Sabah dünən
başlayıb
Yaşadığımız XXI əsrdə Azərbaycan
teatrı hansı yolu tutmalıdır? Hansı
ideya-bədii meyarlara əsaslanmalı, hansı məqsədlərin
realizəsinə prioritet önəm verməlidir? Bu
sualların konkret əməllərdə veriləcək
cavabları milli teatr mədəniyyətimiz üçün,
sözün tam mənasında, taleyüklü əhəmiyyət kəsb
edir. Bəli, XXI əsrdə
yaşadığımızı unutmamalıyıq. Öz ilkin əhəmiyyətini və təsir dairəsini
itirən ənənələrin buxovlarından azad
olmağın tam zamanıdır. Başqa
sözlə, böyük Sabirin təbirincə desək,
"dindirir əsr bizi” və əvvəlki əsrlərin
heç bir səmərə verməyən idarəetmə və
yaradıcılıq stereotiplərinin əvəzinə
prinsipcə yeni, perspektivli əməllərə meydan verilməlidir.
Dünya mədəni məkanına daxil
olmağın, həmin məkanda layiqli yer tutmağın yeganə
yolu budur. Odur ki, bu gün teatr sənəti sahəsində
bizi dalana salan düşüncə və prinsiplərə
diametral fərqli fəaliyyət tərzi seçilməlidir.
Bu yerdə köhnəlməyən rus sualı olan
"nə etməli?” gözlərimizin qarşısında
böyüyür, hər birimizdən təkidlə cavab
gözləyir. Amma burada sadəcə sözlərlə
yaxa qurtarmaq mümkün deyil. Əslində,
həmin sualın birmənalı və yeganə cavabı da
yoxdur.
Belə olan halda müşahidə edilən reqressiv
prosesləri ən azı dayandırmaq üçün
hansı mühüm addımlar atılmalı, yaxud hansı təxirəsalınmaz
tədbirlər həyata keçirilməlidir?
Fikrimizcə,
hər şeydən əvvəl, teatr sənətinin fəaliyyətini
tənzimləyən "Teatr və teatr fəaliyyəti
haqqında” Qanunun bəzi maddələrinin praktik teatr həyatı
üçün səmərəsizliyi səbəbindən
onun işlək mexanizmini təmin edəcək müvafiq
düzəliş və əlavələr edilməsinə
ehtiyac var. Belə ki, qanunda əksini tapmış prodüser
institutu, yaxud teatr işçilərinin sosial müdafiəsi
kimi maddələr funksional tətbiq mexanizmi bəlli olmayan
mürəkkəb söz birləşməsi təsiri
bağışlayır. Əlavə edək ki,
teatrlara müstəqil fəaliyyət imkanı verən və
dünya təcrübəsində təbii qəbul edilən
bir sıra imtiyazlar qanunun yeni maddələrində öz əksini
tapmaqla onun həyati təsirini artırardı.
Mədəniyyət və Turizm Nazirliyində
teatrların qastrol səfərlərinin təşkili ilə
məşğul olan müvafiq bölmə yaradılmalı,
həmin bölmə tərəfindən onların illik qastrol
səfərlərinin, həmçinin beynəlxalq festivallarda
iştiraklarının qrafiki öncədən tərtib edilməli,
tənzimlənməlidir.
Bundan
başqa, dövlət başçısının təsdiq
etdiyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramının icrasının davamı olaraq
ölkədə teatr sisteminin mərhələli inkişaf
strategiyası işlənməli, teatrların fəaliyyətinin,
ən azı, beş illik Dövlət dotasiyası təmin
edilməli, teatr kollektivlərinə müstəqil fəaliyyət
imkanları yaradılmalı, illik maliyyə təminatının
istifadəsi faktları hər ilin sonunda müəssisələrin
hesabatları əsasında
yoxlanılmalıdır.
Teatr sənətinin
sovet dövründən miras qalmış inzibati idarəetmə
və tənzimləmə mexanizminin köhnəldiyini, tamamilə
yararsız
olduğunu qəbul edib, demokratik prinsiplərə əsaslanan
daha praqmatik konsepsiyalar hazırlanmalı, başlıca olaraq,
idarəetmə şaquli deyil, üfüqi xətt üzrə
həyata keçirilməlidir.
Teatr
işçilərinin əməyinin
stimullaşdırılmasının yeni şərtləri
müəyyən edilməli, bu sahədə çalışanların
əmək haqları, ən azı, beş dəfə
artırılmalı, xüsusən, ifaçıların hər
çıxışı üçün onlara əmək
haqlarının 10 %-i qədər əlavə ödəniş
verilməlidir. Ölkədə fəaliyyət
göstərən teatrlarda əmək və
yaradıcılıq intizamı gücləndirilməli, fəaliyyət
rejimini təmin edən sağlam mənəvi-psixoloji iqlim
yaradılmalı, yaxın perspektivə yönələn təsirli
islahat tədbirləri həyata keçirilməlidir.
