"VƏTƏN VƏ
QÜRBƏT"
KİM HUN
Cənubi
Koreya yazıçısı, jurnalist Kim Hun 1948-ci ildə Seulda anadan olub.
"Gil haqqında xatirələr", "Simli alətlərin
nəğməsi", "Qılınc nəğməsi" və s.
kimi məşhur romaların müəllifidir.
Yazıçı 2001-ci ildə Kim Donin ədəbi
mükafatına, 2002-ci ildə Seul jurnalistlər klubunun
mükafatına, 2004-cü ildə Li San mükafatına,
2005-ci ildə IV Xvan Sunvon ədəbi mükafatına layiq
görülüb.
"Vətən" anlayışı ilə
bağlı duyğular mənə çox da xoş deyil. Onlar məndən
əl çəkmir və elə hey yeni-yeni suallar doğurur.
Bu xoşagəlməzliyin əsasında,
çox güman ki, hansısa məntiqsizlik dayanır. Mənim xoşuma vətən və qürbətə
bölünməmiş dünya gəlir. Və
mən bütün bu anlayışlar olmayan dünyada
yaşamaq istəyirəm.
Mənim,
belə deyək, vətənim – Seulun tam mərkəzidir,
şəhər qapılarından içəri. Çxongeçxon onu şimal və cənub hissələrinə
ayırır. Mənim rəsmi
yaşayış yerim şimal tərəfə
düşür – Kyonbokkun şah sarayının
yaxınlığında. Bu ərazinin
sıx əhalisi elə mənim kimi kasıblardı. Amma biz dünyanın və sivilizasiyanın tam mərkəzində
yaşadığımızla fəxr edirdik. Şəhərin kənarlarında yaşayanları
isə "qapıların o tayında yaşayanlar"
adlandırırdıq.
Anam Seulun qədim sakinlərindən idi. Olduqca
kasıb yaşayırdı. Düzünü
desəm, heç təsəvvürümə belə gətirə
bilmirəm ki, o necə bizi böyüdüb, bu qədər məhrumiyyətlər
və tənhalıqla necə baş edib. Bütün
bunlara baxmayaraq, anam həmişə diribaş, qətiyyətli
və dəqiqliyi sevən qadın olub. Bütün
ölçü alətlərinə – xətkeş, tərəzi
və ya buğdaölçənə qarşı çox həssas
idi. Və balqabaqdan hazırlanmış
ölçü qabının dibinə ağır olsun deyə
şam sürtən düyü satıcısından, bir də
hamını çəkidə aldadan qəssabdan zəhləsi
gedirdi. Hətta qonşularla birləşərək
o tacirlərə etiraz etmişdi. Hələ
soya kəsmiyinin qiyməti tam müəyyənləşdirilməmişdi,
amma soyanın bahalaşmasıyla əlaqədar
piştaxtalarda kəsmik tikələrinin
ölçüsü balacalaşırdı. Anamsa, hamı eşitsin deyə,
narazılığını yüksək səslə
bildirirdi. Anam məni ağ neft
almağa göndərəndə kanistr və ya metal vedrə əvəzinə
düyü şərabının boş qabını verirdi.
O qablar içigörünən və həcminə görə
dəqiq idi. Və beləliklə də, ağ
neft dükanında məni heç cür aldada bilmirdilər.
Bir dəfə konstitusiya elan edilən gün idi
(neçə yaşımda olduğumu unutmuşam, yəqin
ki, artıq yuxarı siniflərdə oxuyurdum). Anam belə
bir günün şərəfinə təzə altar geyinməyimi
istədi. Bu, sözün birbaşa mənasında
təzə paltar deyildi. Əslində,
köhnə, çox geyilmiş, amma təzəcə
yuyulmuş, səliqəyə salınmış, ütülənmiş
paltarlar idi. Təzə olan ancaq idman
ayaqqabılarım idi. Mən indiyə kimi
həmin günü xatırlayıram. Onda
çox balacaydım və həmin günün özəlliyini
başa düşmürdüm. Amma
bütün ömrünü kasıblıqla
keçirmiş, liberal partiyası zamanı
özbaşınalıqlar yaşamış anam
üçün ölkənin əsas qanununun qəbul
günü elə xüsusi əhəmiyyət
daşıyırdı ki, hətta övladlarını da
mümkün qədər yaxşı geyindirmək istəyirdi.
Anam üçün konstitusiyanın nə demək
olduğunu düşünəndə gözlərim yaşla
dolur. Həmin gün istirahət
günüydü və mən, təəssüf ki, təzə
paltarlarımla məktəbdə lovğalana bilmədim.
