“Tamaşaçılar səhnədə özünü görmək istəyir”
Afaq Əhmədova: “İndiki
uşaqların zövqü tamam fərqlidir, onlar ritmik, dinamik, əyləncəli
musiqilərə üstünlük verirlər”
"Debüt” rubrikamızın qonağı Bakı Uşaq Teatrının musiqi hissə müdiri, səs rejissoru Afaq Əhmədovadır. Müsahibimiz 23 iyul 1991-ci ildə Bakı şəhərində anadan olub. 2010- 2015- ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb. 2012- ci ildən Bakı Uşaq Teatrında çalışır.
Qeyd edək ki, dünən Bakı Uşaq Teatrının 15 yaşı tamam oldu. Əsası 2001-ci ildə qurulan bu teatr 200-ə yaxın yüksək bədii keyfiyyətə malik tamaşa hazırlayıb. Fəaliyyət göstərdiyi müddətdə özünə çox böyük sayda tamaşaçı auditoriyası toplayan teatr bir sıra dövlət tədbirlərində və beynəlxalq teatr festivallarında uğurlu çıxış edərək diplom və mükafatlara layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Gənclər və İdman, Ədliyyə, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri də teatrla birgə layihələr həyata keçirir. Teatr bir sıra beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir.
- Afaq xanım, istərdik söhbətimizə sizi Bakı Uşaq Teatrına gətirən yoldan başlayaq.
- Universitetdə oxuyarkən yuxarı kurs tələbələri Bakı Uşaq Teatrına tez-tez gedirdilər. Belə ki, onların kurs və diplom işlərinin hazırlanmasında teatrımızın direktoru İntiqam Soltan öz dəstəyini əsirgəmirdi. Mən də cəsarətimi toplayıb, İntiqam müəllimə müraciət etdim. O, müraciətimi qəbul edib, məni işə götürdü. Müəyyən müddətdən sonra ştata qəbul edildim.
- Adətən teatra gələn gənclər daha çox səhnədə, göz önündə olmağa üstünlük verirlər. Siz nə əcəb, buna üstünlük vermədiniz?
- Bu mənim xasiyyətimdən irəli gəlir. Mən daha çox səhnə arxasında işləməyi sevirəm, nəinki səhnədə. Hər zaman kulisdə baş verən hadisələr mənə daha maraqlı olub. Məhz o maraq məni səs rejissorluğuna qədər gətirib çıxardı. O ki qaldı səhnə önünə, düzdür bir ara həvəsim yarandı, amma gördüm ki, bu keçicidir.
- Heç səhnəyə çıxmağı arzulamısınızmı?
- Teatrımızın repertuarında olan bəzi tamaşalarımızda ekstremal hallar zamanı səhnəyə çıxıram. Təbii ki, söhbət kütləvi səhnələrdən gedir. Misal üçün, repertuarımızda daha çox müraciət edilən "Həyatla oyun” tamaşasında tələbələrdən birini, "Dovşanın evi” tamaşasında bala dovşan kimi obrazları canlandırmışam.
- Təhsil müəssisələrimizdə səs rejissoru deyilən bir ixtisas yoxdur. Bəs siz bu sənəti necə öyrəndiniz?
- İnsan dərs prosesi zamanı bir şeyi tam öyrənə bilməz. İstənilən ixtisasda praktika önəmlidir. Teatra gələndə təbii ki, mən də bu sahədən xəbərsiz idim. Rauf Hüseynlidən çox şey öyrəndim. Teatra gələndə, səs rejissorluğu ilə bağlı heç bir anlayışım yox idi.
- Uşaq tamaşalarında musiqinin rolu əvəzedilməzdir. Maraqlıdır, tamaşanın musiqi seçimində ən çox nəyə üstünlük verirsiniz?
