Həsən bəy Zərdabi məktəbi

 

“Əkinçi" qəzeti maarifçilik ideyalarını özünə yenilməz bayraq etmiş ilk Azərbaycan mətbuat nümunəsi idi

 

"Əkinçi" qəzetinin səhifələrində yer alan baxışlar bu gün üçün də aktuallığını saxlayır, bir növ mayak rolunu oynayır. Nəşr təkcə əkinçinin texnologiyalarını təbliğ etmirdi, eyni zamanda böyük maarifçi rol oynamaqla insanları inamlı gələcəyə doğru səsləyirdi. "Əkinçi” qəzeti qısa yaşasa da, uzun ömür sürdü. Bu, əvəzsiz şəxsiyyət Həsən bəy Zərdabinin böyük əməyinin, xalq və millət qarşısındakı yorulmaq bilməyən fəaliyyətinin nəticəsi idi”. Böyük maarifçi demokrat, təbiətşünas, ictimai xadim Həsən bəy Zərdabinin - görkəmli mütəfəkkirin xatirə günündə məhz onun xalqımızın ictimai fikir, mədəniyyət tarixində oynadığı roldan danışılır.

 

O vaxtdan bəri mükəmməl biliyə və geniş dünyagörüşünə malik Zərdabinin tükənməz irsi milli məfkurə, sivil, mədəni quruculuq qaynağı kimi, müxtəlif elm sahələrində çalışan tədqiqatçıları - filosofları, iqtisadçıları, jurnalistləri, filoloqları daim maraqlandırır. Haqqında əsərlər yazılır, tədqiqatlar aparılır, monoqrafiyalar nəşr edilir. Çoxsahəli yaradıcılığa, dərin biliyə, geniş dünyagörüşünə malik olan Zərdabinin elmi irsi uzun illərdən bəri müxtəlif elm sahələrinin nümayəndələri tərəfindən öyrənilib tətbiq edilir. Elə bunun nəticəsidir ki, Azərbaycanda zərdabişünaslıq elminin əsası qoyulub.

 

Böyük mütəfəkkir Azərbaycan xalqının tarixində, həmçinin milli teatrımızın və xeyriyyəçilik hərəkatının banisi, mətbuatımızın yaradıcısı, ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı və təşkilatçısı, Azərbaycan müəllimlərinin 1906-cı ildə keçirilmiş birinci qurultayının təşkilatçısı və sədri kimi də şöhrət qazanıb. Onun adı xalqın maariflənməsi, mənəvi dirçəlişi və fikir təkamülü ilə bağlıdır. Azərbaycan xalqının ictimai-siyasi, fəlsəfi və elmi fikrinin XIX əsrin II yarısı – XX əsrin əvvəllərində davam etdirilməsində, yeni ictimai mühitə, tarixi şəraitə uyğun şəkildə daha da zənginləşdirilməsində Həsən bəy Zərdabi özünəməxsus yer tutur.

 

İctimai fikrin inkişafı tariximizin yarım əsrə yaxın bir dövrü məhz Həsən bəyin adı ilə bağlıdır. Bu dövrdə onun möhtəşəm fəaliyyəti xalqın tarixi ilə elə qaynayıb-qarışmışdır ki, onları hətta bir-birindən qoparıb ayırmaq mümkün deyildir.

 

XIX əsrin 60-cı illərindən XX əsrin ilk illərinədək davam edən bir dövrdə ictimai-mədəni inkişaf tariximizdə baş verən elə bir böyükkiçik hadisə göstərmək mümkün deyildir ki, Zərdabinin orada iştirakı olmasın.

 

1861-1865-ci illərdə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiyyat şöbəsində təhsil almış Həsən bəy Bakıya qayıtdıqdan sonra Tiflisdə dövlət məmuru, Qubada məhkəmə katibi və Bakı gimnaziyasında ilk ali təhsilli müəllim kimi çalışmış, rus dilində təbiət fənnini tədris etmişdi. Həmin dövrdə o, xalqın cəhalət və gerilikdən azad olması, maarif və mədəniyyətə qovuşması üçün milli qəzetin yaradılmasını zəruri hesab edirdi. Bu məqsədlə o, 1870-ci ildən etibarən Azərbaycan dilində qəzet nəşrinə icazə almaq üçün dəfələrlə Qafqazın rəsmi qurumlarına müraciətlər etmişdi. Onun təkliflərinə nə qədər müqavimət göstərilsə də, ruhdan düşməmiş, əzmi və iradəsi ilə bütün maneələri keçmiş və mübarizədən sonra qəzetin nəşrinə icazə ala bilmişdi. İstanbuldan mətbəə ləvazimatı gətirdikdən sonra, nəhayət, 1875-ci il iyul ayının 22-də ilk milli Azərbaycan qəzeti olan "Əkinçi”nin birinci nömrəsini çapdan çıxardı. Xalqımızın mədəniyyət tarixində əlamətdar hadisə olan "Əkinçi”nin nəşrə başlaması ilə dövri mətbuatımızın əsası qoyuldu. Qəzet maarifçilik ideyalarını özünə yenilməz bayraq etmiş ilk Azərbaycan mətbuat nümunəsi idi.