Teatr kollektivlərinə müasir mühəndis-texniki
avadanlıqlarla işləməyi bacaran mütəxəssislər
cəlb edilməli, truppalarda istedadlı gənclərə
geniş yer verilməlidir. Ulu Öndər Heydər Əliyevin ölkəmizin gələcək
inkişafına yönələn əməllərindən
biri gənclərin digər ölkələrə təhsil
alması, ixtisasartırma ezamiyyətlərinə göndərilməsi
təcrübəsi bərpa edilməlidir. Fikrimizcə,
bölgələrdə işləmək istəyən gənclərin
sosial məsələlərinin həll ediməsinə yerlərdəki
icra orqanları tərəfindən təminat verilərsə,
müsbət nəticələrə ümid etmək olar.
Milli teatr
fəaliyyətinin mövcud vəziyyətinin perspektivsizliyi həqiqəti
nəzərə alınarsa və həmin vəziyyəti əsaslı
surətdə dəyişməyin zəruriliyi məqbul
sayılarsa, o zaman ölkədə teatrların fəaliyyət
və idarəetmə sistemi prinsipcə fərqli, Şərqi
Avropa teatr modelinin mədəni-iqtisadi şərtlərinə
müvafiq olmaqla funksional baxımdan səmərəli
elmi-praktik mexanizmlərin tətbiqi ilə yenidən
qurulmalıdır. Belə ki, teatrlarda struktur dəyişmələri,
yaradıcılıq proseslərinin formalaşması və tənzimlənməsi,
maliyyələşdirmə şərtləri, idarəetmə
qaydaları dövrün mütərəqqi
dünyagörüşünə əsaslanan, milli-mənəvi
dəyərləri özündə ehtiva edən teatr fəlsəfəsinə
xidmət etməlidir.
Çağdaş dövrdə milli teatr sənətinin
inkişafı düzgün elmi-pedaqoji təhsil
konsepsiyasına əsaslanan kadr hazırlığından
çox asılıdır. Bu zaman teatr elminin, bu sahədə
mövcud olan elmi-nəzəri
problemlərin həllinə yönələn tədqiqatların
aparılması dünya teatr aləmində təsdiqini
tapmış nəzəri və təcrübi prinsipləri
ehtiva edən elmi ədəbiyyatın, dərsliklərin və
dərs vəsaitlərinin yazılması, daha mükəmməl
və effektiv tədris-yaradıcılıq
konsepsiyasının işlənməsi, eləcə də tətbiq
edilməsi həlledici əhəmiyyət kəsb edir. Bunun
üçün, istər teatr işinin idarə edilməsi,
istərsə konkret teatrların rəhbərliyinə
professionalların seçilib yerləşdirilməsi, həmçinin təhsil
sahəsində kadr hazırlığı işinə cəlb
edilən pedaqoji heyətin yüksək elmi biliklərə, səriştəyə
malik olması mühüm şərtdir.
Teatr sahəsi üçün kadr
hazırlığı məsələləri, tədris-metodoloji
prinsiplərə, sosioloji təhlillərə istinadla, real
imkanlar nəzərə alınmaqla, dövrün və cəmiyyətin
ictimai-mədəni tələblərinə müvafiq olaraq ən
ciddi şəkildə təşkil edilməlidir.
Ölkəmizdə teatr sənətinin kütləvi
informasiya vasitələrinin köməyilə sistematik və
hərtərəfli təbliği, bir zamanlar cəmiyyətin
həyatında teatr işinə böyük fayda verən,
xalq yaradıcılığının geniş şəbəkəsinin
yaradılması vacibdir. Yəni təhsil müəssisələrində bədii
qiraət, dram dərnəklərinin, bütün
formallıqlardan uzaq, ən ciddi şəkildə müxtəlif klublarda və mədəniyyət
saraylarında xalq teatrlarının və özfəaliyyət
kollektivlərinin yaradılması, həvəskarların
yaradıcılıq işlərinin ictimai nümayişi məqsədilə
vaxtaşırı olaraq teatr festivallarının keçirilməsi
teatr sənəti ixtisaslarına marağın
formalaşdırılması işinə böyük səmərə verərdi.