Bütün günü qonşu uşaqlarla
qaçıb-oynamışdıq. Yadımdadı,
şirin iris istəmişdim, elə çox istəmişdim
ki, çox asanlıqla təzə ayaqabılarımı
sevimli şirniyyata dəyişdim. Hava
qaralandasa evə üst-başım elə çirkli gəlmişdim
ki, təzə paltarları tanımaq belə olmurdu.
Anam dava-dalaşı, söyüşü və
lovğalığı heç sevmirdi. O, yumşaq və gözəl
Seul danışığını sevirdi. Bu
dildə ürəyindən keçənləri heç kimin
xətrinə dəymədən ifadə etmək olurdu.
Mən qonşu uşaqlarla gəzməyə çıxanda
anam deyirdi: "Hamının elədiyini təkrarlama. Sağsağan kimi naqqallıq eləmə, həmişə
tələsmədən, aydın və ancaq səsin eşidiləndə,
səni dinləyəndə danış". Anam danışıq vaxtı sözlərin
axırını "yeyəndə” əsəbiləşirdi.
Qonşularla da həmişə hörmətlə
və bütün ədəb-ərkan qaydalarına riayət
etməklə danışırdı. İndi
anam çox yaşlanıb və xəstədir. Daha demək istədiklərini elə gözəl
ifadə edə bilmir və gözləri yaxşı
seçmir ki, qarşısında iki kiloqram
düyüdür, yoxsa bir. Amma anamın vətəni
doğulduğu yer yox, qaydalar və aydın nitqdir.
Amma mən bu hekayəni anam haqqında danışmaq
üçün başlamamışdım. Mənim
doğma yerim – şəhər qapılarının içində
olan Seulun mərkəzi artıq çoxdan sahibsiz, hər kəs
tərəfindən unudulmuş bir vətəndir. Bir
neçə gün əvvəl, yeni il
şənlikləri zamanı Namdemun (1398-ci ildə qurulmuş
nəhəng cənub qapıları) qapıları da
yandırıldı və onlar daha yoxdur. Uşaqlıqda
Xanqan çayından ancaq iki körpüylə keçmək
olurdu. Biri dəmiryoluydu, üstündən
qatarlar hərəkət edirdi, o biri – avtomobil sərnişinləri,
piyadalar, arabalar və velosipedlərin hərəkəti
üçün nəzərdə tutulmuşdu. Yadıma düşür ki, piyada
körpüsünü dörd xəttə qədər
genişləndirəndə onun açılışına
prezident Pak Çonxi ilə mühafizə rəisi Ça
Çixol gəlib qırmızı lentli kəsmişdi.
Amma bütün ölkə boyu hamı qonq
vurub, rəqs edirdi.
İndi iyirmidən çox körpü var. Doğma ellərinə
qayıdan adamlar Xanqan çayını keçəndə həmin
körpülərdən keçirlər. Mütləq
gedirlər və mütləq də geri dönürlər.
Seul həmin vaxt boşalır və şəhər
qapılarından içəri – mənim doğma şəhərim
qəflətən genişlənib tənhalaşır. Mənimsə bayramlarda getməyə yerim olmurdu.
Və mən tək-tənha vətənimin
küçələrində avaralanırdım. Əslində, o heç kimin vətəni deyildi.
Doğma ölkələrinə gedən adamlar
mütləq sonra bura qayıdırdılar. Amma bura onlarçün vətən deyildi, qürbətiydi.
Və yeni il bayramına gedənlərin geri döndüyü
gün mənim doğma Namdemun qapılarını yer üzündən
sildilər. Səhər mən taksidə
ora gələndə qapıların yanıb kül
olduğunu gördüm.
O vaxtdan
ünvanımı bir neçə dəfə dəyişdim:
əvvəlcə kirayə otaqdan çıxıb mərkəzdə
çoxmənzilli evin bir mənzilinə köçdüm. Sonra Seulun şimal-qərbində Pulqvandon ərazisində
yerləşən Yensinneyə köçdüm. Və artıq on ildir ki, İlsan şəhərində
yaşayıram.
İlsan da, sən demə, yiyəsiz vətənmiş. Axı bu
paytaxt yaxınlığında salınmış yeni şəhərdir.
