Heç kimə bənzəməyən bəstəkar

 

Emin Sabitoğlu nadir bəstəkarlardandı ki, onun mahnılarında melodiya ilə mətn arasında mütləq bir harmoniya var

 

Təxminən 2000-ci ilin yay aylarında görüşmüşdüm onunla. Musiqili Komediya Teatrının sütunlu foyesində. Onda çalışdığı Türkiyədən teatrda tamaşaya qoyulan hansısa əsərə musiqi yazmağa gəlmişdi. Uşaqlığından, gəncliyindən, dostlarından, sənətə məhəbbətindən xeyli söhbət etdi. Keçən günlərə nostaljisi gözlərindən bəlli idi. "Əlvida, o günlər” dilindən düşmürdü. Türkiyədə darıxdığını da gizlətmədi. "Tezliklə Bakıya qayıdacam” dedi. İki ay sonra qayıtdı da... Həmişəlik...

 

"Emin Sabitoğlu simfoniya da, operetta da, mahnı da yaza bilirdi. O, əsl bəstəkar idi”. Görkəmli bəstəkar Emin Sabitoğlunun yaradıcılığından söz düşəndə sənət dostları onun haqqında belə deyirlər. XX əsr Azərbaycan musiqisi tarixində iz qoyan, dinləyicilərə neçə-neçə sevimli, yaddan çıxmayan nəğmələr bəxş edən, həyatımızı rövnəqləndirən mahnıların müəllifi kimi xatırlayırlar onu. 

 

Emin Sabitoğlunun böyük sənətə üz tutmasının ailə bağları vardı. Görkəmli dramaturq Sabit Rəhmanın ailəsində dünyaya göz açmışdı. Xüsusi musiqi məktəbində təhsil alırdı. O, öz fikirlərini musiqi dili ilə daha dəqiq ifadə etdiyindən musiqini özünə sənət seçmişdi. 7 yaşı olanda onu Bülbül adına orta ixtisas musiqi məktəbində professor Kövkəb Səfərəliyevanın fortepiano sinfinə qoyurlar. 13 yaşından başlayaraq o, Midhəd Əhmədovun bəstəkarlıq dərslərində iştirak edir. Hələ VIII sinifdə oxuyarkən, ilk musiqi əsərini yazır. 1954-cü ildə məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra elə həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsinə daxil olur. 2 il görkəmli bəstəkar Qara Qarayevin sinfində təhsil alır. İlk yazdığı simfoniya, kamera əsərləri onu istedadlı bəstəkar kimi tanıdır. Xalq artisti Firəngiz Əlizadə məqalələrinin birində "60-cı illərdə Emin Mahmudov böyük bəstəkar Qara Qarayev sinfinin assistenti idi. Onun diplom işi – "Simfoniya”sı Qara müəllimin dərslərində yüksək peşəkarlıq nümunəsi kimi dəfələrlə xatırlanardı. Yadımdadır, bu əsərin lent yazısına qulaq asıb, mən bir qədər ruhdan düşdüm, çünki partituranın sənətkarlığını əlçatmaz zənn etdim» - deyə yazırdı.

 

E.Sabitoğlu təhsilini davam etdirərək Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində - professor Yuri Şaporinin sinfində oxuyur. 1961-ci ildə Konservatoriyanı bitirən E.Sabitoğlu Bakıya qayıdır.

 

Mahnı, kino, teatr...

 

"Azərbaycanfilm” kinostudiyası onun ilk yeri kimi uğurlu olur. Fəaliyyətə "musiqi redaktorukimi başlayan gənc bəstəkar sonradan Müslüm Moqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında ”bədii rəhbər” vəzifəsində çalışır, 1961-2000-ci illərdə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərir. Atası - görkəmli yazıçı-dramaturq Sabit Rəhman dünyasını dəyişdikdən sonra onun xatirəsini əbədiləşdirmək məqsədilə "Mahmudov” soyadını "Sabitoğlu” təxəllüsü ilə əvəzləyən bəstəkar bu adsoyad imzası ilə milyonlarla dinləyicinin qəlbini ovsunlayan nəğmələrin müəllifinə çevrilir.