Vaxtilə həmin özfəaliyyət kollektivlərinin
yetişdirmələri olan yüzlərlə gənc sonralar
milli teatr sənətimizin məşhur xadimləri kimi
şöhrət qazanmışlar. Odur ki,
teatr sənətinin cəmiyyətimiz içərisində təbliği,
bu sənətə gənclər arasında rəğbət
oyadılması sayəsində milli səhnəmizə
istedadlı insanların gəlişini təmin etməklə unudulmuş
köhnə təcrübənin yeni dövrdə istifadəsinin
perspektivləri barədə düşünməyin əsl
vaxtıdır.
Teatr mütəxəssislərinə, elə teatral
tamaşaçılara da bəllidir ki, bu sənətin
ümumi tənəzzülü halında belə, paytaxt
teatrları ilə bölgə teatrlarının ciddi səviyyə
fərqləri var. Və həmin hal onilliklər boyu bu sayaq
davam etməkdədir. Burada obyektiv səbəblər kimi dəyərləndirilənlər
əslində subyektiv münasibətlərdən törənən
nəticələrdir. İndiki reallıqda həmin səbəblərin
aradan qaldırılması, vəziyyəti normallaşdırmaq,
az qala, mümkünsüz
görünür. Açıq demək
lazımdır ki, ikinci növ sahə qismində
baxımsızlıq münasibəti görən bölgə
teatrları nə ideya-bədii tutumlu repertuar, nə də belə
bir repertuar yükünü daşıya biləcək
yaradıcı truppa qura bilməmiş, beləliklə uzun illər
ərzində onların yaradıcılıq potensialı
tükənmiş, bədii ifadə ustalığı
korşalmışdır. Əlavə edək ki, az qala,
simvolik əmək haqqı alan həmin teatr kollektivlərinə
uzun illər ərzində yerli hakimiyyət orqanları
da lazımi qayğı göstərməmişdir. Nəticə isə belədir ki, qeyd etdiyimiz teatrlar
nəinki hər hansı inkişaf mərhələsi
yaşamır, hətta öz yaradıcılıq ahənginin
stabilliyini uzun müddət saxlaya bilməyib, yerində saymaqla
biri digərini əvəz edən teatr mövsümlərini
başa vurmaqdadır.
Həmin
teatrlarda sayca az olsa da özünəməxsus
istedad sahibləri olan insanlar fəaliyyət göstərir. O
teatrlara ali təhsil almış gənc
qüvvələrin gəlişi nadir hadisə olduğu
üçün bu gün orada fəaliyyət göstərən
truppaların bir müddətdən sonra yalnız yaşlı
nəsildən ibarət olacağı qaçılmazdır. Bir tərəfdən teatr təsərrüfatının
təmin edilməsi üçün vacib olan maliyyə
çatışmazlığı, o biri tərəfdən
maaşların kollektivlərin güzəranına ciddi təsiri,
tamaşaçı təşkili sahəsindəki deyilməz
çətinliklər bölgə teatrlarını
çıxılmaz vəziyyətlərə salır. Bu teatrlarda çalışanlar bütün məhrumiyyətlərə
rəğmən öz gündəlik işlərini
görür, mövcud vəziyyətə qəhrəmancasına
dözməkdə davam edirlər.
Eyni mənzərə,
bir qədər çox, bir qədər az,
paytaxt teatrlarında da müşahidə edilir. Yəni
akademik statusu olan iki teatrdan başqa yerdə qalan kollektivlər
cüzi maaşa qane olub fəaliyyət göstərməkdədirlər.
Bu sənətin əsl cəfakeşləri olan
həmin insanların maddi vəziyyətlərini bildikləri
üçün, ya nədənsə, tənqidin onların səhnə
işlərinə görə ciddi irad tutmağa sanki insafı
yol vermir. Amma necə deyərlər,
"çünki oldun dəyirmançı...” gərək sənə
həvalə edilən obrazın "zəngin daxili aləmini”
səhnədə yaradasan. Başqa sözlə
desək, nə etmək olar, bu tale məsələsidir.
Bayaq qeyd etdiyimiz kimi, əgər yuxarıda
sadaladığımız təşkilati, inzibati,
yaradıcılıq və maliyyə məsələləri
həllini taparsa, mövcud vəziyyəti kökündən dəyişmək,
Azərbaycan milli teatr sənətini həqiqi inkişaf
magistralına çıxarmaq mümkündür.
Bu zaman ölkədə teatr siyasətinin başlıca
prinsipləri müəyyən edilməli, sistemli və indikinə
alternativ teatr fəaliyyətinə tədriclə keçid nəzərdə
tutulmalıdır. Fikrimizcə, bu, iki variantda həyata keçirilə bilər:
I
variant: Türkiyə modelinə
müvafiq olaraq, yəni, ölkədə bütün
teatrların fəaliyyətinin tənzimlənməsi və nəzarəti
işini həyata keçirən Dövlət
Teatrlarının Baş Direktorluğu qurumu yaradıla bilər:
a.