Burada hər şey yaxında, hər şey
qonşuluqdadır: kilsələr və
görüşçün motellər, strip-barlar, gecə
klubları, kafe, müxtəlif masaj salonları, karaoke və
hamamlar, saunalar, istirahət otaqları, gözəllik
salonları, burun, göz, sifət və s. quruluşunu dəyişən
plastik cərrahiyyə klinikaları, ev
heyvanlarınızın dırnağını kəsmək,
boyatmaqçün heyvan parikmaxeri, itlərə iynəbatırma,
bankaqoyma və fizioterpiya edilən ənənəvi çin
heyvan müalicəsi klinikası, həmçinin də yapon,
italyan, çin, Vyetnam, ispan, fransız, türk restoranları
var.
Bir dəfə axşamüstü yolüstü kafedə
oturub içirdim. Bir adam motelin qabağında
dayanıb meqafonla qışqırmağa başladı:
"Tövbə edin! Son artıq
yaxınlaşıb!" Mən
gülümsədim. Özlüyümdə
güldüyüm çox şeylər var.
İlsana
köçəndən sonra bu şəhər haqqında
biliklərimi Köngido əyalətində artırmaq qərarına gəldim.
Mərkəzi kitabxanaya gedib bu ərazinin tarixi,
coğrafiyası və İlsanın özünün tarixi
haqqında çoxlu sayda kitab, arxeoloji qazıntıların
hesabatlarını, etnoqrafiya və şamanizmlə
bağlı tədqiqatlar oxudum. Axşsamsa
kitabxanadan evə qayıdanda adətim üzrə motelin
qarşısında masa arxasında oturub yenə içirdim.
İlsan Xanqan çayına axıb tökülən
Koknınçxon və Çxannınçxon
çayları keçən geniş vadidə yerləşir. Bu
çayların vadisində neolit dövrünə aid bir
çox artefaktlar tapılıb. Bu vadidə
insanların artıq çox minilliklərdən bəri məskunlaşdığı
məlumdur. Hələ "Üç
dövlətin tarixi qeydləri"ndə (Koreyanın tarixi
haqqında 1145-ci ildə yazılmış kitab. Müəllif:
Kim Busik) indi heç vaxt gözünə yuxu getməyən,
gecələr kilsələrinin də, motellərinin də
işığı yanan şəhərə çevrilmiş həmin kəndin adı
keçir.
İlsan tez-tez aşıb-daşıb ətrafı su
altında qoyan Xanqan çayının mənsəbində
yerləşir. Bu yeni əyalətdə ən yüksək
zirvə təpələrlə əhatələnmiş və
dəniz səviyyəsindən 83 metr yüksəkdə olan
Çonbalsan dağıdır. Təpələr
bir-birinin ardınca çayın sahilinə düşür. Çayın subasarı geniş, düz olsa da,
tez-tez olan çay daşqınlarına görə insanlar
burada daimi yaşaya bilmirdilər. 1925-ci ildə
baş verən nəhəng daşqından sonra Xanqan
çayının üzərində bənd quruldu.
70-90-cı illərdə drenaj sistemi quruldu, əkin sahələri
yaradıldı. Beləliklə, inkişaf edən
yeni İlsamda kənd təəsərrüfatıyla məşğul
olmağa başladılar.
1990-cı ildə yeni İlsam şəhərinin
yaradılması hər şeyi dəyişdi. Əvvəla
rayon məniməsənilməmiş, istifadəsiz qalan ərazidən
kənd təsərrüfatı əyalətinə, sonra da
yeni inkişaf etmiş rayona çevrildi. Bu
torpaqların mövcud olduğu bütün zaman ərzində
– ta neolit dövründən indiyə kimi əsaslı şəkildə
dəyişiklik ancaq XX əsrin ikinci yarısında baş
verib.
Eramıza
qədər mədəniyyət elmi-tədqiqat institutunda və Tanquk Universiteti nəzdində
etnoqrafiya institutunda İlsan yerləşən ərazinin tarixi tədqiq olunub. Və
nəticə olaraq İlsanın yaranması bu cür təsvir
olunan ikicildli hesabat (1992-ci il) çap
edilib:
...əvvəllər həyat tərzi və tikililərin
tipləri birbaşa təbiət şəraitiylə
bağlı idi və onlara tabe olaraq birlikdə harmoniyada
olurdu. İndi təbiəti ancaq öz xeyirlərinə
istifadə edirlər və hər yerdə göbələk
kimi, hündürmərtəbəli binalar ucalır, insanlarsa
hər şeyin pul ekvivalentiylə hesablandığı yeni həyat
qaydalarına uyğun yaşayırlar. Mənəviyyat
da, hətta keçmiş həyatla bağlı xatirələr
də pul ekvivalentiylə ölçülür. İndi
kəndin o tayında qalmış təpə və
düyü sahələrinə görə təzminat da almaq
olur...
