Nahid Abbaszadə: Arxa-dayaqsız da inkişaf etmək, uğur qazanmaq mümkündür

 

Gələcək gənclərlə gələcək deyə bir deyim var. Hər nə qədər pafosluböyük səslənsə də həqiqətən belədir. Bu günün gəncləri dünyanın müxtəlif ölkələrinə inteqrasiya ediblər. Onlar getdikləri torpaqlara ürəklərində kiçik bir Azərbaycan aparıblar. Bir çox gənclərimiz dünyanın müxtəlif ölkələrində təhsil alır və öz təcrübələrini genişləndirirlər. Əslində bir ölkə olaraq bu bizim qazancımızdır. Bu gün sizə təqdim edəcəyim müsahibim Nahid Abbaszadə də onlardandır. Nahid nə okeanın o biri tayına, nə də Avropa məmləkətlərinin birinə gedib, o elə qonşu-qardaş Türkiyədə aktyorluqrejissorluq edir, teatr səhnələrində çıxışları ilə tamaşaçı sevgisini qazanmağa çalışır.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Nahid bizimlə söhbətində bildirdi ki, o Universitet illərində Ramiz Əzizbəyli, Valeh Kərimov, İlham Namiq Kamal, Vidadi Həsənov, Pərviz Məmmədrzayev, Ötkəm İsgəndərov, Könül Axundova, Məmməd Səfa və başqa çox dəyərli sənətkarlarımızın tələbəsi olubbu sənətin sirlərini onlardan öyrənib. Onların təcrübələrindən yararlanıb.

N.Abbaszadə 1991-ci ildə Qazax rayonunda anadan olub. 2000-ci ilə qədər Qazaxda yaşayıb. Daha sonra ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərinə köçüblər. Atası zərgər kimi işini Türkiyədə davam etdirib. Ailə 2007-ci ildə Azərbaycana geri qayıdıb. 2009-cu ildə Nahid dahi şairimiz Səməd Vurğunun da təhsil aldığı Qazax şəhər 4 saylı orta məktəbini bitirib. Elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul olan Nahid 2013-cü ildə burada təhsilini başa vurub.

- Türkiyəyə təhsil almaq üçünmü getdiniz?

- Bəli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra əsas hədəfim Türkiyədə təhsilimi davam etdirmək, eyni zamanda orda yaşamaq, çalışmaq idi. Türkiyənin İstanbul şəhərində yerləşən "Sadri Alışık Akadmeyasına qəbul olub, təhsilimi davam etdirdim. Burada da öz peşələrinin zirvəsində olan insanlardan - Kərəm Alışık, Şakir Gürzumar, Alpaslan Karaduman, Yasin Usludur, Gülcə Uğurlu, Tolqa Çiftçi, Mustafa Sancak kimi sənətkarlardan təhsil aldım. Bildiklərimin üzərinə onların təcrübələrini də əlavə etdim. Bura mənim üçün ikinci vətənim kimidir. İstanbul mənə yad bir ölkə deyil. Uşaqlığım burada keçib deyə hər zaman İstanbulu öz ölkəm kimi sevmişəm. Özümü yad bir məmləkətdə hesab etmirəm. Ancaq doğulduğum torpaqları da unutmamışam. Azərbaycan mənim doğma diyarımdır.

- Türkiyə teatrlarında hansı proseslər gedir? Sistem olaraq hansı sistemdən yararlanırlar?

- Teatr canlı sənət olaraq öz aktuallığını qoruyub saxlayıb. Burada da yaradıcı proseslər gedir, gənclər teatra cəlb olunur, klassik əsərlər səhnə həllini tapır. Proseslər demək olar ki, bizim teatrlardakı ilə eynidir. Mən hər iki ölkənin təhsil teatr prosesində böyük fərq görmürəm. Hər iki ölkədə sənətə, sənətkara böyük dəyər verilir. Nəinki Türkiyədə, bu, dünyanın hər yerində belədir. Türk teatrları da bizim teatr sistemimiz kimi Stanislavski sistemindən bəhrələnirlər. Bertolt Brext teatr tarixində öz dəsti xəttini qoyub gedən başqa dəyərli şəxsiyyətlərin qoyduğu sistemlərdən geniş faydalanırlar. Ancaq özlərinin əlavə qatqıları az olmur. Bilirsiniz ki, müasir dövrdür, indi tamaşaçılar səhnədə klassika ilə yanaşı müasir yanaşma da görmək istəyir. Bu baxımdan rejissorlar klassik əsərləri səhnələşdirərkən belə onlara öz yanaşmalarını müasir səhnə həllini əlavə edirlər. Belə olan halda tamaşaçı öz maraq dairəsini genişləndirir.