Paytaxtdakı teatrlar sahələr üzrə akademik
teatrların müstəqil səhnələri kimi fəaliyyət
göstərməli, bu səhnələrin, struktur, inzibati,
maliyyə və repertuar məsələləri akademik
teatrların müvafiq təqdimatı əsasında Baş
Direktorluq tərəfindən təsdiqlənməli,
onların festivallarda, müsabiqələrdə
iştirakı, həmçinin qastrol fəaliyyəti hər ilin əvvəlində qəbul
edilmiş qrafik əsasında Baş Direktorluq tərəfindən tənzimlənməlidir;
b. Bu teatr
kollektivlərində çalışanların əmək
haqları Baş Direktorluq tərəfindən təsdiq
edilmiş maaş cədvəlinə
müvafiq dərəcələr üzrə ödənilməli
və bu zaman aktyorların hər çıxışı
üçün onların maaşlarına əlavələr
nəzərdə tutulmalıdır.
Bölgə
teatrlarının da
fəaliyyətini əhatə edən bu prinsiplərin
təşkilati, inzibati və maliyyə təminatı
mövcud qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti tərəfindən
müəyyən edilmiş qaydada həll edilir.
II variant:
Həmin variantda nəzərdə tutulan fəaliyyət öz
xüsusiyyətinə görə "karusel” sistemi
adlandırıla bilər. Onun realizəsi
bölgə teatrlarının yaradıcılıq səhnəsi
kimi azsaylı idarəetmə ştat vahidi ilə fəaliyyətini
nəzərdə tutur.
a) Bu prinsipə əsasən paytaxtda
fəaliyyət göstərən teatrlar aktiv repertuarında
olan ən yaxşı üç tamaşası ilə
bölgələrə ardıcıl səfərlərə
çıxır və hər həftə bir bölgə səhnəsində
tamaşalar göstərirlər.
b) Biri digərinin ardınca gələn
teatrlar öz stasionar səhnələrinin texniki imkanlarına
uyğun yerli səhnələrdə
çıxışları ilə konkret bölgələrdəki
tamaşaçılara ideya-estetik, eləcə də
ifaçılıq baxımdan ən səviyyəli
tamaşalarını təqdim edir, beləliklə, onların
bədii-estetik zövqünün formalaşmasına, mədəni
səviyyələrinin artmasına böyük fayda vermiş
olurlar.
Bölgə teatrlarının aktyor heyətinin üzvlərinə
gəlincə, onların bir qismi yerlərdə (təhsil
müəssisələrində, yaxud klub və mədəniyyət
saraylarında təşkil edilən bədii qiraət və
dram dərnəklərinin rəhbəri qismində) işlə
təmin oluna, ən istedadlıları isə, yuxarıda qeyd
edilən teatrların truppalarına müsabiqə yolu ilə
qəbul edilə bilərlər.
Deyəsən,
biz bir qədər hissə qapıldıq axı… Yəni toxunduğumuz məsələlərin milli təəssübkeşliyimizdən
qaynaqlandığına əhəmiyyət verməyəcək
hikkəli və sifarişli opponentləri unutduq deyəsən.
Unutduq ki, səhnə sənətinin gerçək vəziyyətini,
aşkar həqiqətlərini görməyənlər, bir
Mirzə Cəlil "malades”i üçün dəridən-qabıqdan
çıxmağa, özünü şirin salmağa, "mən
də varam” iddiası ilə sayt səhifələrində
görünməyə, yaxud ağlı kəsməyən məsələlər
barədə şərh verməyə hazır olanlar var. Amma nahaq. Hər kəs bilməlidir ki, toxunduğumuz məsələlər
bir sahənin məhəlli problemləri deyil, üzərində
ciddi düşünməli olduğumuz milli məsələdir.
Sadaladıqlarımızın "gördüklərimizin
dörddə biri” (M.Ə,Sabir)
olmadığına inanan hər kəs onu da biməlidir ki, bu
yazımızda başlıca məqsədimiz mövcud vəziyyəti vətəndaşlıq
mövqeyindən qiymətləndirib, "dilimizin ucunda olan
böyük həqiqətlərə” (Ə.Hüseynzadə)
diqqəti cəlb etmək, birgə çıxış
yolları axtarmaqdır. Bəli, biz milli teatrımızın
sabahını düşündükcə "millətimizin xəttinin imzalar
içində yoxluğuna” (M.Hadi)
üzülürük. Sabah isə, artıq
dünən başlayıb.
İsrafil İsrafilov
filologiya üzrə fəlsəfə doktoru,
sənətşünaslıq
üzrə elmlər doktoru,
professor
Kaspi 2018.- 8 fevral.- S.12.