 

E.Sabitoğlunun yaradıcılığının böyük hissəsini mahnı janrı təşkil edir. Bəstəkar sözlə nəğmənin ahəngdar vəhdətində mahnı janrının nadir incilərini meydana gətirmiş, "Çiçək yağışı”, "Uzaq, yaşıl ada”, "İnsaf da yaxşı şeydir”, "Ah dedim”, "Dərələr”, " çiçək”, "Sahildə”, "Gilavar”, "Dərələr”, «Mavidir», «Kəpənək», «Bakı sabahın xeyir!», "Bəlkə də”... mahnılarını eşidən kimi yadımıza onun adı düşür. Şövkət Ələkbərova, Mirzə Babayev, Xədicə Abbasova, Hüseynağa Hadıyev, Flora Kərimova, Yalçın Rzazadə kimi görkəmli müğənnilərin dilindən səslənən o nəğmələr insanların qəlbini ovsunlayırdı. Beləcə yaradıcılığında 500-ə yaxın mahnı yer almışdı E.Sabitoğlunun. Təkcə Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun sözlərinə yazdığı mahnıların sayı 100-dən artıqdır.

 

Bəstəkarın mahnılarının çoxu kino ekranlarından, teatr səhnəsindən eşidilib. O, ümumilikdə 22 tammetrajlı bədii filmin, 40-a yaxın qısametrajlı mənzərə və sənədli filmin musiqi müəllifidir.

 

1970-ci ildə "Bizim Cəbiş müəllim” bədii filminə musiqi  bəstələyən Emin Sabitoğlunun kinoda fəaliyyəti uğurlu olub. Azərbaycan ekranının "Gün keçdi”, "Dədə Qorqud”, "Ad günü”, "Istintaq”, "Bağlı qapı”, "Qaçaq Nəbi”, "Bəyin oğurlanması”, "Təhminə” kimi məşhur filmlərinin, eləcə də neçə-neçə sənədli və televiziya filmlərinin titrlərində onun adı yer alıb. E.Sabitoğlu yaxın dostu Rasim Ocaqovun çəkdiyi bütün filmlərin musiqi müəllifidir. Filmlərin baxımlı olmasında yazılan musiqinin böyük rolunu isə zövqlü tamaşaçılar gözəl bilir.

 

E.Sabitoğlunun rejissorlardan H.Seyidbəyli, T.Tağızadə, A.Babayev, Ş.Mahmudbəyov, V.Mustafayev və C.Mirzəyev, R.Ocaqov, dram teatrında  T.Kazımovla əməkdaşlığı  milli kinomuzunteatr səhnəmizin ən baxımlı film və tamaşalarının yaranmasına səbəb olub. Bəstəkar həmçinin respublikamızın bir çox teatr kollektivləri - Musiqili Komediya Teatrı, Milli Dram Teatrı, eləcə də Naxçıvan, Sumqayıt, Mingəçevir, Şəki və Lənkəran teatrlarının aktyor kollektivləri üçün M.F.Axundovun "Lənkəran xanının vəziri”, Səməd Vurğunun "Fərhad və Şirin”, İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər”, Bəxtiyar Vahabzadənin "Yağışdan sonra”, Anarın "Təhminə və Zaur”, "Şəhərin yay günləri” və "Adamın adamı” kimi bir sıra tamaşalara musiqi bəstələyib. Həmin tamaşalar hələ də tamaşaçıların yaddaşındadır.

 

Heç kimə bənzəməmək

 

Bəstəkarın yeganə qızı Ceyran Mahmudovanın xatirəsindən: "Atam çox istedadlı insan idi. Moskva Konservatoriyasına imtahan verərkən onun simfoniyası "əla” qiymətləndirilmişdi. Ötən əsrin altmışıncı illərində isə Moskvada "əla” qiymət almaq hər adamın işi deyildi. Sonralar mahnı janrına daha çox vaxt ayırdı. Amma bu, indiki mahnı anlamından çox fərqli bir fəaliyyət idi. Atamın musiqi müəllifi olduğu elə təkcə tammetrajlı bədii filmlərin sayı 22-dir. 40-a yaxın müxtəlif xronometrajlı telekino filmlərində də onun musiqisi səslənir. 9 musiqili komediyası var. Bütün bunlar birmənalı şəkildə orkestr ifası üçün yazılırdı. Mahnı janrına yüngül janr kimi baxmaq düzgün deyil. Bəli, musiqi duyumu, ruhu olan hər kəs gözəl mahnı müəllifi ola bilər, amma mükəmməl səviyyədə yalnız bir, ya da iki orijinal mahnı yarada bilər. Onlarla orijinal mahnı müəllifi olmaq üçün peşəkar təhsil əsas şərtdir. Atamın sayəsində mən lap kiçik yaşlarımdan ən gözəl musiqi sədalarını dinləmişəm. Xüsusən Üzeyir bəyin musiqisi evimizdən əskik olmurdu. Onun çevrəsi də çox maraqlı insanlardan ibarət idi. Anar, Vaqif Səmədoğlu, Araz Dadaşzadə. Ataların dostluğu övladlarına keçmişdi. Özüonlar ədəbiyyat adamı, atam isə musiqiçi olduğu üçün söhbətləri lap yaxşı tuturdu. Evimizdə daim yeni bədii əsərin müzakirəsi olurdu. Evdə babam Sabit Rəhmandan qalan çox zəngin kitabxanamız var idi. Atam isə bu kitabxananı daim zənginləşdirirdi. Şairlər də öz kitablarını tez-tez atama bağışlayırdılar ki, bəlkə hansısa mahnısını bəstələyəndə onun diqqətini cəlb eləyə.

