hansı ki, edilmiş əlavə və dəyişikliklərin hamısı siyasi partiyaların fəaliyyətinə münbit şərait yaradılmasına xidmət edir.

 

“Siyasi partiyalar haqqında” qanunda “Siyasi partiya” anlayışı aşağıdakı kimi verilir: “Bu Qanunda siyasi partiya dedikdə ümumi siyasi ideyaları və məqsədləri olan, ölkənin siyasi həyatında iştirak edən Azərbaycan. Respublikası  vətəndaşlarının  birlikləri nəzərdə tutulur. Siyasi partiyalar Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğun olan vəzifələrini və məqsədlərini əsas götürərək. Azərbaycan Respublikası vətəndaşlarının siyasi iradəsinin formalaşdırılmasında fəal iştirak edirlər”.

 

Siyasi partiyaların təşkilinin və fəaliyyətinin  qanunvericilik əsası Azərbaycan Respublikasının Konstitusiyasından, “Siyasi partiyalar haqqında” qanunundan və bunlara uyğun olaraq qəbul edilən Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

 

Siyasi partiyalar assosiasiyalar azadlığı, könüllülük, üzvlərinin hüquq bərabərliyi, özünüidarə, qanunçuluq və aşkarlıq prinsipləri əsasında yaradılır və fəaliyyət göstərirlər.

 

Qanunda göstərilir ki, siyasi partiyalar ərazi əlaməti üzrə qurulur. Siyasi partiyaların ilk təşkilatlarının, komitələrinin və digər təşkilat strukturlarının Azərbaycan  Respublikasının dövlət orqanlarında fəaliyyətinə yol verilmir.

 

Siyasi partiya yaradılmasının təşəbbüsçüləri təsis qurultayı (konfransı) və ya ümumi yığıncaq çağırır, orada nizamnamə qəbul olunur və rəhbər orqanlar təşkil edilir.

 

Hüquqi dövlət olan Azərbaycan Respublikasında siyasi partiyaların fəaliyyəti və inkişafı üçün şərait yaradılıb. “Siyasi partiyalar haqqında” qanunda da göstərilir ki, dövlət siyasi partiyaların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq onların öz nizamnamə vəzifələrini yerinə yetirmələri, habelə öz sənədlərini dövlət mətbuat orqanları vasitəsilə yaymaları üçün bərabər hüquqi şərait yaradılmasına, partiyaların rəhbər orqanlarının mühafizəsinə və təhlükəsizliyinə təminat verir.

 

Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının və vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə qarışmasına yol verilmir.

 

Bütün siyasi partiyalar, ictimai təşkilatlar və kütləvi hərəkatlar Azərbaycan Respublikası Konstitusiyası və qanunları çərçivəsində fəaliyyət göstərməlidir. Azərbaycan Respublikasında məqsəd və fəaliyyəti konstitusiya quruluşunun əsaslarının zorla dəyişdirilməsi və ya dövlətin ərazi bütövlüyünün pozulması, dövlət təhlükəsizliyinin sarsılması, hərbi birləşmələrin yaradılması, sosial, irqi, milli və dini ədavətin qızışdırılmasından ibarət olan ictimai birliklərin təşkil edilməsi və fəaliyyəti qadağandır. Bu barədə Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinin IV hissəsində birbaşa göstəriş var.

 

Partiyaların maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılması məsələsi həmişə aktual olub. “Siyasi partiyalar haqqında” qanunun 17-1.1 maddəsində göstərilir ki, siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Həmin vəsait dövlət büdcəsində ayrıca sətirlə göstərilir.

 

Dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür (“qanun.az”). Siyasi partiyalar Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə siyasi partiyalar bloku tərkibində iştirak etdikdə, dövlət büdcəsindən ayrılan vəsait bu Qanunun 17-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada hər bir siyasi partiyaya ayrıca verilir.

 

Bu Qanunun 17-1.1-ci maddəsinə uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsait müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 17-1.2-ci və 17-1.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla, rüblər üzrə bərabər hissələrlə siyasi partiyanın bank hesabına köçürülür.

 

Siyasi partiyalar dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etdikdə həmin vəsait dövlət büdcəsinə qaytarılır.

 

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna uyğun olaraq illik maliyyə hesabatını təqdim etməyən siyasi partiyalar qanunla müəyyən edilmiş məsuliyyətə cəlb edilirlər.

 

Siyasi partiya anlayışının tərkib elementləri aşağıdakılardır: vahid siyasi ideya və məqsəd (siyasi partiyada mütləq vahid siyasi ideya və məqsəd olmalıdır, ictimai birliklərdə də ideya və məqsəd olur, amma onlar siyasətdə iştirak edə bilməzlər); ölkənin siyasi həyatında iştirak; könüllü birlik; partiyaya üzv olmaq hüququnun, yalnız Azərbaycan Respublikası vətəndaşlarına mənsub olması.

 

Əsas tərkib elementlərindən başqa, köməkçi tərkib elementləri də var. Hər bir siyasi partiya cəmiyyətin müəyyən hissəsinin avanqardı, aparıcı qüvvəsidir; hər bir partiya cəmiyyətin müəyyən hissəsinin ideoloji daşıyıcısıdır. Hər bir partiya onun ətrafında birləşən insanların ideologiyalarının daşıyıcısıdır.

Sonda onu bildirək ki, Azərbaycanda dövlət qeydiyyatından keçmiş 50-dən artıq siyasi partiya var. Və həmin partiyaların 12-nə parlament partiyası kimi maliyyələşdirilməsinə dövlət büdcəsindən vəsait ayrılır.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2017.-14 mart.-S.10.