 

Az vaxt ərzində qabaqcıl fikirlər mərkəzinə çevrilən qəzetin ətrafında toplanmış böyük realist və mütəfəkkir yazıçı Mirzə Fətəli Axundov, maarifpərvər şair Seyid Əzim Şirvani, dramaturq Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, publisist Əhsənül-Qəvaid, Ə.Heydəri və başqaları yenilik uğrunda və hər cür gerilik hallarına qarşı mübarizə aparırdılar. Qəzet "maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur” şüarını bütün fəaliyyəti üçün məramnamə kimi qəbul edib, sonadək bu ideyaya sadiq qaldı.

 

Bu gün də Azərbaycan mədəniyyəti, ədəbiyyatı və mətbuatı Zərdabinin məktəbindən təkcə qidalanmır, həm də bu ideyaları gələcək nəslə ötürür.

 

Bütöv dövrün yaradıcısı

 

"19-cu əsrin sonlarında bir sıra şəxsiyyətlər yaşayıb ki, onlarsız müasir Azərbaycan xalqını və Azərbaycanı təsəvvür etmək mümkün deyil” deyən xalq şairi Sabir Rüstəmxanlının fikrincə, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Üzeyir Hacıbəyli kimi şəxsiyyətlərsiz bizim millətimiz, onun bugünkü mədəniyyəti, ədəbiyyatı mövcud olmazdı: "Bu baxımdan Həsən bəy Zərdabi təkcə mətbuatın yaradıcısı deyil. Həm də Azərbaycan tarixində bütöv bir dövrün yaradıcılarından biridir. Azərbaycanı çağdaş dünya mədəniyyətinə qoşan insanlardan biridir”. Mətbuat tariximizin «Əkinçi»dən başladığını deyən S.Rüstəmxanlının sözlərinə görə, mətbuat tarixi hər xalqda bir cür yol keçib: "Bəzi xalqlarda dini mətbuatdan, bəzilərində xəbərlərdən başlayır. Bizim mətbuat tariximiz haqqında danışanda da «Əkinçi»yə istinad edirik. Bu, demokratik qəzetdir və bügünkü tələblər səviyyəsindən baxanda yüksək bir mətbuat səhifəsidir”.

 

S.Rüstəmxanlı hesab edir ki, «Əkinçi» özündən sonra yaranan qəzetlərə, ictimai fikir tarixinə, maarifçiliyə, teatr quruculuğuna, bir sözlə, mədəni həyatımızın bütün sahələrinə təsir edib: "Bununla da Həsən bəy Zərdabi böyük bir məktəb yaradıb: həm mətbuat məktəbi, həm də maarifçilik məktəbi. Bu məktəbin həm Azərbaycan, həm də türk dünyasındakı maarifçilik məktəblərinə böyük təsiri olub».

 

«Əkinçi»nin 56 sayı

 

Həsən bəy Zərdabini Azərbaycan ictimai fikir tarixində, milli mətbuatımızın yaradılmasında əvəzsiz xidmətləri olan şəxsiyyət kimi dəyərləndirən «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı: «Həsən bəy Zərdabi təkcə Azərbaycanın deyil, ümumiyyətlə, türk dünyası tarixində çox nadir insanlardan biridir. Təəssüf ki, biz Həsən bəy Zərdabinin irsinə yalnız son dönəmlərdə sahiblik iddiasını ortaya qoymuşuq. Düzdür, sovet dönəmində onun əsərləri tədqiq olunub, ancaq birtərəfli araşdırılıb”.

A.Aşırlı deyir ki, İsmayıl bəy Qaspralıya nisbətən biz Həsən bəy Zərdabini ictimai fikir xadimi kimi hələ təqdim edə bilməmişik: "Təsəvvür edin, İsmayıl bəy "Qaspralı Həsən bəy Zərdabidən qəzetçilik ənənələrini öyrəndi və «Əkinçi»dən xeyli sonra «Tərcüman»ı nəşr etdirdi. İsmayıl bəy Qaspralı türk dünyası tarixində ictimai fikrin oyanışı prosesində tarixi bir obraz kimi təqdim olunur. Təəssüf ki, biz Həsən bəy Zərdabini bu cür təqdim edə bilməmişik. Bəlkə də bu, «Tərcüman» qəzetinin daha uzun müddət nəşr olunması ilə bağlıdır. Ancaq «Əkinçi»nin 56 sayı işıq üzü gördü. Bu sayların verdiyi impuls, enerjiideyalar «Tərcüman» və ondan sonrakı ümumtürk dünyası qəzetçiliyinin əsas konsepsiyası idi. Həsən bəy Zərdabinin əsərləri həmişə Azərbaycan tarixinin möhtəşəm bir salnaməsi kimi yaddaşlarda olacaq». 