 

Emin Sabitoğlu nadir bəstəkarlardandı ki, onun mahnılarında melodiya ilə mətn arasında mütləq bir harmoniya var. Atam sanki bütünlüklə melodiyadan ibarət idi. Mahnılarını çox rahat bəstələyirdi. Vəzifəpərəst, intriqalara meylli insan olmadığı üçün fikri yalnız musiqi ilə məşğul idi. Əlinin altında nə olsaydı, notları onun üstünə qeyd edirdi. Hər dəfə də mahnı hazır olandan sonra bizim üçün çalırdı. Deyirdi, qulaq asın görün, hansısa başqa mahnıya oxşamır ki? Bu, onun üçün prinsipial məsələ idi - heç kimə bənzəməmək”. Ceyran xanım atasını sakit və qapalı olduğu qədər də qayğıkeş insan kimi xatırlayır: "Ömrünün son altı ilini Türkiyədə yaşayıb. O illərdə hər bazar günü Bakıya, bizə zəng edib dolanışığımız, mənim, anamın, nənəmin səhhəti ilə maraqlanırdı. Hətta onun vəfatından sonra da uzun müddət hər bazar günü atamın Türkiyədən zəng edəcəyini gözləyirdim. İstanbulun Texniki Universitetinin Xalq Musiqisi Konservatoriyasında dərs deyirdi. Oradakı kabinetinin qapısındakı lövhə bugünədək qalır. Bir neçə dəfə atamın xatirəsinə həsr olunmuş tədbir də keçiriblər. Ona qədər isə Bakı Musiqi Akademiyasında dərs deyirdi”. Ceyran xanım atasının ən yaxşı müğənnilərlə işlədiyini bildirir: "Məsələn, "Dərələr”, "A  çiçək” mahnılarını Şövkət xanm Ələkbərovanın, "Dağları duman alanda”, "İnsaf da yaxşı şeydi”" mahnılarını Zeynəb xanım Xanlarovanın, "Mavidir” mahnısını Elmira xanım Rəhimovanın, "Kəpənək” mahnısını Mirzə Babayevin səsinə, ifa tərzinə uyğun olaraq bəstələmişdi. Mirzə Babayev, ümumiyyətlə, onun mahnılarını ən çox oxuyan müğənni idi. Bundan başqa, Flora xanım Kərimova, Hüseynağa Hadıyev, Akif İslamzadə, Xədicə Abbasova ilə də gözəl mahnılar yazdırmışdı”.

 

"Minarəli İstanbulda gözəl Bakı”

 

90-cı illərdə E.Sabitoğlu bir çox başqa azərbaycanlı musiqiçilər kimi Türkiyədə dərs deyirdi. "Minarəli İstanbulda gözəl Bakı”nı yada salır, oxuduğu məktəbin dərs dediyi məktəbdən fərqli olaraq uzaq olduğuna heyfsilənirdi. "Evindəki saat Bakı vaxtını göstərirdi, otağındakı əşyalar doğma ocağını xatırladırdı. İstanbulda qurduğu cədvəldə Bakıya dönəcəyi tarixi qeyd etmişdi. Həmin məqamı yaxınlaşdırmaq məqsədilə hər gün cədvəldəki rəqəmlərin üstündən bir-bir xətt çəkirmiş…” deyə yazıçı Anar tədbirlərin birində yaxın dostunu belə xatırladı.

 

Görkəmli bəstəkar ürək tutmasından Bakıda vəfat edib. Həmişəlik sevdiyi torpağa qayıdıb. 

 

Təranə Məhərrəmova

 

Kaspi.-2017.-2 noyabr.-S.13.