- Bəzən biz teatrlarımızın tamaşaçı qıtlığından şikayət edirik. Bəs Türkiyədə necə, serialları kimi tamaşaları da sevilib, izlənilirmi?

- Düzdür, burada film serial sektoru yaxşı inkişaf edib. Hətta beynəlxalq arenada türk film serialları ən çox tanınan, inkişaf edən sektorlardan biridir. Bizim ölkədən fərqli olaraq burda teatr sevərlər çoxdur. Yəqin ki, bunun səbəbi buradakı əhalinin çoxluğundadır. Bizim əhalimizin sayı 9 milyondursa, Türkiyə Cümhuriyyətinin əhalisi 80 milyona yaxındır. Təbii ki, onlarda teatra gedən çox olacaq. Teatrlar da çoxdur, həm özəl, həm dövlət teatrları mövcuddur. Gənclər, orta nəslin nümayəndələri istənilən teatrda hər hansı yeni tamaşa səhnəyə qoyulubsa ona baxmağa can atırlar. Bu onlara maraqlı gəlir.

- Çalışdığınız Sadri Alışık Teatırı ilə tanışlığınız necə yaranıb?

- 2016-cı ildə İnternetdə "Sadri Alışık Akadmeyasının qəbul elanını gördüm. öz CV-mi hazırlayıb onlara göndərdim. Bir neçə gündən sonra CV-min qəbul olunduğu cavabını aldım. Təhsil almaq üçün şans əldə etdim təhsilimi bitirdikdən sonra həmin akademiyanın teatrında çalışmaq üçün imtahan verdim. Bu imtahandan uğurlu nəticə əldə etmək heç asan olmadı. 60 nəfərin müraciət etdiyi imtahandan cəmi 3 nəfər onların aktyor heyətinə keçə bildi o 3 nəfərdən biri mən oldum.

Qeyd edim ki, çalışdığım teatrın müdiri elə Türkiyənin dövlət sənətçisi olan Sadri Alışıkın oğlu aktyor Kerem Alışıktdır. Böyük bir komandamız var davamlı olaraq yeni tamaşalar üzərində çalışırıq.

- Bu teatrda necə tamaşalar hazırlanır?

- Repertuar rəngarəngdir. Sizə onu deyə bilərəm ki, aktyor kimi çalışdığım teatrda möhtəşəm musiqili tamaşa səhnələşdirdik. Bu tamaşa ilə Türkiyənin ən gözəl səhnələrində çıxışlarımız oldu. Turgut Özakmanın ssenariləşdirdiyi, dövlət sənətçisi Şakir Gürzumarın rejissoru olduğu "Bir Şehnaz tamaşasını təhvil verdik. Tamaşada baş rollardan bir olan Müştak bəy obrazını mən canlandırdım.

- Ötən ay sizin "El filminizin müsabiqələrin birində qalib olması xəbərini eşitdik.

- Bəli, yanvarın 17-də Türkiyədə Sabancı Vəqfi tərəfindən keçirilən 2-ci "Qısa filmin uzun təsiri adlı film yarışması keçirildi. Müsabiqədə 395 film mübarizə aparırdı. "El adlanan filmim ilə finala vəsiqə qazandım. Final gecəsində isə 15 film arasında yer alan "El filmi xüsusi mükafata layiq görüldü. Mənə mükafatı Nuri Bilge Ceylanın çəkdiyi filmlərin prodüseri olan Zeynep Atakan təqdim etdi. Sözün düzü bir azərbaycanlı olaraq belə dəyərli bir müsabiqədə yer tutmaq mükafata layiq görülmək məni qürurlandırdı. 2 ildir ki, Türkiyədə yaşayıram bu 2 il ərzində dayanmadan çalışıram. Addım-addım hədəfimə doğru irəliləyirəm. İnşallah Allah utandırmaz. Aldığım mükafatın bütün gənclərimizə stimul olacağına ümid edirəm.

Yeni qədəm qoyduğumuz 2018-ci il mənə çox uğurlu gəldi. Təzə ilin ilk günlərindən bir çox layihələrə başlamışam. Mən buradan öz gənclərimizə səslənmək istəyirəm ki, insan əldə edirsə öz əziyyəti zəhməti ilə əldə edir. Çox zaman deyirlər ki, kimsə qabağa gedirsə mütləq onun arxasında dayanan maddi olaraq dəstək göstərən biri var. Ancaq elə deyil, arxa-dayaqsız da inkişaf etmək, uğur qazanmaq mümkündür. Yetər ki, bunu ürəkdən istəsin ona doğru can atsın. Gerisi onsuz da gələcək. Siz bir cəhd edin. İnsan həyatda heç nəyə əziyyətsiz nail olmur.

Xəyalə Rəis

Kaspi 2018.- 1 fevral.- S.11.