- Bu günün uşaqlarının zövqü tamam başqa cürdür. Belə ki, indi uşaqlar daha çox ritmik, dinamik, əyləncəli musiqilərə üstünlük verirlər. Əks halda, onları tamaşaya adaptasiya etmək çox çətin olur. Tamaşanın rəngarəng olması üçün hərəkətli, bol dinamikalı mahnılara üstünlük veririk. Bilirsiniz ki, uşaqların təfəkkürünün inkişafında musiqinin rolu əvəzolunmazdır. Tamaşa hazırlanarkən rejissor necə bir mahnı görmək istədiyini bizə bildirir, biz də bəstəkarla bir yerdə məsləhətləşirik və ortaq qərar veririk. Belə bir şəkildə tamaşanın musiqisi hazırlanır.
- Təəssüf hissi ilə qeyd edək ki, indi uşaq musiqiləri yazan çox azdır. Belə olan halda, siz uşaq musiqisi seçərkən hər hansı çətinliklərlə üzləşirsinizmi?
- Bu baxımdan bizim bir az bəxtimiz gətirib. Çünki bizim ssenaristimiz Arzu Soltan hər dəfə maraqlı ssenarilər təqdim edir. Bəstəkarımız da ona uyğun mahnılar hazırlayır. Tamaşada musiqi seçimi etmək çox çətin məsələdir. Bu yük çox zaman bəstəkarın üzərinə düşür (gülürük). Düzdür, mən musiqinin bəstələnməsi, sözlərin yazılması prosesində iştirak edirəm. Biz Bakı Uşaq Teatrı olaraq tamaşa hazırlayarkən musiqi seçiminə xüsusi diqqətlə yanaşırıq. Uşaqların tamaşaya maraq və məhəbbətini musiqi formalaşdırır. Tamaşaçılar səhnədə özünü görmək istəyir. Əgər səhnə əsəri tamaşaçının zövqünü oxşamırsa, deməli həmin tamaşaçısını itirir.
- Gələcəyə doğru hədəfləriniz nələrdir?
- Gələcəkdən danışmaq mənim üçün hələ çox tezdir. Azərbaycan Gənclər Fondu qrant müsabiqəsi elan edib. Fondun məqsədi gənclərin ictimai fəallığının artırılması ilə bağlıdır. Mən də bu müsabiqədə iştirak üçün müraciət etmişəm.
- Bakı Uşaq Teatrının musiqi tərtibatı digər teatrlara nisbətən fərqli olmalıdır. Çünki izləyiciləriniz əsasən azyaşlılardan ibarətdir. Bütün bunları nəzərə alaraq yəqin ki, daha keyfiyyətli musiqilərə müraciət edirsiniz.
- Bizim tamaşalarda musiqi xüsusi yer tutur. Ağabacı
Rzayevanın, Fikrət
Əmirovun, Soltan Hacıbəyovun bəstələrinə
müraciət edirik. Repertuarımıza nəzər salsanız,
görərsiniz ki, bu və digər
tanınmış bəstəkarlarımızın,
klassiklərimizin əsərlərindən
tamaşa zamanı istifadə etmişik.
Seçim edərkən bu
klassiklərə daha çox üstünlük
veririk. Musiqi hər zaman
bizim üçün
çox önəmli
olub.
- Bildiyimiz qədəri ilə, hazırda Bakı Uşaq Teatrının binasında
yaradıcı mühit,
şərait o qədər
də əlverişli
deyil.
- Elədir. Hazırda Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən
Q.Abbasov adına
Mədəniyyət Evində
yerləşirik. Burda çalışmaq
bizim üçün
çox çətindir.
2 saatlıq yol
gedirik. Təsəvvür edin ki, burada bizə iki balaca otaq
verilib.
- Teatrınızın 15 illik
yubileyi münasibəti
ilə sizi də təbrik edirik. Kollektivinizə nələr arzulayırsınız?
- Kollektivimizə arzu edirəm ki, gələn, yəni 16 yaşını öz binasında keçirsin. Qeyd edim ki, kollektivimizlə birlikdə yubileyimizi mayın sonlarında qeyd etməyi düşünürük. 15 illik fəaliyyətimizlə bağlı teatrımız haqqında jurnal çap olunur.
Xəyalə Rəis
Kaspi.-2017.-12 may.-S.11