Lü
Gison – İlsan yeni dövrdə
Rayonun yenidənqurma işləri başlananda təzminat
ödənilərək köhnə evlərindən
çıxarılan adamlar etiraz etdilər. Məgər
yaşanmış həyatçün qiymət təyin etmək
olar? Heç gələcək də həmin
qiymətə daxil deyildi. Yerli əhaliyə yeni tikilən
binalarda ev almaq haqqı verilirdi, lakin mənzillərin
qiyməti, köçmək və s. məsrəflər
onların ciblərinə uyğun olmurdu. Onlar
buldozer və ekskavatorlara daş atırdılar. O zaman mən hələ Seulda –
Pulqvandon rayonunda yaşayırdım. Bir dəfə
bu davalara baxmaqçün getdim. Adamlar buldozerlərə
düyü şərabının butulkalarını atır,
qışqırır, oxuyurdular:
Bir vaxt
yaşadığım vətən,
Dağlarda kənddi
görünən
Orda ərik, şaftalı var,
Azaliya var
çiçəklənən.
İlsana köçüb oralar haqqında oxudum. Vətənini itirən bir
adam kimi özümə təsəlli vermək və ya heç olmasa,
niyə belə olduğunu başa düşməyə cəhd
göstərmək istəyirdim. Axı yeni vətənə
sahib olmaq istəyim qətiyyən yox idi. O vaxt adamlar
qışqırıb mahnı oxuyurdular: "Doğma yerlərdə
bahar". Sonra onların hamısı harasa
köçdülər. Və İlsan əbədi
olaraq sahibsiz qaldı, heç kimin vətəni olmadı.
Yenə hər gecə buralarda kilsələrin
üstündə xaçların, kabare və motellərin
işığı yanır. Əgər Çonbalsan
dağının zirvəsinə qalxsan, ya da ki, iş
kabinetimin də yerləşdiyi studiya-məzilimin damına
çıxsan, həmin bu sayrışan işıqları
görmək mümkündür.
Namdemun qapılarını yandıran cinayətkar
yetmiş yaşlı qocaymış. Xəbər verdilər
ki, o əvvəllər İlsan kəndində
yaşayırmış. Mən bunu qəzetdə
oxumuşdum. Hələ bunu da
yazmışdılar ki, yeni şəhər tikiləndə
bütün torpağının əvəzində ona 100
milyon təzminat ödənilib. Onun qəzəb və
narazılığına heç kim fikir verməyib. Qoca
sonra eşidilmək və içindəki qəzəbi
boşaltmaqçün Namdemun qapılarını
yandırmaqdan başqa heç bir yol tapmadığını
polisə izah edib.
Mən Seulun tam mərkəzindən – şəhər
qapılarının içindənəm və mən
köklərimi də oradan qoparıb İlsana
köçmüşəm. Bütün
ömrünü İlsan kəndində yaşamış
qocaysa öz kölərini qoparıb Namdemun
qapılarını yandırdı. Mən
İlsanda yaşamağa davam etməliyəm, hələ ki,
başqa alternativim yoxdur.
Namdemin qapıları uzun müddət mənim kiçik vətənimin simvolu olub. Onlar həmçinin, İlsan kəndinin bütün sakinləri üçün də xüsusi, unikal bir fəzanın simvolu ola bilərdi. Amma İlsan kəndindən olan qocanın yandırdığı Namdemun qapıları indi bir yığın közə dönüb. Qəzetlərdə yazırdılar ki, şəhər xidməti onları zibilliyə atmaq niyyətindədir. Yeni il bayramı günləri bitəndə hamı Seula qayıdanda şəhərdə tıxac əlindən tərpənmək olmur. Yəni doğrudanmı, bayramlarda bütün bu insanların mütləq getdiyi vətənləri hələ də onların vətənidir? Bəs sənin vətənin haradır? Ananın rahat, zərif qucağı? Mən yanan qapıların külünə baxıb başa düşürəm ki, mən nə bayramlarda vətəninə gedənlərdənəm, nə də ki, yeni vətən arzusunda olanlardanam. Doğma yurdlarından qayıdan adamlar, yandırılmış Namdemin qapılarına baxın, mənim vətənimə baxın! Və bundan sonra mənim doğma Selumu qürbət adlandırmayın! Siz qürbətdə yeni vətən yarada bilməzsiniz, siz azmış, itmiş insanlar, əbədi yetimlərsiniz. Mənimsə vətənimdə, doğma Seulumda daha Namdemin qapıları yoxdur...
Rus dilindən tərcümə
edən: Xanım AYDIN
Kaspi 2018.- 7-9 aprel.- S.14.