 

Maarifçilik ideyalarının yaşaması

 

"1875-ci ilin 22 iyulunda "Əkinçi” adı ilə nəşrə başlayan qəzetin əsas məqsədi, hər şeydən əvvəl ictimai-siyasi məsələləri işıqlandırmaq idi. Zərdabi qəzet vasitəsilə Azərbaycan xalqının gözünü açmaq, onu cəhalət və avamlıq yuxusundan ayıltmaq, köhnə cəmiyyətin çürüklüyünü hamıya göstərmək, xalqı öz insani hüquqları uğrunda mübarizəyə çağırmaq istəyirdi” deyən professor İzzət Rüstəmov "Əkinçi”nin uzun ömür sürmədiyini qeyd edir: "Ancaq bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Həsən bəy Zərdabi qəzetin birinci sayında "Dövr dəyişir. Dəyişən dövrə uyğun olaraq biz öz hərəkətlərimizə yenidən yanaşmalıyıq. Adət-ənənəmizə, maarifimizə yenidən baxmalıyıq” deyə yazırdı. «Əkinçi» maarif carçısı idi. İki il müddətində Azərbaycanın gələcəyi üçün böyük rol oynadı”.

 

Professorun sözlərinə görə, Zərdabinin Azərbaycan mətbuatında rolu təkcə «Əkinçi» ilə bitmir. Beə ki, «Əkinçi»ni bir qığılcım kimi qiymətləndirmək lazımdır: "Qəzetdən gələn ideyaları 20-ci əsrin əvvəllərində Azərbaycanda digər mətbuat orqanları davam etdirdi. Bunlardan biri bizim «Şərqi-Rus» qəzeti idi. Daha sonra «Həyat», «Tazə həyat», «İrşad», «Füyuzat» jurnalı kimi nəşrlər Zərdabinin ideyalarını davam etdirirdi. Həsən bəy Zərdabi «Həyat» qəzetində ən cəsur müxbirlərdən biri idi. Onun məqalələrinin əksəriyyəti bu qəzetdə dərc olunmuşdu”. İ.Rüstəmovun araşdırmalarına görə,  Zərdabinin «Əkinçi»dən başladığı elmi ideyalar 1906-cı ildə «Həyat» qəzetində davam etdirilib. Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Ömər Faiq Nemanzadə və digərləri Zərdabinin vaxtilə qəzetdə irəli sürdüyü ideyaları yayıblar:Füyuzat» jurnalında Zərdabinin təqribən 7 məqaləsi dərc olundu. Bu məqalələr böyük maarifçinin məktəbli balalara, onların təliminə yönəldilmiş elmi məqalələri idi”. Professor Azərbaycan mətbuatının yaradıcısının, mədəniyyətinin qurucusunun irəli sürdüyü ideyaların bu gün də yaşamasından fərəhləndiyini bildirir: ”Yeni dəyərlərimizə qiymət verməsi, ortaq dil məsələsi və s. məsələlər Zərdabi tərəfindən irəli sürüldü və Azərbaycan mətbuatı bu ideyaları davam etdirdi. Bu gün də həmin ənənələrə sadiq olmağımız böyük mütəfəkkirin ideyalarının yaşaması deməkdir”.

 

Professorun fikrincə, bu yaxınlarda Həsən bəy Zərdabinin doğulduğu Zərdab şəhərində böyük mütəfəkkirin fəaliyyətinə həsr olunmuş məqalələrdən ibarət kitabın təqdimatı da Zərdabi irsinə sadiqliyimizin ifadəsidir: "Kitabda yer alan məqalələr rus dilindən Azərbaycan dilinə tərcümə olunub. Həmin nəşrdə yer alan məqalələrin əksəriyyəti vaxtilə «Kaspi» qəzetində çap olunub. Zərdabinin «Kaspi»də müvəqqəti redaktor işlədiyi dövrdə Əlimərdan bəy Topçubaşov qəzetin baş redaktoru idi. Hesab edirəm ki, bu gün də Azərbaycan mətbuatı Zərdabinin maarifçilik ideyalarını uğurla davam etdirir”.

 

Təranə Məhərrəmova

Kaspi 2017.- 28 noyabr.- S.7.